15 iyun - yeni bir
tarixi mərhələnin
başlandığı gün
Yaxın
xarici keçmişin bütün çətinlik və məhrumiyyətlərini
öz gözləri ilə görmüş Azərbaycan
xalqı 1993-cü il iyunun 15-dən sonra ölkəsi və
özü üçün tamamilə yeni bir tarixin
yazıldığını və
yaşandığını görür və bu, onun öz
liderinə olan inamını, sevgisini qat-qat artırır.
15
iyun gününün Azərbaycan xalqının Milli
Qurtuluş Günü elan edilməsi haqqında Azərbaycan
Respublikası Milli Məclisinin qərarından.
27
iyun, 1997-ci il
Ulu öndərin siyasi hakimiyyətə
qayıdışı milli dövlətçiliyimizi məhv
olmaqdan, xalqı vətəndaş müharibəsindən
xilas etmişdi
Tarixin
bütün dönəmlərində müharibəni,
münaqişəni, xaos və anarxiyanı ən çox lənətləyən,
bu ictimai-siyasi proseslərin törətdiyi fəsadların
aradan qaldırılması zamanı daim öndə gedən
insanlar arasında müəllimlər xüsusi yer tutublar. Onlar
sülhü - əmin-amanlığı,
firavanlığı, tərəqqini hər zaman, hər an təbliğ
edən möhtəşəm bir ordu kimi mütəşəkkil
fəaliyyət göstəriblər.
Ulu
öndər Heydər Əliyevin dediyi kimi, bütün xalqların
və ölkələrin inkişafının təməlində
məhz müəllim əməyi, müəllim xidməti
dayanır. Çünki xalqın liderini də, prezidenti də,
sərkərdəni də, alimi də məhz müəllim zəhməti
yetişdirir. Ona görə də bu qəbildən olan əlamətdar
günlərdə müəllimlərin daha çox fikir
söyləmək, söz demək haqqı vardır. Bu
haqqı müəllimlərə verən əsas amillərdən
biri də onların bütün fəaliyyət boyu
hamılıqla qəbul edilən nümunələr əsasında
danışmasıdır. İndi haqqında söz açmaq
istədiyimiz ulu öndər Heydər Əliyevin həyatı
və siyasi fəaliyyəti isə təkcə 50 milyonluq Azərbaycan
xalqı üçün deyil, bütövlükdə mütərəqqi
bəşəriyyət üçün, sülhü, əmin-amanlığı,
firavanlığı, tərəqqini sevən bütün
insanlar üçün örnəkdir, nümunədir.
Bu
gün müasir dünyanın siyasət tarixində xüsusi
ehtiramla qələmə alınmış bir ifadə
vardır - Heydər Əliyev fenomeni. Öz xalqına və
dövlətinə layiqincə xidmət etmək istəyən
dövlət və hökumət rəhbərləri həmin
fenomendən yetərincə bəhrələnirlər. Tarix
boyu müxtəlif ölkələrdə mahir siyasət
bilicisi, incə diplomatiya manevrlərinin ustası, dünya
iqtisadiyyatını dərindən bilən və ya qurucu
dövlət başçıları çox olub. Yəni
hansısa siyasətçidə sadaladığımız bu
keyfiyyətlərin biri və ya uzaqbaşı ikisi olub. Heydər
Əliyevdə isə həmin keyfiyyətlərin
hamısı cəmləşmişdi. Cəmiyyət həyatının
elə bir sahəsi ola bilməzdi ki, ulu öndər həmin
sahənin kamil bilicisi olmasın. Fikrimizi konkret faktlarla əsaslandıracağıq.
Hələlik isə dünyanın bəzi siyasətçilərinin
ümummilli liderimiz haqqında söylədikləri konkret ifadələrə
diqqət yetirək.
