Goranboy: hərtərəfli inkişafa möhkəm təminat yaradılmışdır

 

Regional inkişaf proqramlarının başdan-başa dəyişdirdiyi, əsaslı inkişaf yoluna çıxartdığı bölgələrdən biri də Goranboydur. Bakı - Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsinin yol infrastrukturu ilə birlikdə yenidən çəkilməsi təkcə ötüb keçən maşınlara deyil, bütövlükdə, bölgənin özünə də yüksək inkişaf sürəti gətirmişdir. 7-8 il bu yerlərdə olmamış hər kəs geri dönəndə gözlərinə inanmaz.

Avtomagistraldan Goranboy şəhərinə ayrılan yol qovşağı orijinal tərtibatı, müasirliyi ilə xüsusən tanınmaz olub. Əslində, bu dördyol rayon mərkəzinin giriş qapısına çevrilib. Buradan şəhərə uzanan 5 kilomterlik yol ətrafı ilə birlikdə yenidən qurulub-abadlaşdırıldıqdan sonra avtomagistralın sürət və ehtişamını bölgəyə də qovuşdurur. Son illərdə misilsiz bir inkişaf yolu keçən Yevlaxla sürətlə gəncləşən qədim Gəncə arasında Goranboyun da özünəlayiq bir yeniləşmə yaratması regionun ümumi yüksəlişini tamamalayır.

Hər iki tərəfdən rayona daxil olanlar hər addımda halal zəhmətlə hasilə gətirilmiş bolluğun, abadlığın nişanələri ilə rastlaşırlar. Yolların kənarında saralmaqda olan taxıl zəmiləri, dizə çıxan yoncalıqlar, cərgə tutan pambıq tarlaları adamda bu bərəkəti hərəkətə gətirənlərə heyranlıq duyğuları yaradır. Yollar, kommunikasiyalar, sosial obyektlər yenidən qurulur, bölgəyə yeni bir libas biçir. Qazlaşmanı başa çatdırmaq üçün sürətli işlər aparılır. Goranboy şəhərinə dağ çeşmələrindən yeni su xətti çəkilir. Bölgənin təbii gözəllikləri əsasında yeni turizm obyektləri yaradılır. "Gülüstan" istirahət guşəsi artıq bir neçə ildir ki, ölkənin ən yaxşı turizm obyektlərindən biri kimi fəaliyyət göstərir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə söhbətimiz təəssüratımızı faktik baxımdan xeyli zənginləşdirdi. Bütün bunları uğurlu bir başlanğıc kimi dəyərləndirən rayon rəhbəri ilin əvvəlindən əldə olunmuş nailiyyətlərdən daha ətraflı danışdı:

- Respublikamızda olduğu kimi, rayonumuzda da ilin əvvəlindən makroiqtisadi göstəricilərdə artım əldə edilmişdir. İlin əvvəlindən ümumi məhsul buraxılışı 11,6 faiz artmış, o cümlədən sənaye məhsulunun artımı 14,3 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilən investisiyalar 48,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 32,8 faiz, nəqliyyat xidmətinin həcmi 17,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 11,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 26,1 faiz çoxalmışdır.

Rayonda tikinti, abadlıq və quruculuq işlərinin həcmi də genişləndirilmişdir. Goranboy şəhərinin Ə.Gorani küçəsinə 4000 kvadratmetr, B.Bağırova küçəsinə 1000 kvadratmetr, E.Namazoğlu küçəsinə 3000 kvadratmetr, Vidadi küçəsinə 1000 kvadratmetr, S.Civəzadə küçəsinə 4200 kvadratmetr asfalt örtük salınmışdır. Küçələrin işıqlandırılması davam etdirilmiş, Ə.Gorani küçəsində 6, S.Vurğun küçəsində 10 işıqlandırma dirəyi quraşdırılmışdır. Vidadi küçəsində isə 28 belə dirək basdırılacaq.

Goran istiqamətindən şəhərə giriş qapısında 200 metr, S.Vurğun küçəsində 430 metr, V.Bayramov küçsəində 600 metr, cəmi 1230 metr yeni bardürlər qoyulmuşdur. V.Bayramov küçəsinə 400 kvadratmetr, Heydər Əliyev prospektinə 250 kvadratmetr üzlük tava düzülmüşdür. Şəhərin giriş hissəsində salınmış yeni parkda 600 kvadratmetr səki, 150 kvadratmetr divar tikilmişdir. 30 işıqlandırma dirəyi, 3 fontan quraşdırılmış, 10 oturacaq, 3 əyləncə qurğusu qoyulmuşdur. S.Vurğun küçəsində 60 kvadratmetr hasarın tikintisi başa çatdırılmış, S.Civəzadə küçəsində 1200 kvadratmetr səki tikilmişdir. Küçələrə 1800 kubmetr çınqıl tökülərək, təmir işləri aparılmışdır. Bütövlükdə, birinci rübdə 181 min manatlıq tikinti, abadlıq işləri görülmüşdür.Hazırda YAP rayon təşkilatının və Qaz İstismar İdarəsinin inzibati binalarının tikintisi davam etdirilir. Bütün yaşayış məntəqələrində abadlıq, təmir, quruculuq işləri aparılır, səliqə-sahman yaradılır.

