"Bakıya qardaşdır, durub yanaşı..."

 

Sumqayıt inkişaf parametrlərinə görə tezliklə daha yüksək uğurlar qazanacaq

 

Əhalisinin sayı 300 min nəfərə çatan, müasir şəhərsalma tələblərinə uyğun görkəmı olan Sumqayıt coğrafi relyef baxımından da əlverişli məkandır. Cəmi 60-70 il öncə onu qurub-yaradanların arzularının şəhəri idi, indi biz sumqayıtlıların taleyinin şəhəri sayılır.

SSRİ-nin süqutundan sonrakı böhran dövründə bu sosialist şəhərinin də infrastrukturu köhnəlib, kommunikasiyalarının bərpasına ehtiyac yaranıb. Buna görə də ölkə rəhbərliyinin bir əli elə Sumqayıtın üstündədir. Prezident İlham Əliyev gənclik şəhərindən qayğısını əsirgəmir, onun inkişafına daim diqqət göstərir. Məhz bunun sayəsində Sumqayıtda ötənlərin əgər-əskiyi, kəm-kəsiri bir-bir aradan qaldırılır, müasir tələblərə cavab verən həyat şəraiti formalaşdırılır. Genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni proqram və layihələrin tətbiqi hazırda şəhəri ikinci gəncliyinə qovuşdurmaqdadır.

Regional inkişaf üzrə Dövlət Proqramında nəzərdə tutulub reallaşdırılanlar Sumqayıtdan yan ötmür. Son illərdə tərəqqi naminə burada xeyli məqsədyönlü tədbir həyata keçirilib. Amma görüləsi işlər də az deyil. Şəhərin yeni rəhbərliyi məhz bu istiqamətdə yorulmaz səylər göstərir. Sənayenin dirçəldilməsi, sosial sferanın təzələnməsi, abadlıq və quruculuq tədbirləri bütün "cəbhə" boyu aparılır, -desək, yanılmarıq.

İcra hakimiyyətinin başçısı Eldar Əzizovun idarəetmə sahəsində təcrübəsi yetərincədir. Onun iş metodunda ərazilərdə görüşlər keçirib canlı dialoqlar, açıq diskussiyalar vasitəsilə, arzu və tələbləri nəzərə almaq şərtilə fəaliyyət konturlarını dəqiqləşdirmək, prioritetləri müəyyənləşdirmək mühüm yer tutur. Belədə istəyə nail olmaq, sözsüz ki, xeyli asanlaşır. Buradaca qeyd edək ki, məsələn, əgər abadlaşdırma sahəsini götürsək, Heydər Əliyev parkında, Nəsimi adına mədəniyyət və istirahət parkında, "Bələdiyyə" parkında, məhəllə və mikrorayonların ərazilərində yenidənqurma işlərinə start verilməsi elə əhali ilə görüşlərdə söylənilənlərin əməli nəticələridir.

...Xatırlayıram ki, aprelin əvvəllərində Eldar Əzizovun Corat qəsəbəsində sakinlərlə görüşü zamanı mərkəzi meydanın basırıq vəziyyəti, mədəniyyət evinin və qarşısındakı abidənin əsaslı təmirə ehtiyacının olması, su-kanalizasiya problemi kimi məsələlər qaldırılmışdı. İcra hakimiyyətinin başçısı bütün arzu və təkliflərin nəzərə alınacağına söz vermiş və camaata demişdi ki, bu görüşün ilkin nəticələrini tezliklə özünüz görəcəksiniz. Bircə ay sonra coratlılarla ikinci görüş artıq başdan-başa abadlaşdırılmış, müharibə qurbanlarının xatirəsinə ucaldılmış abidənin bərpa edildiyi, ətrafının səliqəyə salındığı, rahat oturacaqlar və işıqlandırma sistemi ilə təmin olunduğu meydanın yanındakı çox yaraşıqlı vəziyyətə gətirilmiş, dam örtüyü təzələnmiş mədəniyyət evində keçirildi. Hər kəs bundan son dərəcə məmnun qaldı. Sakinlər ürəkdən inandılar ki, digər problemləri də beləcə operativ həllini tapacaq və qəsəbədə həyat daha da gözəlləşəcək.

