Bakı mədəni
həyatının yeni dövrünü
yaşayır
Bakı
mədəniyyətimizin də paytaxtıdır. Təsadüfi
deyil ki, 2009-cu ildə bu qədim şəhər İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuşdu. Bir vaxtlar Bakıda olmuş xarici
qonaqlardan birinin "Bakı əvvəlki şəhər
deyil" deməsi şəhərimizdə gedən quruculuq
işlərinin onun simasını dəyişdiyini bir daha təsdiq
edir. Doğrudan da, qədim tarixi abidələrlə zəngin
olan bu gözəl şəhər Şərqlə Qərb mədəniyyətinin
qovuşduğu bir məkanda yerləşdiyindən burada ortaq
mədəniyyətlər formalaşır. Bakının mədəni
həyatı yeni çalarlarla zənginləşir. Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
rəisi Əlikram Əliyevlə söhbətimizdə də
şəhərimizin mədəni həyatına bir nəzər
salmaq istədik.
-
Bakının dünyanın ən gözəl şəhərlərindən
birinə çevriləcəyi şübhəsizdir. Bu şəhərin
mədəni həyatı son illər böyük sürətlə
yeniləşməkdədir - deyə, Əlikram müəllim
söhbətə başlayır.
Bu
şəhər ölkənin həm də mədəniyyət
paytaxtıdır. Buradakı qədim mədəni və tarixi
abidələr həmişə ölkəyə gələn
xarici qonaqların diqqətini cəlb edib. Bu gün həmin
abidələr yenidən bərpa olunur, şəhərimizin
siması ağlagəlməz səviyyədə dəyişir.
Ölkə başçısı, hörmətli
Prezidentimizin qayğısı nəticəsində Bakı
yenidən qurulur, park və xiyabanlar salınır, yollar,
körpülər tikilir, mədəniyyət ocaqları əsaslı
təmir olunur, yeni, müasir üslubda mədəniyyət mərkəzləri
inşa olunur və s.
-
Şəhərimizin gözəlləşməsinə, onun mədəni
həyatında baş verən yeniliklərə təsir edən
amillər, sizcə, hansılardır?
- Ən
başlıcası ölkəmizdə davamlı şəkildə
həyata keçirilən mədəniyyət siyasətidir.
Bakı Şəhər İcra Hakimiyyəti son illər
paytaxtın mədəni həyatının zənginləşməsinə
böyük diqqət yetirir. Eləcə də, Mədəniyyət
və Turizm Nazirliyi bizim bütün tədbirlərimizə
xüsusi dəstək verir.
Şəhərimizdə
həyata keçirilən mədəni tədbirlər ölkədə
reallaşdırılan mədəniyyət siyasətinin məntiqi
davamıdır. Azərbaycanda mədəniyyətə
dövlət qayğısı var və mədəniyyət
işçiləri bu qayğını hər an hiss edirlər.
Bu siyasət davamlı xarakter almışdır.
Bakının İslam Mədəniyyətinin Paytaxtı elan
olunması böyük mədəni, siyasi hadisə idi. Bu
yaxınlarda Bakıda keçirilən Beynəlxalq Mədəniyyətlərarası
Dialoq Forumu Azərbaycan mədəniyyətinin dünyaya
inteqrasiyası istiqamətində görülmüş tədbirlər
sırasında öz əhəmiyyətinə görə
çox önəmli bir hadisəyə çevrildi. Bu gün
Bakı ən nüfuzlu beynəlxalq mədəni tədbirlərə
ev sahibliyi edir.
- Bu
sahədə Heydər Əliyev Fondu da çox uğurlu layihələri
reallaşdırır.
- Elədir.
