Milli
Qurtuluşumuzun zəfər salnaməsinin qürur doğuran səhifələri
1993-cü
ilin yayından başlayaraq, ilk növbədə hakimiyyət
boşluğu aradan qaldırıldı, respublikanın
müxtəlif bölgələrində baş
qaldırmış separatçı qüvvələr və
parçalanma meylləri sağlam düşüncəli vətəndaşların,
xalqın böyük əksəriyyətinin fəal köməyi
ilə zərərsizləşdirildi, vətəndaş
müharibəsi təhlükəsinin qarşısı
alındı.
Heydər ƏLİYEV,
Ümummilli lider
Bu
gün dünyanın elə bir beynəlxalq təşkilatı
ola bilməz ki, onun tribunasından Azərbaycanın adı
hörmət və ehtiramla çəkilməsin.
Dünyanın bütün siyasətçiləri Azərbaycanın
haqq işini dəstəkləyir, gənc müstəqil
respublikamızın demokratik dəyərlərə verdiyi
önəmi yüksək qiymətləndirirlər. Azərbaycan
Avropa ailəsinə inteqprasiyanı günü-gündən dərinləşdirir.
Rəsmi Bakı dinlər və sivilizasiyalararası dialoqun
möhkəmləndirilməsi üçün öz töhfələrini
verir, bu təcrübəni hər il yeni bir layihə ilə zənginləşdirir.
Respublikamızda
formalaşdırılmış dini və milli tolerantlıq təcrübəsi
bütün dünya üçün nümunə kimi
göstərilir. Ölkəmiz regionda və Avrasiyada baş
verən ictimai-siyasi proseslərin əsas mərkəzlərindən
birinə çevrilir. Azərbaycanın iştirakı və
ya razılığı olmadan regionda heç bir iqtisadi layihə
reallaşdırılmır və sair. Bütün bunlar
ötən əsrin 90-cı illərinin əvvəllərində
yaşadığımız məşəqqətli günlərin
əzab-əziyyətlərini unutdura biləcəkmi? Əsla
yox! Çünki həmin günlərin unudulması
mümkün deyil.
Ötən
il ölkə qəzetlərindən birində 90-cı illərin
ilk yarısı barədə söz açan
tanınmış bir müəllifin tarixi faktlarla zəngin
olan məqaləsini oxumuşdum. Xalqın
yaşadığı ağrı-acıları, üzləşdiyimiz
məhrumiyyətləri, xaos və anarxiyanı, hakimiyyətsizliyi,
ordudakı özbaşınalığı,
hüquq-mühafizə orqanlarındakı pərakəndə
fəaliyyəti, siyasətçilərin didişməsini,
imkanlı adamların hamısının özünə
silahlı dəstələr saxlamasını, iqtisadiyyatın
çökməsini, aclıq, işsizlik və yoxsulluğun
son həddə çatmasını və bir çox tarixi
faktları sadalayan müəllif sonda bir
çağırış səsləndirirdi: "Biz ölkəni
elə bir şəkildə inkişaf etdirməliyik ki, həmin
günləri birdəfəlik yaddaşımızdan silə
bilək". Mən məqaləni oxuyandan sonra müəllifin
telefon nömrəsini tapıb ona yazının sonundakı
çağırışla bağlı etirazımı
bildirdim.
Etirazım
nədən ibarət idi? Əvvəla, bu danılmaz bir
reallıqdır ki, həmin məqalədə qeyd olunan əzab-əziyyətlərin,
ağrı-acıların hamısını xalqın
bütün təmsilçiləri birlikdə
yaşamışıq. Bəlkə də kimsə o məqalədə
göstərilənlərdən qat-qat artıq məhrumiyyətlərlə
üzləşib. Ancaq 90-cı illərin ilk
yarısının reallıqlarını unutmaq barədə
çağırış xeyli absurd səslənir.
