Müstəqillik
Azərbaycanın ən böyük sərvəti, neməti və
dəyəridir
"Mən fəxr edirəm ki, mən
azərbaycanlıyam"
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycanın sağlam ambisiyası və
müstəqillik illərində keçilmiş yolun konseptual
dərki haqqında - Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
"Müasir Azərbaycan milli ideyanın təcəssümü
kimi" məqaləsi barədə politoloqun
düşüncələri
Ölkəmiz
xüsusi milli bayramı - Milli Qurtuluş Gününü qeyd
edir. 15 iyun 1993-cü il elə bir siyasi "rubikon"dur ki, hərki-hərkilik,
hakimiyyətsizlik, anarxiya, hakimiyyət boşluğu,
separatizmin at oynatdığı, silahlı quldur dəstələrinin
hədsiz həyasızlığı dövrü onun
arxasında qalmışdır. Xalqın tələbi ilə
hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev
əsl vətənpərvər və böyük dövlət
xadimi, sözü ilə işi bir olan şəxsiyyət,
milləti birləşdirən qüvvə və milli müstəqilliyin
memarı kimi milli dövlət yaratmaq üzrə çox
mürəkkəb bir proqramı həyata keçirməyə
başlamış, bu dövlət çox qısa müddətdə
və uğurla dünya siyasətinin çox mürəkkəb
"partitura"sına öz siyasi və iqtisadi inkişaf
vektoru, belə bir epoxal hadisə üçün təbii
sayılan risklər və onların aradan
qaldırılması imkanları barədə öz təsəvvürü
olan qurum kimi daxil olmuşdur.
Azərbaycan
xalqının 1993-cü il iyunun 15-nə qədər
topladığı təcrübə göstərir ki,
xalqın bir hissəsi hətta qısa bir müddətə
öz milli ideyasının hədəflərindən kənara
çıxanda, müxtəlif qruplaşmaların,
partiyaların və ya hərəkatların liderlərinin
şəxsi əqidələri, şəxsi maraqları
üstünlük təşkil edəndə, bu, bütün
xalq üçün çox kədərli nəticələrə
gətirib çıxarır.
Heydər
Əliyev 1993-cü ildə ölkəyə rəhbərlik
etməyə başlayanda dövlətin inkişaf
dinamikasını təmin etməli, cəmiyyətin həyatının
nəbzini yüksəltməli, sosial anemiya və gərginliyi,
identiklik böhranını aradan qaldırmalı olan,
ümumi rifaha və maraqlara xidmət edə biləcək səmərəli
ideologiyaya ehtiyac olduğunu hiss edirdi. O deyirdi: "Biz azərbaycançılığı
- Azərbaycan dilini, onun mədəniyyətini, milli-mənəvi
dəyərləri, adət və ənənələri
inkişaf etdirməliyik". Azərbaycançılıq
konsepsiyasına həm müstəqillik, dövlətçilik,
demokratiya, ədalət və milli tərəqqi kimi ümumbəşəri
dəyərlər, həm də dünyəvilik daxil idi. Daxili
siyasət sahəsində ölkədə əldə
edilmiş konsensusa əsaslanan neokonservatizmin əsas
ideyalarının özünəməxsus amalqaması, xarici
siyasət sahəsində isə müstəqillik və ərazi
bütövlüyü konsepsiyası ideya-məqsəd
kompleksi kimi çıxış edir. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun
yaratdığı və müdafiə etdiyi azərbaycançılıq
ideologemi məlum liberal-demokratik dəyərlərin
postulatlarına malik olan Azərbaycan milli ideyasının
genişlənməsinə şərait yaratmışdır.
Həmin dəyərlər bunlardır: Xalqın suverenliyi
ideyası, insan hüquqları konsepsiyası, hüquqi
dövlət doktrinası, hakimiyyətin bölünməsi nəzəriyyəsi,
siyasi və ideoloji plüralizm prinsipi, xüsusi mülkiyyətin
qorunması və s.
Ümummilli lider Heydər Əliyev məxsusi siyasi uzaqgörənlik məharətinə malik idi. Bu istedadlı rəhbərin genişmiqyaslı və qlobal təfəkkürü sayəsində Azərbaycan nəinki müstəqil, suveren subyekt kimi çıxış etmiş, həm də dünya birliyinə layiqincə inteqrasiya etmiş, öz strateji maraqlarını müəyyənləşdirmiş və beynəlxalq ziddiyyətlərin siyasi ümmanında həmin maraqlarını uğurla həyata keçirməyə başlamışdır.
