Heydər Əliyevin
böyük dövlətçilik təfəkkürü və
sarsılmaz siyasi iradəsi milli qurtuluş tariximizin
etibarlı təməlidir
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə qayıdışı Azərbaycanın bir
ölkə olaraq həyatının tamamilə dəyişməsi
ilə müşayiət edildi.Dahi şəxsiyyətin rəhbərliyə
gəlişindən sonra respublikamız inkişaf, tərəqqi
və yüksəliş dövrünə qədəm qoydu.
Xatırladaq ki, 1993-cü ilin əvvəlində səriştəsiz rəhbərlik nəticəsində ölkə həyatının bütün sahələrini böhran bürümüşdü, müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi. Ölkədəki xaos və anarxiyanın son akkordu olan Gəncə hadisələrindən iki gün keçməsinə baxmayaraq, rəhbərlikdəkilərin vəziyyət haqqında heç bir xəbəri yox idi və onlar prosesləri idarə edə bilmirdilər. Real təhlükə təkcə dövlətçiliyimizə deyil, həm də hər bir vətəndaşa qarşı yönəlmişdi. Əhali evdən bayıra çıxa bilmirdi. Xarici havadarlarının köməyi ilə cənubda "Talış-Muğan Respublikası" yaratmağa cəhd göstərilir, şimalda separatçılıq meyilləri güclənirdi. Cəmiyyətdə böyük bir ümidsizlik yaranmışdı.
Belə günlərdə xalq gözünü böyük oğlu, daim qəlbində yaşatdığı Heydər Əliyevə dikmişdi. Ulu öndər təkcə ötən əsrin 70-80-ci illərindəki quruculuq fəaliyyəti ilə deyil, eyni zamanda, blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə sevilirdi və insanlara Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas verirdi. Ziyalılar, sadə əmək adamları Naxçıvanda ulu öndəri ziyarət edir, onu hakimiyyətə qayıtmağa çağırırdılar. 1992-ci ilin oktyabrında Azərbaycan ziyalıları tərəfindən bu böyük şəxsiyyətə müraciət olunaraq ümummilli liderin rəhbərliyi ilə siyasi partiya yaradılmasını təklif etdilər.
Xalqın təkidli tələbi və iqtidarın dəfələrlə xahişindən sonra Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi əslində Azərbaycanın xilasını bəyan edən hadisə idi...İyunun 13-də Milli Məclisin iclasında Heydər Əliyevin Gəncəyə getmək barədə təklifi o dövr üçün son dərəcə təhlükəli və eyni zamanda, cəsarətli bir addım kimi qiymətləndirilməlidir.
Bir gün sonra Gəncədən qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün Azərbaycan üçün əsl Qurtuluş Günü oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini əvvəlcədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, güclü şəxsi nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı respublikanın başının üstünü alan təhlükələri aradan qaldırdı.
Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi və ölkənin dünya birliyinə fəal inteqrasiyası başlandı. İdarəetmə sistemi yaradıldı və 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə dirçəliş dövrü yaşandı.Ölkədə siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşdı.
Ulu öndər hakimiyyətə yenidən qayıtdıqdan sonra Azərbaycanda yanacaq-energetika ehtiyatlarının, nəqliyyat-kommunikasiya sisteminin, kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atıldı. İqtisadiyyatdakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısı alındı, makroiqtisadi sabitliyə nail olundu, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatlarına start verildi, özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi üçün qətiyyətli qərarlar qəbul edildi. Bu dövrdə xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşıldı. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlandı, bu proses mərhələlərlə həyata keçirildi.
"Əsrin müqaviləsi"nin imzalanması ilə bağlı Azərbaycan iqtidarının o zaman bəzi Qərb dövlətləri ilə apardığı danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar da az deyildi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam oturuşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda bu müqavilənin imzalanması bir çoxlarına əfsanə kimi görünürdü. Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq və qətiyyət tələb edirdi. Lakin prinsipial xarakterə malik ümummilli liderimiz Heydər Əliyev kənar maneələrə mətinliklə sinə gərərək Qərbin aparıcı şirkətlərini bu müqavilənin səmərəliliyinə inandıra bildi. Nəhayət, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı altında daxil olan neft kontraktının təntənəli imzalanma mərasimi keçirildi.
