Böyük
Qayıdış
İstər
bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı,
istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat
amalım yalnız bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olmuşdur. Bu yolda bütün gücümü və
iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib.
Heydər Əliyev,
Ümummilli lider
Azərbaycanda müstəqil dövlət
ideyası respublikamızın ən yeni tarixində məhz
Heydər Əliyevin adı və şəxsiyyəti ilə
bağlıdır. SSRİ dövlət təhlükəsizliyi
sistemində sıravi işdən komitə sədri vəzifəsinə
yüksəlmiş, daha sonra AKP MK-nın birinci katibi
seçilmiş ulu öndərimiz sovet rejiminin ideoloji məsələlərə
xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın
milli maraqları üçün mümkün olan
bütün işləri gördü. Sovet rejiminin sərt
qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və
ədəbi-mədəni inkişafa, müstəqil
düşüncəyə yol açdı. Qısa zaman kəsiyində
Azərbaycan ittifaq tərkibində o zaman üçün
müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi.
Ümummilli liderimizin rəhbərliyi ilə XX əsrin 70-ci
illərində elə bir tarixi bünövrə
yaradıldı ki, onun möhkəm dayaqları üzərində
gələcəkdə müstəqil Azərbaycanın
qurulması mümkün oldu.
Müstəqil
Azərbaycanın qısa müddətdə sosial-iqtisadi sahədə
qazandığı böyük uğurlar ümummilli lider Heydər
Əliyevin hələ ötən əsrin 70-80-ci illərində
formalaşdırdığı iqtisadi resurslardan, intellektual sənaye
və istehsal potensialından qaynaqlanır. 1969-cu ilin iyulun 14-də
Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev
respublikanın keçmiş ittifaq miqyasında geridə
qalmış respublikalardan biri kimi tanınması ilə
barışmayaraq mövcud vəziyyətin kökündən
dəyişdirilməsi üçün qətiyyətli
addımlar atmış, mövcud resursları səfərbər
etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin
aradan qaldırılmasına
çalışmışdır. Ulu öndər
respublikanın sosial-iqtisadi cəhətdən geridə
qalmasının səbəblərini ilk gündən müəyyənləşdirmiş,
nöqsanların, çatışmazlıqların həllinə
nail olmuşdur.
İctimai-iqtisadi həyatın yeniləşdirilməsi üçün ən müxtəlif sahələrdə kardinal islahatları təmin edən ulu öndər 60-cı illərin sonunda bir sıra iqtisadi göstəricilərinə görə keçmiş ittifaq miqyasında son sıralarda dayanan Azərbaycanı qısa müddətdə öncül mövqelərə çıxarmağa müvəffəq olmuşdur. Sənayedə, kənd təsərrüfatında tətbiq olunan səmərəli idarəçilik mexanizmlərinin nəticəsi olaraq qeyd olunan illərdə ictimai məhsulun və milli gəlirin həcmi ayrılıqda 2,1 dəfə, o cümlədən, sənaye istehsalının həcmi 2,2 dəfə, əmək məhsuldarlığı 67 faiz artmışdır.
Həmin dövrdə sənayenin inkişaf səviyyəsinə uyğun respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atılmış, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı üçün kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Ulu öndər yaxşı bilirdi ki, respublikanın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz Azərbaycanda inşa olunmalıdır. O illərdə Heydər Əliyevin qətiyyəti sayəsində keçmiş ittifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. 1970-1980-ci illərdə respublikada 125, o cümlədən, 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61 sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.
Milli iqtisadiyyatda neft sənayesinin prioritet rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev bu sahənin dinamik inkişafına da xüsusi diqqət yetirmiş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olmuşdur. 70-ci illərin əvvəllərindən etibarən neft sənayesinin inkişafında yeni mərhələ başlamış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. O zaman respublikanın neft maşınqayırması keçmiş ittifaqın neft-mədən avadanlığının üçdə birindən çoxunu, neftçıxarma texnikasının isə 70 faizini istehsal edirdi. Həmin illərdə ittifaq miqyasında yeni yataqların kəşfiyyatı, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan neft və qaz quyularının qazılması və istismarı sahələrindəki əsas yeniliklər də Azərbaycanın payına düşürdü.
