Kəlbəcər: Qayğıya əməli işlə...

 

Bu ilin birinci rübünün yekunlarına həsr olunmuş yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Vidadi Məhərrəmov belə bir fikir vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya tutduğu vəzifədən asılı olmayaraq bizim hər birimiz əməli işimizlə cavab verməliyik. Nizam-intizam, tapşırılan iş üçün məsuliyyət hissi, təşəbbüskarlıq və vicdanla çalışmaq gündəlik fəaliyyətimizin əsasını təşkil etməlidir.

 

Vidadi Məhərrəmov qeyd etdi ki, hər il olduğu kimi, 2011-ci ildə də məcburi köçkün həyatı yaşayan əhalinin mənzil-məişət problemlərinin həlli rayon icra hakimiyyətinin fəaliyyətində əsas yer tutur.

Cari ilin I rübündə Gəncədəki 3 saylı internat məktəbdə 150 yerlik xeyir-şər obyekti əsaslı təmir edilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir. Energetiklər yataqxanasında qeyri-yaşayış sahələri, su, kanalizasiya və elektrik xətləri əsaslı təmir olunmuş, problemlər aradan qaldırılmışdır.

Bakı şəhərinin Buzovna qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə hər bir avadanlığı, qab-qacağı ilə birlikdə 150 yerli yığma mağar verilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Rayon icra hakimiyyətinin daxili imkanları hesabına rüb ərzində ehtiyac içərisində olan 548 məcburi köçkün ailəsinə kömək edilmişdir. Dövlət tərəfindən göstərilən davamlı qayğının nəticəsidir ki, 2010-cu ildə 1000-ə yaxın məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il fevral ayının 21-də "Məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Bu sərəncamda Kəpəz rayonunun Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 186 ailə üçün Göygöl rayonu ərazisində yeni qəsəbə salınması nəzərdə tutulmuşdur. Dövlət başçısının bu qayğı və diqqəti Kəlbəcər məcburi köçkünlərinin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur.

2011-ci ildə rayonun məcburi köçkünləri üçün Mingəçevir şəhərində, Yevlax, Goranboy və Göygöl rayonları ərazisində də yaşayış evlərinin tikilməsi, yeni yaşayış qəsəbələrinin salınması nəzərdə tutulmuşdur və bu istiqamətdə müvafiq işlər görülür.

Cari ilin birinci rübündə rayonun ümumtəhsil məktəblərində tədrisin təşkili, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi məsələlərini rayon icra hakimiyyəti xüsusi nəzarətə götürmüşdür. Bu məqsədlə bir sıra məktəblərdə araşdırmalar, təhlillər aparılmış, nəticələri rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclaslarında hərtərəfli müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.

Aparılan təhlillər göstərir ki, rayon təhsil şöbəsi, məktəblərin rəhbərləri, ümumiyyətlə, pedaqoji kollektivlər qarşıya qoyulan vəzifələri yerinə yetirməyə çalışırlar.

Buna baxmayaraq, rayon təhsil şöbəsi, RİH başçısı aparatının müvafiq şöbəsi məktəblərin fəaliyyətləri üzərində nəzarəti artırmalı, pedaqoji kollektivlərin səylərini təhsildə keyfiyyətin yüksəldilməsinə səfərbər etməlidir.

Rayonda məktəb tikintisi də diqqət mərkzindədir. Cari dərs ilinin əvvəlində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən 126 saylı orta məktəb üçün 240 şagird yerlik 16 sinif otağı olan yeni məktəb, eyni zamanda Xəzər rayonunun Qala qəsəbəsində 19 saylı məktəb üçün Heydər Əliyev Fondunun vəsaiti hesabına 220 şagird yerlik 15 sinif otağı olan yeni məktəb tikilib istifadəyə verilmişdir.

Bundan başqa, 2010-cu ildə ümumi smeta dəyəri 1 milyon manat olan 3 məktəb və 3 uşaq baxçası tikilib məcburi köçkünlərin istifadəsinə verilmişdir. Ümumiyyətlə, son 7 ildə dövlətin xətti ilə Kəlbəcər məktəbliləri üçün 24 məktəb, 3 uşaq bağçası tikilib istifadəyə verilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Məsələn, Bakı şəhərinin Suraxanı rayon ərazisində fəaliyyət göstərən 23 saylı məktəb üçün 180 şagird yerlik 11 sinif otağı olan məktəb tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ayrı-ayrı çıxışlarında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, bu mübarizənin genişmiqyaslı və çoxşaxəli olması, cəza tədbirinin tətbiq olunması, ictimai nəzarətin artırılması məsələlərini xüsusi vurğulamışdır. Dövlət başçısının bu istiqamətdə gördüyü tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.

2011-ci ilin I rübündə RİH başçısı aparatına 155 ərizə və şikayət məktubu daxil olmuşdur. Müraciətlərin 55-i və ya 36 faizi mənzil şəraitinin yaxşılaşdırılması, 23-ü və ya 15 faizi işə düzəlmək, 25-i və ya 16,3 faizi aylıq yemək xərci müavinətinin təyin edilməsi ilə bağlı olmuşdur.

I rübdə RİH-in başçısı respublikanın 11 şəhər və rayonunda səyyar qəbul keçirib. Bu qəbullarda 677 nəfərlə söhbət aparılıb. Görüşlərdə vətəndaşlar tərəfindən 19 məsələ qaldırılıb. Onlardan 7-si barədə müvafiq tədbirlər görülüb, 12 məsələ barədə aidiyyəti nazirlik və baş idarələr qarşısında məsələlər qaldırılaraq icrası nəzarətə götürülüb.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.-12 iyun.- S. 7.