Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avroatlantik institutlara inteqrasiya kontekstində uğurla inkişaf edir

 

Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir, beynəlxalq imici güclənir. Azərbaycan etibarlı tərəfdaş, dost ölkə kimi beynəlxalq təşkilatlarda və dünyada öz yerini möhkəmləndirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Avropa İttifaqının (1993-cü ilədək Avropa Birliyi) əsası 1951-ci il aprelin 18-də Avropa Kömür və Polad Birliyini təsis edən müqavilənin imzalanması ilə qoyulmuşdur. Müqavilə Avropanın altı dövləti - Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya və Lüksemburq tərəfindən imzalanmışdır. Belə bir qurumun yaradılması təklifi 1950-ci il mayın 9-da Fransanın o zamankı xarici işlər naziri Robert Şuman tərəfindən irəli sürülmüş, ondan bir qədər əvvəl isə Fransanın Milli Planlaşdırma İnstitutunun başçısı Can Monne tərəfindən söylənilmişdir. 1957-ci il martın 25-də Romada imzalanmış müqaviləyə əsasən Atom Enerjisi üzrə Avropa Birliyi və Avropa İqtisadi Birliyi təsis edilmişdir. 1965-ci ildə Brüsseldə yuxarıda adları çəkilən qurumların vahid orqanları yaradılmaqla bu üç təşkilat Avropa İqtisadi Birliyi adı altında birləşdirildi.

 

1979-cu il martın 13-də valyuta dəyişmə mexanizmlərini ümumiləşdirmək məqsədilə Avropa Valyuta Sistemi təsis edildi. 1985-ci ildə Dövlət və hökumət başçılarının Milan sammitindən sonra Vahid Avropa Aktının imzalanması inteqrasiya proseslərini sürətləndirdi və 1993-cü ilə kimi vahid daxili bazar yaratmaq, eləcə də siyasi əməkdaşlığa doğru irəliləmək məqsədi qarşıya qoyuldu.

1992-ci il fevralın 7-də Hollandiyanın Maastrixt şəhərində Avropanın 12 dövlət başçısı tərəfindən Avropa İttifaqının yaradılması haqqında müqavilə imzalandı. Bu sənəddə Roma müqaviləsinin müddəalarına bir sıra düzəlişlər olundu və 1993-cü il noyabrın 1-dən qüvvəyə mindi. Müqaviləyə Avropa İqtisadi və Valyuta İttifaqının yaradılması, eləcə də bu qurum çərçivəsində vahid valyutaya keçmə prosesinə dair bir sıra maddələr daxil edildi. Həmin vaxtdan Avropa Birliyi Avropa İttifaqı adlanmağa başlandı.

2004-cü il mayın 1-də Kipr, Malta, Polşa, Çex Respublikası, Slovakiya, Sloveniya, Macarıstan, Latviya, Litva və Estoniya, 2007-ci il yanvarın 1-də isə Bolqarıstan və Rumıniya İttifaqa üzv qəbul edildilər. Beləliklə, Avropa İttifaqının genişlənməsi nəticəsində təşkilatın üzvlərinin sayı 27-yə çatdı.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti ölkədə islahatların həyata keçirilməsi və dünya inteqrasiya proseslərinə daha sıx cəlb olunmaq istiqamətində qısa müddət ərzində bir sıra beynəlxalq və regional təşkilatlarla çoxtərəfli əlaqələr yaratmışdır.

Azərbaycanın xarici siyasət prioritetləri içərisində Avroatlantik strukturlara və institutlara inteqrasiya mühüm yer tutur. 1993-cü ildən Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlığa başlanmışdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də eyni zamanda, ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır.

Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulmuş və müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların inkişafı və s. istiqamətlərdə aparılır.

SSRİ-nin süqutundan sonra, 1991-ci ildə Avropa İttifaqı yeni müstəqil dövlətlərə texniki yardım və ekspert köməyi vasitəsilə demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturlarını yaratmaq, ölkələr arasında ticarət, nəqliyyat, gömrük işlərini inkişaf etdirmək üçün xüsusi TASİS proqramı hazırlamışdır.

TASİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. Bundan başqa, TASİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri mövcuddur. Bunlar 1995-ci ildən başlayaraq ali təhsil müəssisələrinə və onların əməkdaşlarına yardım göstərən TEMPUS proqramı, neft və qaz kəmərləri sisteminin regional inteqrasiyasını təmin etmək məqsədilə yaradılan İNOQEYT proqramı, TRASEKA-dır. Bununla yanaşı, bu əməkdaşlıq "humanitar yardım" (ECHO) və digər proqramlar çərçivəsində də inkişaf etdirilmişdir.

1993-cü ilin mayında Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsi irəli sürülmüş və 8 təsisçi dövlətin (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan) ticarət və nəqliyyat nazirlərinin konfransında təsis edilmişdir. "Brüssel Bəyannaməsi" adlanan iki rəsmi sənəddə qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.

1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü ilə və TRASEKA proqramının dəstəyi ilə "Tarixi İpək yolunun bərpası" adlı beynəlxalq konfrans keçirilmişdir. 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən konfransın sonunda "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" adlanan mühüm bir sənədlə yanaşı, iştirakçılar adından Avrasiya ölkələri arasında hərtərəfli əməkdaşlığı və regional inteqrasiyanın əsas prinsiplərini əks etdirən "Bakı Bəyannaməsi" də imzalanmışdır. TRASEKA layihəsi Azərbaycanda 25 texniki və 11 investisiya layihəsinin həyata keçirilməsini dəstəkləyir ki, bu layihələrin 26-da Azərbaycanın payı ümumilikdə 100 milyon avrodan artıqdır.

Avropaya dövlətlərarası neft və qaz ixracı (İNOQEYT) Avropa İttifaqının yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional proqramlardan biri kimi, 1999-cu ilin iyulunda Azərbaycan da daxil olmaqla 15 dövlətin iştirakı ilə imzalanan Çərçivə Sazişi əsasında fəaliyyət göstərir.

İNOQEYT çərçivəsində həyata keçirilən texniki əməkdaşlığa əlavə olaraq, Avropa İttifaqı zəngin təbii ehtiyatlara və strateji coğrafi əraziyə malik olan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji təminatının və tranzit potensialının səmərəli istifadəsinə yönəlmiş fəaliyyətində Avropa Qonşuluq Siyasətinə daxil olan ölkələr daxil olmaqla bütün maraqlı tərəfdaşların dəstəyi ilə enerji əməkdaşlığı prosesini genişləndirməkdədir. Bu əməkdaşlıq "Bakı Prosesi" təşəbbüsü ilə güclənmişdir. "Bakı Prosesi"nə 2004-cü il noyabrın 13-də Bakıda enerji nazirliklərinin konfransında Avropa İttifaqı, Qara Dəniz və Xəzər dəniz hövzəsi ölkələri arasında enerji sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan siyasi dialoq şəklində başlanmışdır.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır.

Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

İmzalanan TƏS-də müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi, Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid məqsədilə bəzi struktur islahatlarının aparılması, ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi-texniki və mədəni əməkdaşlıq məsələləri nəzərdə tutulmuşdur. Bu məsələlərin təmin edilməsi üçün Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində geniş iş prinsipləri müəyyənləşdirilmişdir. "Saziş"də nəzərdə tutulur ki, Əməkdaşlıq Şurası Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün lazımi tədbirləri həyata keçirir. Bundan başqa, fəaliyyət göstərən Əməkdaşlıq Komitəsi Şuranın tövsiyələrinin həyata keçirilməsinə nəzarət edir. Komitənin nəzdində ticarət və sərmayə qoyuluşu ilə əlaqədar müzakirələr aparmaq məqsədilə Xüsusi Alt Komitə yaradılmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında energetika və nəqliyyat məsələləri üzrə ayrıca Alt Komitə də təsis edilmişdir. Bununla yanaşı, dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək üçün Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılmışdır.