Ulu öndər Azərbaycanın beynəlxalq təsərrüfat sisteminə uğurlu inteqrasiyasını təmin etmək üçün həm də ölkənin tranzit-kommunikasiya imkanlarından səmərəli istifadəni vacib saymışdır. Cənubi Qafqaz xalqlarının iqtisadi və mədəni inteqrasiyasının əhəmiyyətini nəzərə alan Heydər Əliyev Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi kimi qlobal rola malik beynəlxalq layihənin gerçəkləşməsi təşəbbüsünü irəli sürmüş, beləliklə, Azərbaycanın perspektivdə tranzit məkana çevrilməsinə nail olmuşdur. TRASEKA layihəsi Avropa İttifaqının 1993-cü ildə Brüsseldə keçirilən sammiti zamanı Orta Asiya ölkələri, Cənubi Qafqaz respublikaları və təşkilatla imzalanmış sazişə əsasən həyata keçirilmişdir. 1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlanmışdır. Məhz bu proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" layihəsi irəli sürülmüş, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan nümayəndələrinin iştirakı ilə onun müzakirəsi keçirilmişdir. Müzakirələrin yekunu olaraq "Brüssel bəyannaməsi" adlı iki rəsmi sənəd imzalanmış, qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.
TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans da məhz ulu öndər Heydər Əliyevin diplomatik səyləri ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmişdir. Konfransın yekun sənədi olaraq "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" adlanan mühüm sənəd imzalanmışdır. Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində "Böyük İpək yolu"nun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.
Ulu öndərin uzaqgörən siyasəti sayəsində respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması kimi mürəkkəb sosial, iqtisadi və təşkilati-texniki prosesdə yaxından iştirak edərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin gerçəkləşdirilməsi təşəbbüslərini də dəstəkləmişdir. Azərbaycanın əlverişli geosiyasi mövqeyə malik olması ona Şərq-Qərb və Şimal-Cənub əlaqələrində xüsusi əhəmiyyət verilməsinə gətirib çıxarmış, respublikamız bu əlverişli geoiqtisadi məkanda ticarət dəhlizi rolunu gücləndirmişdir. Avropa və Asiyanın, Şimal və Cənubun kəsişməsində yerləşən Azərbaycan regionda enerji və yük daşınması üçün qovşaq yolunu oynamaq üçün unikal imkanlara malik olduğunu nümayiş etdirmişdir.
Ulu öndərimizin hakimiyyətə qayıdışından sonra bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı da diqqət mərkəzində saxlanıldı. Xatırladaq ki, bu sahə keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədləri uğurla reallaşdırmasında mühüm rol oynayır. O dövrdə özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması da Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlmişdir. Ümummilli liderimiz Heydər Əliyev hər zaman bəyan etmişdir ki, bazar iqtisadiyyatına keçid dövründə sahibkarların fəaliyyətinə normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, yeni iş yerlərinin açılışına nail olmaq, eləcə də sosial xarakterli digər problemləri həll etmək mümkün deyildir. 1995-ci ildən başlayaraq respublikada həyata keçirilən islahatlar Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsalını reallaşdıran müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi daim diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Ulu öndərimiz aqrar sektorda sürətli islahatların aparılmasına mühüm diqqət yetirərək torpağı əsl sahibinə - kəndlilərə qaytarmağa nail olmuş, bu sahəni bir sıra vergilərdən azad etməklə nümunəvi fermer təsərrüfatlarının formalaşmasına əsaslı dəstək vermişdir. Görülən işlərin nəticəsi kimi özəl sektorun milli iqtisadiyyatdakı xüsusi çəkisi 1996-cı ildəki 27 faizdən 2003-cü ildə 70 faizə yüksəlmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında 1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" isə əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. İqtisadi inkişaf prosesində sahibkarlıq subyektlərinin həlledici rolunu önə çəkən həmin Dövlət Proqramında bu sahədə hökumətin üzərinə düşən əsas öhdəliklər əksini tapmış, həyata keçiriləcək islahatların əsas məzmunu açıqlanmışdır. Dövlət Proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir. Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.
