Qurtuluşun ilk günündə xilaskarın
çıxışı böyük tarixi sənəd oldu
İndi
bizim respublikanın gərgin vəziyyətdə
olmasının əsas səbəblərindən biri iyun
ayının 4-də Gəncədə baş vermiş hadisələrdir.
Hadisələr dəhşətlidir, qan tökülüb,
cinayət edilib. Bunlar araşdırılmalıdır və
bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak
etmiş adamlar, cinayəti təşkil etmiş şəxslər
hansı tərəfdən asılı olmasına baxmayaraq,
qanun qarşısında məsuliyyət
daşımalıdır.
Ulu
öndər Heydər Əliyevin parlament sədri seçildikdən
sonra deputatlar qarşısındakı ilk
çıxışından.
Bakı, 15 iyun, 1993-cü il
1993-cü il iyunun 15-də Ali
Sovetin sədri seçilmiş Heydər Əliyevin parlament
tribunasından ilk çıxışı məhz belə dəyərləndirilir
Qanun
qarşısında məsuliyyət daşımaq. Bu,
ümummilli lider Heydər Əliyevin həyat kredosu, fəaliyyət
istiqaməti, siyasi amalı, hüquqi məqsədi idi. Yəni
qanun və məsuliyyət məfhumları onun
üçün hər şey idi. Çox təəssüf
ki, o dahi dövlət qurucusunun siyasi hakimiyyətə
qayıdışınadək müstəqil Azərbaycanda nə
qanuna məhəl qoyan var idi, nə də məsuliyyət
hissi barədə düşünən. Ölkənin siyasi
nüfuzunu heçə endirənlər elə güman edirdilər
ki, aydan arı, sudan durudurlar. Ordunu çoxsaylı hissələrə
parçalayıb ayrı-ayrı imkanlı adamların və
"siyasətçilərin" tabeçiliyinə verənlər
elə düşünürdülər ki, milləti ağ
günə çıxarıblar. Ölkənin xanlıqlara
parçalanmasına rəvac verənlər elə bilirdilər
ki, peyğəmbər kimi məsum, imam kimi
günahsızdırlar. Əhaliyə ərzaq taxılı əvəzinə
mal-qara yemindən çörək bişirtdirənlər
özlərini millətin atası hesab edirdilər.
Düşmən qabağından qaçmağı fərasət,
xəyanəti siyasət kimi qəbul edənlər
bütün məclislərin başında otururdular. Bir tərəfdən
də Surət Hüseynovun hirsi, hikkəsi ölkədə
qardaş qanının tökülməsinə səbəb
olmuşdu. Azərbaycan bu gündə idi...
Respublika
qan ağlayırdı. Bu qanlı göz yaşları təkcə
aclığa, kasıblığa, kiminsə ölməsinə,
itməsinə görə deyildi. Azərbaycan xalqı tarixən
həmin məhrumiyyətlərin hamısına dözüb.
Dözülməsi mümkün olmayan, millətin göz
yaşını ürəyinə axıdan ən ağır
problem müstəqilliyin yenidən itirilməsi təhlükəsi
idi. Tanrının bəxş etdiyi bu səadəti növbəti
dəfə əldən vermiş olsaydıq, ona bir də nə
zaman qovuşacağımızı heç kəs bilmirdi. Yəni
93-cü ilin yayında Azərbaycan xalqı milli istiqlaldan məhrum
olmağın bircə addımlığında idi. Siyasətçilər
bu addımın qarşısını almaq üçün
heç bir iş görmək iqtidarında deyildilər. Xalq
isə həmişə olduğu kimi, yenə də
ağır sınaqdan müdrikcəsinə çıxdı
və bəlalardan qurtulmaq üçün öz dahi
oğlunu, böyük dövlət xadimi Heydər Əliyevi
yenidən ölkə rəhbərliyinə dəvət etdi.
Ötən
yazılarda dəfələrlə qeyd etdiyimiz kimi, ölkədə
hamı Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini
israrla tələb və xahiş edirdi. Demək olar ki, bu məqsədlə
Naxçıvana müraciət etməyən
qalmamışdı. Ancaq ulu öndərin Naxçıvandan
Bakıya gəlməsindən sonra vəziyyət xeyli dəyişdi.
Heydər Əliyevə xalqın inam və etimadı,
böyük dövlət xadiminin beynəlxalq aləmdəki
nüfuzu, ən başlıcası möhtəşəm
dövlət idarəçiliyi təcrübəsi o
zamankı iqtidarı hədsiz dərəcədə narahat etməyə
başlamışdı. Ona görə də ulu öndərin
Ali Sovet sədri vəzifəsinə namizəd göstərilməsi
zamanı görünməmiş bir saxtakarlıq edir, mane
olmağa çalışırdılar. Ancaq xalqın səsi
çox qüdrətlidir və bu dəfə də haqq öz
yerini tutdu. Ali Sovetin iyunun 15-də keçirilən
sessiyası parlamentin ən gərgin müzakirələr gedən,
fikirlərin ən çox haçalandığı və
vaxt etibarilə ən uzun çəkən iclası oldu.