Təkcə Bakının deyil, bütövlükdə Azərbaycanın
mədəni həyatında Heydər Əliyev Fondu çox
böyük xidmətlər göstərir. Baxın, son
dövrlərdə Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
mədəniyyətlə bağlı nə qədər layihələr
həyata keçirilib. Ən başlıcası budur ki, bizim
milli-mənəvi dəyərlərimiz - Novruz bayramı,
muğam, aşıq və xalça sənətlərimiz
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil
edilmişdir. Bakının çox gözəl guşələrindən
olan Milli Parkın ərazisində inşa edilən Muğam Mərkəzi
bu gün beynəlxalq və milli musiqi festivallarımızın
keçirildiyi mərkəzə çevrilmişdir. Elə həmin
ərazidə inşası başa çatmaqda olan Xalça
Muzeyinin binası da Bakının mədəni həyatına
çox qiymətli töhfədir.
Bu
yaxınlarda Bakıda keçirilən Beynəlxalq Muğam
Festivalı paytaxtımızın həyatında çox
önəmli hadisəyə çevrildi. Azərbaycan mədəniyyətinin
dünyada təbliği sahəsində də fondun həyata
keçirdiyi layihələr öz müsbət nəticəsini
verməkdədir.
-
"Eurovision" müsabiqəsində bu il Azərbaycanın
qələbəsi böyük tarixi-mədəni hadisəyə
çevrildi. Gələn il Azərbaycan bu müsabiqəyə
ev sahibliyi edəcək və artıq Bakı bu mühüm tədbirə
indidən hazırlaşır. Bakının mədəni həyatında
bu tədbirin böyük rol oynayacağı da şübhəsizdir.
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin rəhbəri kimi bunun şəhərimizin həyatına
təsirini necə qiymətləndirirsiniz?
- Biz
bu musiqi yarışmasındakı qələbəmizlə
sübut etdik ki, Azərbaycanın incəsənətin
bütün sahələrində dünyaya çıxmaq
imkanları var və hətta, qələbə çalmaq belə
mümkündür. Azərbaycanın bu qələbəsi onu
dünyaya bir daha tanıtdı. Hələ də Azərbaycana
dünyanın hər yerindən təbrik teleqramları gəlməkdə
davam edir. Bakı artıq gələn il keçiriləcək
bu beynəlxalq müsabiqəyə ev sahibliyi etməyə
hazırlaşır. Artıq təşkilat komitəsi
yaradılıb və bu işə rəhbərlik Mehriban
xanım Əliyevaya həvalə edilib. Mehriban xanımın
yüksək təşkilatçılıq
bacarığı, intellekti bu tədbirin də beynəlxalq səviyyəyə
uyğun təşkil olunmasına imkan yaradacaqdır.
Bakıya
dünyanın hər yerindən mədəniyyət, incəsənət
xadimləri gələcək. Onlar şəhərimizin tarixi,
mədəni abidələri ilə tanış olacaqlar. Bu
paytaxtımızın mədəni əlaqələri
üçün böyük şans yaradacaq.
Xeyli
vətəndaşımız işlə təmin olunacaq. Biz
bu tədbirə ev sahibliyi etməklə çox gözəl,
yaraşıqlı bir konsert salonu da əldə edəcəyik.
Bakı
"Eurovision" beynəlxalq mahnı müsabiqəsinə
ev sahibliyi etməklə turizm sahəsində də yeni
dividentlər qazanacaq. İnanıram ki, Bakının
bugünkü gözəlliyini görən qonaqlar bir daha
turist kimi bu şəhərə qayıtmağa ehtiyac
duyacaqlar.
-
Bakının ətraf qəsəbələrinin mədəni
həyatı da son illər yeniləşməkdədir. Bu
istiqamətdə hansı işlərin görülməsi nəzərdə
tutulur?
- Son
bir neçə ildir ki, Bakının ətraf qəsəbələrinin
inkişafına dövlətimiz xüsusi diqqət göstərir.
Bu qəsəbələrdə infrastrukturların yenidən
qurulması, sosial sferanın davamlı inkişafı
üçün çox önəmli layihələr həyata
keçirilir. Yeni yollar çəkilir, idman kompleksləri
yaradılır, tarix və mədəniyyət abidələri,
məktəblər, tibb ocaqları əsaslı təmir
edilir, yeni təhsil ocaqları, xəstəxanalar tikilir, əhalinin
sosial vəziyyəti əsaslı şəkildə yaxşılaşdırılır.