Şəhərin 13 və 18-ci mikrorayonlarında "Nümunəvi məhəllə"lərin yaradılması da sakinlərə eyni sevinc və fərəh hisslərini yaşadıb.

Eldar Əzizovun fikrincə, Sumqayıt müasir və maraqlı şəhərdir. Özünəməxsus memarlıq üslubu var və burada genişlik mövcuddur. Bununla yanaşı, şəhərdə çatışmazlıqlar da yox deyil. Qarşıda duran vəzifələrdən ən əsası Sumqayıtı tezliklə müasir sənaye mərkəzinə çevirmək, şəhərin ümumi görkəmini paytaxt Bakının standartlarına maksimum yaxınlaşdırmaq, sakinlərin rifah halını daha da yaxşılaşdırmaqdır.

Abadlıq tədbirləri şəhərin giriş qapısı sayılan "Sülh" küçəsindən başlanıb. Axı, şəhər haqqında ilkin təəssürat buradan yaranır. Çoxdan əkilmiş ağaclar budanıb. İndi təzə pöhrələri onlara xüsusi yaraşıq verir. Səki daşları dəyişdirilir. Yeni yaradılmış Mənzil Kommunal Təərrüfatı İstehsalat Birliyinin rəisi Abid Əliyev bizə məlumat verdi ki, "Sülh" küçəsi boyunca landşaft zövqlə sahmana salınır. Heydər Əliyev prospekti, "Azərbaycan" küçəsi və ulu öndərin adını daşıyan parkın ərazilərində də qranit tərkibli səki daşları qoyulur, onlara uyğun səkilər, piyada yolları qaydaya salınır.

Park və xiyabanların geniş təmirini "A+A", "Ximekspress" və sair ixtisaslaşdırılmış şirkətlər həyata keçirir. Artıq Heydər Əliyev parkının yeni layihəsi təsdiqlənib. Orada yaşıl örtükdən başqa heç nə köhnə qaydada qalmayacaq. Girişdən başlayaraq əraziyə mozaik daşlar döşənir. Oturacaqlar, suvarma və işıqlandırma sistemləri, tullantı yeşiklərinə qədər hər şey dəyişdiriləcək. Parkın adına yaraşmayan çoxsaylı bəsit kafelər köçürüləcək. Yeni, tələblərə uyğun istirahət guşələri, fontanlar yaradılacaq.

Səksən hektarlıq Nəsimi parkının gözəl təbii şəraiti olsa da, vəziyyəti heç də arzuedilən deyil. Prezident İlham Əliyevin tapşırığı ilə bu park üçün işlənib hazırlanmış çox gözəl layihə iki ilə başa çatdırılacaq və Sumqayıtın "yaşıl ada"sı bənzərsiz bir istirahət guşəsinə çevriləcək. Layihə Fransanın Kann şəhərinə uyğun şəkildədir: dəniz, çimərlik, bulvar və sonra da şəhər başlayır. Burada dayanacaqlar, istirahət guşələri, otellər, konsert, idman və əyləncə mərkəzləri yaradılacaq. Dəniz gəzintisi də nəzərdə tutulur. Sahil boyunca yeni Bakı-Sumqayıt avtomobil yolunun çəkilməsi də rahatlıq baxımından böyük perspektiv vəd edir. Hazırda parkda bataqlıqlar qurudulur, betonlama işləri görülür. Çimərliklə bulvarı ayıracaq divar tikmək da planlaşdırılır. Layihəyə, təbii ki, idman qaçışı üçün cığırlar, piyada gəzintisi yolları da daxildir.

