Lerikdə bir sıra obyektlərin açılış mərasimləri keçirilib

 

Həmin gün Lerikin sosial-iqtisadi inkişaf tarixinə unudulmaz səhifələr yazıldı. Dövlət Neft Şirkətindən gəlmiş qonaqlar, Milli Məclisin üzvləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bir sıra obyektlər istifadəyə verildi.

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Daha sonra rayon icra hakimiyyəti aparatı üçün inşa edilmiş üçmərtəbəli yeni, yaraşıqlı inzibati binanın açılış mərasimi oldu. Bu binanın tikintisinə 2008-ci ildə başlanılmışdır. Bina 27 otaqdan ibarətdir. Burada həmçinin, iclas və konfrans salonları, hər cür avadanlıqla təchiz edilmiş geniş yeməkxana vardır. Müasir üslubda inşa edilmiş binada əməkdaşların işləməsi üçün hər cür şərait yaradılmışdır.

Rəmzi lent kəsildikdən sonra RİH-in yeni binasına ictimai baxış oldu.

Sonra qonaqlar Cəngəmiran kəndinə yola düşdülər. Orada Prezident İlham Əliyevinin tapşırığına əsasən qısa vaxt ərzində çəkilmiş və hər bir abonent üçün sayğac quraşdırılmış qaz xəttinin açılışı həyata keçirildi. Məlumat verildi ki, iki ərazi icra nümayəndəliyi üzrə 3700 nəfərə yaxın sakini və 515 abonenti olan 6 kəndə - Cəngəmiran, Pirzəkücə, Blaband, Lüləkəran, Xəlifəkücə və Osnağakücə kəndlərinə yüksək keyfiyyətlə qaz xətti çəkilmişdir.

Cəngəmiran kəndindən ağsaqqal Məmmədhüseyn Babayev, Blaband kənd sakini Əliqulu Əkbərov, Cəngəmiran bələdiyyəsinin sədri Güləddin Şahverənov çıxışlarında bildirdilər ki, hələ 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Lənkəran-Lerik magistral avtomobil yolunun açılışı ilə bağlı rayona səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə Lerikə tezliklə təbii qaz xəttinin çəkiləcəyinə söz vermişdi. O zaman ölkə rəhbərinin tapşırığı ilə qısa müddət ərzində çətin dağ relyefində, 36 yol, 6 çay keçidi, 12 kilometr uzunluğunda sıldırım qayalıqlardan, 10 kilometr sıx meşə zolağından keçən, ümumi uzunluğu 40 kilometr olan qaz xətti çəkildi. 2006-cı ilin oktyabr ayında isə cənab Prezident şəxsən rayona "mavi yanacağ"ın verilməsi ilə bağlı tədbirdə iştirak etdi və məşəli yandırdı. Artıq 5 ildir ki, 9500 nəfər əhalisi olan Lerik şəhərində "mavi yanacaq"dan istifadə edilir. Minnətdarlıqla qeyd edildi ki, bu xeyirxah missiya bu gün respublikanın bütün kənd və qəsəbələrində uğurla davam etdirilir. Lerikin tarixində ilk dəfə olaraq kəndlərə qaz verilməsi bunun bariz nümunəsidir.

Tədbirdə bildirildi ki, regionlara, o cümlədən ucqar dağ rayonlarına göstərilən dövlət qayğısının və diqqətin nəticəsidir ki, Lerik son illərdə xeyli inkişaf edib, gözəlləşib. Hələ sovet hakimiyyəti illərində burada həllini tapmayan problemlər uğurla yoluna qoyulub. Hazırda respublikamızın bütün rayon mərkəzləri qaz alır. Artıq bütün bölgələrdə kəndlərin sürətlə qazlaşdırılması həyata keçirilir. Əhalinin həyat səviyyəsi, güzəranı yaxşılaşır. Əmək haqları və pensiyalar mütəmadi artırılır və vaxtlı-vaxtında ödənilir.

Lerikin ətraf kəndlərinin də qazlaşdırılması qısa vaxtda başa çatdırılıb. Diametri 320 millimetr olan 8345 metr uzunluğunda və diametri 160 millimetr olan 1168 metr uzunluğunda polietilen boruların çəkilməsi, ümumi uzunluğu 19400 metr olan kəndlərarası paylayıcı kəmərlərin tikintisi sürət və keyfiyyətlə aparıldı. Tikinti işlərində də rayonun onlarca vətəndaşı da iştirak etmişdir. Çıxışçılar bütün bunlara görə möhtərəm Prezidentimizə dərin minnərdarlıqlarını bildirdilər. Onlar vurğuladılar ki, kəndlərə "mavi yanacağ"ın verilməsi təkcə əhalinin məişət probleminin həlli demək deyil, həm də təmiz havası, zəngin meşə sahələri ilə seçilən Lerikin təbiətinin daha etibarlı qorunması və nadir ağacların qırılmasının qarşısının alınması deməkdir.

ARDNŞ-in prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasətin nəticəsində respublikanın hər bir bölgəsində geniş abadlıq və tikinti-quruculuq işlərinin vüsət aldığını qeyd etdi. O, 2013-cü ilin sonlarınadək respublikanın bütün rayonlarında qəsəbə və kəndlərin qazlaşdırılması işinin başa çatdırılacağını bildirdi və cənab Prezidentin tapşırığına əsasən Lerikin 6 kəndinə "mavi yanacağ"ın verilməsi ilə bağlı kənd sakinlərini təbrik etdi. Daha sonra Milli Məclisin deputatı İqbal Məmmədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək rayona göstərilən qayğı və diqqətdən razılıqla söhbət açdılar, bundan sonra da ölkəmizdə sosial yönümlü siyasət yeridiləcəyinə əminlik ifadə etdilər.

ARDNŞ-in prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev rəmzi açılışı bildirən məşəli alovlandırdı. Kənd sakini İdrət Mirzəyevin evində qaz sobasını yandırdı və xeyir-dua verdi.

Həmin gün Cəngəmiran kəndində rayon icra hakimiyyətinin daxili imkanları hesabına tikilmiş 35 yerlik uşaq bağçasının da açılışı reallaşdı. Rəmzi qırmızı lent kəsildikdən sonra bina ilə tanışlıq oldu. 4 otağı, bir yeməkxanası və 1 oyun zalı olan bağçada fidan balalar üçün hər cür şərait yaradılmışdır. Uşaq bağçası rayon icra hakimiyyəti tərəfindən həm məişət avadanlığı, həm də yataq dəstləri və uşaq oyuncaqları ilə təmin edilmişdir.

Bağçanın müdiri Nəzakət Mədətova göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, gələcəyimiz olan uşaqların firavan və sağlam böyüməsi, təlim-tərbiyə alması üçün dövlətimiz tərəfindən, habelə Heydər Əliyev Fondunun xəttilə son illərdə həyata keçirilən tədbirlər əhali tərəfindən böyük razılıqla qarşılanır. Bu məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Cəngəmiran kəndində bayram bayrama qarışıb. Kəndimizə təbii qazın verilməsi və uşaq bağçası üçün yeni binanın açılışı bizi sevindirməklə yanaşı, üzərimizə daha böyük məsuliyyət qoyur. Çalışacağıq ki, etimadı doğruldaq və burada sabahımızın layiqli vətəndaşlarını yetişdirək.

Lerikdə yeni sosial-məişət obyektlərinin açılışı hər kəsdə zəngin təəssürat yaratdı.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 21 iyun.- S. 6.