Qəlbimə düşən işıq

 

Bu işığın ünvanı Ağdaşdır

 

Biz sizinlə bundan sonra da görüşəcəyik. Əminəm ki, Ağdaşda gözəl açılışlar hələ çox olacaqdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Heydər Əliyev parkı, Heydər Əliyev abidə kompleksi, Heydər Əliyev mərkəzi insanları mənəvi zənginliyə, ucalığa və kamilliyə səsləyir

 

Ağdaşa gəlib ulu öndər Heydər Əliyevin adını daşıyan parkı ziyarət etməmək, sadəcə olaraq, mümkünsüzdür. Əvvəla, ona görə ki, bu park xalqımızın böyük oğlunun bütün nəsillərə nümunə olan şərəfli və qalib adı ilə bağlıdır. Biz hələ onu demirik ki, əsası ötən əsrin 70-ci illərdə ümummilli liderin respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Digər tərəfdən, bu park sözün əsl mənasında, böyük bir universitet keçmək, ibrət dərsi almaq, xalq, millət və Vətən, onun qəhrəmanı və şərəfli keçmişi, mübarizə yolu, xoşbəxt bu günü və işıqlı gələcəyi haqqında aydın, dürüst və geniş məlumat əldə etmək məqamıdır. Başqa sözlə desək, burada həm dincəlmək, istirahət etmək, həm də məlumatlanmaq, olub-keçənləri götür-qoy etmək, nəticə çıxartmaq, sabaha daha aydın və inamla baxmaq məkanıdır. Son vaxtlar Ağdaşda tamamilə yenidən qurulmuş Heydər Əliyev adına parka gələrkən qəlbimdən keçən duyğu və düşüncələr bax bundan ibarətdir.

Əslində, Heydər Əliyev adına park son 7 ildə ikinci dəfədir ki, əsaslı şəkildə yenidən qurulmuşdur. Bu heç də təsadüfi deyil. Ağdaş Rayon İcra Hakimiyyətinin iş üslubunda, təşkilat idarəetmə məsələlərində ən fərqləndirici, aparıcı cəhətlərdən biri müasirlik axtarışları, yenilik meylləridir. Görülən işlərlə arxayınlaşmamaq, həyatın nəbzini tutmaq, çevik, operativ, ardıcıl və sistemli fəaliyyət, daha çox elmi münasibət son illər əldə edilmiş böyük uğurların əsas amilinə çevrilib. Əlbəttə, söhbət heç də hər hansı küçəyə asfalt döşənməsindən, ağac əkilməsindən, divarın rənglənməsindən və s. getmir. Söhbət görülən işin keyfiyyətindən, yüksək zövq və səviyyədən, dünya təcrübəsindən, onu öyrənmək və tətbiq etmək bacarığından, müasirlik duyğusundan və s. gedir.

Mən son günlər dəfələrlə Ağdaşda, Heydər Əliyev adına parkda olmuşam. Ən əvvəl, yuxarıda da dediyim kimi, burda olmaqdan zövq alıram, ruhən dincəlirəm, zənginləşirəm. Digər tərəfdən, parkı ziyarət etməyə gələn insanlarla görüşmək, onların fikir və düşüncələrini öyrənmək maraqlıdır. Onu da deyim ki, aldığım cavablar, əslində, qəlbimdən keçənlərin əks-sədası idi.

 

Rafiq Nəbiyev:

- Ölkəmizin son 50 ildə keçdiyi yol gözlərim qarşısındadır. Ümumiyyətlə, tariximizə yaxşı bələdəm. Bununla belə, parkda bu tarixi mərhələləri əks etdirən elementlərə tamaşa edəndə bir daha qəhrəman və şanlı keçmişimiz, son 40 ilin yüksəliş mərhələləri, müstəqilliyimizin çətin və şərəfli yolu barədə düşünürəm. Bu isə çox vacibdir və əslində, hər bir azərbaycanlının hər gün görməli, tanış olmalı və dərk etməli olduğu müqəddəs bir duyğudur.