Çünki həmin illərdə Azərbaycan
xalqının hələ yüz illər boyu əsla
unutmayacağı tarixi hadisələr də baş
vermişdi. Ulu öndər Heydər Əliyevin Moskvadan Azərbaycana
- konkret olaraq Naxçıvana qayıdışı, onun
deputat seçilməsi və Muxtar Respublikanın ali rəhbərliyinə
gətirilməsi, Azərbaycanın öz dövlət
müstəqilliyini bərpa etməsindən əvvəl
Naxçıvan Muxtar Respublikasının adından
"sovet" və "sosialist" sözlərinin
çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin
üç rəngli bayrağının Muxtar Respublikanın
dövlət bayrağı kimi qaldırılması,
Naxçıvanla Türkiyə arasında "Ümid
körpüsü"nün açılması, Muxtar
Respublika ərazisində Yeni Azərbaycan Partiyasının təsis
konfransının keçirilməsi, ulu öndər Heydər
Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi,
qardaş qırğınının qarşısının
alınması üçün Gəncəyə
reallaşdırılan səfər və nəhayət, Milli
Qurtuluş Günümüzün xalqın üzünə
gülməsi... hələ yüz illər, əsrlər boyu
xalqın yaddaşında yaşayacaq tarixi hadisələrdir.
Ona görə də həmin illərin unudulması barədə
səsləndirilən tezis tarixə yarımçıq
münasibətin təzahürü kimi qiymətləndirilməlidir.
Yeri
gəlmişkən, təxminən 10 gün əvvəl tarixə
yarımçıq münasibətin bir qədər əks tərəfdən
səsləndirilən ikinci nümunəsinin də şahidi
olduq. Televiziya vasitəsiylə çıxış edən
ziyalılardan biri söylədi ki, Yeni Azərbaycan
Partiyasının yarandığına və böyük
Qurtuluşa çatdığımıza görə biz
90-cı illərdə üzləşdiyimiz bütün eybəcərlikləri
bir kənara ata bilərik. Əsla düzgün yanaşma
deyil. Əgər biz həmin illərdə üzləşdiyimiz
mənfi halların hamısını unudarıqsa - belə
hallar yüzlərlə, minlərlə idi - onda gənc nəslə
Qurtuluşun mahiyyətini izah edərkən fikrimizi hansı
müqayisələrlə çatdıracağıq? Yaxud
Yeni Azərbaycan Partiyasının xalqın və dövlətin
həyatında oynadığı rolu yada salmaq istəyəndə
bu partiyanın yaranmasından əvvəlki dövrün hadisələrini
xatırlatmasaq, önümüzdəki insana həqiqəti
necə çatdıra bilərik? Ona görə də tarixə
və tarixi hadisələrə münasibət bildirərkən
əlimizdəki əsas tezisi - tarixə Heydər Əliyev
münasibətini bayraq etməliyik: "Biz gənc nəslə
tarixi siyasət və ya ideologiya xatirinə deyil, məhz tarix
naminə öyrətməliyik. Keçmişdə qalan hadisələrin
hamısı bizim tariximizdir və onların
ağrı-acılısını da, sevincli,
iftixarlısını da öyrənməliyik. Olduğu kimi
öyrənməliyik və öyrətməliyik".
Fikrimizcə, bu yanaşma bir aqillik və mükəmməl ədalət
nümunəsidir.
90-cı
illərin əvvəllərində
yaşadığımız tarixi hadisələr bizə
genişmiqyaslı, əhatəli bir məktəb, dərs,
örnək oldu. Bütöv bir xalq həmin hadisələrdən
mükəmməl dərs aldı. Xalq özünün dostunun
və düşməninin kimliyini öyrəndi, onların
gücünə bələd oldu. Xalq anladı ki, siyasi
diletantları, səriştəsiz insanları məclisin
başına keçirmək necə ağır fəsadlar
verir. Məhz bu dərsin nəticəsi olaraq azərbaycanlılar
93-cü ilin payızından etibarən bütün
seçkilərdə ayıq-sayıqlıq nümayiş
etdirdilər. Qeyd edilən dövrün hadisələri
sübut etdi ki, xalqı bəlalardan və fəlakətlərdən
küçədən gəlmiş siyasətçilər
deyil, bilavasitə xalqın liderləri xilas elə bilər.
