Nadir geoloji obyektlər və onların ekoloji durumu

 

Respublikamızın ərazisi Qafqaz sıra dağlarının bir hissəsini əhatə etməklə cavan Alp qırışıqlıq zonasına təsadüf edir. Elə buna görə də özünün mürəkkəb geoloji quruluşu, bu quruluşda çox- saylı nadir geoloji obyektlərin, müxtəlif iqlim şəraitinin, torpaq-bitki örtüyünün, dənizinin, göllərinin, çaylarının, şəlalələrinin, bulaqlarının, skulptur və struktur relyef formalarının olması ilə dünyanın bir çox regionlarından fərqlənir.

Ölkəmizin ərazisində olan nadir geoloji obyektləri (NGO) digərlərindən fərqləndirən cəhət onların daha çox estetik gözəlliyə, müalicəvi, maddi-mənəvi və tarixi əhəmiyyətə malik olması, bir sözlə, insanların sağlam və gümrah yaşaması, onlardan faydalanması üçün lazım olan yararlı xüsusiyyətləridir. Bunları nəzərə almaqla, təbiətdə olan ekoloji tarazlığı pozmamaq və bunlardan səmərəli faydalanmaq şərti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həlli ilə əlaqədar olaraq respublikamızın ərazisində, o cümlədən onun Qərbi -Xəzəryanı hissəsində olan nadir geoloji obyektlərin qorunması, yenilərinin aşkarlanması, turizm istiqamətində istifadəsi və mühafizəsi sahəsində ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir. Belə tədbirlərin nəticəsidir ki, respublikamızın ərazisində bir sıra dövlət təbiət qoruqları, milli təbiət parkları və nəbatət bağları yaradılmış və yeni-yeni nadir geoloji obyektlər aşkarlanaraq müayinədən keçirilmişdir. Müayinədən keçirilmiş NGO-un bugünkü durumu, geologiyası, geomorfologiyası, ekologiyası tədqiq edilmiş və bu obyektlərdə olan ekoloji problemlər və onların aradan qaldırılma yolları haqqında məlumatlar verilməklə bərabər, bir çox problemlər həll edilmişdir.

Bununla əlaqədar aşağıda, respublikamızın Qərbi-Xəzəryanı hissəsində gəzdiyim və gördüyüm NGO-dan bir neçəsinin ekoloji durumu haqqında məlumat vermək istərdim. Estetik gözəlliyi ilə seçilən bu obyektlərdən bir necəsi Quba rayonunun Afurca və Təngialtı kəndləri ərazisində bir-birinə yaxın yerdə yerləşirlər.

Bunlardan ən maraqlısı və baxımlısı "Afurca şəlaləsidir". Yerli məlumatlara görə afurca sözünün mənası "qayadan sıçrayan su" deməkdir. Şəlalə Cəngəcur dağ silsiləsinin cənub-şərq qurtaracağında Təngi qayalıqları üzərində əmələ gəlmişdir. Geotektonik baxımdan şəlalənin əmələ gəlməsinə səbəb tektonik hərəkətlər olmuşdur. Belə ki, tektonik hərəkətlərin təsirindən bu ərazidə intişar tapmış karbonat tərkibli əhəngdaşları qırılıb düşmə şəklində sürüşmələrə məruz qalmışdır və bunun da nəticəsində burada şəlalə əmələ gəlməsi üçün geomorfoloji relyef forması yaranmışdır.

"Afurca şəlaləsi"nin hündürlüyü 70 metrə qədərdir. Suyun debiti ilin fəsillərindən asılı olaraq dəyişkəndir. Ətraf çəmənlik və meşəlikdir. Şəlalə insana xoş təəssürat bağışlayır onu düşündürməklə, saflıq hissi oyadır. Suyun musiqili, melodik səsindən, ətraf yerlərin gözəlliyindən (xüsusən də ilin yaz-yay fəslində ) ayrılmaq o qədər də asan olmur. Bura gələn insanlar arasında, buradakı gözəlliyi lentə almaq, xatirə şəkli çəkdirmək bir qayda olaraq ənənə halına çevrilmişdir.

"Afurca şəlaləsi"nə gedən yol Təngialtı keçidindən keçir. Təngialtı keçidi (bəzən dərə də adlandırırlar) eyni adlı kəndin cənub qurtaracağında 725 metr yüksəklikdə Vəlvələçay yatağında yerləşir. Quba rayonunun Afurca, Qonaqkənd və digər kəndlərinə avtomobil yolu və Vəlvələçay bu keçiddən keçir. Keçidin eni 18 metrdir. Burada hər iki tərəf sıldırım qayalıqlardır və bu süxurlar Cəngəcur dağ silsiləsini əmələ gətirən karbonat tərkibli əhəngdaşlarından ibarətdir. Keçid çay yatağı boyunca şimal istiqamətli tektonik pozulma hesabına əmələ gəlmişdir.Keçidin divarları sıldırımlıdır. Qayalardan, keçiddən keçən çay suyunun şırıltısının əks sədası eşidilir. Keçid öz füsunkarlığı, miqyası və əzəməti ilə insanı heyrətləndirir.

