"Xəzər
neft-qaz sərgi və konfransı" Azərbaycanı beynəlxalq
əməkdaşlıq meydanına çevirir
Artıq
18-ci ildir ki, neft və milyonlar səltənəti - Bakı
şəhərində dünyanın energetika sektorunda,
neft-qaz sahəsində fəaliyyət göstərən
şirkətləri üçün xüsusi əhəmiyyət
daşıyan beynəlxalq tədbir keçirilir. Ənənəvi
"Xəzər neft-qaz, neft emalı və neft kimyası"
sərgi və konfransı həmin şirkətləri bir
araya toplayaraq onlara öz nailiyyətlərini, potensial
imkanlarını nümayiş etdirməyə, yeni əməkdaşlıq
əlaqələrinin yaradılmasına geniş meydan
açır. İyun ayının 7-dən 10-dək
keçirilən tədbir də bu baxımdan olduqca əhəmiyyətli
və mühüm hadisədir. Sərgi
iştirakçılarının bəziləri ilə
görüşüb rəylərini öyrəndik. Beləliklə,
danışır sərgi iştirakçıları.
Roland Volk, Avstriyanın "OMW" şirkətinin
beynəlxalq marketinq üzrə rəhbəri:
- OMW
iri neft-qaz kampaniyasıdır, mərkəzi Vyana şəhərində
yerləşir. Avropanın mühüm qaz tədarükçülərindən
biri olan kampaniyamız həm də "Nabukko" layihəsinin
baş operatorudur. Xatırladım ki, "Nabukko" beynəlxalq
qaz layihəsidir. Kampaniyamız bütün layihələri əvvəlcə
planlaşdırır, sonra isə onun
reallaşdırılmasına başlayır. "Nabukko"
layihəsinin həyata keçirilməsinə 2013-cü ildə
başlanması nəzərdə tutulur. İlk qazın nəqli
isə 2017-ci ilə planlaşdırılır. Hesab edirik ki,
"Nabukko" layihəsinin ən mühüm təchizatıçısı
Azərbaycanda yerləşən "Şahdəniz"
yatağıdır.
Hazırda
layihə çərçivəsində planlaşdırma,
mühəndis işləri və ətraf mühitlə
bağlı tədbirlər həyata keçirilir. Bundan əlavə,
layihənin reallaşdırılması üçün tələb
olunan meterialların tədarükü ilə bağlı
tenderlər elan edilmişdir. İyun ayının 8-də
"Nabukko" layihəsinin əsas təchizatçılarının
müəyyənləşdirilməsi ilə bağlı sənəd
imzalanacaqdır. Mərasimdə qaz kəmərinin keçəcəyi
beş ölkə arasında "Nabukko" layihəsinə
dair sazişə imza atılacaq. Bunlar Türkiyə,
Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadır.
İmzalanma mərasimində bu ölkələrin energetika
nazirləri, eləcə də Avropa Birliyinin nümayəndələri
iştirak edəcəklər. Müqavilənin
imzalanmasının əsas məqsədi kəmərin
keçəcəyi ərazilərin təmizlənərək
inşaat işlərinə hazır vəziyyətə gətirilməsindən
ibarətdir. Kəmərin son nöqtəsi Vyana olacaq və
"mavi yanacaq" buradan paylanılacaq.
Yeri
gəlmişkən, bizim ölkəmiz Azərbaycanla energetika
sahəsində əməkdaşlığa xüsusi önəm
verir. İki həftə əvvəl şirkətimizin rəhbərinin
Azərbaycan Prezidenti cənab İlham Əliyevlə
görüşü də bunu təsdiq edir. Xatırlatmaq istəyirəm
ki, həmin görüş zamanı memorandum
imzalanmışdır. Görüş zamanı
danışıqların əsas mövzusunu "Nabukko"
layihəsinin Azərbaycanla əlaqəsi, bu ölkənin quru
və dəniz sahələrində qazın nəqli, gələcəkdə
biznes sahəsində əməkdaşlıq və s. məsələlər
təşkil etmişdir. Bununla belə, qeyd etmək istəyirəm
ki, OMW şirkətinin Azərbaycanla əməkdaşlığının
əsasını "Nabukko" layihəsi təşkil edir.