Heydər Əliyev sözün həqiqi mənasında öz Vətənini xilas etmişdir. Ona görə də bu gün, müstəqil Azərbaycan öz tarixində çox əlamətdar bir hadisəyə, müstəqilliyin 20 illiyinə hazırlaşdığı bir vaxtda biz dövlətimizin təkcə de-yure deyil, həm də de-fakto suverenlik qazanmaq üçün keçdiyi yolun bütün mərhələlərini, qanunauyğunluqlarını, spesifikasını və xüsusiyyətlərini daha diqqətlə dərk etməyə çalışırıq. Bu qütblər arasındakı koordinatlar isə həm de-yure, həm də de-fakto real siyasi məzmun kəsb edir və bu, müasir Azərbaycanın siyasi inkişafının mahiyyətidir. İngiltərənin məşhur siyasi xadimi E.Halifaks haqlı olaraq yazırdı: "Azadlığa nail olmaq və onu qoruyub saxlamaq yalnız onun bahasına mümkündür ki, bəşəriyyət bir qayda olaraq bu qiyməti ödəməyə hazır deyildir". Ümummilli liderimiz Heydər Əliyev milli müstəqillik uğrunda öz canından keçməyə, düşünmədən həyatını öz xalqına qurban verməyə hazır idi. M.Haydeggerin təbirincə desək, dövlət hakimiyyətinin və liderin nüfuzunun olmaması istənilən sosial orqanizm üçün "unudulmaq", "yanıb külə dönmək" və "çürümək" təhdididir. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli və coşqun fəaliyyəti siyasi həyatın belə bir mübahisəsiz qanununu nümayiş etdirir ki, milli həmrəylik amilinin sosial mexanizmləri rolunda məhz hakimiyyət və lider çıxış edir.
Böyük Henrix Heyne yazırdı:
"İdeya bizi meydana qovur ki, biz onun uğrunda qladiatorlar kimi
vuruşaq. Hər bir həqiqi
tribunun və ya apostolun aqibəti belə olur". Heydər Əliyev
böyük tribun idi, o başa düşürdü ki,
dünya siyasətinin əsas oyunçuları heç də
sivilizasiyalar deyil, milli dövlətlərdir, bu
oyunçuların fəaliyyət motivi milli maraqlar və
stimullardır. Milli ideyanı formalaşdıran dəyərlər
dili olmasa milli ideya siyasi təsisatlar kimi məzmun kəsb
etmir, mədəni yaddaş işləmir. Bu baxımdan siyasi
liderlərin ictimai fəallığının rolunu,
onların hərəkətlərinin fəlsəfəsini
anlamağın konseptual əsası kimi milli ideya çox
mühüm rol oynayır. Millət çox cəhətdən
milli liderin prioritet rolu sayəsində formalaşır və
özünü gerçəkləşdirir. Milli ideya milli
liderin dünya görüşündə üstünlük təşkil
edir. O, milli həmrəyliyin də özəyidir, ən əvvəl
ona görə ki, milli ideya mənəvi dəyərə
çevrilir, milli varlığı fəlsəfi baxımdan dərk
etmək səviyyəsinə ucalır. Milli həyatın
struktur elementi olan milli ideya milli mənlik şüurunun
formalaşmasında mühüm rol oynayır. İndi öz
milli identikliyini, mədəni bütövlüyünü və
suverenliyini qətiyyətlə müdafiə edən Azərbaycan
xalqının sosial maraqları milli və ümumbəşəri
dəyərlərin düşünülmüş şəkildə
əlaqələndirilməsi nəzərə alınmaqla
Prezident İlham Əliyevin irəli sürdüyü modernləşmə
xəttinin həyata keçirilməsinə istiqamətlənmişdir.
Bu prosesdə milli ideya fenomeni cəmiyyətin sıx birləşməsinin
sosial-siyasi və ideya-mənəvi formalarını
özündə tam cəmləşdirir.
Suveren Azərbaycanın
müstəqillik, siyasi liderlik və modernləşmə kimi
xüsusi, nadir yolu akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan
milli ideyanın təcəssümü kimi" adlı
fundamental məqaləsinin tədqiqat mövzusu olmuşdur.
