Sabirabad keçmiş şöhrətini qaytarmaq əzmindədir

 

Sabirabad rayonu Aran zonasında yerləşir. Tarixi çox qədimlərə söykənir. Ölkənin iki böyük çayı-Kürlə Araz burada qovuşur. Geniş ərazisi olan bölgənin 63 min hektarından əkin üçün istifadə edilir. Burada əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və bağçılıqdır.

 

Ötən əsrin 70-ci illərinədək geridə qalmış bir yaşayış məskəni olan Sabirabadın, eləcə də Muğanın dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sabirabada düz 14 dəfə səfər edən ulu öndərin sayəsində bu rayonda 5 istehsal müəssisəsi açılıb, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət obyekti tikilib, içməli su xətləri çəkilib, əhaliyə təbii qaz verilib.

Lakin 80-cı illərin sonlarından başlayaraq rayonda geriləmə müşahidə olundu. Xüsusilə, 90-cı illərin əvvəllərində zavod və fabriklərin çoxu öz işini dayandırdı. Bütün sahələrdə necə deyərlər, bir təsərrüfatsızlıq hökm sürürdü.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu bölgədə həyat yenidən canlandı. Ölkənin hər yerində olduğu kimi Sabirabadda da torpaq islahatı keçirildi, dövlət əmlakı özəlləşdirildi, kənd təsərrüfatının inkişafında uğurlar əldə olundu.

Sabirabadlılar dövlətə, dövlətçiliyə sadiq insanlardır. Son prezident, parlament və bələdiyyə seçkiləri rayonda əsl ümumxalq tədbirnə çevrildi. Sabirabadlılar prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək yekdilliklə öz səslərini gücünə, səriştəsinə güvəndikləri ölkə başçısı İlham Əliyevə verdilər.

Prezident İlham Əliyev də sabirabadlıları daim diqqətində saxlayıb, onlara qayğısını əsirgəməyib. Ötən il Kür və Araz çaylarının yaratdığı təbii fəlakət zamanı rayon sakinləri bunun bir daha şahidi oldular. Əhalinin ən çətin anlarında dövlət başçısı onlara dayaq durdu, dərdlərinə şərik oldu, bütün zəruri köməkliyin göstərilməsini təmin etdi. Məhz onun fədakarlığı sayəsində insan itkisi olmadan fəlakətin qarşısı alındı.

Dövlət başçısı sel və daşqınların nəticələrinin aradan qaldırılması vəziyyəti ilə yerində tanış olmaq üçün ötən il noyabrın 1-də Sabirabada səfər etdi, tövsiyyə və tapşırıqlarını verdi.

İş qrafikinin gərginliyinə baxmayaraq Azərbaycan Prezidenti bu il mayın 5-də yenidən bu bölgədə oldu. Ölkə başçısına məlumat verildi ki, artıq fəlakətin törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində xeyli işlər görülüb. Subasmaya məruz qalan əksər evlərin yerində möhkəm özüllü müasir 916 yeni ev tikilib, daha 87 yeni evin tikintisi davam etdirilir. 89 evdə bərpa-gücləndirmə işlri aparılıb, dəymiş ziyana görə əhaliyə 10 milyon manata yaxın məbləğdə kompensasiya verilib, 12 sosial obyektdə, 5 orta məktəb binasında, 2 feldşer-mama məntəqəsində əsaslı təmir işləri başa çatdırılıb.

Prezident daşqına məruz qalmış Qasımbəyli kəndinə yeni çəkilmiş 15 klometrlik asfalt yolun açılışında iştirak etdi, sonra həmin kənddə əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış oldu və ictimaiyyətin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti kənd sakinləri ilə görüşündə görülən işlərdən razılıq etdi, qarşıdakı işlərdən danışdı və lazımi tövsiyyə və tapşırıqlarını verdi.

... Artıq Sabirabadda həyat, sözün yaxşı mənasında, qaynayır. Hər tərəfdə bir işgüzarlıq əhval-ruhiyyəsi duyulur. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çox qısa müddətdə sadəliyi, səmimiliyi, işgüzarlığı, tələbkarlığı və idarəçilik bacarığı ilə əhalinin qəlbinə yol tapa bilib. O, hər gün kəndlərdə camaatın arasındadır. Onları çox səbrlə dinləyir, narahatlıq doğuran məsələlərin həllini əlaqədar təşkilatlara tapşırıb nəticəsinə də özü nəzarət edir. Bircə faktı deyək ki, son 20 gündə başçı 2 minə yaxın vətəndaşı fərdi qəbul edib, 13 kənddə 4 mindən çox sakinlə görüşüb.

