İqtisadi
müstəqillik:reallıq və vəzifələr
Ölkəmiz
müasirləşir, dünya birliyinə inteqrasiya edir, Azərbaycanın
iqtisadi potensialı artır. Biz çox istəyirik ki, gənc
nəsil dünyanın ən müasir standartlarına cavab verən
şəraitlərdə oxusun, bilikli, savadlı olsun...
Həm dövlət qurumları, həm özəl şirkətlər görəndə ki, bilikli, savadlı gənc mütəxəssislər var, əlbəttə, onları çox böyük həvəslə işə cəlb edirlər. İndi Azərbaycanda iqtisadi artım o səviyyəyə çatıb ki, bizdə maaşlar da qalxır, biznes imkanları yaxşılaşır, investisiya mühiti inkişaf edir. İndi ölkəmizdə iqtisadi artım bu gün dünyada analoqu olmayan sürətlə gedir və siz də bunu çox yaxşı bilirsiniz. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu gözəl dinamikanı daha da yüksəldək. İqtisadi proqramların həyata keçirilməsi, siyasi xəttin uğurla davam etdirilməsi, eyni zamanda, gənc, peşəkar kadrların yetişdirilməsi ilə müşayiət olunmalıdır. Məhz bu təqdirdə biz istəyimizə nail ola biləcəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət İqtisad Universitetinin yeni korpusunun açılış mərasimindəki nitqindən.
8 oktyabr
2007-ci il
Azərbaycan Dövlət İqtisad
Universiteti-80
(əvvəli qəzetin 10 iyun 2011-ci il tarixli
sayında)
Doğrudan
da, müasir dövrdə "biznesin dili" hesab edilən
mühasibat uçotu, iqtisadi təhlil və audit fənlərinin
tədrisi göstəricilərinin daha da təkmilləşdirilməsi,
onların beynəlxalq praktikaya və standartlara
uyğunlaşdırılması, məzun bazarı və
ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli,
analitik fikirləşmə bacarığı, qərarların
müstəqil qəbuluna çalışan, problemləri həll
etmək və riskləri qiymətləndirmək
bacarığı olan, müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadə bacarığını
özündə cəmləşdirən, yüksək etik
prinsipləri və liderlik qabiliyyəti ilə seçilən,
kollektivlə işləmə qabiliyyəti olan və asudə
vaxtdan səmərəli istifadə etmək arzusunda olan
mütəxəssis kadrların hazırlanması Azərbaycan
Dövlət İqtisad Universitetinin qarşısında duran
prioritet vəzifələrdən biri hesab olunur.
Məhz
buna görə də son illər Azərbaycan Dövlət
İqtisad Universitetinə mühasibat uçotu və audit
ixtisası üzrə qəbul olunan bakalavr və magistrlərin
sayı xeyli artmış və bu müsbət dinamika
2003-cü ildən başlayaraq daha qabarıq şəkildə
özünü büruzə verir. Bunun nəticəsidir ki,
ölkə iqtisadiyyatının 2003-cü ildən başlayan
sürətli inkişafına və bu müddətdə bir
milyondan artıq yeni yaradılmış iş yerlərinə
adekvat cavab verən iqtisadçı-mühasiblərin
hazırlanması işi ADİU tərəfindən müvəffəqiyyətlə
yerinə yetirilmiş və hal-hazırda ölkənin istehsal
və xidmət sferalarında, ictimai əhəmiyyətli qurum
və təşkilatlarında, kommersiya və biznes
strukturlarında, dövlət və bələdiyyə
orqanlarında çalışan praktiki-mühasiblərin
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və
Milli Mühasibat Uçotu Standartları əsasında hazırlanması
və yenidən hazırlanması vəzifəsi
sözügedən təhsil ocağının bilavasitə
iştirakı ilə sistemli şəkildə həyata
keçirilir.