Sürətlə dəyişməkdə olan sosial həyat
şəraiti, qloballaşma dövründə ilk maliyyə
böhranının təsiri altında dövlətin
müdaxiləsi xəttini qətiyyətlə seçmiş
dünya bazar iqtisadiyyatı, eləcə də
bütövlükdə dünyada gedən siyasi proseslərin
dinamikası əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş azərbaycançılıq ideologeminin
güclü təməli nəzərə alınmaqla milli
ideya probleminə müraciət olunmasını tələb
edir. Milli inkişafa adekvat milli ideya axtarışı ilə əlaqədar
siyasi proseslərin konseptual əsasları bu məqalədə
geniş tarixi-siyasi məkanda təhlil edilmişdir. Cəmiyyətin
həyatının zəruri və həyati əhəmiyyətli
ideoloji elementi olan milli ideya Azərbaycan cəmiyyətində
siyasi və sosial dəyişiklikləri
stimullaşdırır.
Akademik
Ramiz Mehdiyevin məqaləsi Azərbaycanın
uğurlarının qiymətləndirilməsində və
respublikamızın müstəqillik illərində
keçdiyi yolun konseptual baxımdan dərk edilməsində
sağlam ambisiya ilə fərqlənən siyasi-fəlsəfi
essedir. Sovet ideologiyasının hər şeyi boz rəngdə
qələmə verdiyi ambisiyalılıq anlayışı
lovğalıq, təkəbbürlülük kimi çox
neqativ başa düşülürdü. Əslində, bu
söz Qərbi Avropa dünyasının leksikasından
götürülmüşdür. Orada ambisiyalılıq
dedikdə məqsədyönlülük, öz
baxışlarını müdafiə etməyi bacarmaq, daha
böyük, daha yaxşı dəyərlərə can atmaq
kimi müsbət keyfiyyətləri nəzərdə tutur. Bu
isə qarşıya qoyulmuş məqsədlərə nail
olmaq üçün çox vacibdir. Həqiqətən, Azərbaycanın
istəkləri ambisiyalıdır! Prezident İlham Əliyevin
iqtisadi və sosial tərəqqi, demokratiya və insan
kapitalının hərtərəfli inkişafına istiqamətləndirdiyi
Azərbaycan siyasi sisteminin yeni dizaynı respublikanın
sosial-iqtisadi və mədəni həyatının
bütün sahələrinə xüsusi innovasiya təkanı
verən sabitliyə və perspektivli, dinamik modernləşməyə
dəlalət edir.
Bizim
planların sağlam ambisiyalılığı hər cür
bədxahlarımızın rişxəndlə söylədikləri
kimi, neftə əsaslanmır. Bu ölkənin, onun liderlərinin
ambisiyalılığı Azərbaycan vətəndaşının
və bütövlükdə cəmiyyətin mənafelərini
hər şeydən uca tutan böyük azərbaycançılıq
ideyasına söykənir, bu maraqların həyata
keçirilməsi isə dövlətin əsas
funksiyasıdır. Azərbaycançılıq ideyası
ölkədə hakimiyyətə inam, etimad və hörmət,
milli vəhdət ab-havası yaradır.
Şəxsiyyətin
ambisiyalılığı onu nəzərdə tutur ki,
insanın özünə inamı onun bilikləri və zəngin
daxili mənəvi aləmi ilə uzlaşır. Həqiqi
elita isə məşhur elitoloq X.Orteqa-i-Qassettin çox dəqiq
müəyyən etdiyi kimi, məhz onunla fərqlənir ki, o,
sosial dəyişikliklərə görə məsuliyyəti
öz üzərinə götürür.
Akademik
R.Mehdiyev dərin fəlsəfi kateqoriyalardan keçən
sosial-siyasi prosesləri təhlil etməkdə xüsusi məharətə
malikdir və bu tədqiqatçının təklif etdiyi
konseptual ideyalar istedadlı publisist qələmi ilə
geniş oxucu kütləsinə çatdırılır.
"Müasir
Azərbaycan milli ideyanın təcəssümü kimi" məqaləsi
milli ideya konsepsiyasının dərin təkamülünü,
bu ideyanın ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin siyasi təcrübəsində real
təcəssümünü açıqlayır.