Yeri gəldi-gəlmədi tariximizdən, vətənpərvərlik tərbiyəsindən çox danışırıq. Nəzərə almaq lazımdır ki, vətənpərvərlik tərbiyəsi təkcə ailədən, məktəbdən başlanmır. Düzdür, bunlar da vacibdir. Lakin bu elə bir zəruri amildir ki, onu gərək hər gün, hər yerdə görəsən, duyasan. Digər tərəfdən, bu elementlərin məhz Heydər Əliyev adına parkda təşkil olunmasının böyük rəmzi mənası var. Axı ulu öndərin hamımıza örnək olan həyat və fəaliyyəti elə Vətənə, xalqa, millətə olan sevgi və sədaqətin ən bariz nümunəsidir.

 

Şəlalə Mustafazadə:

- Gördüyünüz kimi, parka gələnlərin əksəriyyəti gənclərdir. Özü də biz bura təkcə əylənməyə, istirahət etməyə gəlmirik. Bizi bura çəkib gətirən ən əsas səbəb dərs kitablarında oxuduqlarımızın, necə deyərlər, əyani ifadəsini görməkdir. Burada xalqımızın tarixi, keçdiyi yol, tarixi şəxsiyyətlərimiz, dünya şöhrətli elm, ədəbiyyat və incəsənət xadimlərimiz haqqında əyani məlumat ala bilirik.

Ən vacib cəhətlərdən biri də ondan ibarətdir ki, ulu öndər Heydər Əliyev mərkəzi də məhz buradır. Deməli, hər cür məlumat almaq imkanımız var. 9 bölmədən ibarət olan Heydər Əliyev muzeyi isə, sözün əsl mənasında, biz gənclərin ziyarət yeridir. Ulu öndərin həyat yolunu, mübarizələrlə dolu fəaliyyətini əks etdirən zəngin sənədlər, foto və arxiv materialları bizdə qürur və iftixar hissi oyadır,Vətənə, millətə layiqli övlad olmaq duyğusu yaradır.

Ulu öndər Heydər Əliyevin adını daşıyan 7 hektarlıq parkın yenidən qurulmasına 6 ay əvvəl başlanılıb. Rayon sakinlərinin sevimli istirahət mərkəzi olan parkın girişində 200 metr uzunluğunda istinad divarlar tikilərək aqlay və gülbağ daşlarla üzlənib. Dairəvi formada hörülən 400 metr uzunluğundakı hasarlar isə təbii çay daşları ilə bəzədilib. İstirahət guşəsinin ərazisində 3000 kvadratmetr tamet, 2000 kvadratmetr mərmər üzlük döşənib. Rəngli-musiqili fəvvarə quraşdırılıb. 5000 ədəd ağac, bəzək və gül kolları əkilib. 5000 kvadratmetr sahədə yaşıllıq salınıb. 120 ədəddən çox müasir işıq dirəyi quraşdırılıb. Parkın mərkəzində 200 metr uzunluğunda Heydər Əliyev abidə kompleksi yaradılıb. Kompleks boyunca bir-birini əvəz edən mərmər lövhələrin səthini dövlət atributlarını, tarixi keçmişimizi və milli-mənəvi dəyərlərimizi əks etdirən memarlıq elementləri bəzəyir. Mütəxəssislərin qədim şərq və müasir memarlıq ənənələrinin incəliklərindən məharətlə istifadə etməsi abidə kompleksinin möhtəşəmliyini daha da artırır.

Meydana hündürlüyü 40 metr olan bayraq dirəyi xüsusi yaraşıq verir. Parkdakı Heydər Əliyev mərkəzi əsaslı surətdə yenidən qurularaq sahəsi 500 kvadratmetr artırılıb, 3 salonda olan sarayda kompyuter və ideoloji mərkəz, muzey, uşaq və gənclərin yaradıcılıq mərkəzi, çoxsaylı dərnəklər fəaliyyət göstərir. Mərkəzin muzeyində 9 bölmədə Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı 200-dən çox fotoşəkil, qiymətli eksponat nümayiş etdirilir. Burada məktəblilər yüksək ixtisaslı mütəxəssislərin köməyi ilə rəsm, tarix, ədəbiyyat, şahmat dərnəklərində biliklərini artıracaqlar. Kompyuter mərkəzi isə yeniyetmələrin informasiya texnologiyalarına yiyələnməsində mühüm rol oynayacaqdır.

 

İnkişaf və yüksəlişin əsasında nə dayanır?

