Ulu öndər Heydər Əliyevin Gəncəyə səfəri
ölkədə daxili sabitliyin
təməlini qoydu
1988-ci
ildən sonra Azərbaycanda hakimiyyətə gələn
qüvvələrin idarəetmədəki
naşılığı və siyasi səbatsızlığı
onları tezliklə sıradan çıxarırdı. Ə.Vəzirovun,
A.Mütəllibovun, AXC-Müsavat iqtidarının
qorxaqlığı, cəsarətsizliyi, xalqın
taleyüklü problemləri əvəzinə özlərinin
maddi maraqlarını düşünmələri, verdikləri
vədləri yerinə yetirməmələri və xalqı
aldatmaları onların süqutu ilə nəticələndi.
1992-ci
ilin martında Ayaz Mütəllibovu zorla hakimiyyətdən
devirib istefaya göndərən cəbhəçilər
neçə illərdən bəri həsrətində
olduqları kresloları ələ keçirdilər. Həmin
vaxta qədər davam edən hakimiyyət davası Azərbaycana
çox baha başa gəldi. Ermənilər Azərbaycanda gedən
daxili didişmələrdən, hakimiyyət uğrunda gedən
mübarizədən istifadə edərək
torpaqlarımızı asanlıqla zəbt edir, kəndləri,
qəsəbələri viran qoyur, soydaşlarımızı
öz ata-baba torpaqlarından didərgin salırdılar. Əvvəl
Şuşa, bir neçə gün sonra Laçın
işğal olundu.
Cəbhəçilərin
hakimiyyəti ələ almalarından sonra Azərbaycanın
qara günləri başlandı. AXC-Müsavat iqtidarı həm
də Azərbaycanda çox pis bir ənənənin - hakimiyyəti
zorakı, qeyri-sivil yollarla ələ keçirməyin əsasını
qoydu. Onlar hakimiyyətə gəldikdən sonra meydanlarda xalqa
verdikləri vədləri, demokratik inkişaf ənənələri
yaratmağı, ərazi bütövlüyümüzün təmin
olunmasını, müstəqilliyimizin qorunmasını, milli
dövlətçiliyimizin inkişafını tamamilə
yaddan çıxardılar. Demokratiyadan, azadlıqdan dəm
vuran cəbhəçilər heç olmasa, gözdən pərdə
asmaq xatirinə, guya demokratik prinsiplərin qorunmasına önəm
vermələrini nümayiş etdirmək xatirinə belə,
Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsinə
seçkilərdə iştirakına imkan vermədilər. Bu
barədə təklif irəli sürən deputatlara gah təzyiqlər
edildi, gah da onların öz fikirlərini sona qədər ifadə
etmələrinə açıq şəkildə mane oldular.
Cəbhəçilərin nümayəndəsi Arif
Hacılı hətta belə bir bəyanat verdi: "Burada Ali
Sovetin sədrliyinə kimin namizədliyi irəli sürülsə
də, xeyri yoxdur. Çünki artıq 9 dövlətin
razılığı ilə İsa Qəmbər Ali Sovetin sədri
seçilib".
Tələm-tələsik
keçirilən prezident seçkiləri də Ali Sovetin sədri
"seçkilərindən" heç nə ilə fərqlənmədi.
AXC-Müsavat iqtidarı dövründə keçirilən
prezident seçkiləri Azərbaycan tarixində ən saxta
seçki kimi qalıb. İş o yerə
çatmışdı ki, "demokratlar"ın həmfikri
olan AMİP sədri Etibar Məmmədov bu seçkilərdəki
saxtakarlığa etiraz əlaməti olaraq öz namizədliyini
geri götürmüşdü. Bu cür keçirilən
seçkilərdə Ə.Elçibəy prezident
seçildi.
AXC-Müsavat
iqtidarı qeyri-konstitusion, zorakı yollarla, hakimiyyətə gəldiyini
gizlətmirdi. Ali Sovetin sessiyalarının birində İsa Qəmbər
hamının eşidəcəyi tərzdə demişdi:
"Bəli, biz silah gücünə hakimiyyətə gəlmişik,
bacarırsınızsa, siz də gəlin".
Hakimiyyətə
inqilabla gəlmək, inqilabla da hakimiyyətdə qalmaq istəyən
AXC-Müsavat iqtidarının siyasi səbatsızlığı
müstəqilliyini yenicə qazanmış Azərbaycanı
beynəlxalq aləmdən təcrid edirdi. Ölkədə
yaranmış anarxiya, başıpozuqluq, cinayətkarlıq
halları insanların gələcəyə inamını
itirmişdi. Sərhədlərimizi qorumalı olan milli ordunun əsgərləri
AXC-Müsavat iqtidarının ayrı-ayrı üzvlərinə
cangüdənlik edirdilər. AXC-Müsavat iqtidarında
yaranmış qruplaşmalar hakimiyyəti ələ
keçirmək, birinci olmaq iddiası ilə açıq
mübarizəyə başlamışdı. Prezident postu
uğrunda gedən mübarizə getdikcə daha kəskin
xarakter alır və açıq müstəviyə
keçirdi. Belə bir vaxtda prezidentliyə daha bir
iddiaçı peyda oldu. Bu, AXC-nin yetirməsi, Prezident Ə.Elçibəyin
fərmanı ilə Milli Qəhrəman elan olunmuş və
prezidentin Dağlıq Qarabağda səlahiyyətli nümayəndəsi
təyin edilmiş Surət Hüseynov idi. S.Hüseynov
AXC-Müsavat iqtidarının istefasını tələb edən
ultimatum vermişdi. Ordunun yarısı S.Hüseynovun nəzarətində
idi. O, həmin qüvvələrlə sərhədlərimizi
qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək
əvəzinə, Bakını ələ keçirmək,
hakimiyyətə yiyələnmək barədə
düşünürdü. O, rayonları bir-birinin ardınca
"işğal edərək" öz nümayəndələrini
rəhbər təyin edir və Bakıya
yaxınlaşırdı. 70 ildən sonra xalqın qanı
bahasına qazanılmış müstəqilliyin artıq
itirilmək təhlükəsi yaranmışdı.