2004-cü il mayın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə rəsmi səfəri zamanı Avropa İttifaqına on üzvün qoşulması ilə əlaqədar olaraq "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokol imzalanmışdır.

Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 43-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyin uyğunlaşdırılması sahəsində üzərinə götürdüyü öhdəliyinin icra edilməsi məqsədilə Avropa İttifaqının hüquq ekspertlərinin dəstəyi ilə "Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2010-2012-ci illər üçün Tədbirlər Planı" hazırlanmış və Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının 23 oktyabr 2009-cu ildə keçirilmiş 3-cü iclasında təsdiq edilmişdir.

Avropa İttifaqının Azərbaycanla əlaqələri təkcə TRASEKA layihəsi və "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, eyni zamanda, bölgədə sülhün və sabitliyin təmin olunmasına dair digər proqramlar çərçivəsində reallaşır.

Avropa İttifaqı öz nümayəndəsini 1998-ci ildə Azərbaycana göndərmiş, 2000-ci ildə isə Brüsseldə Azərbaycanın Avropa İttifaqında Daimi Nümayəndəliyi açılmışdır. Bundan əlavə, 2008-ci il fevralın 4-dən Bakıda Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyi fəaliyyət göstərir.

Cənubi Qafqazda mövcud olan münaqişələrin aradan qaldırılması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, region dövlətləri arasında vahid əməkdaşlıq və təhlükəsizlik sisteminə inteqrasiya mühitinin yaradılması da Avropa İttifaqının əsas şərtlərindəndir.

2003-cü il iyulun 7-də Avropa İttifaqı Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etməsi təşkilatın regionda fəallığının artmasını göstərən addım kimi qiymətləndirilməlidir. Eyni zamanda, Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il mayın 19-da Brüsselə səfəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində tamamilə yeni mərhələ oldu və ölkəmizin adı çəkilən İttifaqla "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində genişmiqyaslı əməkdaşlığına dair razılaşmalar əldə edildi.

Avropa İttifaqının region dövlətləri ilə həm ikitərəfli, həm də regional inteqrasiya kontekstində çoxtərəfli münasibətlər qurması və gələcəkdə onların təşkilatla daha sıx əməkdaşlığı üçün ciddi fəaliyyət göstərməsi nəticəsində son illərdə adı çəkilən təşkilat öz sərhədlərini bir qədər də genişləndirmişdir. Bununla da, sərhədləri genişlənən İttifaq Avropada yeni qonşular qazanmış və 2003-cü ildə "Daha geniş qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü" adlı proqram qəbul etmişdir. Avropa İttifaqının xarici işlər nazirləri 2004-cü ilin yanvarında üç Cənubi Qafqaz respublikasını bu təşəbbüsə qoşmaq üçün Avropa Komissiyasına təkliflər hazırlamaq haqqında tapşırıq vermişlər.

2004-cü il mayın 12-də Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə dair Strategiya sənədini qəbul etdi. Adı çəkilən sənəddə Avropa Komissiyası Azərbaycan, Gürcüstan və Ermənistanın bu siyasətə daxil edilməsi üçün Avropa İttifaqı Şurasına tövsiyə etmişdir. 2004-ci il iyunun 14-də Avropa Komissiyasının tövsiyəsinə təşkilatın Ümumi Məsələlər və Xarici Əlaqələr üzrə Şurasında baxılmış və Şura Cənubi Qafqaz dövlətlərini qeyd edilən siyasətə daxil etməyi qərara aldı.

Qonşuluq Siyasətinin strategiya sənədinə əsasən Avropa İttifaqının tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd fəaliyyət planları olacaqdır ki, bu sənəddə İttifaq ilə ikitərəfli münasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Avropa Qonşuluq Siyasətinə görə bu prioritetlər aşağıdakılar ola bilər:

-siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişlərə nail olunması müqabilində tərəfdaşların tədricən Avropa İttifaqının daxili bazarında müəyyən paya sahib olmaq imkanı;

-eyni zamanda, vətəndaşların, əmtəənin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya prosesləri;

-Avropa İttifaqı ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, investisiyaların təşviqi imkanları, yeni maliyyə mənbələri, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsi və s.