Görünür, məqalənin bu cür passionar xarakter kəsb
etməsi də siyasi liderliyin bu şəxsi komponenti ilə
bağlıdır. Heydər Əliyevin yaratdığı və
İlham Əliyevin sevə-sevə inkişaf etdirdiyi milli ideya
xalqın fəallığını, onun vətənpərvərliyini
və milli qürur hissini, Vətən hissini və ona məhəbbəti,
ən başlıcası - onun ərazi
bütövlüyünü qorumağa hazır
olmasını dəstəkləyir. Bu bütövlük əcdadlarımızın
mirasıdır və özünə hörmət edən hər
bir xalq öz növbəsində onu xələflərinə
bütöv və salamat şəkildə təhvil verməlidir.
Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də
andiçmə mərasimindəki nitqində demişdir:
"Biz torpaqlarımızın işğal edilməsi ilə
heç vaxt barışmayacağıq, Azərbaycan öz ərazilərini
nəyin bahasına olursa-olsun azad edəcəkdir". Azərbaycan
cəmiyyətinin politoloji mənada adət etdiyimiz
"postsovet məkanından" inkişaf etməkdə olan
azad dövlətə siyasi və iqtisadi keçid
dövründə transformasiyası, milli ideya
üçün özünəməxsus bir
çağırış olmuş, Azərbaycan
xalqının varlığının bütün konkret
milli-tarixi təzahürlərində qiymətləndirmə
dominantına çevrilmişdir. Azərbaycançılıq
milli ideyası sosial-siyasi və milli maraqların mürəkkəb
çulğalaşmasını akkumulyasiya edir, tarixi və
müasir sosial təcrübəni kütləvi şüurda
birləşdirir, siyasi və iqtisadi inkişafın perspektivi
vektorlarını müəyyən edir.
Ramiz
Mehdiyevin məqaləsinin siyasi-fəlsəfi tərkib hissəsi
ümummilli lider Heydər Əliyevin dövlətə rəhbərliyi
dövründə müəllifin özünün
keçdiyi qiymətli məktəbi onun bilavasitə siyasi təcrübəsi
və praktikası ilə uzlaşır. Məhz bu dəyərli
təcrübə Ramiz Mehdiyevə sosial modernləşmədə
fəal iştirak etmək imkanı vermişdir. Modernləşmənin
əsas vəzifələrini Prezident İlham Əliyev belə
müəyyən etmişdir: Müasir cəmiyyət,
müasir infrastruktur və müasir insan yaradılması.
Məqalədə
ideyalar yüksək peşəkarlıqla, müəllifə
xas olan erudisiya və inandırıcılıqla şərh
edilmişdir. Bu ideyalar bizə milli ideya konsepsiyasının təkamülünü
təhlil etmək üçün metodoloji vasitə kimi xidmət
edir. Milli dövlətçiliyin ilk müstəqil iyirmi ili
haqqında düşünərkən xatırlamalıyıq
ki, Rusiya imperiyasının tərkibində olmuş Azərbaycanda
1917-ci ilin fevral ayına qədər suveren milli dövlət
yaratmaq məsələsi qarşıya
qoyulmamışdır. İnqilabçı, o cümlədən
siyasi cəhətdən təşkilatlanmış milli
ziyalıların maksimum iddiası yeniləşmiş
Rusiyanın tərkibində milli-mədəni muxtariyyətə
nail olmaq idi, hərçənd, bu da solçu hərəkat
üzrə rusiyalı həmkarları
qıcıqlandırırdı. O vaxt "inqilabçı
demokratlar" maarifçilik problemi ilə məşğul
olur və əksinə Rusiya mədəniyyəti və təhsili
hesabına ölkədə dini dözümsüzlük və
özünəqapanma gərginliyini azaltmağa
çalışırdılar. Bu baxımdan Azərbaycanda
siyasi təfəkkürün onun erkən dövrünün
nümayəndələri Q.B.Zakir, M.Ş.Vazeh, A.Bakıxanov,
M.F.Axundzadə, M.Kazımbəy, H.B.Zərdabi ideyalarına və
onlardan sonrakı nümayəndələrə -
M.Şahtaxtinski, E.Sultanov, D.Minasazova qədər təkamülünü
təsəvvür etmək olar. Akademik Ramiz Mehdiyev yazır:
"Üstündən neçə-neçə onilliklər
keçəndən sonra soydaşlarımızın həyatının
həmin dövrünü dərindən düşünəndə
anlamağa başlayırsan ki, onlar nə qədər
hüquqsuz, təhqiramiz şəraitdə
yaşamışlar. Yeri gəlmişkən deyək ki, sovet
hakimiyyəti dövründə də Kremldə azərbaycanlılara
qarşı etimadsızlıq olmuşdur. Bunu mən öz
şəxsi həyat təcrübəmə və Azərbaycan
Kommunist Partiyasının rəhbərlərindən biri kimi
iş təcrübəmə əsasən deyirəm".