Bir
faktı xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan
Dövlət İqtisad Universitetində hazırlanan
iqtisadçı-mühasiblərin keyfiyyəti,
tanınması və nüfuzu bu təhsil ocağına olan
ictimai marağı xeyli artırmış və bu, 2010/2011-ci
tədris ili üçün Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin bakalavriat üzrə
tələbə qəbulunun proqnozunda öz əksini
tapmışdır. Belə ki, mühasibat uçotu və
audit ixtisası üzrə kadr hazırlanan Azərbaycan
Respublikasının on dövlət və özəl ali məktəbinə
təhsilin hər iki forması üzrə verilən dövlət
sifarişli tələbə qəbulu proqnozunda göstərilən
164 nəfərdən 155 nəfəri Azərbaycan Dövlət
İqtisad Universitetinə qəbul olunmuş və yalnız 9
nəfər maliyyələşmənin bu növü üzrə
digər təhsil ocaqlarında savad almaq hüququ
qazanmışdır. 2010/2011-ci tədris ilində dövlət
sifarişi əsasında mühasibat uçotu və audit
ixtisası üzrə Azərbaycan Dövlət İqtisad
Universitetinə qəbul olunmuş 155 nəfər bakalavrdan 144
nəfəri əyani şöbədə (Azərbaycan
bölməsi-82 nəfər; rus bölməsi -62 nəfər),
11 nəfəri isə (azərbaycan bölməsi-10 nəfər;
rus bölməsi -1 nəfər) qiyabi şöbədə təhsil
alır. Ümumilikdə götürdükdə
isə, Azərbaycan Dövlət İqtisad Universitetinin
uçot-iqtisad fakültəsində 1400 nəfərdən
artıq bakalavr mühasibat uçotu və audit ixtisası
üzrə təhsilini davam etdirir.
Müasir
dövrdə mühasibat uçotunun nəzarət
funksiyasının daha da gücləndirilməsi, onun beynəlxalq
iqtisadi münasibətlər sferasının mühüm
elementinə çevrilməsi, investorların, kreditorların
və analitiklərin maliyyə hesabatı informasiyasına olan
tələbatının durmadan artması, dövlət, bələdiyyə
və xüsusi mülkiyyətin qorunub saxlanılması
üzərindəki nəzarətin möhkəmləndirilməsi
ilə əlaqədar effektiv idarəetmə sisteminin
yaradılması bu sistemin həlledici fiquru sayılan
iqtisadçı-mühasibin, mühasib-analitikin, yaxud
mühasib-auditorun personasına olan marağı xeyli
artırır. Bu isə, sözsüz ki, öz
növbəsində, mühasibat uçotu sahəsində
ixtisaslaşan kadrların hazırlanmasına və onların
universitetin köməyi ilə peşə karyerasının təşkilinə
olan diqqətin əsaslı şəkildə yüksəldilməsini
tələb edir. Son beş ildə Azərbaycan Dövlət
İqtisad Universitetində ardıcıl keçirilən məzun
yarmarkalarının və bu universitetin nəzdində
yaradılmış "Təhsil və Karyera Mərkəzi"nin,
eləcə də "təcrübə və işə-düzəltmə
şöbəsi"nin informasiyalarına əsasən, demək
olar ki, mülkiyyət formasından və tabeçiliyindən
asılı olmayaraq bütün idarə və təşkilatlar
mühasibat uçotu və audit ixtisasını müvəffəqiyyətlə
bitirənləri böyük həvəslə işə qəbul
edir və növbəti illərdə universiteti bitirməsi
gözlənilən bakalavrların ixtisas və istehsalat təcrübələrinin
onların müəssisələrində təşkil
olunmasına səy göstərir. Mühasibat uçotu və
audit ixtisası üzrə qiyabi təhsil alan
bakalavrların əmək kitabçaları onların əksəriyyətinin
öz ixtisasını və ya ona yaxın ixtisaslar üzrə
işlədiyini bir daha sübut edir. İnformasiya
üçün bildirmək yerinə düşər ki,
ixtisası üzrə işləyənlər təqribən
I kurs üzrə 15-20 faiz, II kurs üzrə 45-50 faiz, III kurs
üzrə 50-55 faiz, IV kurs üzrə 60-75 faiz, V kurs üzrə
80-85 faiz təşkil edir. Rəqəmlər göstərir
ki, universiteti mühasibat uçotu və audit ixtisası
üzrə bitirən məzunların işlə təmin
olunması imkanları, son illərdə ölkədə
aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar, Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına keçid və
Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, eləcə
də mühasibat uçotunun normativ-hüquqi bazasının
və metodiki təminatının müasir
informasiya-kommunikasiya texnologiyalarının tələblərinə
uyğunlaşdırılması, bu ixtisasa olan marağı
xeyli artırır. Bu fakt öz təsdiqini
universitetə qəbul olunan bakalavrların məzmununda və
onların topladıqları balların miqdarında da
tapır. 2010/2011-ci tədris ilində Azərbaycan
Dövlət İqtisad Universitetinə mühasibat uçotu və
audit ixtisası üzrə əyani şöbəyə qəbul
olunmuş dövlət sifarişli 145 nəfər bakalavrdan 63
nəfərinin 600-dən yuxarı bal toplaması və 81 nəfər
bakalavrın 500-600 bal intervalında nəticə göstərməsi
məzun bazarının tələblərinə cavab verən
daha keyfiyyətli kadr hazırlanmasına əlverişli şərait
yaratmaqla bərabər bir sıra müsbət məqamlardan xəbər
verir. Belə ki, mühasibat uçotu və audit ixtisası
üzrə Azərbaycan Dövlət İqtisad Universitetinə
500-600 bal və 600-dən yuxarı bal toplayaraq əyani
şöbəyə qəbul olunmuş bakalavrların sayı
2006/2007, 2007/2008, 2008/2009, 2009/2010 və 2010/2011-ci tədris illərində
müvafiq olaraq 76 nəfər, 53 nəfər, 82 nəfər,
49 nəfər və 144 nəfər təşkil etmişdir.
