Korrupsiyaya qarşı mübarizə və beynəlxalq təcrübə

 

Dünyanın demokratik inkişaf mərhələsi yaşayan əksər ölkələri kimi, Azərbaycanın da müstəqil dövlət olaraq qarşısında duran vacib problemlərdən biri korrupsiya və rüşvətxorluğa qarşı mübarizədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə gedən sürətli sosial-iqtisadi inkişafa, demokratik dəyərlərin, insan hüquqlarının və azadlıqlarının bərqərar olmasına baxmayaraq, bir çox rəsmi tədbirlərdə, əhali ilə görüşlərində iqtisadiyyatdakı inhisarçılıq meyllərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır.

 

Dövlət başçısının məsələyə kifayət qədər ciddi yanaşması məsələnin gerçəkdən gənc müstəqil ölkə üçün mühüm əhəmiyyət daşıdığından xəbər verir. "Hansı səbəblərdən?",- sualını vermək bəlkə də burada yerinə düşməzdi. Ancaq bu qorxulu bəlaya qarşı dünya ölkələrinin təcrübəsinə nəzər salanda, hər şey daha aydın görünür.

Hüquqi ədəbiyyatın bir çox təfsirində korrupsiya müxtəlif aspektlərdən müəyyənləşdirilir. Amma fikrimizcə, korrupsiyanın rəsmi təfsirinin ən mükəmməli BMT-nin verdiyi tərifdə aydınlaşır: "Şəxsi mənfəət əldə etmək naminə hakimiyyətdən sui-istifadə". Korrupsiya keçən əsrin 1960-70-ci illərdə, indi dünyaya demokratiya dərsi keçən ABŞ-da da çox geniş yayılmışdı. Xatırlayanlar varsa, həmin illərdə ABŞ senatının daxili təhlükəsizlik kömissiyasının sədri, senator, T.Doddun işi bütün dünyada böyük əks-səda doğurmuşdu. Konnektikut Ştatından olan senator tərəfdarlarının onun seçki kampaniyası üçün topladıqları vəsaitdən 116 min dollar mənimsəməkdə suçlanırdı.

1969-cu ildə isə Vaşinqtonda xəbər yayıldı ki, Luiziana ştatından olan R.Lonq və Merilend ştatından olan keçmiş senator D.Bryester, Frenkel şirkətindən böyük məbləğdə rüşvət alaraq, ona sərfəli layihə verməyə nail olublar. Lakin bu gün Amerikada belə hallara demək olar ki, rast gəlinmir, çünki bu ölkədə korrupsiyaya qarşı sox sərt qanunlar var.

Qabaqcıl dünya dövlətlərində korrupsiya ilə mübarizə metodlarının sərtləşməsi həm də ondan irəli gəlir ki, korrupsiya istismarın yeni bir növü kimi formalaşmağa başlayır. Bürokratiya və onun başında duranlar - nomenklatura cəmiyyəti korrupsiya sistemi ilə istismar edir.

Araşdırmalar göstərir ki, dünyanın iqtisadi möcüzəsi sayılan Çin Xalq Respublikasında bu bəlaya qarşı çox amansız mübarizə aparılır. 2000-ci ildən 2009-cu ilə qədər bu ölkədə korrupsiyada təqsirli bilinən 10 min məmur güllələnib. Çinin ərzağın və dərmanların keyfiyyətinə nəzarət üzrə dövlət idarəsinin keçmiş rəhbəri Çjen Syaonoy edam edilib. Bu ölkənin qanunlarına görə 1 milyon dollardan artıq rüşvət alan və ya dövlət əmlakını dağıdan şəxs ən yüksək cəzaya məhkum olunur. Göstərdiyimiz dövrdə güllələnmiş insanlarla yanaşı, korrupsiyada təqsirli bilinən 120 min şəxs 10-20 il arası həbsə məhkum edilib. İndinin özündə belə Çində Pekinin keçmiş vitse-meri Lyu Çjexuanın necə güllələndiyi haqqında söhbətlər səngimir. O, 7 il Pekinin şimal qərbində - universitet yaxınlığındakı elmi şəhər Çjinquançundakı ölkənin "silikon vadisi" idarəsinə rəhbərlik etmiş və şəxsi mənfəəti üçün Çin rəhbərliyinin innovasiya iqtisadiyyatı yaratmaq sahəsində strateji planından istifadə edibmiş. Bundan əlavə, "tədbirli" və "zirək" vitse-mer Pekin olimpiadasından da yaxşı qazanc əldə etmişdir. O, öz məşuqələrindən birini tikinti şirkətinin sahibəsinə çevirərək, ona əlverişli şərtlərlə olimpiada obyektlərinin podratını verir, hətta, torpaq sahəsinə görə ondan rüşvət də alırmış.

