Qloballaşma və müasir Azərbaycan: milli ideyanın təcəssümü və inkişafı barəsində bəzi düşüncələr

 

Qloballaşma prosesləri, ilk növbədə, diqqəti öz imkanları ilə cəlb etdi, sonra isə aydın oldu ki, o, müasir aləmdə getdikcə daha əhəmiyyətli və heç də birmənalı qarşılanmayan rol oynayır. Onun çağırışlarında yalnız dövlət, vətəndaş cəmiyyətlərinin deyil, həm də vətəndaşların mənafeyinə toxunan məqamlar var . Və eyni zamanda, aydın olur ki, qloballaşmanın mahiyyətini təşkil edən iqtisadi, siyasi və sosiomədəni proseslər şəraitində milli identikliyin qorunub saxlanması və inkişaf etdirilməsi vətəndaşlara bu çağırışlara cavab verməkdə kömək edir. İnsanın fərdi həyatı, əlbəttə, bir çox amillərdən, o cümlədən onun məhz hansı birliyə (kollektiv identikliyə) mənsub olduğundan da asılıdır.

 

Kollektiv identiklik müxtəlif cür olur - milli, etnik, dini, mədəni və s. Lakin qloballaşmanın çağırışları digər identiklikləri özündə ehtiva edən milli identikliyi aktuallaşdırır. Əlbəttə, ayrılıqda hər bir vətəndaş milli identikliyin onun üçün nə əhəmiyyət kəsb etdiyinin heç də həmişə fərqinə varmır. Güman edir ki, hər hansı bir peşə sahəsindəki bacarığı ona başqa ölkədə firavan yaşamağa imkan verəcək. Həmçinin düşünür ki, dini identiklik onun ruhunu xilas edəcək, nəhayət, etnik identiklik milli identiklikdən daha vacibdir. Fəqət biz görürük ki, müəyyən bir sahədə, hətta yüksək peşəkarlıq belə "yad"ların inkişaf etmiş ölkələrin vətəndaş cəmiyyətinə inteqrasiyasına kömək etmir. Eyni bir dinə və ya etnik identikliyə mənsub ölkələr arasında da ərazi üstündə amansız rəqabətin getdiyini də görmək olar. Aydındır ki, bütün bu məsələlər sanki postsovet məkanı ölkələri üçün xüsusilə kəskin şəkildə ortaya çıxır. Bir çoxlarına elə gəlir ki, bu məkanlarda məskunlaşmış xalqlar Avropa ilə müqayisədə öz milli identikliyini xeyli müddətdir ki, axtarırlar.

Lakin başqaları da eynilə bu cür onu axtara-axtara az qala sərgərdan qalıblar. Burada qeyri-Avropa dünyasında milli identikliyin formalaşması və inkişafının qarşısını nəyin aldığını dərk etmək lazımdır. Bu məsələlərin başa düşülməsi bizim üçün də vacibdir. Uzun müddət bizim üçün kollektiv identikliklər arasında dini identiklik başqalarından daha əhəmiyyətli olub, sonra etnik, daha sonra isə sovet - sinfi identiklik üstünlük təşkil etməyə başlayıb. Və indi də çox vaxt biz maraqla tariximizə nəzər salaraq, istər-istəməz keçmişin identikliklərinin təsiri altına düşürük. Fəqət bunlar, hər şeydən əvvəl, müstəqil dövlətin, onun vətəndaşlarının öz dövlətçiliyini yaratmaq, qüvvətləndirmək və inkişaf etdirmək bacarığının müəyyənləşdirdiyi və möhkəmləndirdiyi milli identikliyimizin yalnız bir hissəsidir. Xalqın tarixi onun vətəndaşları üçün dəyərcə yalnız o zaman əhəmiyyət kəsb edir ki, onda milli müstəqilliyin təşəkkülü yolunun ən mühüm xüsusiyyətləri düzgün göstərilmiş olsun.