Müəllif bu qənaətə gəlir ki, bu gün Azərbaycan
xalqı yalnız özünün daxili resursları və
istedadı sayəsində çoxları üçün
nümunədir. Həqiqətən, xalqımız heç
bir halda ənənələrimizə xas olan bənzərsiz,
parlaq, güclü, mühüm cəhətləri, bu ənənələrin
cövhərini, incisini itirməməlidir.
Müstəqillik
biz azərbaycanlılar üçün məhz belə bir sərvət
olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il
mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü münasibətilə təntənəli
mərasimdəki nitqində demişdir: "Müstəqillik
bizim üçün ən böyük sərvətdir, ən
böyük nemətdir, ən böyük dəyərdir".
Hər
bir konkret tarixi dövrdə ictimai və siyasi proseslər
onlara xüsusi bir istiqamət və konfiqurasiya verən
xüsusi dünyagörüşü paradiqmaları çərçivəsində
cərəyan edir. Xalqımızın sosial-mədəni dəyərlərini
və ənənələrini özündə cəmləşdirən
milli ideya konsepsiyasında əks olunan müstəqillik və
dövlət suverenliyi məsələləri bir sıra
siyasi parametrlərə görə Azərbaycan
üçün taleyüklü məsələlərə
çevrilmişdir. Ümummilli lider Heydər Əliyev
çox dəqiq olaraq müəyyən etmişdir ki, Azərbaycan
dövlət müstəqilliyi qazandığı andan ölkəmizdə
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
prosesi həyata keçirilir və biz bu sahədə
böyük uğurlar qazanmışıq. Bu, bizim əsas
yolumuzdur. Biz bu yolla gedirik. Yəni, demokratik dövlət, bazar
iqtisadiyyatı, insanlara hər cür azadlıq, o cümlədən
mətbuat, söz, dini etiqad azadlığı verilməsi və
demokratiyanın tələbləri ilə əlaqədar bir
çox məsələlər - bütün bunlar Azərbaycanda
təmin edilmişdir və bundan sonra da təmin ediləcəkdir.
Heydər
Əliyev yaxşı bilirdi ki, qloballaşma proseslərinin təsiri
altında milli bənzərsizlik məsələləri
informasiya-kommunikasiya texnologiyalarının intensiv təsiri ilə
modifikasiyaya məruz qalır, şəxsiyyət isə sosiomədəni
amillərin səngimək bilməyən münaqişəsi və
milli identiklik aspektlərinin itirilməsi ilə əlaqədar
getdikcə daha artıq dərəcədə kosmopolitləşir.
Buna görə də Heydər Əliyev milli ideologiyanın
formalaşması və gələcəkdə onun ehtimal edilən
interpretasiyaları problemini hökmən milli suveren dövlətçiliyin
təşəkkülü və möhkəmlənməsi ilə
əlaqələndirirdi. Ümummilli lider Heydər Əliyev
idarəçilik və ideologiya məsələlərinin
tarazlaşdırılmasına tərəfdar idi. O deyirdi:
"Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə,
həm ictimai-siyasi sahədə, həm də sosial-iqtisadi sahədə
gördüyümüz işlər milli ideologiyanın üzərində
qurulur".