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəsarətli və qətiyyətli rəhbərliyi altında bütövlükdə respublikamız, o cümlədən ayrı-ayrı bölgələr iqtisadi, sosial və mədəni sahədə misli görünməmiş inkişaf yolu keçmişdir. Bu inkişaf və sıçrayışın konkret təzahürlərindən biri də məhz Ağdaş rayonudur. Elə buradaca son illər rayonda həyatımızın müxtəlif sahələrində əldə edilmiş uğurları əks etdirən fakt, rəqəm və göstəriciləri bir daha yada salmaq istəyirik.

Ümumiyyətlə, 2003 - 2010-cu illərdə rayonda ümumi məhsul istehsalı 4,2 dəfə, sənaye 3,3 dəfə, kənd təsərrüfatı 3,1 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 14,4 dəfə, əhalinin gəlirləri 10,7 dəfə, orta aylıq əmək haqqı 10 dəfə artmışdır.

Təkcə ötən ildə 185 milyon manatlıq - 2003-cü ildəkindən 141 milyon manat və ya 4,2 dəfə çox ümumi məhsul, 6 milyon 129 min manatlıq - 4 milyon 298 min manat və ya 3,3 dəfə çox sənaye məhsulu, 97 milyon 525 min manatlıq - 66 milyon 176 min manat və ya 3,1 dəfə çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu dövrdə rayonda aparılan tikinti işlərinin həcmi 14,4 dəfə və ya 36,5 milyon manat artaraq 39,2 milyon manar təşkil etmişdir. Son yeddi ildə rayonda 5 min 219-u daimi olmaqla, 13 min 689 iş yeri, o cümlədən 2010-cu ildə 740-ı daimi olmaqla, 1617 iş yeri açılmışdır. O da maraqlıdır ki, istehsal olunan sənaye məhsulunun 93,4 faizi, ümumi məhsulun isə 95,6 faizi özəl bölmənin payına düşür.

Məlumdur ki, Ağdaş ənənəvi kənd təsərrüfatı rayonudur. Ona görə də burada kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılır. Bu sahənin inkişaf etdirilməsi üçün bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilir. Məsələn, təkcə ötən il kənd təsərrüfatından 96 milyon 186 min manat gəlir əldə edilmşidir ki, bu da 2009-cu ildəkindən 2,4 faiz çoxdur.

2010-cu ildə 15,8 min hektar taxıl sahəsindən 37,2 min ton məhsul istehsal olunmuşdur. 2011-ci ilin məhsulu üçün isə 16,2 min hektar taxıl əkilmişdir.

Kənd təsərrüfatının müasir texniki vasitələrlə təminatının yaxşılaşdırılmasında böyük rolu olan "Aqrotexservis"in Ağdaş filialı üçün inzibati bina tikilib istifadəyə verilmişdir. "Aqroservis"in balansında olan 52 müxtəlif növ kənd təsərrüfatı texnikası ilə fermerlərə və fərdi torpaq sahələrinə xidmət göstərilir.

Rayonda iri malın sayı 1002 baş artaraq 74,6 minə xırda malın sayı isə 1386 baş artaraq, 90,5 minə çatmışdır. Diri çəkidə ət istehsalı 259,6 ton, fiziki çəkidə süd istehsalı isə 879,9 ton artmışdır.

Təhsil sahəsində müvafiq dövlət proqramlarının yerinə yetirilməsi istiqamətində son illər mühüm tədbirlər həyata keçirilmişdir. Kotavan, Pirkəkə, Kükəl, Yuxarı Ləki, Qaradeyin və Gürcuva kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. M.Şeyxzadə adına gimnaziya, M.İsayev adına, habelə 3 saylı şəhər, 6 saylı Ləki qəsəbə tam orta məktəbləri əsaslı təmir olunmuşdur. Bundan başqa, 3 saylı şəhər orta, Güvəkənd, Dəhnəxəlil, Mürsəl, Yuxarı Ləki kənd tam orta, Nehrəxəlil və Yenikənd kənd ümumi orta ümumtəhsil məktəbləri üçün 840 yerlik 42 əlavə sinif otağı tikilmişdir. 13 məktəbdə müasir istilik sistemləri quraşdırılmışdır. Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilmiş Habil Əliyev adına musiqi məktəbi rayonun həyatında böyük mədəni hadisəyə çevrilmişdir.

Təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı dövlət proqramlarının icrasına uyğun olaraq rayonun təhsil müəssisələrinə indiyədək 480 ədəd kompyuter verilmiş, 15 ümumtəhsil məktəbində kompyuterlərin internetə bağlantısı təmin edilmişdir. Rayondan ali və orta ixtisas məktəblərinə daxil olmuş məzunların sayı 2003-cü illə müqayisədə 5 dəfəyədək artmışdır.

Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrində, doğum evində və uşaq poliklinikasında əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Orta Ləki, Aşağı Ləki və Ərəb kəndlərində yeni həkim ambulatoriyaları tikilmiş, 371,9 min manatlıq tibbi avadanlıq verilmişdir.

 

Müasir idarəetmə elmi prinsiplərə söykənir

 

Ağdaş Rayon İcra Hakimiyyətinin fərqli iş üslubundan, təşkilat-idarəetmə məsələlərindən çox yazmışıq. Həmişə də diqqətimizi daha çox o çəkib ki, burada yenilik hissi çox güclüdür, adət edilmiş ənənəvi yolla getməyi xoşlamırlar. Bəli, əslində bu, məhz belə də olmalıdır. Ən azı ona görə ki, dünya həqiqətən də gör-götür dünyasıdır. İkinci bir tərəfdən, axı həyat bir yerdə durub dayanmır, sutkanı uzatmaq da mümkün deyil. Deməli, sabahın qayğılarını bu gün görmək və həll etmək, üstəgəl, ən vaciblərini seçib ön plana çəkmək olduqca vacibdir. Bunu isə ilk növbədə, indiki insanların səviyyə və dünyagörüşü, həyatın özünün irəli sürdüyü vacib problemlər tələb edir.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev ürəyimizdən keçənləri dəqiq hiss etmişdi:

- İndi başqa cür işləmək, sadəcə olaraq, mümkün deyil. Çevik, operativ, sistemli və ardıcıl fəaliyyət olduqca vacibdir. Adamlar sənə inanmalı, ardınca getməli, deyilən sözün, qəbul edilən qərarın dəqiq icrasına möhkəm inanmalıdırlar. Digər tərəfdən, indi kabinetdən rəhbərlik dövrü deyil. Daim adamlar arasında olmaq, yerlərdəki vəziyyətlə arayış və sənədlər əsasında yox, canlı əlaqə və ünsiyyət vasitəsilə tanış olmaq hər hansı sahədə əldə edilmiş uğurların başlıca amilidir.

Rafiq Niftəliyevi çoxdan tanıyıram, uzun illər müxtəlif rayonlarda rəhbər vəzifələrdə çalışıb. Təcrübəli, geniş dünyagörüşlü və praqmatik adamdır. Bir rəhbər işçi kimi mənə ən xoş gələn odur ki, maraqlı, rəngarəng iş üslubuna malikdir, müasir, elmi münasibətə daha çox üstünlük verir. Sevdiyi və başqalarından da tələb etdiyi daha bir cəhət var: dəqiq icra intizamı:

- Əvvəllər vahid partiya vardı, hər şey bir mərkəzdən idarə olunurdu. İndi isə vəziyyət başqadır. Hər şey sənin özünün işi qurmaq bacarığından, adamlarla işləyə bilmək səriştəndən asılıdır. İlk növbədə, əlbəttə, adamlar sənə inanmalı, fəaliyyətinə və şəxsiyyətinə hörmətlə yanaşmalıdırlar. İndi, necə deyərlər, nə kommunist partiyasının zəhmli büro iclasları, nə də qılıncının dalı da, qabağı da kəsən raykom katibləri var. Bax, bu yerdə əsas ağırlıq adamlarla işləyə bilmək, onların hörmət və ehtiramını qazanmaq, başqa sözlə desək, rəhbər işçidən daha çox el adamı olmaq kimi vacib mənəvi amillərin üzərinə düşür.

Bu cəhətdən tale bizim üzümüzə gülüb. Ona görə ki, öz həyatını xalqa, Vətənə və millətə həsr etmiş, parlaq nümunə, əsl örnək daim başımızın üstündədir.

Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin hamımıza örnək olan ömür yolu, adamlara diqqət və qayğısı, iş üslub və metodları hər bir rəhbər işçi üçün, sözün əsl mənasında, həyat dərsləridir. Biz bu zəngin və tükənməz xəzinədən hələ çox şey öyrənməli, onun prinsiplərindən daim faydalanmalıyıq. Heç uzağa getməyək. Ümummilli lider 70-80-ci illərdə 2 dəfə Ağdaşa tarixi səfər etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, müxtəlif müəssisələrdə, kəndlərdə olmuşdur. Həmin görüş və söhbətlər bu gün də ağdaşlıların qəlbində və yaddaşında ən əziz xatirə kimi yaşamaqdadır.

Olduqca fərəhlidir ki, həmin gözəl ənənə bu gün də uğurla davam etməkdədir. Mən bu sözləri deyərkən hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlara tarixi səfərlərini nəzərdə tuturam. Ölkə rəhbəri son illər 2 dəfə Ağdaşa səfər etmişdir. İndi şəhərimizi bəzəyən bir sıra ictimai, sosial və idman müəssisələrinin açılışında, yaxud təməlqoyma mərasimində iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Dövlət başçısı Ağdaşda həyata keçirilən genişmiqyaslı işlərə böyük qiymət verməklə yanaşı, öz dəyərli məsləhət və tövsiyələrini də bildirmişdir. Bu isə şübhəsizdir ki, rayonda işlərin daha yüksək sürətlə getməsinə təkan vermiş, adamlarda ruh yüksəkliyi yaratmış, onların sabaha olan inam və ümidini artırmışdır.

Demək istəyirəm ki, hamımıza parlaq örnək və əsl məktəb ola biləcək zəngin xəzinəmiz var. Biz mümkün qədər bu xəzinədən çox şey öyrənməli, onu öz gündəlik fəaliyyətimizdə tətbiq etməyi bacarmalıyıq. Mən şəxsən elə bir gün olmur ki, ulu öndərin dahiyanə fikir və ideyalarını əks etdirən ölməz xitablarını, ölkə Prezidentinin qətiyyətli, cəsarətli daxili və xarici siyasətini ifadə edən əsərlərini oxumayam. Bu, hər bir rəhbər işçi, ümumiyyətlə, vətəndaş üçün mənəvi zənginlik və kamillik məktəbidir.

- Biz bayaq sizinlə müasir mərhələdə iş üslub və metodlardan danışdıq. Sözsüz ki, burada kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi xüsusi yer tutur...

- Əvvəllər belə bir deyim vardı: kadrlar hər şeyi həll edir. Əsl həqiqətdə isə bu deyim bütün zamanlar və cəmiyyətlər üçün eyni məzmun və məna daşıyır. Ona görə ki, hər hansı sahədə işin uğurlu təşkili kadrların düzgün seçilməsindən və yerləşdirilməsindən çox asılıdır.

Hər yerdə olduğu kimi, Ağdaşda da öz işlərini günün tələbləri səviyyəsində quran, təşəbbüskar və yaradıcı, yüksək iş və mənəvi keyfiyyətləri ilə seçilən kadrlar çoxdur. Biz belələrini vaxtında görüb cəsarətlə üzə çıxardır, onlara yüksək etimad göstəririk. Onu da əlavə edim ki, gənc kadrları irəli çəkərkən yuxarıda sadaladığımız iş və mənəvi keyfiyyətlərlə yanaşı, bir mühüm amilə də xüsusi diqqət yetiririk: Yanar ürək. Öz xalqı, milləti, Vətəni üçün yanar ürək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına və əməllərinə, ölkə Prezidenti İlham Əliyevin cəsarəti və qətiyyətli fəaliyyətinə sonsuz sədaqət. Biz öz fəaliyyətimizi məhz bu vacib prinsiplər əsasında qurmağa çalışırıq.

 

Ağdaşdan gəlirəm...

 

...Bölgə müxbiri kimi Ağdaşa çox səfərlərim olub. Ancaq səmimiyyətlə etiraf edim ki, heç vaxt qəlbim bu dəfəki kimi fərəh və qürur hissi ilə döyünməmişdi. Gördüklərim, müşahidə etdiklərim, şahidi olduqlarım xəyalımdan, yaddaşımdan çəkilmirdi.Elə bil ki, ürəyimə işıq düşmüşdü: son illər burada həyata keçirilən genişmiqyaslı işlərdən, bugünkü xoşbəxt həyatımızdan, sabaha olan dərin inam və ümiddən doğan işıq.

Bəli, bu işığın ünvanı Ağdaşdır.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.-  11 iyun.- S. 11.