Azərbaycan Prezidenti İlham Əliyevin, bir tərəfdən ölkənin müasirləşdirilməsinə, iqtisadiyyatın, informasiya texnologiyalarının inkişaf etdirilməsinə, digər tərəfdən isə dövlət, ideologiya və mədəniyyətin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş kursu ölkə vətəndaşlarının mənafeyinə tam cavab verir. Onun kursunun fəlsəfəsi müasir Azərbaycanı qüvvətləndirməyin, inkişaf etdirməyin və dünya birliyinə inteqrasiyasını təmin etməyin sintezindən ibarətdir. Əlbəttə, müasirləşdirmə kursunun bu tərkib hissələrini dərk etmək o qədər də asan iş deyil, çünki onlar özlərində inteqrasiya və dialoqa yönəltməni ehtiva edir və həm də millətin özünəməxsusluğu, onun kollektiv identikliyi ilə bağlı olan bütün sahələrin inkişaf etdirilməsini tələb edir. Bu mənada akademik Ramiz Mehdiyevin həmin məsələlərə həsr olunmuş "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" məqaləsi məhz ona görə aktualdır ki, müasirlik anlayışımızı genişləndirir, dərinləşdirir və öz tariximizi necə dərk etmək lazım olduğunu başa salır, kimliyimiz, bizi keçmişdə çağdaş dünyamızda nələrin birləşdirdiyi və s. barəsində düşünməyə məcbur edir. Onun müasir siyasi və sosial fəlsəfəyə əhəmiyyətli töhfəsi və nəzəri yeniliyi hər birinin ümumi nəticələr çıxarmaq üçün əsas ola biləcəyi aşağıdakı konseptlərdir:

Birincisi, müəllif milli ideyanın təşəkkül, təcəssüm və inkişafının müxtəlif mərhələlərini xüsusi olaraq nəzərə çarpdırmaqla, millət anlayışına fərqləndirici yanaşma nümayiş etdirir. Etiraf etmək lazımdır ki, yerli və xarici tədqiqatçılar hələ də məsələn, milli ideyanın dini, etnik və Azərbaycanın dövlət müstəqilliyi ilə qırılmaz surətdə bağlı olan, sözün həqiqi mənasında, milli və hətta sosiomədəni komponentlərini fərqləndirmirlər. Müəllif yazır ki, "Azərbaycan milli ideyası prioritetlərin müəyyənləşdirilməsində uzun bir yol keçmişdir". Onların arasında dini, etnik tərkib hissələri və nəhayət, Azərbaycanın "..müstəqil mahiyyət kimi dərk edilməsi olub. Bunun üçün isə milli ideyanın özü şəxsi, ictimai və dövlət varlığının əsas dəyərlərini ehtiva etməlidir".

Akademik R.Mehdiyev həmçinin yazır: "XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: Dövlətin ərazi bütövlüyünün və müstəqilliyinin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya və təhlükəsizlik və ondan irəli gələn tam bir sıra məsələlər...". Biz öz dinimizə və etnik köklərimizə ehtiramla yanaşırıq, yalnız bir şərtlə ki, onlar dövlətimizin müstəqilliyi, onun özünü qoruyub saxlaması və inkişafı üçün təhlükə yaratmasın.

İkincisi, məqalədə milli ideya və milli ideologiya arasındakı fərq çox dəqiq və aydın şəkildə müəyyənləşdirilib. Etiraf etmək lazımdır ki, çox vaxt biz bu məfhumlar arasında fərqləri görmürük. Halbuki bunları qarışdırmaq olmaz. Çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Əslində onların funksiyaları müxtəlifdir. Akademik R.Mehdiyev yazır ki, "Milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır". Bu anlayışların dəqiq fərqləndirilməsi ideologiya və ictimai elmlər arasında münasibətlərin necə qurulmalı olduğunu, cəmiyyət, dövlət üçün ictimai elmin inkişafının, araşdırma, izahetmə və tərbiyələndirmə vəzifələrinin yerinə yetirilməsinin nə dərəcədə vacib olduğunu müəyyən etməyə imkan verər.