Sumqayıtın küçələrinin işıqlandırılması, dövlət mənzil fonduna aid binaların yenilənməsi rəhbərliyin diqqətindədir. Bütün işıq dirəkləri şəhərin üslubuna uyğun dəyişdiriləcək. Hazırda yollarda nəqliyyatın hərəkətinə nəzarət edən müşahidə kameraları qurulur. Heydər Əliyev prospektindəki 17 bina təmir olunur. Dam örtükləri təzələnir, fasadlar üzlənir. İki aya bu işlər sona yetəcək. Həmin prospektlə "Sülh" küçəsi arasında yerləşən daha 10 binanın da yenidənqurulması üzrə layihə hazırlanır. İş prosesində yüngül materialdan istifadə edilir ki, binalara ağırlıq düşməsin. Nəsiminin abidəsi olan dairəyə yaxın 8 binanın klassik üslubda üzlənməsi onlara qədimlik koloriti qatacaq. Bu binalar köhnə olduğuna görə əlavə işlərdən ötrü ayrıca özüllər qazılır ki, divarlar zədələnməsin. Tədricən şəhərdə klassik görkəmli binaların sayı artacaq.

Sumqayıt Şəhər İcra hakimiyyətinin qarşısındakı meydanın da yeni layihəsi işlənməkdədir. Orada avtomobil yolu ləğv ediləcək. Piyada yolu isə bulvaradək uzadılacaq. Binanın fasadı dəyişiləcək. İndi klassik və modern layihə variantları nəzərdən keçirilir. Bu işlərə ölkəmizin tanınmış memarlarından Rəhim Seyfullayev, Şamil Buksayev, habelə Sumqayıt memarlıq və şəhərsalma idarəsinin mütəxəssisləri cəlb olunublar.

Prezidentin tapşırığına əsasən şəhər Cümə məscidinin əsaslı yenidənqurma layihəsi artıq reallaşdırılmağa başlayıb. Orada uca bir minarə, minbər və sair də tikilir. Binalar şərq memarlıq üslubunda, milli-dini element və ornamentlərlə zəngin olacaq. Məscidin axundu Hacı Rauf bizimlə söhbətində dövlətin dini-mənəvi dəyərlərə yüksək önəm verməsindən hədsiz razılığını bildirdi.

Sumqayıtı gözəlləşdirən təşkilatlardan biri İlqar Nuriyevin rəhbərlik etdiyi "Ximekspress" şirkətidir. Bu şirkət son illərdə yüzlərcə yaşayış binasının fasadını zövqlə rəngləyib, damları təzələyib, həyətləri abadlaşdırıb. Dünya standartları səviyyəsində uşaq-gənclər idman məktəbi yaradıb ki, olimpiya mərkəzlərindən heç də geri qalmır. Yeri gəlmişkən, dünyanın ən aparıcı idman avadanlıqları firmalarının məhsullarından istifadə ilə "boya-başa" çatdırılan bu məktəbin tezliklə açılışı olacaq. Yeni idman kompleksi Azərbaycanı beynəlxalq miqyasda daim layiqincə təmsil edən Sumqayıt idmançılarına dövlətimizin çox gözəl töhfəsidir.

İlqar Nuriyev söhbət zamanı Corat qəsəbəsinin mərkəzi dairəsini, 13 və 18-ci mikrorayonda "Nümunəvi məhəllə"ləri də onların yaratdıqlarını bildirdi:

-"Nümunəvi məhəllə" anlamına ətraf binaların tam təmir olunması, həyətlərin asfaltlaşdırılması, gül kollarının əkilməsi, yaşıllıqların artırılması, idman və uşaq-əyləncə qurğularının yaradılması, mövcud "xeyir-şər" evlərinin nümunəvi hala salınması, müasir işıqlandırma və s. daxildir. Biz əvvəlcə 18-ci mikrorayondan başladıq. Üç böyük binanın görkəmini dəyişdik, yeni rəng vurduq. Çoxlu oturacaq qoyduq, çardaqlar düzəltdik. Sonra Corat qəsəbəsindəki mərkəzi dairə qaydaya salındı. Orada klub tərəfdən avtomobil yolu ləğv edildi. Abidə və ətrafı nümunəvi vəziyyətə gətirildi. Mədəniyyət evi və digər obyektlərin kirəmitli, metal damları əvəz edildi, bina aqlay üzlüklə təzələndi. Güzgülü şüşələrdən istifadə olundu. Qısa vaxt ərzində oranı təhvil verə bildik. Paralel olaraq 13-cü mikrorayonda işləri davam etdirdik. Oradakı böyük bir məhəllədə iki binanın fasadı rəngləndi, həyətlər tam asfaltlaşdırıldı, "xeyir-şər" evi qaydaya salındı, dam örtüyü dəyişdirildi. Oğlanların futbol, qızlarınsa voleybol və basketbol oynamaları üçün süni örtüklü idman meydançaları yaradıldı. Bu günlərdə həmin şəhərciyin açılışı zamanı sakinlərin necə sevindiklərini özünüz də gördünüz. Amalımız da elə budur ki, insanların maksimum rahatlığını təmin edək.