Digər tərəfdən, şirkətimiz Azərbaycanla qaz
satışı müqavilələrinin imzalanmasına və
biznes əməkdaşlığına da xüsusi əhəmiyyət
verir.
Şirkətimiz
Bakıda keçirilən ənənəvi "Xəzər
neft-qaz" sərgisində ilk dəfə 2007-ci ildə
iştirak etmişdir. O zaman bu möhtəşəm tədbir
Heydər Əliyevin adını daşıyan kompleksdə
keçirilmişdi. İndi isə sərgi yeni mərkəzdə
təşkil olunmuşdur. Hər şey olduqca gözəldir,
təşkilatçılıq yüksək səviyyədədir.
Deyərdim ki, Bakı Sərgi Mərkəzi bu cür tədbirlərin
keçirilməsi üçün ən gözəl məkandır.
Sərginin dünyanın neft-qaz hasilatçısı və
tədarükçü şirkətləri üçün
əhəmiyyəti olduqca böyükdür. Elə şirkətimiz
də bu tədbiri yüksək qiymətləndirir. Belə
ki, artıq bir neçə ildir ki, biz burada öz nailiyyətlərimizi
nümayiş etdirmək, şirkətimizi daha yaxından
tanıtmaq və təcrübələrimizi yaymaq
üçün geniş imkan əldə edirik.
Mehman MEHDİYEV, "McDermott"
şirkətinin dövlət orqanları ilə əlaqələr
üzrə direktoru:
-
"McDermott" Azərbaycanın neft-qaz sektoruna gələn
şirkətlərdən biridir. Şirkətimiz 1992-ci ildən
burada fəaliyyət göstərir. Ötən dövr ərzində
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və
bp Azərbaycan şirkəti üçün bir çox layihələr
həyata keçirmişik. "Əsrin müqaviləsi"
çərçivəsində dörd nəhəng üst
tikili inşa edilərək dənizə göndərilmişdir.
Bundan əlavə ötən müddətdə şirkətimiz
tərəfindən 1400 kilometrə yaxın sualtı boru kəməri
çəkilmişdir.
Hazırda
"McDermott" Azərbaycandakı fəaliyyətinin yeni mərhələsinə
qədəm qoymuşdur. Bu mərhələnin də əvvəlkilərdən
fərqi ondan ibarətdir ki, cari ilin mart ayının 2-də
biz Azərbaycan Dövlət Neft Şirkəti ilə yeni bir
alyans yaratmışıq. Bu məqsədlə alyans
müqaviləsi imzalanmışdır. Xatırladaq ki,
"SOCAR-McDermott" alyansının operatoru
"McDermott" şirkətidir. Yeni alyans təkcə Xəzərin
Azərbaycan sektorunda deyil, dənizin digər ölkələrinə
aid sahələrində çalışan şirkətlərin
razılığı əsasında həm sualtı boru kəmərlərinin
çəkilişi, həm də dalğıc əməliyyatları
həyata keçirəcəkdir. Artıq bp Azərbaycan
şirkəti alyansa yeni boru kəmərləri layihəsi həvalə
etmişdir. İndi həmin layihəyə dair hazırlıq
işləri gedir və layihənin fəal mərhələsi
cari ilin oktyabr-noyabr aylarından başlayacaq. Yeni layihə, əsasən,
azərbaycanlı mütəxəssislər tərəfindən,
müəyyən sayda isə xarici mütəxəssislərin
iştirakı ilə həyata keçiriləcək.
Ümumiyyətlə isə alyans müqaviləsinə əsasən,
layihələrdə iştirak edən Azərbaycan vətəndaşlarının
sayı ilkin dövrlərdə 75-85 faiz, iki ildən sonra isə
85-90 faiz təşkil edəcək. Ümid edirik ki, bu layihə
uğurla həyata keçiriləcək və
"McDermott" şirkəti Azərbaycandakı fəaliyyətini
yüksək səviyyədə davam etdirəcəkdir.