Başçı son illərdə Təhsil Şöbəsində nöqsanların aradan qaldırılması, ciddi dönüş yaradılması yönündə görülmüş işlərdən də söz açdı. Müsahibimiz bildirdi ki, təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülür. Ötən il tikintisinə başlanılmış Goranboy şəhər 3 saylı və Tatarlı kənd tam orta məktəblərində, Şahmat məktəbində tikinti işləri davam etdirilmişdir. 220 yerlik Səmədabad, 180 yerlik Şadılı kənd tam orta məktəblərinin tikintisinə başlanılmışdır.

Ötən il olduğu kimi, bu il də 9-cu və 11-ci sinif şagirdləri arasında test imtahanları keçirilmiş, qaliblərə Novruz bayramında qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.Belə sınaqların tez-tez keçirilməsi buraxılış imtahanında lazımi nəticələr əldə olunmasına yönəlib. Təhsil Nazirliyi tərəfindən keçirilmiş sınaq test imtahanlarında bu il müsbət qiymət alanlar 9-cu siniflər üzrə 66,9 faiz, 11-ci siniflər üzrə isə 31,9 faiz olmuşdur. Bu göstəricilər ötən illə müqayisədə nisbətən yüksəkdir, ümumilikdə isə qaneedici deyildir. Buraxılış imtahanlarında müsbət nəticələr əldə olunuması üçün Təhsil Şöbəsi yüksək hazırlıq işləri aparıb. Bu il ali məktəblərə qəbulun nəticələri təhlil edilərək Şurada müzakirə olunacaq. Bu nəticələrə görə məktəblərin işinə qiymət veriləcək.

Burada mühüm bir məsələni də qeyd etmək istəyirəm. Əvvəllər müəllim və direktorları Təhsil Şöbəsi işə qəbul edirdi. Ona görə də təhsilin tələbinə uyğun gəlməyən, qeyri-ixtisaslı xeyli kadr müəllim kimi işə götürülüb. Təbii ki, bunların nəticəsi olaraq bu gün təhsilin keyfiyyəti aşağıdır. Əksər məktəblərdə süni kadr sıxlığı da var. Belə neqativ halların qarşısını almaq üçün müəllim və direktorların işə qəbulunu artıq Təhsil Nazirliyi həyata keçirir.

"Təhsil haqqında" Qanuna əsasən, 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi zəruridir. Bununla bağlı rayonda vəziyyəti öyrənib müzakirə etmişik. Çatışmazlıqlar çoxdur. Son illər uşaq bağçalarında təmir işləri aparılmış, inventar və avadanlıqla təminat xeyli yaxşılaşmışdır. Lakin təhlillər göstərir ki, Təhsil Şöbəsi ərazi icra nümayəndələri, məktəb direktorları və bağça müdirləri yeni tələbin icrası ilə bağlı əlaqəli iş qura bilmirlər. Bu məsələni ciddi nəzarətdə saxlayırıq. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev qeyd etmişdir ki, bu il və növbəti ildə uşaq bağçalarının tikintisi proqramı icra ediləcək. Bununla bağlı biz də müvafiq təkliflər təqdim etmişik. Ümid edirik ki, yaxın vaxtlarda onlar reallaşacaqdır.