Heydər Əliyev xalqın həqiqi lideri olduğunu 60-cı
illərin ortalarından - Dövlət Təhlükəsizliyi
Komitəsində ali vəzifələrdə
çalışdığı dövrdən sübut
etmişdi. Heydər Əliyev xalqın lideri olduğunu
heç bir vəzifəsi olmadığı dövrdə -
Moskvada 20 Yanvar faciəsinə münasibət bildirərkən
sübut etmişdi. Ulu öndər xalqın ümummilli lideri
olduğunu düşmən mühasirəsində yaşayan
Naxçıvanı bəlalardan və məhrumiyyətlərdən
xilas edərkən sübut etmişdi. Ulu öndər
xalqın ən ağır günündə milli dövlətçiliyin
məhv olmaq təhlükəsi ilə, ölkənin
parçalanmaq qorxusu ilə üz-üzə
qaldığı zaman Naxçıvandan Bakıya gələrək
qətiyyətli addımlar atmasıyla sübut etmişdi ki,
o, 50 milyonluq Azərbaycan xalqının yeganə və şəriksiz
lideridir.
1993-cü
il 15 iyun gününün - Böyük Qurtuluşun Azərbaycan
xalqına bəxş etdiyi töhfələrin çox
möhtəşəm bir siyahısı mövcuddur və o
barədə dönə-dönə, dəfələrlə
söz açılıb. Həmin günün bizə bəxş
etdiyi ən böyük töhfə isə Azərbaycan tarixinə,
siyasətinə və milli-mənəvi dəyərlərinə
Heydər Əliyev münasibətinin formalaşmasının
başa çatması idi. Ulu öndər özünün məşhur
"Azərbaycan XXI əsrin və üçüncü
minilliyin ayrıcında" adlı müraciətində
yazırdı: "Müstəqil dövlətimiz
üçün taleyüklü məsələlərin həyata
keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini
açmaqla kimliyimizi tam müəyyən etməyi, milli
kökləri ilə bağlı yeni təfəkkürlü
gənc nəsil yetişdirilməsini zəruri edir". Mən
fəxr edirəm ki, ulu öndərin arzu etdiyi həmin gənc
nəslin yetişdirilməsində mən də, təmsil
etdiyim Azərbaycan Müəllimlər İnstitutu da
özünəməxsus şəkildə iştirak edirik.
Prezident İlham Əliyevin ölkə həyatının
bütün sahələrinə olduğu kimi təhsilə
göstərdiyi qayğı biz müəllimləri Azərbaycanın
daha da çiçəklənməsində fəal
iştirak etməyə səsləyir. Müəllimlər
İnstitutunun Zaqatala filialının əməkdaşları
öz peşə funksiyasını layiqincə yerinə yetirməklə
yanaşı, həm də ölkəmiz üçün
xüsusi əhəmiyyəti olan ictimai-siyasi hadisələrdə
müəllim məsuliyyəti və peşəkarlığı
ilə iştirak edirlər.
...Böyük
Qurtuluş günü münasibətilə qələmə
aldığımız sətirləri Şəki-Zaqatala
bölgəsinin tanınmış ziyalılarından biri,
AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub
Mahmudovun "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti"
adlı kitabından seçdiyimiz cümlələrlə
tamamlamaq istəyirik: "1993-cü ildə daxili və xarici
düşmənlər Azərbaycan dövlətçiliyini
yox olmaq həddinə çatdırmışdılar. Vətənimiz
bir dövlət kimi Qafqazın siyasi xəritəsindən
silinmək üzrə idi. Lakin Ulu Tanrının ağır
sınaq günümüz üçün qoruyub
saxladığı qüdrətli tarixi şəxsiyyətimiz
xalqın arzusu və təkidi ilə mübarizə
meydanına atıldı. Heydər Əliyev qurtuluş
mübarizəsinin qalibi oldu. Yoxluqdan varlığa
çevrildik..."
Böyük
bir dövləti yoxluqdan varlığa çevirən Heydər
Əliyev dühası Azərbaycan durduqca yaşayacaqdır.
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər
İnstitutu
Zaqatala filialının direktoru
Xalq qəzeti.- 2011.- 12 iyun.- S. 5.