Azərbaycan
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
öz tarixi təcrübəsi və milli ənənələri
əsasında demokratik inkişafın xüsusi modelini
praktikada həyata keçirmişdir. Son illərdə Azərbaycan
Heydər Əliyevin bizə vəsiyyət etdiyi milli azərbaycançılıq
ideyasının həyata keçirilməsi, suveren
demokratiyanın inkişafı və ölkənin modernləşdirilməsi
işində fenomenal uğurlar qazanmışdır. Fasiləsiz
lider varisliyi bu gün Azərbaycana artıq dünya birliyi tərəfindən
"Azərbaycan möcüzəsi" adlanan fenomenal
uğurlar qazanmağa imkan verir. Prezident İlham Əliyevin
vurğuladığı kimi, bu gün Azərbaycan dinamik
inkişaf edən, öz ehtiyaclarını özü ödəyən
müasir ölkədir. Bizim siyasətimiz çox
açıqdır, aydındır. Güclü iqtisadi təməl
üzərində müasir siyasi sistemin
formalaşdırılması, dövlətçiliyin əsaslarının
möhkəmləndirilməsi, azərbaycançılıq
ideologiyasının gücləndirilməsi məsələləri
bizim üçün prioritet məsələlərdir... Biz
müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik.
Bu gün müstəqilliyi möhkəmləndiririk". Bizim
müstəqilliyimiz yaxın perspektivdə ölkənin və
millətin inkişafının, millətin tərəqqisi və
onun beynəlxalq nüfuzunun möhkəmlənməsi
üçün real şərait yaradılmasının
optimal strategiyasına çevrilmişdir.
"Müasir
Azərbaycan milli ideyanın təcəssümü kimi" məqaləsində
Azərbaycan cəmiyyətinin adi politoloji "postsovet məkanından"
azad inkişaf edən dövlətə siyasi və iqtisadi
keçid dövründə transformasiyasının novator
xarakterini xüsusi vurğulamaq istərdim. Bu transformasiya
Prezident İlham Əliyevin tarixi miqyaslı siyasi xadim, millətin
kollektiv tarixi təcrübəsinin dövlət quruculuğu məcrasına
translyatoru kimi fəaliyyəti sayəsində mümkün
olmuşdur. Müasir Azərbaycanın Prezident İlham Əliyev
tərəfindən işlənib hazırlanmış
dövlətçilik doktrinası azərbaycançılıq
ideyasına əsaslanan siyasi və mənəvi dəyərlərin
təbiəti ilə müəyyən edilir.
Məlum
olduğu kimi, milli ideyanın universal reseptləri yoxdur - bu,
suveren dövlətin seçimidir. Məsələn,
U.Çörçill əmin idi ki, milli ideya seçərkən
dünyaya nümunə göstərmək deyil, ona dərs
vermək daha vacibdir. Bu seçim çox kəşməkəşli
və bəzən ölkənin tələbatına adekvat
olmaya bilər. 1996-cı ildə "Rossiyskaya qazeta"
ümummilli birləşdirici ideya üçün müsabiqə
elan etmişdi. Bu müsabiqədə tarixçilər,
filosoflar, yazıçılar, siyasətçilər, mədəniyyət
xadimləri iştirak edirdi. Lakin bu müsabiqədə laureat
olmadı, çünki siyasi, iqtisadi, sosial, konfessional və
bir sıra başqa ziddiyyətlər bütün ölkəni
cənginə almışdı. Sosial sabitlik olmayan yerdə
milli ideyalar yaranmır. Levada mərkəzi tərəfindən
bu yaxınlarda milli ideya haqqında keçirilmiş sorğu
göstərmişdir ki, kommunizm və sosializm indi "fantom
ağrılar" dərəcəsi üzrə keçir,
pravoslavlığa və xalqçılığa tələbat
yoxdur. Hər yerdə və hər işdə milli ideya üzərində
liderlik edirlər, ona görə ki, biz ruslar həmişə
hər şeydə birinci olmağa adət etmişik. Buna
yalnız tənbəllər gülməmişdir. Burada məşhur
bir mahnıda deyilən "balet sahəsində də biz
bütün planetdən irəlidəyik" sözlərinə
bənzətmə göz qabağındadır". Mən
qonşumuzun bu kədərli təcrübəsi üzərində
bilərəkdən bu qədər ətraflı dayandım.
Axı həqiqət müqayisədə üzə
çıxır, bizim sayca cüzi, lakin aqressiv əhval-ruhiyyəli
müxalifətin başqalarının səhvlərindən nəticə
çıxarması pis olmazdı. İndi Rusiya əhalisinin
bir hissəsi öz ölkəsində Ümumxalq Cəbhəsi
(görəsən kimə qarşı?!) və
Könüllü Xalq Dəstələri (görəsən
kimi qovuruq?!) yaradır. Bir sözlə, "kəllə-kəlləyə"
oyunu şiddətlənir.