Bununla yanaşı, AQS tərəfdaş ölkələr, o cümlədən Azərbaycan üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Avropa İttifaqı proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim etmişdir.

Azərbaycan Respublikası da bu sahədə qarşıda duran vəzifələrin həlli istiqamətində ardıcıl addımlar atmaqla öz mövqeyini ifadə etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il iyunun 1-də "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" imzaladığı sərəncamda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da gücləndirilməsi, İttifaqın Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli, əlaqələndirilmiş işin təmin edilməsi məsələləri öz əksini tapdı. Bununla yanaşı, qəbul edilmiş sənəddə Avropa İttifaqı ilə siyasi, iqtisadi, hüquqi, nəqliyyat və enerji, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupun yaradılması nəzərdə tutulmuşdur.

Hazırda Avropa İttifaqının regionda həyata keçirdiyi "Yeni qonşuluq siyasəti" layihəsinin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz ölkələri də bu məsələdə maraqlıdırlar və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri genişləndirməyə çalışırlar.

Bu mənada Prezident İlham Əliyevin 2006-cı il oktyabrın 6-8-də Brüsselə rəsmi səfəri mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqı Nazirlər Şurasının Baş katibi, xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsinin başladığını bildirən dövlət başçısı İlham Əliyev bu səfərin ittifaqın Cənubi Qafqaz regionuna dair yeni qonşuluq siyasətinin gələn beş il ərzində ölkəmizdə siyasi və iqtisadi inkişaf meyarlarının Avropa İttifaqındakı göstəricilərinə uyğunlaşdırılmasının əsasını qoyacağını bəyan etdi: "Avroatlantik məkana inteqrasiya sahəsində Azərbaycanın neçə illər ərzində apardığı siyasət həm ölkəmiz, həm də bütövlükdə regional əməkdaşlıq üçün çox böyük nəticələr vermiş və verəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu 2006-cı il noyabrın 7-də Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzaladılar. Bununla da, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar açılmışdır. Bu Memorandumun əsas məqsədləri Avropa İttifaqının enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir. Bu sənədin imzalanması Azərbaycanın Avropa İttifaqının enerji bazarlarına daha tez inteqrasiyasına kömək etməklə yanaşı, Xəzərin enerji daşıyıcılarının nəqli nəticəsində İttifaqın enerji təhlükəsizliyi daha da güclənəcəkdir. Bunun regional təhlükəsizlik, eləcə də əməkdaşlıq və ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya, xüsusilə, Azərbaycanın böyük neft, qaz ehtiyatları və ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyəti vardır. Dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri həm Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi, həm də münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilir.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı Fəaliyyət Planı 2006-cı il noyabrın 14-də Brüsseldə Azərbaycan Respublikası - Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir. Bununla da, 1999-cu ildən Tərəfdaşlıq və Əməkdaşlıq sazişi ilə tənzimlənən Azərbaycan - Avropa İttifaqı münasibətlərinin gələcək inkişafının istiqamətləri AQS çərçivəsində Azərbaycan - Avropa İttifaqı Fəaliyyət Planı ilə müəyyənləşdirilmişdir.

1992-2006-cı illərdə Avropa İttifaqının TASİS və digər yardım proqramları çərçivəsində Azərbaycana 414 milyon avrodan çox məbləğdə humanitar, texniki və ərzaq yardımı göstərilmişdir.

2007-ci il yanvarın 1-dən etibarən TASİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunmuşdur. Bu alət çərçivəsində 2007-2009-cu illər üçün Azərbaycan üzrə illik Fəaliyyət Proqramları çərçivəsində 61 milyon avro məbləğində yardım ayrılmışdır. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA AQS Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə alətidir. AQTA 3 başlıca strateji məqsədi ehtiva edir: demokratiya və insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı.