Xalqın iradəsini ifadə edən deputatlar böyük səs
çoxluğu ilə Heydər Əliyevi Ali Sovetin sədri
seçdi. "Bu xalqı və bu dövləti bəlalardan
ancaq və ancaq Heydər Əliyev siyasəti, təcrübəsi
və müdrikliyi xilas edə bilər" - deyən
deputatların açıq və aydın məntiqi
qaragüruhun qaranlıq və müəmmalı
"arqumenti" ilə üzləşirdi: "Biz Heydər Əliyevi
Naxçıvandan Bakıya dəvət edəndə onun
ölkənin indiki vəziyyətdən çıxmasına
kömək etməsini istəmişik. Siz isə onu parlament sədri
seçmək istəyirsiniz". Qəribə məntiq idi. Əlində
hər cür vəzifəsi olanlar ölkənin heç bir
problemini həll edə bilmirdilər - hərçənd həmin
problemləri özləri yaratdıqlarına görə
özləri daha yaxşı həll edə bilərdilər -
Heydər Əliyevin isə heç bir vəzifə tutmadan
ölkəni xilas etməsini istəyirdilər. Görünməmiş
bir diletantlıq nümunəsi idi. Ulu öndər sonralar həmin
məqamı yada salaraq demişdi ki, mən ölkəni
hansısa sehirli çubuqla deyil, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərlə
xilas edə bilərdim.
Ulu
öndərin qeyd etdiyi həmin tədbirlər anarxiyaya,
başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik
separatçılığa, iddialı siyasətbazların
naşı eksperimentlərinə, hərbiləşmiş
cinayətkar dəstələrin qətl və qarətlərinə,
özbaşınalıq əməllərinə son qoydu.
Böyük dövlət xadiminin siyasi müdrikliyi, uzaqgörən
siyasəti sayəsində artıq əldən getməkdə
olan dövlət müstəqilliyimiz, milli
azadlığımız qorunub saxlanıldı. Ulu öndərin
yorulmaz və gərgin ictimai-siyasi fəaliyyəti, dövlətçilik
təcrübəsi, Azərbaycan xalqının milli maraq və
ideallarına bağlılığı ölkəni yeni bir
mütərəqqi məcraya yönəltdi. Bütün
bunlar 1993-cü ilin iyun ayından sonra, mərhələ-mərhələ,
tədricən reallaşdırıldı. İyunun 15-də
isə yuxarıda qeyd etdiyimiz kimi, çox qızğın
bir parlament müzakirəsinin şahidi olduq.
Geniş
müzakirələrin getdiyi zaman parlament zalı
fırtınalı dəniz kimi qalxıb - enirdi. Xalqın iradəsi
qalib gəldikdən sonra isə sanki həmin
"fırtına" səngidi və burada rəmzi məna
axtaranlar, parlamentdəki həmin sakitliklə ölkədə
daxili ictimai-siyasi sabitliyin təməlinin qoyulduğunu söyləyənlər
tamamilə haqlı idilər. Zalda sakitlik bərqərar oldu və
tribunaya qalxan Ali Sovet sədri Heydər Əliyev yaxın gələcəkdə
qarşıda duran vəzifələri məhz bu şəkildə
bəyan etdi:
-...Azərbaycan
Respublikasının dövlət müstəqilliyi ən əsas
məsələdir. Müstəqil Azərbaycanda demokratiya
inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol
verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın
pozulmasına, qanunun pozulmasına yol verilməməlidir.
Dövlət quruculuğu və cəmiyyətin
formalaşması məhz demokratik prinsiplər əsasında
olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik,
hürriyyət, insan azadlığı, insan haqlarının
qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı
prinsipləri bərqərar olmalıdır. Yəni bizim
respublikamız başladığı yola davam etməlidir. Bu,
düzgün yoldur, doğru yoldur, bu yolda bizim respublika daha qətiyyətlə
getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə
sadiq qalacağam". Həmin günlər Azərbaycan xalqı
ulu öndərin bu yola sadiq qalacağına tam əmin idi və
zaman sübut etdi ki, bu əminlik əbəs deyildi.
(ardı
2-ci səhifədə)
(əvvəli
1-ci səhifədə)
Azərbaycan
xalqı və bu xalqın seçilmiş nümayəndələri
olan Milli Məclisin üzvləri 1993-cü il iyunun 15-dən
başlanan daxili sabitliyi və ölkənin yeni inkişaf
yoluna qədəm basmasını yüksək qiymətləndirərək
ulu öndərin həmin möhtəşəm
qayıdışını və titanik fəaliyyətini əbədiləşdirməyi
özünə borc bildi. Milli Məclisin 1997-ci il iyun
ayının 27-də qəbul etdiyi tarixi qərarda göstərilir:
"Heydər Əliyev dövlət quruculuğu sahəsində
başladığı böyük işi məntiqi şəkildə
davam etdirərək müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasının
hazırlanmasına rəhbərlik etdi. Azərbaycanın
siyasi tarixində yeni bir era açan və onun dövlət
müstəqilliyinin, cəmiyyətdə insan
azadlığının və demokratik dəyərlərin əsas
qarantına çevrilən bu Konstitusiya 1995-ci il noyabrın
12-də referendum yolu ilə qəbul edildi. İlk dəfə
olaraq, demokratik şəkildə, çoxpartiyalılıq əsasında
Azərbaycan parlamenti - Milli Məclis seçildi. Azərbaycan
Respublikası dünyanın azad, suveren, müstəqil
dövlətləri arasında özünəlayiq yerini
tutdu". Təbii ki, iyunun 15-nin Qurtuluş Günü kimi
qeyd edilməsini ölkə ictimaiyyəti böyük rəğbətlə
qarşıladı.
Bu
gün Azərbaycan xalqının istənilən nümayəndəsində
belə qənaət var ki, Prezident İlham Əliyevin hərtərəfli
fəaliyyəti nəticəsində gündən-günə
inkişaf edən, daim tərəqqidə olan qüdrətli
Azərbaycan dövlətinin təməli məhz həmin
gün - 1993-cü il iyunun 15-də qoyulmuşdur. Xalq həmin
günü böyük ürəkaçıqlığı
və şadyanalıqla bayram edərkən tamamilə
haqlıdır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 15 iyun.- S. 1-2.