Milli Qurtuluş
Günü istiqlal mücadiləsi tarixinə qızıl hərflərlə
həkk olunmuşdur
Müstəqil
dövlət quruculuğu hər bir xalqın tarixən can
atdığı ali idealların gerçəkləşdirilməsi
prosesidir.Azərbaycan xalqı azadlıq əldə etdikdən
sonra bu mühüm nailiyyəti qoruyub saxlamaq və ölkədə
həqiqi dövlətçilik şüurunun, milli idarəetmə
sisteminin formalaşdırılmasına nail olmaq zərurəti
qarşıda dururdu. Belə bir mürəkkəb vəzifənin
öhdəsindən gəlmək üçün möhkəm
siyasi iradəyə və böyük dövlətçilik təcrübəsinə
malik bir şəxsiyyətin hakimiyyətə gətirilməsi
çox vacib idi.
1991-ci ildə qəbul edilən Müstəqillik haqqında Konstitusiya Aktında Azərbaycanın gələcək inkişaf yolunun əsas prinsipləri öz əksini tapmışdı və burada göstərilirdi ki, respublikamız müasir dünya sivilizasiyasının şərtlərinə uyğun olaraq demokratik ənənələrə, bazar iqtisadiyyatının qanunauyğunluqlarına, insan hüquqlarının qorunması prinsiplərinə istinad edən strateji inkişaf yolu seçmişdir. Lakin bu ideyaların elan edilməsi ilə hər şey bitmirdi, onları reallaşdırmaq və Azərbaycanın dünyəvi, demokratik dövlət olduğuna beynəlxalq ictimaiyyəti inandırmaq tələb olunurdu.
Çox təəssüf ki, müstəqilliyin ilk illərində bu istiqamətdə heç bir ciddi addım atılmadı. Əksinə, hakimiyyətdə olan bəzi qüvvələrin itaətkar, səriştəsiz siyasəti Azərbaycanın beynəlxalq nüfuzuna ciddi zərbələr vurdu. Elə bunun nəticəsi idi ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində respublikamızı modern bir dövlət kimi yox, yalnız dini amillər üzərində formalaşan islam ölkəsi kimi tanımağa başlamışdılar...
O dövrdə Azərbaycanda heç bir sahə normal və sivil qaydada idarə olunmurdu. Ölkədə yaşanan xaos, anarxiya bütün sosial potensialı vahid bir məqsəd ətrafında səfərbər etməyə, dövlət quruculuğu işinin səmərəli təşkilinə nail olmağa imkan vermirdi. Azərbaycanı təhlükədən qurtarmaq lazım gəlirdi.Amma bütün bunları qısa zamanda həll etmək də mümkün deyildi. Çünki yeni dəyərlərin və ideyaların təbliğinə nail olmaq üçün bu ideya və dəyərlərin özünün cəmiyyətə təqdim olunma formasını müəyyənləşdirmək lazım idi. Hamı müstəqilliyin tərəfdarı idi, amma onu qoruyub saxlamağın və inkişaf etdirməyin konkret mexanizmlərini hələ cəmiyyət özü üçün müəyyənləşdirə bilməmişdi.
Artıq 1992-ci ildən başlayaraq ölkədə gərginlik genişlənirdi, hakimiyyət dairələri ictimai-siyasi duruma nəzarət edə bilmirdilər. Qarşıdurma elə bir həddə çatmışdı ki, hər an vətəndaş müharibəsi başlana bilərdi. Baş vermiş qarşıdurmadan xarici və daxili qüvvələr hər vasitə ilə istifadə etməyə fürsət gözləyirdilər. Ağır problemlərlə üz-üzə qalan Azərbaycanda baş verən ciddi siyasi proseslər, Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan müharibəsi respublikanın bütün infrastrukturunu iflic vəziyyətə salmışdı.
O vaxtkı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi və səriştəsizliyi ucbatından qiyam geniş miqyas almışdı. Bu vəziyyətdə nə edəcəyini bilməyən iqtidar öz hakimiyyətini qorumaq üçün əhaliyə güc tətbiq etməkdən belə çəkinmədi. Belə böhranlı və ağır vəziyyətdə xalq çıxış yolunu yenə də təcrübəli dövlət xadimi Heydər Əliyevdə görürdü. Xalqın təkidli tələbilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev xalqın arzu, istəyi və təkidli tələbilə Ali Sovetin sədri seçildi....