Belə
ağır və dözülməz şəraitdə xalq ulu
öndər Heydər Əliyevə müraciət edib
Bakıya gəlməsini və vəziyyətdən
çıxış yolu tapmasını təkidlə
xahiş etdi. O dövrdə Naxçıvan Ali Məclisinə
sədrlik edən Heydər Əliyev blokada şəraitində
yaşayan yerli sakinlərin problemlərinin aradan
qaldırılması ilə məşğul olurdu.
AXC-Müsavat iqtidarının müxtəlif nümayəndələrinin
təzyiqi ilə Naxçıvan elektrik enerjisindən və zəruri
ərzaq məhsullarından məhrum edilmişdi. Xalqımızın
böyük oğlu Heydər Əliyevin siyasi uzaqgörənliyi
və beynəlxalq aləmdə böyük nüfuz sahibi
olması blokada şəraitində qalmış
Naxçıvanı çətin vəziyyətdən xilas
etdi. Qonşu Türkiyə və İrandan göndərilən
humanitar yardımlar, həmçinin digər köməkliklər
yaranmış problemləri tədricən aradan
qaldırdı. Naxçıvan camaatı öz rəhbərini
sevir və ona güvənirdi. Onlar çox yaxşı
bilirdilər ki, yalnız Heydər Əliyevin rəhbərliyi
ilə Naxçıvanın üzləşdiyi ağır
sosial-iqtisadi problemlər öz həllini tapacaq.
Dövlətin,
millətin, müstəqilliyimizin taleyi təhlükə
qarşısında qalanda ziyalılar, tanınmış
ictimai-siyasi xadimlər müdrik şəxsiyyət Heydər Əliyevə
üz tutdu. Onu Vətəni, xalqı, milləti xilas etməyə,
Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa dəvət
etdi. Xalq öz liderini yenidən Azərbaycana rəhbərlik
etməyə çağırırdı. Artıq
AXC-Müsavat iqtidarı da dərk etməyə
başlamışdı ki, Azərbaycanı bu ağır bəladan,
çətin vəziyyətdən yalnız Heydər Əliyev
xilas edə bilər. Odur ki, iqtidar da ulu öndərə
Bakıya gəlməsini, Vətəni xilas etməsini təkidlə
xahiş edirdi. Prezident Ə.Elçibəyin göndərdiyi
təyyarə iyunun 7-də Naxçıvanda yerə endi...
1993-cü il iyunun 9-da Bakıya gələn ulu öndər vəziyyətin son dərəcə ağır olduğunu gördü. AXC-Müsavat iqtidarı faktiki olaraq ölkəni fəlakətin bir addımlığına çatdırmışdı. Onlar indi öz canlarını S.Hüseynovdan qorumaq barədə düşünürdülər. Qüdrətli şəxsiyyət Gəncəyə getmək, vəziyyətlə yerində tanış olmaq qərarına gəldi. Bu səfərdə 30 nəfər jurnalist ulu öndərlə birlikdə Gəncəyə getdi.
1993-cü il iyunun 13-də ümummilli lider Heydər Əliyevin Gəncəyə səfəri tədricən ölkədə yaradılmış daxili sabitliyin təməlinə çevrildi. Bu, çox qorxulu bir səfər idi. Gəncədə S.Hüseynovun ətrafına toplaşmış silahlı dəstələr hər an ulu öndərə sui-qəsd edə bilərdilər. Lakin o, bundan qorxmadı, çəkinmədi. Vətəni, xalqı, milləti düçar olduğu bəladan, müstəqilliyimizi məhv olmaqdan xilas etmək üçün bu riskli səfərə getdi. Gəncədə isə yerli sakinlər öz xilaskarını gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladı. Sakinlər dəstə-dəstə küçələrə çıxır, ulu öndərə inandıqlarını nümayiş etdirir, onunla görüşür, bu səfərdən hədsiz dərəcədə sevindiklərini nümayiş etdirirdilər.
Gəncədə baş verən hadisələrlə yerində tanış olduqdan sonra Bakıya qayıdan ulu öndər Azərbaycana rəhbərlik etməyə razılıq verdi. Bu Böyük Qayıdış Azərbaycanın müstəqilliyini qorudu, möhkəmləndirdi və əbədi etdi. Azərbaycan bundan sonra demokratik inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə əlaqələrini genişləndirdi və mövqelərini möhkəmləndirdi.
Bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanan müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 12 iyun.- S. 4.