Bu, şəhər rəhbərliyi cərgəsindən korrupsiyaya görə cəzalandırılan nə ilk, nə də son adam deyil. Hələ nəhəng islahatların ilk illərində "Çinin Qrişini" ləqəbini almış Pekin şəhər partiya komitəsinin I katibi Çen Situni əvvəl ÇKP MK-nın Siyasi Bürosundan uzaqlaşdırmış, daha sonra müttəhimlər kürsüsündə otuzdurmuşlar. Bir zamanlar Den Syaopinin varisi kimi MK-nın baş katibi postuna əsas namizəd sayılan Çeni rüşvətxorluq və müamiləçilik üstündə 16 il azadlıqdan məhrum etmişlər.

Çində korrupsiyaya uğramış məmurları təkcə şəhər meriyalarında, əyalət quberniyalarında axtarıb cəzalanlırmırlar. Belələrini Çin parlamentinin divarları arasında da tapıb qanunun mühakiməsinə verirlər. Onlardan biri də Çin parlamentinin vitse spikeri, əvvəllər Quansi əyalətinin qubernatoru olmuş Çen Ketsedir ki, sahibkarlara qanunsuz xidməti müqabilində 4,5 milyon dollar rüşvət almışdır. Bu işdən sonra Quansi şəhərinin meri 48 yaşlı Li Çenlun 500 min dollar mənimsədiyinə görə güllələnmişdir.

Beləliklə, 30 illik islahatlar dövründə korrupsiya və rüşvətxtorluğa görə partiya və dövlət aparatının bir milyondan çox əməkdaşı cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin hətta nümayişkaranə şəkildə ölüm cəzaları belə sahibkarlarla məmurlar arasında mövcud olan "sənin hakimiyyətin - mənim pulum" prinsipinə söykənən sövdələşmə hallarını tam aradan qaldıra bilməmişdir.

Korrupsiya ilə mübarizənin beynəlxalq təcrübəsi baxımından "Asiya pələngi", formal olaraq 1965-ci ildə müstəqillik əldə etmiş Sinqapurun təcrübəsi də çox maraqlıdır. Bütövlükdə bu ölkədə antikorrupsiya prosesi üç mərhələyə bölünür. 1960-ci ildən başlayan birinci mərhələdə bu mübarizəni - korrupsiya ilə mübarizə agentliyi həyata keçirmişdir. Bu qurumun direktorunun birbaşa ölkənin baş nazirinə tabe olmasına baxmayaraq, böyük səlahiyyətlərə malik idi. Lakin işdə heç bir ciddi dəyişiklik əldə olunmadı. Ölkədə "korrupsiyaya qarşı mübarizə haqqında" aktın qəbulundan sonra isə antikorrupsiya kampaniyasının ikinci mərhələsi başlandı. Bu akt sadə və anlaşılıqlı dildə korrupsiyanın bütün növlərini müəyyən etdi və bununla yanaşı, real həyatda rast gəlinən bütün korrupsiya növlərinin konkret cəzasını müəyyən etdi. Yeni qanun korrupsiya ilə mübarizədə agentliyin səlahiyyətlərini sadəcə genişləndirmədi, onun köməyi ilə bu səlahiyyətlərin mütləq reallığının əldə edilməsi, vətəndaşların agentliyin əməkdaşlarına yüksək etimadı təmin olundu. Rüşvətverənlər problemin bu cür həlli "yolunun" gərəksizliyinə və təhlükəli olmasına, rüşvətalanlar isə dünənə qədər alışdıqları bu yolla varlanmağın təhlükəli nəticələrlə bitəcəyinə qəti əmin oldular. Çünki aktın çox əhəmiyyətli bəndlərindən biri bütün korrupsiya cinayətlərinə görə cəzaların son dərəcə sərtləşdirilməsilə bağlı idi.

Mühüm məqamlardan biri də ondan ibarət idi ki, agentliyə, çox dəqiq və aydın yazılmış əsasnamələrlə icazə verilirdi ki, nəinki şübhəli şəxsləri saxlasın, onların evlərini və iş yerlərini yoxlasın, bank hesablarını araşdırsın, həm də dövlət vəzifələrinə namizədlər seçsin, dövlət sifarişlərinin tenderlərinin keçirilməsilə məşğul olsun və güclü profilaktik iş aparsın.