Ölkəmizdən
kənarda yaşayan bütün dostlarımız və ya
haqqı sevən adamlar Heydər Əliyev fenomeni barədə
ürək açıqlığı ilə
danışır, o böyük insanın şəxsi keyfiyyətlərini
səmimiyyətlə dilə gətirirlər. Təbii ki, bu qəbildən
olan misallara müraciət edərkən öncə can və
qan qardaşlarımız olan Türkiyə siyasətçilərinin
fikirləri yada düşür. Türkiyə Prezidenti
Süleyman Dəmirəl Bakıda olarkən söyləmişdi:
"Heydər Əliyev Azərbaycanı israrla və demokratik
yollarla müstəqil olaraq məqsədinə
çatdırmaq üçün canını sipər edib
qeyrət göstərən oğuldur". Əslində, bu məntiqə
ulu öndərimiz haqqında əcnəbi siyasətçilərin
söylədiyi fikirlərin əksəriyyətində rast gəlirik.
Hamı etiraf edir ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
qorunması, müstəqilliyimizin əbədiləşdirilməsi
və ölkəmizin tərəqqisi üçün məhz
canını sipər etmişdi. Ulu öndərin dövlət
müstəqilliyimizi qoruyub saxlamaq üçün göstərdiyi
qətiyyəti vaxtilə ABŞ Xarici Siyasət İdarəsinə
rəhbərlik etmiş, dünyanın ən nüfuzlu
diplomatlarından olan Henri Kissincer isə bu şəkildə
ifadə etmişdi: "Azərbaycan regionda qüdrətli bir
dövlətə çevrilməyə layiq ölkədir. Prezident
Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub
saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə
aparır". Türk dünyasının və ABŞ-ın
nüfuzlu siyasətçilərindən gətirdiyimiz sitatlardan
sonra bir avropalı hüquqşünasın qiymətləndirməsini
də yada salmaq yerinə düşərdi. Almaniya Parlamentinin
üzvü Villi Vimmer 1996-cı ildə söyləmişdi:
"Cənab Əliyev prezident seçilərkən Qərbdə
ona şübhə ilə yanaşdıq. Zənn edirdik ki, o,
Azərbaycanda kommunizm qaydalarını bərpa edəcək.
Lakin tez bir zamanda bizə aydın oldu ki,
yanılmışıq. Azərbaycan dövlətinin bu
mürəkkəb dövründə ona yalnız belə zəngin
təcrübəli və müdrik başçı
lazımdır. İndi Azərbaycan İkinci Dünya
müharibəsindən çıxmış Almaniyanı,
Prezident Heydər Əliyev isə Kansler Adenaueri
xatırladır. Əgər daxili və xarici qüvvələr
Prezident Heydər Əliyevə mane olmasalar, işləməyə
imkan versələr, Azərbaycanın indiki inkişaf mərhələsi
onun tarixinə intibah dövrünün
başlanğıcı kimi daxil ola bilər..."
Diqqət
yetirin, birinci sitatda Heydər Əliyevin öz canını Vətəni
üçün sipər etməsi önə çəkilirdi.
İkinci sitatda onun dövlət müstəqilliyimizi qoruyub
saxlamaq üçün apardığı mübarizə əzmi
qabardılır. Üçüncü sitatda isə Heydər
Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik
etdiyi illər intibah dövrümüzün
başlanğıcı kimi qiymətləndirilir. İndi isə
fikrimizi bu üç məqam - Vətən üçün
sipər, müstəqilliyin qorunması üçün
göstərilən əzm və nəhayət, intibah
dövrünün başlanğıcı məsələləri
üzərində davam etdirək.
Birinci,
ulu öndər, sözün həqiqi mənasında öz
canını xalqı və dövləti üçün sipər
etmişdi. Yəqin ki, heç kəsin yadından
çıxmayıb. Heydər Əliyev Dövlət Təhlükəsizliyi
Komitəsində çalışdığı illərdə
heç kəsdən və heç nədən çəkinmədən
bu qurumda ermənilərin və başqa xalqların təmsilçilərinin
çoxluq təşkil etməsinin qarşısını
almışdı. Çünki bədnam repressiya illərində
azərbaycanlı ziyalılara məhz ermənilərin əli
ilə divan tutulmuşdu. Ulu öndər ölkəyə
birinci dəfə rəhbərlik edəndə respublikadan kənarda
ali təhsil almaq üçün göndərilən gənclərin
və Azərbaycandakı hərbi məktəblərin
müdavimlərinin 80-90 faizinin azərbaycanlı gənclərdən
ibarət olmasını təmin etmişdi. Həm DTK-dakı
təmizləmələrə, həm də SSRİ büdcəsindən
sırf milli təəssübkeşliklə istifadə etdiyinə
görə onun cəzalandırılması ehtimalı şəksiz
və şübhəsiz idi. Hər küncə-bucağa nəzarətçi
qoyan Kremlin gözü qabağında bu milli təəssübkeşliyi
davam etdirən Heydər Əliyev sözün bütün mənalarında
öz canını xalqı və dövləti
üçün sipər etmişdi.