Bu qəsəbələrin
inkişafına dövlət başçısı cənab
İlham Əliyev xüsusi diqqət göstərir. Qəbul
olunmuş dövlət proqramları qəsəbələrin
bir çox problemlərinin həllində əhəmiyyətli
rol oynamışdır. Təsadüfi deyildir ki, bu
yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətində
cənab Prezidentin iştirakı ilə Bakı şəhəri
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
müşavirə keçirilmişdir. Orada cənab Prezident
bununla bağlı Dövlət Proqramının qəbul
olunacağını bildirmiş və artıq həmin proqram
dövlət başçımız tərəfindən təsdiq
edilmişdir.
Bakı
qəsəbələrinin inkişaf proqramında 19 mədəniyyət
müəssisəsinin təmiri nəzərdə tutulub. Onlar
arasında musiqi məktəbləri, mədəniyyət evləri,
kitabxanalar, muzeylər də var. Həmçinin, bu proqramda
yeni mədəniyyət müəssisələrinin inşası,
tarixi-mədəni abidələrin təmiri məsələləri
də vardır.
Söhbət
təkcə müəssisələrin təmirindən getmir.
Eyni zamanda, onların maddi-texniki təchizatı məsələlərinə
də diqqət yetirilir. Biz bu qəsəbələrdə əhalinin
mədəni istirahəti üçün hər cür şərait
yaradılmasına çalışırıq.
Qəbul
olunmuş dövlət proqramları məhz əhalinin güzəranının
yaxşılaşmasına, həyatımızın daha da
gözəlləşməsinə xidmət edir. Bu gün qəsəbələrimizin
əhalisinin sosial vəziyyəti, Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərin reallaşması nəticəsində
xeyli yaxşılaşmışdır.
Biz
bu qəsəbələrdə bir sıra layihələri
reallaşdırırıq. Xüsusilə, gənclərin məşğulluğu,
onların ictimai proseslərə cəlb olunması istiqamətində
müəyyən tədbirlər həyata keçiririk.
İlin əvvəlində biz Bakı şəhərində
mərkəzləşmiş kitabxana şəbəkəsinin
yaradılması layihəsini həyata keçirdik. Bu,
Bakı şəhər qəsəbələri əhalisinə
kitabxana xidmətinin yeni metodlarla təşkilinə əhəmiyyətli
dərəcədə imkan yaratdı. Artıq köhnə
metodlarla işləmək mümkün deyil. İnsanlar
müasir dövrün tələblərinə uyğun xidmət
gözləyir. Bunu isə, biz həyata keçirməliyik.
İki
aydır idarəmiz tərəfindən "Gənc turist"
layihəsi həyata keçirilir. Qəsəbələrimizdə
gənc turist klubları yaratmışıq. İndi bu
klubların min nəfərdən çox üzvü var. Klub
üzvü olan gənclərə yaradıcı qəsəbənin
tarixi, mədəniyyəti haqqında geniş məlumatlar
verilir. 75 gənc turist klubunun üzvü turistlərə
öz qəsəbələri haqqında hər cür məlumatları
çatdıra bilirlər. Bu layihə gənclərdə
turizmə marağın artması məqsədi
daşıyır.
Bizim
bir sıra layihələrimiz də var ki, mən onları tam
açıqlamaq istəmirəm. Onu demək istəyirəm
ki, bütün fəaliyyətimizin bir məqsədi var. O da
bundan ibarətdir ki, əhalimizin mədəni təlabatı
müasir dövrün tələblərinə uyğun şəkildə
ödənilsin. Biz Bakımızı daha da gözəl və
inkişaf etmiş mədəniyyət şəhəri kimi
görmək istəyirik.
Əlbəttə,
dövlət başçımızın Bakının
inkişafına göstərdiyi diqqət və qayğı
bir daha təsdiq edir ki, Bakı yaxın gələcəkdə
dünyanın ən sivil şəhərləri
sırasında olacaq.
Söhbəti yazdı: M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 14 iyun.- S. 4.