Həmin dövrdə məlum olduğu kimi ittifaqdaxili ixtisaslaşma və ayrıca bir müttəfiq respublikanın ərzaq müstəqilliyi arasında qeyri-aşkar ziddiyyətlər var idi. Həmin ziddiyyəti aradan qaldırmaq və keçmiş ittifaqda əmək bölgüsünü dəyişdirməklə bağlı təkliflərlə çıxış etmək respublika rəhbərliyindən böyük siyasi qətiyyət tələb edirdi. Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatında ixtisaslaşmanı ərzaq təhlükəsizliyi meyarına uyğun yenidən qurmaq istiqamətində sistemli tədbirlər həyata keçirdi. Regionların təbii-iqlim şəraitini nəzərə almaqla ərzaq müstəqilliyini möhkəmləndirmək üçün mühüm addımlar atıldı.
Heydər Əliyevin 1982-ci ildən sonra siyasi fəaliyyəti Kremlə bağlansa da, müdrik rəhbər xalqına və respublikasına maksimum dərəcədə diqqət və qayğı ilə yanaşırdı. Bununla belə, 80-ci illərin ikinci yarısında keçmiş SSRİ-də müşahidə olunan iqtisadi böhran respublikadan da yan keçməmiş, milli iqtisadiyyatda durğunluq və geriləmə meyilləri özünü göstərmişdir. 1986-cı ildə ümumi milli gəlirin səviyyəsi 1985-ci ilə nisbətən 101,6 faiz olmuşdu ki, bu da Azərbaycan üçün son 10 ildə ən aşağı artım tempi idi. Bu, yeni istehsal güclərinin vaxtında işə salınmaması, hasilat sənayesində kəskin azalma ilə əlaqədar idi. Respublikanı idarə edən o vaxtkı rəhbərlər ümumi milli gəlirin səviyyəsinin artım tempinin aşağı düşməsindən nəticə çıxarmırdılar. Xüsusən də 1990-1993-cü illərdə obyektiv və subyektiv səbəblər üzündən iqtisadiyyatında tənəzzül, böhranlar və əks proseslərin genişlənməsi, idarəetmədə səriştəsiz və bacarıqsız adamlara geniş meydan verilməsi az qala Azərbaycanın dövlət kimi süqutuna səbəb olacaqdı.
Tarixi ekskurs göstərir ki, dövlətçiliyin kəşməkəşli məqamlarında dövlət quruculuğunun əsas ağırlığı ayrı-ayrı dövlət xadimlərinin üzərinə düşmüşdür. Son dövr dövlətçiliyimizin qurulması, fransız sovetoloqu Jan Durenin sözləri ilə desək, "canlı əfsanə" Heydər Əliyevin üzərinə düşmüşdür və dövlətçilik tariximizin bu mərhələlərlə müqayisədə, əgər belə paralel mümkünsə, bəlkə də daha mükəmməl dövrə təsadüf etmişdir.
Bu, o dövr idi ki, "yenidənqurma" pərdəsi altında həyata keçirilən siyasət əslində sosializmin iqtisadi dayaqlarının sarsıdılmasına yönəldilmişdir. Bu gizli məqsədə nail olunması üçün SSRİ-nin tərkibindəki respublikalar və millətlər arasında ayrıseçkilik salınmaqla ölkədə özünüdağıtma mexanizmi işə salınmışdı. Məhz bu "münbit" şəraitdə erməni separatçıları, XX əsrin əvvəllərində olduğu kimi, yenidən dənizdən-dənizə "Böyük Ermənistan" dövləti yaratmaq niyyətlərini reallaşdırmağa başlamışdılar.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkənin başının üstünü almış bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini qazanmış Heydər Əliyev idi. Bu baxımdan 1993-cü ildə dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc- mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın qərarı Bakıya - ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsi idi. Bu məqsədlə Naxçıvana, ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Ölkəyə rəhbərlik edən qüvvələr Azərbaycanı saldıqları girdabdan xilas etmək üçün Heydər Əliyevin Bakıya gəlməsini arzulayırdılar.
Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".
Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi, sözün əsil mənasında, siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycanın milli qurtuluşu ilə dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Milli Qurtuluş yeni, yüksək intibaha açılan qapı kimi tariximizi şərəfləndirdi. Xalq bu qapıdan keçərək özünə gəldi. Dahi öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.
Bu reallıqları nəzərə alan Türkiyə Respublikasının ordu generalı Doğan Günəş deyirdi: "Türk milləti tarix boyunca zaman-zaman böyük sərkərdələrini meydana çıxarmışlar. Heydər Əlirza oğlu o böyük sərkərdələrdən biridir. Mustafa Kamal Paşa Türkiyəni düşdüyü girdabdan çıxardığı kimi, Heydər Paşa da Azərbaycanı bu bəladan qurtaracaqdır".
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dəyişən dünyada əvvəlki iqtisadi siyasətin aparılmasının perspektivsiz olduğunu qəti surətdə ortaya qoydu və 1991-ci ildə Naxçıvan MR-da başlanan özəlləşdirmə təcrübəsi əsasında 1995-ci ildən etibarən respublikanın aqrar sahəsini bütövlükdə əhatə edən aqrar islahatlar kursuna start verildi. İslahatların ilkin olaraq aqrar sahədən başlanması heç də təsadüfi deyildi. Çünki beynəlxalq təcrübəyə əsasən aqrar sahənin və onun tərkib hissəsi olan kənd təsərrüfatının inkişaf səviyyəsi ölkənin ümummilli iqtisadi inkişaf səviyyəsini xarakterizə edən əsas amil sayılır. Kənd təsərrüfatında istehsal mədəniyyəti isə ölkə mədəniyyətinin təyinedici bir amili kimi çıxış edir.
Dünyada analoqu olmayan aqrar islahatların Azərbaycan modelinin həyata keçirilməyə başlanmasından 10 il keçir. Çox da böyük olmayan bu müddət ərzində aqrar sahənin yeni iqtisadi şəraitə müvafiq olan dayanıqlı inkişafının möhkəm təməli qoyulmuşdur. Belə ki, aqrar islahatların başa çatmış birinci mərhələsində yerlərdə bazar iqtisadiyyatına uyğun müxtəlif təsərrüfatçılıq sistemi formalaşdırılmaqla kənd təsərrüfatında məhsul istehsalı sabitləşmiş və ilbəil real artım tempinə nail olunur.
Özəlləşdirmə prosesi ilə paralel respublikamızda həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. Ölkənin daxili və xarici siyasəti düzgün kursla, ardıcıl inkişaf etdirilirdi. Sosial sahələrdə irəliləyişlərə nail olundu. Müstəqil Azərbaycan tam dolğun həyat yaşamağa başladı. İndi onun səsi dünya təşkilatlarından, beynəlxalq qurumlardan daha gur gəlir.
Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyevin siyasi xəttinin bir neçə aspektinə diqqət yetirməklə, onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev ulu öndərin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum neft və qaz kəmərlərinin inşasının başa çatdırılması ilə İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Dövlətimizin başçısı əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə möhkəm və dönməz zəmin formalaşdırıb. Cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən, atdığı hər addımda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyən cənab İlham Əliyev bu gün hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib.
Sadıq SALAHOV,
Azərbaycan Kənd
Təsərrüfatının
Təşkili və
İqtisadiyyatı İnstitutunun
direktoru, iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti.- 2011.- 14 iyun.- S. 3.