Ustad sənətkarın
yubileyi qeyd olundu
Azərbaycan
milli musiqi alətləri sırasında tar, kamança, zurna,
balabanla yanaşı, zərb alətlərinin - qaval,
nağara, qoşa nağaranın da məxsusi yeri vardır. Uzun
illər Şirvan bölgəsinin aşıq kollektivlərində,
bu gün isə daha çox xalq çalğı alətləri
ansambllarında özünə layiqli yer tapa bilmiş qoşa
nağara vaxtilə musiqi ictimaiyyəti tərəfindən
2-ci, 3-cü dərəcəli alət kimi qəbul edilsə də,
ustad sənətçilərin zəhməti sayəsində
daha da təkmilləşdirilərək bu günlə səsləşən,
ansambla öz xırdalıqları ilə gözəllik və
ahəngdarlıq gətirən bir alət olaraq rəğbət
qazanmışdır. Bu gün elə bir milli musiqi kollektivi
olmaz ki, tərkibində zərb alətləri, o cümlədən
qoşa nağara olmasın.
Haqqında
söhbət açdığımız sənətçi,
qoşa nağarada özünün virtuoz ifası ilə
seçilən, bu sənətin nümayəndələri
içərisində ilk dəfə olaraq respublikanın xalq
artisti adına layiq görülmüş sənətkar
Sadıq Zərbəliyevdir.
Bu
gündərdə Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin bilavasitə təşkilati dəstəyi
ilə ustad sənətçinin anadan olmasının 60 illik
yubileyi böyük təntənə ilə qeyd edildi. Tədbirdə
tanınmış elm, sənət adamları, Milli Məclisin
deputatları, yubilyarın ailə üzvləri, eləcə
də Sadıq sənətinin çoxsaylı pərəstişkarları
iştirak etdi.
Tədbiri SSRİ xalq artisti Zeynəb Xanlarova və xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin Sadıq Zərbəliyevin ünvanına söylədikləri video təbrik görüntülərilə başlandı. Dünyanın bir çox xarici dövlətlərində Sadıq Zərbəliyevin Azərbaycan musiqisini, incəsənətini layiqincə təmsil etdiyini açıqlayan Zeynəb Xanlarova virtuoz ifaçının hər cürə hörmət və ehtirama layiq olduğunu, bu səbəbdən də ulu öndər Heydər Əliyevi tərəfindən birbaşa ən yüksək ada - xalq artisti fəxri adına layiq görüldüyünü dedi. Gecənin aparıcısı, professor Fəraim Sadıqov da öz növbəsində yubilyarın ünvanına Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunnun və Azərbaycan Aşıqlar Birliyinin sədri, şair Zəlimxan Yaqubun göndərdikləri təbrik teleqramlarını oxudu.
Akademik Vasim Məmmədəliyev, xalq artistləri, professor Arif Babayev, Canəli Əkbərov, Sankt-Peterburqdan gəlmiş soydaşımız, Sadıq sənətinin vurğunu Elxan Muradov, tanınmış iş adamı Mübariz Məsimov, xalq artisti, professor Ağaverdi Paşayev və digərləri Sadıq Zərbəliyevlə bağlı xatirələrini dilə gətirməklə yubilyara daha böyük sənət uğurları arzuladılar. Müğənnilərdən Ağadadaş Ağayevin, Nazpəri Dostəliyevanın, Könül Xasıyevanın, Sabir Əliyevin, mahir skripka ifaçısı Səlimin və bir çox digər sənət adamlarının yubilyara ərməğan etdikləri mahnı töhfələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Gecənin yadda qalan musiqi nömrələrindən biri də Respublikanın xalq artisti, qarmon sənətinin virtuoz ifaçısı, uzun illər Sadıq Zərbəliyevlə yaradıcılıq əlaqələri saxlamış Aftandil İsrafilovun ifası idi. O, öz ifalarıyla hamını valeh etdi. Mahir nağara ifaçısı Rafiq Budaqovun müşayiətilə ifa etdikləri kompozisiya Aftandil sənətinin hələ də zirvədə olduğunu bir daha sübut etdi. Digər ifa isə sonda, əməkdar artist, "Mahirlər" ansamblının bədii rəhbəri Həsənağa Sadıqovla Sadıq Zərbəliyevin birgə layihəsi olan "Ritmlərin yarışı" kompozisiyası idi. Hər iki ifanı zal ayaq üstdə sürəkli alqışlarla qarşıladı. Bu alqışlar təkcə Sadıq Zərbəliyev sənətinə deyil, ümumən, Azərbaycan sənətinə verilən ən yüksək dəyər idi. Tədbirin sonunda Sadıq Zərbəliyev ona göstərilən bu diqqət və qayğıya görə dövlət başçımız, möhtərəm İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də qonaqlara dərin təşəkkürünü bildirdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 11 iyun.- S. 11.