"McDermott"
şirkəti "Xəzər-neft-qaz sərgi və
konfransı"na həmişə xüsusi önəm
vermişdir. Şirkətimiz ayrı-ayrı illərdə
keçirilən sərgilərin ən fəal
iştirakçılarından biri olmuşdur. Budəfəki
sərginin fərqi ondan ibarətdir ki, artıq o, yeni, daha
geniş imkanlara malik bir məkanda keçirilir. Bu da tədbirə
marağın getdikcə artmasına səbəb olur. Sərgi
dünyanın neft-qaz sektorunda fəaliyyət göstərən
şirkətlərə öz nailiyyətlərini
nümayiş etdirməyə imkan yaratmaqla yanaşı, yeni əməkdaşlıq
əlaqələrinin qurulması üçün də əla
fürsətdir.
Sevinc ƏLİYEVA, "Bakı ağ
şəhər" layihəsinin ictimaiyyətlə əlaqələr
üzrə koordinatoru:
-
"Bakı ağ şəhər" layihəsinə bir ildən
artıqdır ki, start verilib. Bu, dövlət tərəfindən
dəstəklənən iri şəhərsalma layihəsidir.
Bildiyiniz kimi, Azərbaycan gündən-günə inkişaf
edir, paytaxtımız getdikcə gözəlləşir.
Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin əsasını
qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının
hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən
uğurla və yeni dövrün tələblərinə
uyğun olaraq davam etdirilməsinin məntiqi nəticəsidir.
Xatırlatmaq istəyirəm ki, ulu öndərimiz
iqtisadiyyatımızın inkişaf etdirilməsinə
xüsusi önəm verməklə yanaşı, sosial sahələrin,
Bakı şəhərinin gözəlləşdirilməsinin
də daim qayğısına qalırdı. Elə
"Bakı ağ şəhər" layihəsinin ərsəyə
gəlməsi də, deyərdim ki, Heydər Əliyevin
uzaqgörən siyasətinin nəticəsidir. Belə ki, ulu
öndərimiz vaxtı ilə demişdir ki, vaxt gələcək,
indi "Qara şəhər" adlandırılan ərazi
abadlaşacaq, gözəlləşəcəkdir.
İndi
layihə "Qara şəhər" adlandırılan ərazinin
təmizlənməsi, adıçəkilən sahənin
ekoloji tarazlığının bərpa olunması mərhələsindədir.
"Xəzər neft-qaz, neft emalı və neft kimyası"
sərgisində iştirakımız heç də təsadüfi
deyil. Çünki paytaxtımızın "Qara şəhər"
adlandırılan ərazisi iri neftayırma kompleksinin
yaxınlığında yerləşdiyinə görə
ekoloji cəhətdən çirklənmiş sahə
sayılır. "Bakı ağ şəhər" layihəsinin
reallaşdırılmasının əsas məqsədi də
odur ki, həmin ərazi ekoloji cəhətdən təmizlənsin
və burada möhtəşəm bir yaşayış sahəsi
- şəhər içində şəhər
yaradılsın. Yeni salınacaq şəhər 221 hektar ərazini
əhatə edəcək. Şəhər 10 məhəllədən
ibarət olacaq ki, burada həm yaşayış kompleksləri,
iri iş mərkəzləri və istirahət parkları
salınacaq. Layihənin dizaynı üç məşhur
xarici şirkət tərəfindən
hazırlanmışdır.
"Bakı
ağ şəhər" layihəsi artıq bir sıra
xarici ölkələrdə keçirilmiş sərgilərdə
iştirak etmişdir. Bakıda isə ilk
iştirakımızdır. Sevindirici haldır ki, bu, ölkəmizin
paytaxtında keçirilən ənənəvi "Xəzər
neft-qaz sərgi"sinə təsadüf edir. Özü də
layihəmiz sərgidə geniş bir sahəni əhatə
edir.
Yeri
gəlmişkən, onu da qeyd etmək istəyirəm ki,
"Bakı ağ şəhər" layihəsi ulu öndərimiz
Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının təntənəsidir. Artıq bir
neçə ildir ki, neftdən əldə olunan gəlirlər
digər sahələrə, xüsusən də qeyri-neft
sektorunun inkişafına yönəldilir.
Göründüyü kimi, ən böyük sərvətimiz
sayılan "qara qızıl" xalqımıza əbədi
firavanlıq, ölkəmizə isə sürətli
inkişaf gətirir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 10 iyun.- S. 4.