Ulu öndərimiz Heydər Əliyev daim iş adamlarının mənəvi hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın "lokomotiv" qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur. 2002-ci ilin 10 və 25 aprel tarixlərində yerli və xarici sahibkarlarla görüşən ulu öndərimiz onları üzləşdiyi problemlər barədə açıq danışmağa dəvət etmiş, yaxından dinləmiş, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına zəruri tapşırıq və tövsiyələrini vermişdir. Həmin görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı" özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Dövlət Proqramında respublikada formalaşmış siyasi və makroiqtisadi sabitliyin yaratdığı imkanlardan yetərincə istifadə olunmadığı, sahibkarlığın inkişafı üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulduğu fikri öz əksini tapmışdır. Həmin Dövlət Proqramı sahibkarlığın daha sürətli inkişafına, özəl sektorun ölkənin ixrac potensialındakı rolunun gücləndirilməsinə, onun bazar iqtisadiyyatı sisteminə təsirinin daha da artırılmasına əlavə impulslar vermişdir. Proqramın başlıca qayəsi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi prosesinin təkmilləşdirilməsinə nail olmaqdan, kiçik və orta sahibkarlığın maliyyə-texniki imkanlarını yaxşılaşdırmaqdan, regionlarda bu sahənin inkişafını sürətləndirmək yolu ilə yeni iş yerlərinin yaradılmasından ibarət olmuşdur. Nəzərdə tutulmuş tədbirlərin uğurla gerçəkləşdirilməsi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin sayı durmadan artmış, iş adamlarının iqtisadi quruculuq proseslərinə müsbət təsiri genişləndirilmiş, sosial problemlərin həlli istiqamətində yeni imkanlar açılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Məsələn, Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edilmiş, məhkəmə sanksiyası olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağan olunmuşdur. Bu, həm də hər bir vətəndaşın ölkə Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət toxunulmazlığı hüququnun daha etibarlı təminatı məqsədindən irəli gəlmişdir. Eyni zamanda, Vergilər Nazirliyinə səyyar vergi yoxlamalarının sayını azaltmaq, bir-birini təkrarlayan əsassız yoxlamalara yol verməmək, vergilərin əvvəlcədən qanunsuz ödənilməsinin, bank hesabları üzrə əməliyyatların qeyri-qanuni surətdə məhdudlaşdırılması hallarının qarşısını almaq barədə ciddi tapşırıq verilmişdir. Bundan başqa, şəhər və rayon icra hakimiyyətləri başçıları öz səlahiyyətləri daxilində nəzarət və yoxlama funksiyalarını həyata keçirən müxtəlif qurumları 10 gün müddətində ləğv etmişdir. Dövlət Yol Polisinin işçi heyəti 15 faiz, Vergilər Nazirliyinin işçi heyəti isə 40 faiz ixtisar edilmişdir. Onu da deyək ki, sahibkarlıq subyektlərində nəzarət kitabçalarının yerləşdirilməsi qanunsuz yoxlamaların sayının azaldılması baxımından uğurlu mexanizm kimi özünü təsdiqləmişdir. Sahibkarlığın inkişafına xidmət edən dövlət proqramlarının qəbulundan sonra imzalanmış yuxarıda adı çəkilən direktiv sənədlər mühüm əhəmiyyət daşımaqla bu sahədə mövcud əngəllərin aradan qaldırılmasında təxirəsalınmaz və təsirli tədbirlərin görülməsini təmin etmişdir.
Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması da Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlmişdir. 1995-ci ildən başlayaraq respublikada həyata keçirilən islahatlar Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir.
Ulu öndər Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etmək, "Holland sindromu"na imkan verməmək idi. "Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə mənsubdur" - deyən ümummilli lider iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyini daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyəti dayandırılmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmışdır. Neftdən qazanılan gəlirlərin indiki və gələcək nəsillərin mənafeyi naminə düzgün istifadə olunması üçün zəruri tədbirlər həyata keçirilmiş, Dövlət Neft Fondunun yaradılması bu istiqamətdə mühüm addım olmuşdur.
Aqrar islahatları daha da dərinləşdirmək, onun ikinci mərhələsinə keçidi təmin etmək, kəndli-fermer təsərrüfatlarının bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə yeni forma, prinsiplər və qaydalara əsaslanan, müasir tipli kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə ciddi addımlar atılmışdır.
Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunu iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf yolu hesab edir, tətbiq olunan hər hansı mütərəqqi yeniliyin xalqın milli xüsusiyyətləri, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayırdı: "Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir".
Heydər Əliyevin siyasi kursu bu gün onun ideyalarına sadiq qalan Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimizin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək qiymətləndirdiyi Prezidentimiz cənab İlham Əliyev bu gün həqiqətən də xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir. Bizim hər birimiz də dahi öndərə məhəbbətimizin təzahürü olaraq Prezidentin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməyə çalışırıq.
Biz inanırıq ki, siyasət aləmində öz sözünü deyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin hərtərəfli inkişafı naminə bu işləri bundan sonra da uğurla davam etdirəcək, işğal altında olan torpaqlarımız geri qaytarılacaq, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirəcəkdir.
Elşad ABBASOV,
"Embawood"
şirkətinin prezidenti
Xalq qəzeti.- 2011.- 15 iyun.- S. 5.