Bəzi
ekspertlər belə iddia irəli sürürlər ki, guya
Heydər Əliyev həmin cəsarətli addımları
atanda öz vəzifəsinə güvənir, tutduğu posta
arxalanırdı. Ancaq bu arqumentin özündən qat-qat
güclü olan əks-arqumenti var. Belə ki, ulu öndər
1990-cı ilin yanvarında Bakıda törədilmiş
qanlı faciənin ertəsi günü Moskvada - Kremlin
qulağının dibində Mixail Qorbaçovu və Siyasi
Büronu lənətləyəndə onun artıq heç
bir vəzifəsi, postu yox idi. Üstəlik, ağır
infarkt keçirmiş, ev dustağı edilmişdi. Ancaq bu məhdud
imkanlara baxmayaraq Heydər Əliyev görünməmiş bir
cəsarətlə Bakı soyqırımının təşkilatçılarını
lənətləmiş, onların cəzalandırılmasını
tələb etmişdi. Bunu ancaq canını Vətən və
xalq üçün sipər etmiş insanlar bacara bilərdilər.
Heydər Əliyev ona görə bu qədər cəsarətli
idi ki, onun sinəsində Vətəni və xalqı
üçün döyünən ürək var idi.
İkinci,
ulu öndərin müstəqilliyin qorunması
üçün göstərdiyi mübarizə əzmi
bütöv bir qəhrəmanlıq dastanı
timsalındadır. 1993-cü ilin yayında Azərbaycanda
yaranmış ictimai-siyasi vəziyyət, hərbi-siyasi
böhran dövlət müstəqilliyimizin əldən getməsini
reallaşdırmaq üzrə idi. Ölkədəki xaos və
anarxiyadan istifadə edən xarici qüvvələr
respublikanın parçalanması və qardaş
qırğınının törədilməsi
üçün lazım olan bütün addımları
atmışdılar. Xaricdəki bədxahlarımızın əlində
oyuncağa çevrilmiş mövcud iqtidar ölkəni idarə
edə bilmir, onların diletantlığı ucbatından milli
dövlətçilik məhvə doğru gedirdi. Bu
ağır məqamda xalqın və iqtidarın təkidli
çağırışları ilə Naxçıvandan
Bakıya gələn ulu öndər milli dövlətçiliyin
qorunması üçün lazım olan bütün
addımları atdı. Dərhal Gəncəyə - qardaş
qırğını törətməyə hazırlaşan
Surət Hüseynovla görüşüb
danışıqlar aparmağa gedən ulu öndər oradan əliboş
qayıtmadı. Ölkənin cənubunda və
şimalında suyu bulandırmaq istəyənlərə
öz yerləri göstərildi, daxili sabitliyə nail olundu, cəbhədə
atəşkəs haqqında saziş imzalandı və nəhayət,
beynəlxalq ictimaiyyət Azərbaycanı sivil, demokratik,
dünyəvi inkişaf yolu götürmüş ölkə
kimi tanımağa başladı. Halbuki, ulu öndərin Ali
Sovet sədri seçilməsinədək Türkiyə istisna
olmaqla heç bir xarici ölkə Azərbaycanın dövlət
müstəqilliyinin əbədi olacağına inanmır,
bizimlə əməkdaşlığa maraq göstərmirdi. 1993-cü
ilin yayından etibarən ölkədə həyata
keçirilən çoxsaylı ictimai-siyasi tədbirlər nəticəsində
dünyanın aparıcı neft şirkətləri Azərbaycana
sərmayə gətirmək üçün heç nədən
çəkinmədilər. Nəticədə Xəzər dənizinin
Azərbaycan sektorundakı kardohidrogen ehtiyatlarının
müştərək işlənməsi üçün
dünyanın aparıcı neft şirkətlərinin
yaratdığı konsorsiumla Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti arasında Hasilatın Pay
Bölgüsü adlı ("Əsrin müqaviləsi")
nəhəng neft sazişi imzalandı. Həmin sazişin ərsəyə
gəlməsi Azərbaycanın qüdrətli dövlətə
çevrilməsinin təməli kimi qiymətləndirilir.