Üçüncüsü, etiraf etmək lazımdır ki, milli ideya və milli ideologiyanın bu cür təfsiri bizə primitiv etnik millətçilikdən uzaqlaşmağa və mənşəyindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının dəyərlərini özündə ehtiva edən pozitiv, milli-mədəni vətəndaş vətənpərvərliyi sistemini inkişaf etdirməyə imkan verir. R.Mehdiyev yazır: "Ərazi bütövlüyünü qoruyub saxlamaq üçün milli ideya dil, etnik və konfessional fərqlərdən asılı olmayaraq ölkənin bütün əhalisinin mənafeyini nəzərə almalıdır". Qeyd etmək lazımdır ki, bu, qloballaşma şəraitində hər bir müstəqil dövlət üçün zəruri olur, çünki ifratçılıqdan və kosmopolitizmin radikal formalarından və radikal separatçılıqdan qorunmaq üçün konseptual əsas yaradır. Başa düşmək lazımdır ki, qloballaşma şəraitində bəzi böyük dövlətlər, kimisi bütün dünya, kimisi isə ayrıca bir bölgə üzərində nəzarət uğrunda təsir vasitələri tapmaq üzrə apardığı mübarizədə kosmopolitizm, kənardan sırınmış demokratiya ideyalarından istifadə edir, hətta hər cür separatçılıq formalarını dəstəkləyir, bunu yeni dünya nizamına doğru hərəkət kimi qələmə verirlər. Söz yox ki, gözlərimiz önündə onun təşəkkülü baş verir. Lakin bu prosesin təmayül və risklərini, ayrı-ayrı "oyunçuların" maraqlarını qloballaşmanın obyektiv tələblərindən və öz dövlət və cəmiyyətinin mənafeyindən ayırmaq lazımdır.

Dördüncüsü, akademik R. Mehdiyev yazır ki, "dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin mövqeyi möhkəmləndikcə, sosial-iqtisadi mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur". Buna görə də o, inkişaf üçün yeni müasir siyasi ideologiyanın zəruri olduğunu vurğulayır. Bizcə, söhbət həm də siyasi fəlsəfənin, idarəetmə elmlərinin və s. inkişaf etdirilməsi zərurətindən gedir. Əslində, o, əmin olduğunu bildirir ki, əgər milli dövlətlər müasir nəzəriyyəni praktika ilə birləşdirə bilsələr, onlar qloballaşma şəraitində öz missiyasını saxlayacaq. Görünür, heç də dövlətlərin hamısı yox, yalnız təkamül yolu ilə inkişaf edən, risklərdən sığortalanmağı bacaran, öz inkişafı üçün yeni ideya və ideologiya yarada bilən dövlətlər qalmaqda davam edəcəklər. Xatırladaq ki, məşhur filosof S.Hantinqton "Kto mı? Vızovı amerikanskoy nasionalnoy identiçnosti" ("Biz kimik? Amerika milli identikliyinin çağırışları") əsərində müasir dövlət barəsində yazırdı ki, bu, artıq milli cəmiyyət yox, qlobal bazardır. Amma, əslinə baxanda, guya millətlərin olmadığı, dövlətlərin maraqlarının olmadığı bir dünyada yaşadığımızı güman etmək boş bir xəyala qapılmaq deməkdir. Bir sıra digər Qərb alimləri kimi, qloballaşma proseslərinin tanınmış tədqiqatçısı U.Bek yeganə hərbi super-dövlət olan Amerika Birləşmiş Ştatlarının açıq-aşkar hakim mövqe tutmağa çalışdığı barədə yazır. Bizim müstəqillik tariximizdə hətta regional böyük dövlətlərin bizə öz maraqlarını, dini-mədəni prioritetlərini və s. sırımaq istədiklərini təsdiq edən xeyli sübut vardır. Bu təhlükələrdən yaxa qurtarmaq üçün təkcə səmərəli iqtisadi və siyasi islahatlar, demokratikləşmə və hüquqi dövlət quruculuğu həyata keçirmək kifayət deyil, bunun üçün həm də elmləri, mədəniyyəti inkişaf etdirmək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil və s. ilə bağlı olan bütün hər şeyi ciddi surətdə təşkil etmək lazımdır. Bütün bu cür işlərdə, düzgün olaraq qeyd edildiyi kimi, milli ideya və ya milli identiklik "cəmiyyətin daxili bazisini" təşkil edir və bu bazis kənardan edilən nəzarət və əmrlərə məruz qalmamalıdır, əks-təqdirdə bu, milli müstəqilliyin, dövlətçiliyin itirilməsinə və ya əksinə, sərt radikallaşmaya və təcavüzkar millətçiliyin qüvvətlənməsinə gətirib çıxara bilər. Bu kontekstdə kənardan sırınan demokratiya nümunələrinin bir növ "Troya atı" rolunu oynaya biləcəyindən də ehtiyatlanmaq lazımdır. Eyni zamanda, şübhəsiz, demokratiya Azərbaycanda inkişaf etməlidir, o, ölkənin müasirləşdirilməsinin mühüm və ayrılmaz hissəsidir.