Öyrəndik ki, Goranboyda səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir. Mərkəzi Xəstəxananın terapiya şöbəsində, nevroloji və kardioloji palatalarda cari təmir işləri aparılmış, müasir tipli rentgen qurğusu alınmışdır. İmtiyazlı xəstələrə 51 min manatlıq dərman paylanılmışdır. Mərkəzi Xəstəxana rəhbərliyi dərmanların vaxtlı-vaxtında alınıb paylanmasını təmin edir. Səhiyyə Nazirliyi ilə əlaqə saxlanır, yeni tibbi avadanlıq alınır. Mütəmadi həkim briqadaları yerlərdə olur, əhaliyə tibbi xidmət göstərir. Hər ay bu işlər barədə rayon icra hakimiyyətinə məlumat verilir. Rayonun mədəniyyət müəssisələrinin maddi bazası da xeyli yaxşılaşdırılmışdır. 450 yerlik Goranboy şəhər mədəniyyət evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Sarov kənd mədəniyyət evində və kitabxanasında əsaslı təmir işləri davam etdirilir. Zeynallı kəndində kitabxana üçün müasir tələblərə cavab verən inzibati bina inşa edilmişdir. Heydər Əliyev və Tarix muzeylərində, Dəliməmmədli şəhər musiqi məktəbində və Qızılhacılı qəsəbə mədəniyyət evində əsaslı təmir işlərinə başlanmışdır. Fəxralı və Sarov kəndlərində kitabxana-mədəniyyət-informasiya mərkəzlərinin yaradılması məqsədi ilə "bp" şirkətinin sosial-inkişaf idarəsi ilə razılıq əldə olunmuşdur. İlin əvvəlindən kənd təsərrüfatının inkişafında da müəyyən irəliləyiş olmuşdur. Bütün kateqoriyalar üzrə yazlıq bitkilərin səpini 1920 hektar olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7 hektar çoxdur. 252 hektar çox günəbaxan, 101 hektar artıq kartof, 201 hektar əlavə tərəvəz, 5 hektar çox dənli və dənli paxlalılar səpilmişdir. Bitkiçiliklə yanaşı, heyvandarlıq da inkişaf edir. Birinci rüb qara malın sayı 135 baş, qoyun və keçilərin sayı 8104 baş artmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 20 faiz, süd 21,2 faiz, yumurta isə 3 faiz artmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədi ilə suvarma işinin təşkili diqqət mərkəzində saxlanılır. Artezian quyuları vasitəsi ilə bu il 17300 hektar təbii su mənbələrindən istifadə etməklə 3348 hektar əkin sahəsi suvarılmışdır. Subartezian quyularının və nasos stansiyalarının saz vəziyyətdə saxlanılması üçün bir sıra texniki tədbirlər görülmüşdür. 40 təzə nasos quraşdırılmış, 107 elektrik nasosu, 10 transformator təmir edilmişdir. 2 yeni subartezian quyusu qazılmış, 1 quyu isə yuyulmuşdur. Su itkisinin qarşısının alınması məqsədi ilə arxlarda 171 min kubmetr lildən və alaq otlarından təmizləmə işləri, 42 min kubmetr selə və daşqına qarşı mübarizə tədbirləri görülmüşdür.

"Ekologiya ili" rəsmən başa çatsa da, bu iş davam etdirilir. Ötən il bu sahədə rayonda da xeyli işlər görülmüşdür. İlin birinci rübündə isə 38 min ədəd ağac və gül kolları əkilmişdir. Agacların mühafizəsi və suvarılması təmin edilir. Aztəminatlı ailələrə dövlət qayğısının artırılması diqqət mərkəzində saxlanılır. Əhalinin Sosial Müdafiəsi Mərkəzi bu il 1557 ailəyə 817 min 959 manat məbləğində ünvanlı sosial yardım təyin edərək ödənmişdir. Qarabağ əlilləri üçün Fəxralı, Sarovlu və Qaradağlı kəndlərində inşa edilən ikiotaqlı fərdi yaşayış evlərinin inşası başa çatmışdır. Goranboy şəhərində isə Qarabağ əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisinə başlanmışdır.

Əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədilə yüksək gərginlikli xətlərdə və elektrik transformatorlarında təmir işləri aparılmış, əlavə 644 ədəd sayğac quraşdırılmışdır. Bizə bildirdilər ki, rayonun elektrik təsərrüfatı SİB kabellə yenidən qurulmalıdır. Problemin həlli məqsədilə Nazirlər Kabinetinə və "Azərenerji" ASC-yə müraciət edilib. Bu il Goranboy və Dəliməmmədli şəhəri, Qızılhacılı qəsəbəsi və Xan Qərvənd kəndlərində SMART kart tipli sayğacların qoyulması nəzərdə tutulmuşdur. Növbəti illərdə bu tədbir bütün yaşayış məntəqələrində reallaşacaq.

İstehlakçıları təbii qazla fasiləsiz və təhlükəsiz təmin etmək üçün təzyiqtənzimləyici şkaflar nizamlanaraq tam işlək vəziyyətə gətirilmişdir. Təbii qaz itkilərinin qarşısını almaq məqsədi ilə Goranboy şəhərində 270 metr yeraltı qaz kəməri yeni boru ilə əvəz edilərək yer üstünə çıxarılmışdır, Qızılhacılı qəsəbəsinə gedən daşıyıcı kəmərin 30 metr hissəsi, Ağamalıoğlu, Fəxralı, Xoylu, Qurbanzadə kəndlərində daşıyıcı və paylayıcı qaz kəmərlərinin 455 metri təmir edilmişdir. Goranboy şəhərində Xocalı qaçqınları üçün inşa edilmiş yaşayış binalarında 152 abonentə təbii qaz verilmişdir.

