17 iyun Səhiyyə İşçiləri Günüdür.
O təkcə xəstələrə
yox, kollektivə də böyük həssaslıqla
yanaşır
Azərbaycan
dövlətinin və ölkə Prezidenti cənab İlham Əliyevin
səhiyyəyə göstərdiyi qayğı digər sahələrdə
olduğu kimi bu sistemdə də önəmli irəliləyişlərlə
izlənməkdədir. Məhz bu siyasətin nəticəsidir
ki, 2005-ci ildən etibarən Səhiyyə Nazirliyi sistemində
geniş miqyaslı islahatlar həyata keçirilməyə
başlandı. İstər Bakı şəhərində,
istərsə də regionlarda əksər tibb müəssisələrində
yenidənqurma və bərpa işləri vüsət
aldı. Neçə-neçə tibb ocaqları, diaqnostika mərkəzləri
tikildi. Köhnə, sanitar-epidimioloji rejimə uyğun olmayan
müəssisələr ya söküldü, ya da standartlara
uyğun şəkildə əsaslı təmir işləri
aparıldı. Tibb müəssisələri
müasir avadanlıqlarla, dərman və
ləvazimatlarla təchiz olundu.
Səhiyyə
sisteminin ümdə məsələlərindən olan
doğuşayardım işinin təşkilində də bir
sıra islahatlar aparılmağa başlanıldı. Səhiyyə
Nazirliyi tərəfindən 2007-ci ildə doğum evlərində,
şöbələrində doğuşayardım işinin təşkilinin
təkmiləşdirilməsi barədə, ana və uşaq
sağlamlığı siyasəti barədə metodik təlimat
qüvvəyə mindi. Səhiyyə Nazirliyinin səhiyyə
islahatları çərçivəsində ictimai səhiyyə
kadrlarının hazırlanması üzrə tədbirlər
proqramına uyğun olaraq mamalığın protokolları
işlənib hazırlandı.
Səhiyyə Nazirliyinin kadr islahatları çərçivəsində bir sıra tibb müəssisələrinin rəhbərliyi dəyişdirildi. Belə müəssisələrdən biri də Bakı şəhərində yerləşən Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum evi oldu. Yeni təyin olunmuş baş həkim Xədicə Əhmədova işini dəqiq bilən savadlı, tələbkar, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan bir kadr kimi tanınırdı. 5 nömrəli doğum evinə təyinat alan gündən səhiyyədə gedən islahatları doğum evində uğurla həyata keçirməyə başladı. Xəstəxanada qəbul otağı, bir neçə şöbə əsaslı təmir olundu, müasir avadanlıqlarla təchiz edildi.
5 nömrəli doğum evi uzun illərdən bəri vaxtından qabaq doğuşlar üzrə təmayülləşməsinə baxmayaraq, yarımçıq doğulmuş körpələrin müalicəsində əsas olan "sipap" aparatları ilə təchiz olunmamışdı. Məhz Xədicə xanımın təşkilatçılığı ilə yeni doğulmuşlar şöbəsinə həmin aparatlar verildi. Yalnız bundan sonra doğum evində neonatal ölüm faizi əhəmiyyətli dərəcədə azaldı.
Klinikada illər ərzində mamalığın prioritet məsələlərindən olan ana sağlamlığı məsələsi günün ən aktual məsələsi kimi diqqəti cəlb edir. Ağır patologiyaları olan hamilə qadınların müayinə və müalicəsinə diqqətin artırılması, müasir laborator müayinələrin tətbiq olunması, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında müalicə planının işlənib hazırlanması, lazım olduqda mütəxəsis baxışlarının təşkil edilməsi nəticəsində bu illər ərzində ana ölümü halları olmamışdır.
Baş həkim qeyd edir ki, bu gün Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin səhiyyə üçün yaratdığı imkanlar bizi daha yaxşı işləməyə ruhlandırdığı kimi, həm də məsuliyyətimizi dəfələrlə artırır. Mənim həmkarlarım yaxşı dərk edirlər ki, hər bir ananın və hər bir uşağın sağlamlığı bu gün bizim vətəndaş cəmiyyətimizin ən ümdə tələblərindəndir. Məhz bu məsuliyyət bizi işimizdə olduqca diqqətli olmağa çağırır. Hər bir insan övladı yaxşı bilir ki, ana olmağın dəyərini heç bir sevinclə, heç bir ülvi və böyük hisslərlə müqayisə etmək mümkün deyil. Hər bir körpənin dünyaya gəlişi ailədə yeni nəfəs və xoşbəxtlikdir. Biz ailələrə bu sevinci bəxş edənlər kimi çox xoşbəxtdik.
Doğum evinin nəzdində olan qadın məsləhətxanasının işi də Xədicə xanımın rəhbərliyi altında yenidən qurulmuşdur. Qadınların hamiləliyin erkən dövrlərində müayinəyə cəlb olunması və patronaj işi gücləndirilmişdir. Aparılan işlərin nəticəsidir ki, doğum evinin xidməti ərazisində hamiləliyin ağır patologiyaları xeyli azalmışdır.
Doğum evinin sanitar-epidimioloji rejimi ÜST-in verdiyi tövsiyələrə əsasən yenidən qurulması infeksiyalaşma riskini minimuma endirmişdir. Baş həkim Xədicə Əhmədovanın rəhbərliyi altında ÜST-in tövsiyələrindən olan "körpəyə xoşməramlı münasibət"siyasəti təbliğ və tətbiq olunmaqdadır. Belə ki, körpə doğulduğu andan ana ilə əlaqə və ünsiyyəti, erkən əmizdirilməsi təmin olunur. Ana və yeni doğulmuşların bir palatada qalması, ananın öz körpəsinə özünün xidmət göstərməsi prinsipinə əməl olunması üçün baş hakim tərəfindən doğum evində fərdi doğum zalları yaradılmışdır.
Xədicə xanım kadrların təkmilləşməsi işinə də böyük əhəmiyyət verir. Orta tibb işçiləri ilə treninqlər keçirilərək müasir dezinfeksiyaedici məhlulların hazırlanması və işlədilməsi barədə, asfiksiyada doğulan yenidoğulmuşlara ilkin reanimasiyon tədbirlərin aparılmasında kömək barədə döşlə əmizdirmə, yenidoğulmuşun sərbəst qidalanmasının üstünlükləri barədə geniş bilgilər verilir.
Xədicə xanımın böyük bir kollektivə rəhbərliyi tək təşkilatçılıq bacarığı ilə məhdudlaşmır. O, peşəsinin incəliklərinə dəqiq bələd olan və pasientlərə gözəl münasibəti ilə seçilən bir həkimdir. Eyni zamanda, o, kollektivin bütün problemlərinə böyük həssaslıqla yanaşan bir xanımdır. İşində ciddi tələbkar olan Xədicə xanım ona müraciət edən hər bir personalın- istər həkim olsun, istərsə də xadimə-problemini çözməyə çalışır və əməli köməyini heç vaxt əsirgəmir.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2011.- 17 iyun.- S. 5.