Qeyd olunan tədris illərində mühasibat uçotu və
audit ixtisası üzrə ADİU-nun əyani şöbəsinə
qəbul olunmuş bakalavrların strukturuna nəzər
saldıqda 500-600 bal toplayan abituriyentlərin sayının 40 nəfər,
22 nəfər, 43 nəfər, 42 nəfər və 81 nəfər,
600 baldan yuxarı toplayan abituriyentlərin sayının
müvafiq olaraq 36 nəfər, 31 nəfər, 39 nəfər,
7 nəfər və 63 nəfər təşkil etdiyini daha
aydın görmək olar. Təbii ki, son dövrlər gənclərin
iqtisadi təhsilə olan marağının xeyli artması,
iqtisadi biliklərin nüfuzu və əhəmiyyətinin
durmadan yüksəlməsi, 500-600 bal və 600-dən
yuxarı bal toplayaraq iqtisad elminin flaqmanı sayılan və
maddi-texniki bazasına görə respublikanın dövlət
və özəl ali məktəblərindən öndə
dayanan Azərbaycan Dövlət İqtisad Universitetinin ən
nüfuzlu ixtisaslarından hesab olunan mühasibat uçotu və
audit ixtisasına qəbul olunanların sayının kəmiyyət
baxımından dəyişməsi son nəticədə
öz əksini hazırlanan kadrların keyfiyyətində
tapır. Hər il ADİU-nu mühasibat
uçotu və audit ixtsası üzrə orta hesabla 25-30 nəfər
bakalavr fərqlənmə diplomu ilə bitirir və onların
əksəriyyəti respublikanın və Avropa ölkələrinin
qabaqcıl universitetlərinin magistratura təhsil pilləsinə
daxil olur. Təhsilin magistratura pilləsinə qəbulun nəticələri
göstərir ki, mühasibat uçotu və audit ixtisası
üzrə kadr hazırlayan on dövlət və özəl ali məktəbin magistr yerlərinə daxil
olan 90-95 faizini Azərbaycan Dövlət İqtisad
Universitetinin məzun bakalavrları təşkil edir.