Bizim
müxalifətin Yaxın Şərqdəki siyasi turbulentlik
barədə də fikirləşməsinə dəyər.
Son aylarda orada cərəyan edən tarixi miqyaslı hadisələr
artıq inqilablara, kütləvi iğtişaşlara, vətəndaş
müharibələrinə, habelə beynəlxalq hərbi
müdaxiləyə gətirib çıxarmışdır.
"Diktaturaların məhvi" xalqların necə sürətlə
dilənçi vəziyyətinə düşməsini, təkcə
Avropa İttifaqı çərçivəsində lokal
humanitar fəlakət yaratmasını nümayiş etdirir.
Yaxın Şərqdə geosiyasi xaos yaranması həm də
onu göstərir ki, "ümumi düşmənə
qarşı dostluq edirik" konsepsiyası milli ideya şəklində
çıxış edə bilməz.
Ramiz
Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü
kimi" məqaləsi mayın axırlarında çap
edilmiş və dərhal siyasi "bestseller"ə
çevrilmişdir. Təbii ki, nüfuzlu alimlərin,
publisistlərin, ictimai xadimlərin çoxu, o cümlədən
bədxahlar, daha dəqiq desək, bir namizədlik
dissertasiyası müdafiə etməklə öz
imkanlarını tükətmiş, istər böyük elmə,
istərsə də real siyasətə daxil ola bilməmiş
paxıllar da bu məqaləyə biganə
qalmamışdır. Oskar Uayld yaxşı demişdir: "Məhz
hər hansı sahədə heç nə əlindən gəlməyənlər
həmin sahədə ən böyük tənqidçilərə
çevrilirlər".
Azərbaycandan olan bir siyasi icmalçı ermənipərəst saytda yazır ki, Ramiz Mehdiyev ideoloq roluna iddia edir. Bu həddini aşmış opponenti məyus etmək istəyirəm. Ramiz Mehdiyev ideoloq roluna iddia etmir, o, ideoloqdur, çünki dəqiqləşdirmələr aparılmadan, ideoloji şkalanın dəyərləri hər bir cari ana görə detallaşdırılmadan siyasi idarəçilik mümkün deyildir.
Bütün böyük ölkələrin, təşkilatların və ya şəxsiyyətlərin daxili düşməni həmişə olmuşdur. Bu düşmən gec-tez qorxaqlıq, alçaqlıq, mənəviyyatsızlıq, əxlaqsızlıq, satqınlıq edir, cəmiyyəti və onun vəhdətini dağıtmaq üçün real səy göstərir. Yeri gəlmişkən, siyasi psixoloqlar belə bir qanunu çoxdan təsvir etmişlər: Hakimiyyət iddiasında olanlar bir qayda olaraq, hər şeydən əvvəl mövcud ideologiyanın astarını üzünə çevirirlər. Bizim müxalifət nə qədər çalışsa da, milli azərbaycançılıq ideyası həyatverici qüvvəyə malikdir və xalqımızı ruhlandırmaqda davam edir!
Azərbaycançılığın uzunmüddətli perspektivdə həyat qabiliyyətli milli ideya kimi bərqərar olması göz qabağındadır və ölkə rəhbərliyinin dövlətin strateji inkişafına dair əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mühüm dəyər oriyentirləri sisteminə ahəngdar şəkildə uyuşan layihələrinin olması bu fikri təsdiq edir!
Prezident İlham Əliyevin qəbul etdiyi siyasi qərarlar ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış dövlət idarəçiliyi konsepsiyasının əsas oriyentirlərini qoruyub saxlamaqla Azərbaycanın dinamik iqtisadi və demokratik inkişafına - sabitliyin qorunub saxlanmasına, dövlətçiliyin möhkəmlənməsinə, ümumi rifaha, vətəndaşların azadlığına, təhlükəsiz və etibarlı məkana, intensiv inkişaf edən iqtisadi və siyasi təsisatlara kömək edir.
Aqiyə
NAXÇIVANLI,
Milli Məclisin
deputatı,
siyasi elmlər
doktoru,
professor
Xalq qəzeti.- 2011.- 15 iyun.- S. 4.