Qaylıqlarda çoxlu sayda karstabənzər boşluqlara rast gəlmək mümkündür. Belə boşluqlardan biri el arasında "Qaçaq Mayılın mağarası" kimi məhşurdur və çayın sağ sahilindəki karbonat tərkibli qayalıqdadır.

Mağara öz əlçatmamazlığı, forması və s. ilə diqqətdən yayınmır və mağaraya baxan hər kəsin fikrindən onu yaxından görmək keçir. Mağara əlçatmaz olduğundan onun ekoloji təmizliyi insanı özünə cəlb edir.

Respublikamızın Qərbi - Xəzəryanı ərazisində olan nadir geloji obyektlərdən ən maraqlı və baxımlılarından biri də "Beşbarmaq" dağıdır. Karbonat tərkibli əhəngdaşlarından (dolomitlərdən ) ibarət qaya parçası "səhra aysberqini" xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometrində əzəmətlə ucalır. "Beşbarmaq" dağı dəniz səviyyəsindən 445 metr yüksəklikdədir. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri tektonik hərəkətlərin təisirindən karbonat tərkibli cuxurların sıxılması nəticəsində yüksəlməsi və ya atılma nəticəsində digər sahədən gətirilməsidir.

Bu qayanın digər adı isə Xıdır Zində piridir. İnsanların həyatında, onlara güc verən, onları yaşadan müəyyən bir qüvvəyə olan inam məfhumu vardır. İnsan təbiəti, cəmiyyəti dərk etməyə başladığı andan təbiətdə baş verən mürəkkəb bir prosess qarşısında aciz qaldığı zaman, ümüdini inandığı bir qüvvəyə, obyektə bağlayır, ona sitayiş etməklə ondan kömək gözləyir.

Ərazidə özünün böyüklüyü, hündürlüyü, təkliyi və qeyri-adiliyi ilə, daha doğrusu, skulptur bir relyef forması kimi seçilən "Beşbarmaq" dağı belə nadir geoloji obyektlərdən biridir.

Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara və fauna qalıqlarının yuyulmasından əmələ gəlmiş müxtəlif formalara rast gəlmək mümkündür.

Doğrudur, burada yağışdan, günəşdən qorunmaq üçün çox da böyük olmayan bir necə tikinti vardır, lakin bunlar hamının qorunması üçün bəs etmir.

Pir ətrafında tək-tək ağaclara rast gəlinir. Lakin təəssüflər olsun ki, ziyarətçilər tərəfindən bu ağacların kölgəsində ocaq yandırıldığından onlar qurumaq təhlükəsi altındadır.

Belə nadir geoloji obyektləri dini, tarixi, geoloji və turizm baxımından yaxşı bilən intellektual səvviyyəli ekskursovodlarla təmin etmək, şossedən dağa qədər olan yolun təmiri, ərazinin su ilə təchizatı, burada yayda günəşdən, qışda soyuqdan qorunmaq üçün obyektlərin tikintisi, yaşıllığın salınması və sanitar-gigiyena baxımından müsbət şəraitin yaradılması kimi işləri yerinə yetirməklə"Beşbarmaq"dağını ən gözəl ziyarətgaha, dünya miqyaslı dini turizm və ekoturizm məkanına çevirmək olar. Bu göstərilən nadir geoloji obyektlər mahiyyət və forma nöqteyi-nəzərdən öz cazibədarlıqları, Bakı şəhərindən çox da uzaq olmayan mənzərəli, səfalı bir bölgədə və bir-birinə yaxın yerləşdiyindən bir və ya bir neçə günlük ekoturizm turları üçün çox əlverişli mövqedədirlər.

Doğrudan da, Vətənimizin hər yanı- dağı da gözəldir, düzü də! Bizim borcumuz Tanrının bizə bəxş etdiyi belə gözəlliklərə, nadir geoloji obyektlərə, onların ekologiyasına xələl gətirmədən bu obyektlərdən maddi, müalicəvi, estetik zövq alıb yaşamaqla onları qoruyub gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

 

 

Fəxrəddin ABDULLAYEV,

geoloq

 

Xalq qəzeti.- 2011.- 12 iyun.- S. 8.