Heydər
Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin
əbədiləşdirilməsi üçün göstərdiyi
əzm və qətiyyətin daha bir nümunəsi onun
döyüş meydanından qaçmaması, istənilən
təhlükəni dəf etməyə qadir olması idi. Ulu
öndərə dəfələrlə sui-qəsd təşkil
edildi, dövlət çevrilişlərinə cəhd olundu,
çoxsaylı hədə-qorxular, təhdidlər
ünvanlandı. Ancaq o, iradəsindən dönmədi.
Halbuki, 1990-cı ilin yanvarından 1993-cü ilin yayına qədər
Azərbaycan rəhbərlərinin siyasi postu tərk edərək
xəlvətcə qaçması halları olmuşdu. Heydər
Əliyevin qətiyyət və cəsarəti Azərbaycan
tarixinə yazılan həmin utanc tendensiyaya son qoydu. Yəni
ulu öndərin milli dövlətçiliyimizin qorunub
saxlanılması üçün göstərdiyi əzm və
qətiyyət lider böyüklüyünün təcəssümü
idi. O, dahi siyasətçi olduğu kimi, həm də dahi
lider idi.
Üçüncü,
Almaniya parlamentinin üzvü yazırdı ki, Azərbaycanın
indiki inkişaf mərhələsi bu ölkənin intibah mərhələsinin
başlanğıcı kimi tarixə düşə bilər.
Bu arzu artıq günün reallığıdır. Yeni əsrin
ilk illərindən, xüsusən, 2003-cü ilin
payızından etibarən respublikamız möhtəşəm
bir intibah dövrü yaşayır. Bu bir həqiqətdir ki,
həmin intibahın başlanğıcı ötən əsrin
son onilliyinin ortalarına təsadüf edir. Heydər Əliyev
ən ali səviyyədə olan dünya təcrübəsinə
əsaslanmaqla müstəqil dövlətimizin ilk
Konstitusiyasının qəbul edilməsinə nail oldu və Əsas
Qanunun qəbulundan sonra Azərbaycanda cəmiyyət həyatının
bütün sahələrində inkişaf meylləri
görünməyə başlandı. Sonrakı illərdə
isə bu inkişaf meyilləri real inkişafa və tərəqqiyə
çevrildi. Nəticədə bugünkü öncül
ölkələrdən biri - qətiyyətli səsi dünyanın
bütün tribunalarından eşidilən, azad, müstəqil,
güclü iqtisadiyyatı, qüdrətli ordusu, yüksək
nüfuzu olan Azərbaycan Respublikası formalaşdı. Prezident
İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik məharəti,
dünya iqtisadiyyatında gedən prosesləri dərindən
bilməsi nəticəsində bu gün müstəqil Azərbaycan
həqiqətən öz intibah dövrünü
yaşayır. Bu intibahı ulu öndərin adını
daşıyan fond, xüsusən fondun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın həyata
keçirdiyi layihələr daha da zənginləşdirir və
sürətləndirir.
Bu
gün Azərbaycanın yaşadığı intibah prosesi
xalqımız və dövlətimizlə yanaşı, region
ölkələri və bütövlükdə Avrasiya
üçün xüsusi önəm kəsb edir. Çünki
Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində xüsusi çəkiyə malik olan
bir ölkəyə çevrilib. Dünya siyasətçilərinin
fikrincə, bütün bunların hamısı Böyük
Qurtuluşun, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışının gözlənilən nəticələri
idi.
Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə
Təhsil
İdarəsinin müdiri, əməkdar
müəllim
Xalq qəzeti.- 2011.- 11 iyun.- S. 4.