"Nümunəvi məhəllə"lər yaradılmasında indi növbə 10 və 17-ci mikrorayonlarındır. Hələlik hər ərazidə bir belə məhəllə olacaq, sonra isə bütün həyətlər həmin standartlara yaxınlaşdırılacaq.

"Ximekspress" şirkəti 5-ci mikrorayondakı 1 saylı UGİM-in ətrafında ideal bir səliqə-sahman yaradıb. Ərazidəki dörd binanın fasadı rənglənib, eyvanlar təmir edilib, iki binanın dam örtüyü müasir şəkildə təzələnib. Məktəbin binası, açıq idman meydançaları, işıqlandırma sistemi elə gözəl görünür ki, baxdıqca baxmaq istəyirsən.

Sumqayıta yeni rəhbərlik gələndən sonra "Ximekspress" şirkəti 5 saylı uşaq poliklinikasının da əsaslı təmirini sona çatdırıb. İndi bu səhiyyə ocağı yanındakı uşaq xəstəxanası kimi göz oxşayır. "Bələdiyyə" parkında da bu şirkət genişmiqyaslı yenidənqurma işlərinə başlayıb. Çox keçməz ki, bu işlər də şirkətin adına layiq səviyyədə tamamlanar.

Xəzərin sahilində yaradılan "Sumqayıt gözəllik albomu"nun zümrüd səhifələrinin müəllifi mənzil kommunal təsərrüfatı istehsalat birliyinin yaşıllaşdırma idarəsidir. Kollektivə İlyas Həsənov rəhbərlik edir. Onun dediyinə görə, gənclik şəhərində adambaşına 26 kvadratmetr yaşıllıq düşür. Şəhərin yeni rəhbərliyi çəmənliklərin, yaşıl zolaqların artırılmasına ciddi önəm verir. Cari mövsümdə Sumqayıtda 15 min kvadratmetr yaşıllıq salınıb. Avropa mənşəli müxtəlif ağac və kolların əkininə üstünlük verilir. Əsasən "Sülh" və S.Vurğun küçələri, Heydər Əliyev və "Azərbaycan" prospektləri zümrüd rəngə boyanıb. Şəhərin girişindəki qarağaclar vegetasiya dövrünü başa vurduğuna görə aqrotexniki qaydada budanıb, yaşıllıq sırası quru və xəstə ağaclardan təmizlənib. Park və xiyabanlarda beş çeşiddə 45 min mövsümi gül əkilib. Dekorativ kollara forma verilib. Gündəlik olaraq biçmə, suvarma, becərmə aparılır. Şəhərdə yaradılan "Nümunəvi məhəllə"lərin yaşıl bəzəkləri də bu idarə tərəfindən vurulur.

Bəli, Sumqayıtda sosial inkişaf sürətlənir, abadlıq və quruculuq işlərinin miqyası genişlənir. Burada şəhərin Bakının standartları səviyyəsində inkişafı kimi xoş məram ifadə olunub. İnanmaq istərdik ki, belə də olacaq və paytaxtımıza ən yaxın məsafədə yerləşən Sumqayıt şəhəri bir çox parametrlərinə görə Bakıya çata biləcəkdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 14 iyun.- S. 6.