Ümumrespublika "Vətəni tanı" kampaniyasının növbəti turu Qəbələdə və İsmayıllıda keçirilib

 

"Vətəni tanı" ümumrespublika kampaniyasının növbəti seçim turları Qəbələ və İsmayıllı rayonlarında baş tutub. Qəbələ şəhər orta məktəbində keçirilən tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası idarə heyətinin üzvü Heydər Atayev bildirmişdir ki, hazırda ölkəmizdə gənclər siyasəti çox uğurla həyata keçirilir.

Gənclərimizin hərtərəfli inkişafı üçün istər paytaxtda, istərsə də regionlarda əlverişli şərait yaradılıb. Tədbirin əhəmiyyətindən danışan H.Atayev qeyd etmişdir ki, bu gün Azərbaycan gəncləri barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Gənclərə bölgələrdə keçirilən yarış haqqında məlumat verilib. Qəbələ rayonu üzrə 150 gəncin qatıldığı yarışmada iki nəfər respublika turuna vəsiqə qazanıb.

Layihə İsmayıllı gəncləri arasında da maraqla qarşılanıb. İsmayıllı şəhər 2 saylı orta məktəbdə baş tutan kampaniyanın açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil, gənclər və idman idarələrinin əməkdaşları iştirak edmişlər. Heydər Atayevin rəhbərlik etdiyi işçi qrupu İsmayıllı rayonunda da kampaniyanı yüksək səviyyədə həyata keçirmişdir. 150 məktəblinin iştirakı ilə keçirilən treninqdə iki istiqamət üzrə Azərbaycanın inzibati ərazi vahidləri gənclərə tanıdılıb. Məktəblilər kampaniyanın rəsmi saytında olan Azərbaycan xəritəsini böyük həvəslə toplayıblar.

Qeyd edək ki, Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2011.- 21 iyun.- S. 6.