Bu tədbirlər o qədər səmərəli oldu ki, üçüncü mərhələyə keçmək imkanları üzə çıxdı. Bu isə təmizlənmiş sahədə yeni, keçmiş bürokratiyanın korrupsiya yükündən azad olan gənc nəslin yetişdirilməsi mərhələsi idi. XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq, məmurların əmək haqqını əhəmiyyətli dərəcədə artırdılar. Əhalinin bunu çox böyük narazılıqla qarlşılamasına baxmayaraq, sonra aparılan izahat işləri hər şeyi yerinə qoydu.

Zaman keçdikcə bürokratların sayı sürətlə azalmağa başladı. Ən başlıcası isə sinqapurluların meritokratiya prinsiplərini tədricən genişləndirə bilmələri idi. Cəmiyyət oğruların yuxarılara yolunu bağladı və bununla paralel olaraq vicdanlı, təmiz, bacarıqlı və proqressiv düşüncəli gənc mütəxəssislərin vəzifə pillələrilə yüksəlməsinə geniş imkan açdı. Korrupsiya ilə Mübarizə üzrə Agentlik bütün ictimaiyyətin dəstəyi, kütləvi informasiya vasitələrinin fəal iştirakı ilə sosial və ailə mövqeyindən asılı olmayaraq, prespektivli, istedadlı gənc oğlan və qızları məktəblərdən ələ almağa başladı. Buna layiq olduqlarını sübut edənlərə təhsillərini davam etdirməyə yardım edir, xarici ölkələrə təcrübəyə göndərir və vəzifə pillələri ilə irəliləməyə imkan yaradırdılar. Sinqapurlu mütəxəssislər hesab edirlər ki, beləcə 30 ilə korrupsiya ilə mübarizədə çox böyük uğurlara imza atıblar - idarəetmədə vicdanlı və bacarıqlı kadrların olması, elitanın ləyaqətli adamlara ötürülməsi bu uğurların ən dəyərlisi sayıla bilər.

Bu gün Sinqapur ən yüksək əmək haqqı ödəyən və başlıcası, ən səmərəli bürokratiyaya malik ölkələrdən biridir. Oradakı yüksək çinli məmurların əmək haqqı ABŞ-ın müvafiq məmurlarının əməkhaqqına bərabərdir. Məhz görülən işlərin nəticəsidir ki, Sinqapur Transparncy İnternational beynəlxalq təşkilatının reytinqində ilk beşlikdə yer almışdır.

Honkonq isə korrupsiya ilə mübarizədə əldə etdiyi uğurlara görə bəlkə də "Təqsirlilik prizumpsiyası"na borcludur. Honkonqun antikorrupsiya işi üzrə mütəxəssisləri hesab edirlər ki, piylənmiş məmurlara münasibətdə, rüşvətxorlarla və xəzinə oğruları ilə 30 illik mübarizənin qələbə ilə başa çatmasında, Avropanın nəzərində vəhşi görünən məhz bu prinsip müstəsna rol oynadı. Maraqlı təcrübə olduğu üçün fikrimizcə, diqqət yetirməyə dəyər:

Honkonqda aldığı vəsaitə görə yaşamayan dövlət məmurları üçün təqsirlilik prizumprsiyası qanunla müəyyənləşdirilmişdir. Təkcə bir fakt - məmurun maddi durumu ilə leqal gəliri arasında uyğunsuzluq kifayətdir ki, onun haqqında cinayət işi qaldırılsın. Əgər təqsirləndirilən şəxs öz maddi gəlirinin qanuni mənbəyini sübut edə bilməzsə, onu 10 illik həbs cəzası gözləyir. Bəli, məhz özü bunu sübut etməzsə. Bu cür sərt addımlar tamamilə anlaşılandır. Çünki 30 il əvvəl Honkonq bu mübarizəyə başlayanda elə görünürdü ki, bunun heç bir əhəmiyyəti yoxdur. Ötən əsrin son üç onilliyində Honkonq haqlı olaraq narkotika alverinin, kontrabandanın, qadın alverinin və reketin dünya mərkəzi sayılırdı. Bütün bunlar satın alınmış dövlət aparatının gözü qarşısında baş verir və ölkədə cəzasızlıq mühiti hökm sürürdü.

Görülən tədbirlər və atılan addımlar olduqca radikal və avtoritar sayıla bilərdi. Kriminal aləmlə döyüş meydanında başlıca fiqur Honkonqun qubernatoru oldu. O, özünü nüfuzdan salmış və etibarını itirmiş xidmətləri ləğv edib onların yerinə yeni struktur - Korrupsiya ilə Mübarizə üzrə Müstəqil Komissiya yaratdı. Təbii ki, o, yalnız qubernatora tabe idi və onun bütün əməkdaşlarını qubernator şəxsən özü təyin edirdi. Bu əməkdaşlar isə ali məktəbin məzunları və kriminal aləmə hələ meyl etməyən gənc mütəxəssislər arasından seçilirdi. Xüsusi yoxlama keçən kadrlar 6 ilə təyinat alır və bu müddət ərzində işdən azad oluna bilməzdilər.