AQTA çərçivəsində 2007-2013-cü illər üçün nəzərdə tutulmuş Azərbaycan üzrə strategiya sənədi Avropa İttifaqının yardım məqsədlərini və siyasət məsuliyyətini əks etdirərək prioritet olan əməkdaşlıq sahələrini dəqiqləşdirir. Bu prioritetlər Azərbaycanın bazar iqtisadiyyatına və demokratik idarəetmənin təşviqinə yardım, Fəaliyyət Planının həyata keçirilməsi və təhlükəsizlik məsələlərini əhatə edir.

2008-ci il mayın 26-da Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən Şərq Tərəfdaşlığı təşəbbüsü irəli sürülmüşdür. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan bu təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir.

2008-ci il dekabrın 3-də Şərq Tərəfdaşlığı təşəbbüsü üzrə məlumat sənədi və onu müşayiət edən işçi sənəd Avropa Komisiyyası tərəfindən Avropa Parlamentinə və Avropa İttifaqının dövlət və hökumət Başçılarının Şurasına təqdim olunmuşdur. Bu iki sənəd Şərq Tərəfdaşlığına dair Avropa Komissiyasının mövqeyi və təkliflərini əks etdirərək, AQS çərçivəsində Avropa İttifaqının Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etmişdir.

2009-cu il mayın 7-də Praqada Şərq Tərəfdaşlığı üzrə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə bu təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi konturlarını müəyyən edən Birgə Bəyannamə qəbul edilmiş və bununla da Şərq Tərəfdaşlığına yüksək rəsmi səviyyədə başlanğıc verilmişdir.

Şərq Tərəfdaşlığı Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Avropa İttifaqı və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni, Assosiasiya Sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır.

Bu format çərçivəsində Şərq Tərəfdaşlığına daxil olan ölkələrin dövlət və hökumət başçılarının hər iki ildən bir görüşünün, hər il Avropa İttifaqına üzv dövlətlərin və Şərq tərəfdaş ölkələrinin Xarici İşlər Nazirlərinin illik iclasının keçirilməsi nəzərdə tutulur.

Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 28-29-da Belçika Krallığına işgüzar səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə görüşündə dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıraraq Azərbaycanın Avropaya inteqrasiyasının bundan sonra da davam etdiriləcəyini bildirdi.

Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Nazirlər Şurasının Baş katibi, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi görüşdə Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin qarşılıqlı şəkildə faydalı olduğunu və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində yaranacaq yeni formatın bu əlaqələri daha da möhkəmləndirəcəyini bəyan etdi.

2009-cu il mayın 7-də Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı"sammitində iştirak edən Prezident İlham Əliyev bu proqramın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da yaxınlaşmasına və genişlənməsinə təkan verəcəyini qeyd edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı. Mayın 8-də Praqada "Cənub dəhlizi-Yeni İpək yolu" sammitində dövlət başçısı İlham Əliyev Azərbaycanın təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələrinin, neft boru kəmərlərinin, sonra isə qaz kəmərlərinin inşasının uzaqgörən bir strategiya olduğunu və ölkəmizdən müxtəlif istiqamətlərdə neft-qaz kəmərlərinin fəaliyyət göstərməsini çoxşaxəliliyin təmin olunmasına töhfə kimi qiymətləndirdi.

2010-cu il mayın 20-də Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir. Avropa Parlamentinin Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamədə birmənalı şəkildə göstərilir ki, Azərbaycan torpaqları işğal altındadır. Sənəddə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və Dağlıq Qarabağ probleminin tezliklə beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasına tərəfdar olduğu öz əksini tapmışdır.

Bununla yanaşı, sənəddə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı yüksək qiymətləndirilmiş və ölkəmizin enerji resurslarının Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyi xüsusi qeyd edilmişdir.

2011-ci il yanvarın 13-də Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun Azərbaycana səfəri zamanı "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalandı. Bununla yanaşı, "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu"nu və "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma Memorandumu"nun imzalanması ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki, Azərbaycan Avropa İtifaqı ilə ikiktərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyası beynəlxalq münasibətlər

və xarici siyasət kafedrasının dosenti,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 11 iyun.- S. 6.