Yuxarıda verilən təhlil və mülahizələrdən
göründüyü kimi, mühasibat uçotu və audit
ixtisası üzrə kadrlara olan tələbat cəmiyyətin
inkişafının ilkin mərhələlərində
meydana gəlmiş və bütün ictimai-iqtisadi
formasiyalarda öz aparıcı rolunu sübut etmişdir. İnsan cəmiyyəti
inkişaf etdikcə uçotun aparılması və təsərrüfat
əməliyyatlarının uçotda əks etdirilməsinin
metodiki prinsipləri dəyişikliyə məruz
qalmış və məhz bu səbəbdən də
uçot yazılışlarının təkmilləşdirilməsinə
obyektiv zərurət yaranmışdır. İqtisadi
inkişafın müəyyən mərhələlərində
təsərrüfat subyektlərinin idarə olunmasında
mühasibat uçotunun mühüm vasitə və alətə
çevrilməsi, onun universal metodiki və tətbiqi bir elm
kimi formalaşması, eləcə də mühasibat
uçotunun menecmentin, proqnozlaşdırmanın və iqtisadi
təhlilin tələblərinə uyğun qurulması, Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarından və Milli
Mühasibat Uçotu Standartlarından istifadə olunması,
uçot əməliyyatlarının kompyuterləşdirilməsi
istiqamətində sistemli işlərin icrası müəssisənin
mühasibat aparatının rəhbəri sayılan baş
mühasibin vəzifələr sferasını genişləndirir
və məsuliyyət yükünü xeyli artırır. Təbii
ki, mühasibat uçotu informasiyasından təkcə müəssisə
və şirkətlərin mühasibləri deyil, eləcə
də Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarında göstərildiyi kimi, ilk növbədə
kreditor və investorlar, bazar analitikləri, menecerlər və
mülkiyyət sahibləri, auditorlar və vergi mütəxəssisləri
geniş istifadə edir və biznes fəaliyyətinin
bütün iştirakçıları "biznesin dili"ndə
danışır. Aydındır ki, bu dildə
danışmalı olan sahibkarlıq fəaliyyətinin
bütün iştirakçıları "biznesin dili"
hesab olunan mühasibat uçotunun nəzəri və praktiki əsaslarından,
onun anlayış və terminlərindən sistemli şəkildə
istifadə edir.
Danılmaz
bir həqiqətdir ki, mövcud qanunvericiliyə görə
tabeçiliyindən və mülkiyyət formasından
asılı olmayaraq ölkə ərazisində sahibkarlıq
fəaliyyəti və ya başqa fəaliyyət növü
ilə məşğul olan bütün təsərrüfat
subyektləri mühasibat uçotunu aparır və mühasib
müəssisədə uçotun təşkili məsələləri
ilə yanaşı biznes-planlaşdırma, idarəetmə qərarlarının
qəbul olunması, istehsal və kommersiya fəaliyyətinin nəticələrinin
qiymətləndirilməsi, təhlil, nəzarət və tənzimləmə
əməliyyatlarının icrası üçün məsuliyyət
daşıyır. Bütövlükdə götürdükdə
isə maliyyə hesabatı informasiyasının müxtəlif
blok istifadəçilərinin informasiya tələbatının
ödənilməsi müasir dövrdə mühasibin prioritet
vəzifəsi hesab olunur və onun prinsipial, əqidəli, ədalətli
olması və vəzifə borcunu şərəf və ləyaqətlə
yerinə yetirməsi mühasibin təbiətini müəyyən
edən vacib keyfiyyət göstəricisi sayılır. Şübhəsiz
ki, təsərrüfat subyektlərinin fəaliyyətinin
sistemli şəkildə idarə olunması, müəssisə
və şirkətlərdə baş verən təsərrüfat
əməliyyatlarının ardıcıl sənədləşdirilməsi
və uçotda əks etdirilməsi əsasında informasiya
modeli qurulur və mütəxəssislərin təqribi hesablamalarına
görə, idarəetmədə istifadə olunan faydalı
informasiyanın 55-60 faizini mühasibat uçotunun məlumatları
təşkil edir. Aydındır ki, obyektiv və
keyfiyyətli təşkil olunmuş mühasibat uçotu
informasiyası müəssisə və şirkətlərin
istehsal və kommersiya fəaliyyətinin müxtəlif mərhələlərinə
sistemli nəzarət etməyə və idarəetmə qərarlarını
elmi cəhətdən əsaslandırmağa əlverişli
şərait yaradır. Bazar münasibətləri
şəraitində mühasibat uçotunun nəzarət
funksiyası daha da güclənir və bu da, şübhəsiz
ki, uçotun forma və metodlarının təkmilləşdirilməsini
və Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarından istifadə edilməsini mühüm vəzifə
olaraq qarşıya qoyur.
Bütün bunlar bir daha sübut edir ki, mühasibat
uçotu və audit, Statistika ixtisasları üzrə
hazırlanan elmi kadrların və praktiki mühasiblərin
sayının keyfiyyət və kəmiyyət
baxımından artırılması zamanın tələbi
ilə tam uzlaşır.
Niyazi İSMAYILOV,
Teymur ZEYNALOV,
Azərbaycan Dövlət İqtisad
Universiteti iqtisadi təhlil və
audit kafedrasının dosentləri
Xalq qəzeti.- 2011.- 11 iyun.- S. 9.