Komissiyanın əməkdaşlarının əmək haqqı digər məmurlarla müqayisədə artır, vicdanla və ləyaqətlə işləyənlərə sosial və digər təminatlar verilirdi. Eyni zamanda, komissiyanın fəaliyyətinə məmurlardan, biznes nümayəndələrindən və ziyalılardan təşkil olunmuş ictimai komitələr nəzarət edirdilər. Bu komitələr də komissiya ilə birgə vətənpərvər mövqeyli mətbuatı fəallaşdırır, güclü antikorrupsiya təbliğatı aparırdılar.

Bir il müddətində komissiyanın başa çatdırıb məhkəməyə çıxardığı işlərin sayı 108-dən 218-ə qalxmışdı. Ən əsası isə, zərbə xırda qulluqçulara vurulmurdu. Ən yüksək postlarda oturan korrupsionerlər həbs olunur, mafioz qrupları başsız, arxasız və köməksiz qoyurdular.

Bu amansız mübarizənin nəticəsi göz qabağında idi - sağlam və rahat iqtisadi mühit, investisiya axını və azad rəqabət. Ancaq Hankonqun bu gün dünyanın ən nəhəng maliyyə mərkəzlərindən birinə çevrilməsinin əsas səbəbi heç də məhz bu deyildi. Yerli analitiklərin təsdiq etdiyi kimi, bu qurumun fəaliyyətinə vətəndaş nəzarəti, onun kriminal şəbəkənin bir hissəsi olmasına imkan vermədi. Əsas məsələ məhz bunda idi.

Bütün bunlar onu göstərir ki, korrupsiya siyasi mənsubiyyət əlamətləri olan, əmlak mahiyyəti daşıyan müxtəlif forma və miqyaslı, hüquqi qiyməti və cinayət mövqeyi olan ümumdünya sistemli təzahürdür.

Əlbəttə, Azərbaycanda da beynəlxalq təcrübəyə əsaslanıb bu sosial bəlaya qarşı çox sərt və ciddi tədbirlər görülür. Müstəqilliyinin 20 ilini qeyd etməyə hazırlaşan ölkədə istər qanunvericilik bazasının müasir standartlar səviyyəsində təkmilləşdirilməsində, istərsə dövlət vətəndaş münasibətlərinin tənzimlənməsi məsələlərində çox böyük işlər görülmüşdür.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 28 iyul 2007-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)" və Fəaliyyət Planı 4 ildən artıqdır ki, bu sahədə proqram xarakterli sənəd olmuş və onun reallaşdırılmasında dövlət, hakimiyyət institutları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, ictimai təşkilatlar və fiziki şəxslər də yaxından iştirak etmişlər.

Etiraf etmək lazımdır ki, qəbul olunmuş sənədlər və qanunvericilik aktları nə qədər mükəmməl olsa belə, ictimai düşüncənin kökündən dəyişməsi və cəmiyyətdə korrupsiyanın qəbul olunmaması mühitinin formalaşması konkret praktik addımlardan da çox asılıdır. İlk növbədə stereotipləri dağıtmaq lazımdır. Bu bəla ilə bağlı haqlı olaraq qeyd edirlər ki, "Söhbət ictimaiyyət arasındakı atmosferdən gedir, biz davranışımızda antikorrupsiya standartı yaratmalıyıq. Bunsuz heç nə alınmayacaq".

Cəmiyyət bu bəlaya qarşı barışmaz olmalıdır. Korrupsiyanın bir ünvanı var: o bizim düşüncəmizdə yaşayır. Məhz buna görə korrupsiya ilə mübarizəyə şüurumuzda başlamalıyıq.

Ona görə də bu problemin həllinə kompleks yanaşmalı, bu mübarizə yollarını hər bir insan üçün ümummilli mədəniyyətə çevirmək lazımdır. Bu işdə beynəlxalq təcrübə ən yaxşı halda yardımçı ola bilər.

 

 

Allahverdi MAHMUDOV,

Azərbaycan Respublikası Daxili İşlər

Nazirliyi Polis Akademiyasının "Kriminalistika"

kafedrasının rəisi, polis polkovniki

 

Xalq qəzeti.- 2011.- 12 iyun.- S. 7.