Ulu öndər qısa zamanda dünya sivilizasiyasının təcrübəsindən istifadə edərək ölkənin sosial-iqtisadi, siyasi və mədəni inkişafının əsaslandırılmış proqramını hazırladı. İlk növbədə özəlləşdirmə proqramı, torpaq islahatı, iqtisadi, hüquqi, hərbi və dövlət quruculuğu sahəsində islahatlar kursu genişləndi. Həmin islahatların həyata keçirilməsi məsələlərindən danışarkən ulu öndər demişdir: "...Biz islahatları tədricən həyata keçiririk. Çünki bunun üçün həm təcrübə lazımdır, həm də gərək səhv buraxmayasan. Biz bunları keçirdikcə Azərbaycanda idarəetmə orqanlarının işi təkmilləşir. Hesab edirəm ki, biz bunu başa çatdırdıqdan sonra bu sahədə də ölkəmizin iqtisadiyyatı üçün daha da böyük imkanlar açılacaqdır." 1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi düzgün və əsaslandırılmış daxili və xarici siyasət Azərbaycanın demokratik inkişaf yolu ilə sürətlə irəliləməsinə geniş imkanlar açmış, iqtisadiyyatın dirçəlməsinə səbəb olmuş və xalqımız öz qurtuluşuna nail olmuşdur. Həyati təcrübə göstərdi ki, müəyyən məkan və zaman kəsiyində yeni dövlət və hakimiyyət strukturları yaratmaq və formalaşdırmaq, dərin islahatlar həyata keçirmək, daxili sabitliyə nail olmaq, əhalinin sosial problemlərini həll etmək olduqca çətin və mürəkkəb vəzifələrdir.
Ölkədə ictimai-siyasi sabitliyin tam təminatına nail olan ulu öndər, paralel olaraq Avroatlantik məkana inteqrasiya, ölkədə qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində və bir sıra vacib və əhəmiyyətli işlərin görülməsi üçün ardıcıl tədbirlər görməyə başladı. İlk növbədə cəbhədə atəşkəsə nail olundu. Ölkədə mövcud quldur dəstələri, silahlı bandalar ləğv olunmağa başladı. Respublikada vəziyyət normallaşdıqca quruculuq işləri genişlənir, bunu görən xarici sərmayədarların Azərbaycana marağı artırdı. Bunun ən uğurlu nəticəsi 1994-cü il sentyabrın 20-də Bakının Gülüstan Sarayında imzalanan "Əsrin müqaviləsi" idi ki, bu da ölkəmizin varlığını, gücünü, qüdrətini bütün dünyaya bəyan etdi. Ancaq bütün bunlara qısqanclıqla yanaşıb onunla razılaşmayanlar da var idi ki, onlar da öz çirkin niyyətlərini biruzə verməyə başladılar. Elə o vaxt dövlətin iki yüksək çinli məmurunun qəddarlıqla öldürülməsi də bununla bağlı idi. Bu azmış kimi onlar 1994-cü ilin oktyabr, 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd göstərməyə və digər təxribatlar törətməyə çalışsalar da bütün bunların qarşısı xalqına arxalanan Heydər Əliyev tərəfindən qətiyyətlə alındı. O vaxt Prezident iqamətgahının qarşısına toplaşmış yüz minlərlə insan dövlət çevrilişinə cəhd edənlərə "Xalq-Heydər", "Heydər-Xalq" vəhdətinin təntənəsinin möhkəm olduğunu bir daha göstərdi. Daha bir böhranlı vəziyyət 1996-cı ildə Lissabon sammitində baş verdi. ATƏT-in zirvə toplantısında iştirak edən dahi rəhbərimiz orada qəbul edilən yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq müddəalar öz əksini tapmadığına görə veto hüququndan istifadə edərək sənədə veto qoydu. Zirvə toplantısının nəticəsiz başa çatacağını görən ATƏT rəhbərliyi məcburiyyət qarşısında qalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin edən dörd mühüm prinsipi də Lissabon sammitinin yekun sənədlərinə daxil etdi. Bax, Heydər Əliyev zəkası, Heydər Əliyev hünəri və qətiyyəti budur!
Ulu öndər bilirdi ki, müstəqil Azərbaycan köhnə qanunlarla idarə oluna bilməz. Odur ki, yeni Konstitusiya layihəsini hazırlamaq üçün müvafiq sərəncamla onun sədrliyi ilə komissiya yaradıldı və əsaslı şəkildə işlənib hazırlanmış Konstitusiya layihəsi xalqın müzakirəsinə verildi. Xalqın istək, arzu və təklifləri nəzərə alınmaqla yenidən hazırlanmış Konstitusiya 1995-ci il noyabrın 12-də xalqın böyük səs çoxluğu ilə qəbul edildi.
Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hərtərəfli islahatların aparılması üçün dövlət başçısının nəzarəti altında dövlətimizin gələcəyi üçün vacib və əhəmiyyətli qanunlar işlənib hazırlandı ki, bunun sayəsində beynəlxalq aləmə inteqrasiya yolu tutan və demokratik dəyərlərə sadiqliyini bütün dünyaya bəyan edən ölkəmizin beynəlxalq əlaqələri genişlənməyə başladı. Bununla yanaşı həmin vaxtda dövlətin qanunverici orqanına demokratik seçkilər keçirildi ki, bu da müstəqilliyimizin möhkəmləndirilməsi üçün hüquqi bazanın yaradılmasına daha geniş imkanlar açdı.