Rayonda böyük abadlıq-quruculuq işlərinə start verilib. Daşqına məruz qalmış Əsgərbəyli kənd məktəbinin tam orta məktəbə çevrilməsi üçün dövlət başçısının tapşırığı ilə əlavə korpusun və həmin kənddə yeni tibb məntəqəsinin, poçt binasının tikintisi üçün bütün zəruri tədbirlər görülüb.

Kür çayının sol sahilində yaşayan 7 kəndin 15 mindən çox əhalisinin rayon mərkəzi ilə əlaqəsini asanlaşdırmaq və rahatlıqlarını təmin etmək məqsədilə yeni körpünün salınması üçün layihə-smeta sənədləri hazırlanır. Yolların tikintisi də qarşıda duran vəzifələrdəndir. Yaxın aylarda Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonundan keçən hissəsinin yenidən tikintisi nəzərdə tutulub. Şəhərin küçələrində və kənd yollarında əsaslı işlərin görülməsi də plandadır. İctimai yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri nəzərdə tutulub.

Sabirabad şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar məsələ qaldırılıb. Su təmizləyici qurğuların və nasos stansiyaların yerləri müəyyənləşdirilib, şəhərin müxtəlif yerlərində 8 kanalizasiya nasos stansiyasının tikintisi üçün torpaq sahəsi də ayrılıb.

Rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri sürətləndirilib. Şəhərdə 16 çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması tamamlanmaq üzrədir. Artıq 4 kənddə - Nərimankənd, Qaratəpə, Əhmədabad və Ulacalıda qazlaşdırma işləri aparılır. Yaxın günlərdə isə daha 10 kənddə-Azadkənd, Beşdəli, Yaxa Dəllək, Minbaşı, Qarağac, Quruzma, Qaraqaşlı, Qəzli, Mürsəlli və Şıxlarda bu işə başlanacaqdır. Qazlaşdırmanın əsas özəlliklərindən biri də odur ki, qeyd etdiyimiz yaşayış məntəqələrinə qaz xətləri yenidən politilen borularla birpilləli sistem üzrə çəkiləcəkdir. Həm də fərdi evlərdə qaz peçlərinə qədər bütün quraşdırma işləri dövlət vəsaiti hesabına aparılacaqdır. Evlərin qazlaşdırılması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması və çəkilən xərclər də əvvəlkitək vətəndaş tərəfindən deyil, dövlət vəsaiti hesabına yerinə yetiriləcəkdir.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilir. Cavad yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunan 14 kəndin elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı layihələşdirmə işləri artıq yekunlaşıb və yaxın günlərdə işə başlanacaqdır.

Təhsil və səhiyyə obyektlərinin əsaslı təmir edilməsi və yenilərinin tikilməsi və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamtində də geniş tədbirlər nəzərdə tutulub.

Şəhərdə köhnə və yöndəmsiz tikililərin sökülüb yerində milli-memarlıq üslubunda obyektlərin inşasına diqqət artırılıb, rayonda təmizlik və abadlıq işlərinə də xüsusi önəm verilir.

Rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən sahibkarlarla işləməyi əsas vəzifələrdən biri hesab edir. Təsadüfi deyil ki, icra başçısı ilk görüşlərindən birini də onlarla keçirmiş, özəl sektorun fəaliyyətinin canlandırılması üçün hər cür imkan və şərait yaradıldığını bildirmişdir.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Burada mövcud 156 min əhalinin 79 faizi, yəni 124 min nəfəri kəndlərdə yaşayır. Onların hər biri torpaq mülkiyyətçisidir, deməli, məşğulluqları təmin edilib.

Ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstəyinin nəticəsində təkcə bu il 17,4 min hektarda taxıl əkilib, 5,8 min hektarda bostan, tərəvəz yetişdirilib. Pambıq əkini sahələri 2,1 min hektara çatdırılıb.

Ayrı-ayrı fermerlərin iri təsərrüfatlarda birləşməsi genişlənib. Artıq Axıskada Hətəmşah Məcidovun, Çölbeşdəlidə İlyas Nağdəliyevin başçılığı altında təşkil edilmiş təsərrüfatlar sahələrdə bol taxıl və digər kənd təsərrüfatı məhsulları yetişdirmişlər. Müşahidələr göstərir ki, bu il hektarların məhsuldarlığı əvvəlki illərə nisbətən daha yüksək olacaqdır.

Bir sözlə, bu gün Sabirabad əvvəlki şöhrətini qaytarmaq əzmindədir. Bütün qüvvələr bu istiqamətə yönəlib. Yeni kadr dəyişikliyi bu işlərin dinamikliyini artırıb.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 12 iyun.- S. 5.