Hazırda vaxtilə təbii qazla təmin olunan Veyisli, Aşağı Ballıqaya kəndlərində, Meşəli kəndində salınan yeni qəsəbədə, Zeyvə və Şəfəq kəndlərində qaz xətlərinin yenidən qurulması və çəkilişi davam etdirilir. Veyisli kəndidə artıq 443 mənzilə qaz xətləri çəkilmiş və sayğaclar quraşdırılmışdır. May ayının 10-da, ümummilli lider Heydər Əliyevin doğum günündə Veyisli kəndinə və Meşəli kəndində salınmış qəsəbəyə, mayın 28-də isə Aşağı Ballıqaya, Zeyvə, Əlirzalı və Meşəli kəndlərinə təbii qaz verilmişdir. İlin sonunadək qazlaşmanın 90 faizə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin tapşırığı əsasında ayrılmış vəsait hesabına Murovdağdan Goranboy şəhərinə su kəməri çəkilir. Bu günə qədər 400 millimetrlik tranzit boru xəttinin 23,5 kilometr hissəsi çəkilmişdir. İşlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda şəhərdə su və kanalizasiya xətlərinin çəkilişinə, hovuzların tikintisinə başlanacaqdır. Ümumilikdə, 73 kilometr su, 27,5 kilometr kanalizasiya xətti çəkiləcəkdir ki, bununla da Goranboy şəhərində hər iki problem həllini tapacaq. Əhalinin su təminatının yaxşılaşdırılması üçün rüb ərzində 9 subartezian nasosu təmir edilmiş, yararsız hala düşən su xətlərində təmir işləri aparılmışdır. Qazanbulaq qəsəbəsində su sayğaclarının quraşdırılmasına başlanılmışdır.

"Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2011-ci il tarixli fərmanı ilə bağlı əhaliyə rabitə xidmətinin həcmi genişləndirilmişdir. Birinci rübdə telefon sayının artımı 47 ədəd olmuşdur. Məcburi köçkünlər üçün salınmış Meşəli qəsəbəsində 96 nömrəlik elektron ATS quraşdırılmışdır. Rayon mərkəzində məcburi köçkünlər üçün yeni tikilmiş yaşayış massivində orta məktəb internetə qoşulmuşdur. Qaramusalı kəndinə mini elektron ATS quraşdırılması üçün kabel çəkilişi başa çatdırılmışdır. Dəyirmanlar və Azad kəndlərinə əlavə olaraq 32 nömrə telefon çəkilişi üçün Ağamalıoğlu kənd EATS-dən 3,8 kilometr kabel çəkilmişdir.

Son illər Dövlət Proqramı çərçivəsində regionlarda irimiqyaslı yol layihələri həyata keçirilir. Rayonda da bu sahədə xeyli işlər görülmüşdür. Dəliməmmədli - Qaramusalı - Həmənli, Goranboy - Aşağı Ağcakənd yolunun tikintisi Dövlət Proqramına daxil edilmişdir. Yaxın vaxtlarda işə başlanacaqdır. Veyisli kəndində süd qəbulu məntəqəsi inşa edilmiş, Borsunlu kəndində yolun alt hissəsində küçələrə içməli su xətti çəkilişi davam etdirilmişdir. Xınalı kənd icra nümayəndəliyi üçün yeni inzibati bina tikilir. Goranboy - Ağcakənd yolundan Qarqucaq kənd orta məktəbinədək yol yenidən tikilmişdir. Məşədiqaralar - Eyvazlılar yolunun tikintisinə başlanmışdır.

Göründüyü kimi, Goranboyda həyata keçirilən quruculuq işləri, sosial proqramlar davamlı, dinamikdir. İstehsal sahələrində göstəricilər ötən ilin 5 ayı ilə müqayisədə yüksəlmişdir. Bütün bunlar əhalinin rifahının yüksəlməsini təmin edir. Problemlərin həlli, nəzərdə tutulan işlərin vaxtında reallaşdırılması adamların əhval-ruhiyyəsini yaxşılaşdırır, hər kəsdə razılıq yaradır. Goranboylular qarşıdakı aylarda da uğurları artırmaq, yüksəlişi təmin etmək əzmi ilə yaşayıb-çalışırlar.

 

 

Tahir AYDINOĞLU,

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 12 iyun.- S. 6.