Xəzər neftinin dünya bazarına çıxarılması istiqamətində Heydər Əliyev ideyası əsasında Bakı-Novorosiysk kəmərindən başqa daha bir yeni kəmər - Bakı-Supsa neft kəməri çəkildi. 90-cı illərin axırlarından hasil edilən neft həmin kəmər vasitəsilə dünya bazarına çıxarıldı. Bəzi dövlətlərin pərdəarxası maneələrinə baxmayaraq Heydər Əliyevin gərgin əməyi və mübarizəsindən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilməsinə də başlanıldı. Bütün bunlar onu göstərir ki, ulu öndərin düşünülmüş xarici siyasəti sayəsində ölkəmizə xarici iş adamlarının investisiya qoyması üçün əlverişli şərait və imkanlar açıldı ki, bu da dövlətimizin tərəqqisinə və onun hərtərəfli güclənməsinə təkan verdi.
Ümummilli liderimiz ictimai-siyasi sabitliyin davamlılığını təmin etmək üçün ilk növbədə cəmiyyətin şüurunda milli dövlətçilik ideyalarına inamın formalaşdırılmasına üstünlük verirdi. Müstəqilliyimizin tarixi və siyasi əsaslarının möhkəmləndirilməsi, dövlətin tərəqqisi üçün etibarlı iqtisadi bazanın formalaşdırılması Heydər Əliyevin Azərbaycan üçün əvəzsiz və fövqəladə rolunun misilsiz səciyyəsidir. O, rəhbər olduğu dövrdə Azərbaycanı nəinki məhv olmaq təhlükəsindən qorudu, eyni zamanda onu gələcəyə inamla baxan güclü bir dövlətə çevirdi. Həqiqətən də o dahi rəhbərin gərgin əmək, siyasi iradəsi sayəsində reallaşdırılan nəhəng işlər öz miqyasına görə adamı heyrətə gətirir. Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılmış, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alınmışdır.
Azərbaycan Heydər Əliyevin sayəsində Qafqaz kimi geosiyasi əhəmiyyətli bir bölgədə sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən, Avropa və Asiyanı daha sıx birləşdirəcək iri iqtisadi layihələrin həyata keçirilməsində mərkəzi mövqe tutan dövlət kimi çox böyük nüfuz və etibar qazanmışdır. Bəli, Heydər Əliyev şəxsində güclü prezident hakimiyyətinə malik dövlət, ilk növbədə hər bir fərdin və bütövlükdə cəmiyyətin rifahının yüksəldilməsini, dövlətin daha da möhkəmləndirilməsini və inkişaf etdirilməsini, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsini ön plana çəkmişdir. Onun həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın müstəqilliyini dönməz, əbədi və sarsılmaz etmişdir.
Ümummilli liderimizin rəhbərliyi dövründə dünyaya inteqrasiya olunan dövlətimiz beynəlxalq konvensiyalara qoşuldu ki, bu da ölkəmizin dünyadakı nüfuzuna öz müsbət təsirini göstərdi. Əvvəlki on ildə əldə etdiyimiz nailiyyətləri sadaladıqca, qəlbimiz qürur hissi ilə dolur. Bu uğurların qazanılmasında bütün ömrünü xalqına, vətəninə həsr etmiş, milli tariximizə qurucu və xilaskar rəhbər kimi daxil olmuş Heydər Əliyevin xidmətləri əvəzsizdir. Respublikamızın həyatının bütün sahələrində əsaslı dəyişikliklər məhz ulu öndərimizin böyük istedad və bacarığı sayəsində mümkün olmuşdur.
Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni və sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin izi və adı hiss olunmasın.Hamı bilir ki, o dahi şəxsiyyət qədər xalqına yaxın, onun bütün milli xüsusiyyətlərini bilən və xalqı tərəfindən böyük məhəbbətlə sevilən siyasətçi yoxdur.
Ulu öndərimizin misilsiz xidmətlərindən biri də hakimiyyətin zorla dəyişdirilməsi kimi xoşagəlməz ənənəyə son qoyması və siyasi mübarizənin sivil metodlarının tətbiqi üçün vacib və zəruri olan bütün imkanları yaratması idi. Bu məqsədlə o, söz və mətbuat azadlığına, plüralizmə geniş meydan vermişdir.
Bu gün ölkəmizin hər bir vətəndaşı qürur hissi duyur ki, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz tarixi nailiyyətlərini, milli ənənələrini bütün dünyaya nümayiş etdirir. Möhtərəm Prezidentimizin sözləri ilə desək, "indi Azərbaycan bölgədə gedən önəmli proseslərin nəinki təşəbbüskarı, həm də icraçısıdır. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə, nə siyasi, nə iqtisadi, nə də nəqliyyat layihəsi həyata keçirilə bilməz."
Möhtərəm Prezidentimizin dövlətimizin möhkəmlənməsi üçün gərgin əməyi göz önündədir. Respublikamızın iqtisadi potensialının yüksək olmasıdır ki, bu gün hər yerdə tikinti, abadlıq-quruculuq işləri görülür.
Xaqani BƏŞİROV,
politoloq
Xalq qəzeti.- 2011.- 12 iyun.- S. 4.