Beşincisi, müəllif dövlətçiliyin təkamülündə tarixi şəxsiyyətlərin rolunun dərk edilməsinə və izahına, onların irəli sürdükləri ideyalara və bu ideyaların həyata keçirilməsi üzrə praktik siyasətə xüsusi diqqət yetirir. Akademik Ramiz Mehdiyev vurğulamağı lazım bilir ki, bizim tariximizdə bu cür şəxsiyyətlər - alimlər, maarifçilər, yazıçılar, siyasətçilər az olmayıb. Bunula belə, o, qeyd edir ki, "nəzəri fikrin formalaşdırılması onun tərkib hissələrinin əməli şəkildə həyata keçirilməsi qədər məsuliyyətli işdir". Bu ideyanın əhəmiyyəti ondan ibarətdir ki, bəzi alimlərimiz hələ də ya bu günü lazımi qədər qiymətləndirməyərək keçmişin əhəmiyyətini şişirdir, ya da hər bir cəmiyyətin keçmişi və indisində elm, maarif və mədəniyyətin əhəmiyyətini lazımi qədər dəyərləndirməyərək siyasilərin rolunu önə çəkirlər. Bu kontekstdə ümummilli lider Heydər Əliyevin baxışları, xarizması və nailiyyətlərinin təhlili, şəxsiyyətin öz səyləri nəticəsində "ölkədə vəziyyəti" köklü surətdə dəyişdirdiyi, cəmiyyəti birləşdirdiyi və s. ölkələrin tarixindən misallar böyük maraq kəsb edir.

Məqalə müəllifi Türkiyənin tarixindən Mustafa Kamal Atatürkü, Almaniyanın tarixindən Konrad Adenaueri və başqalarını xatırladaraq misallar gətirir. Həmin kontekstdə ümummilli liderin kursunu yaradıcılıqla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə diqqət yetirməyə dəyər. "Yaradıcılıqla" dedikdə nəyi nəzərdə tuturuq? Əgər Heydər Əliyev sabitləşdirir, möhkəmləndirir, yaradır, formalaşdırırdısa, İlham Əliyev diqqəti daha çox milli və dövlət müstəqilliyini qoruyub saxlamaqla yanaşı, geniş mənada, ölkənin inkişaf etdirilməsi, dünya birliyinə inteqrasiyası, onun identikliyinin müasirləşdirilməsi məsələlərinin həllinə yönəldir.

Modernləşmə müasir dövlətin zəruri funksiyalarından biridir. Ramiz müəllimin qeyd etdiyi kimi, Azərbaycan innovasiya modernləşməsinin həyata keçirilməsində çox maraqlıdır. Bu halda həmin proseslər fəal sosial qrupların maksimum sayda nümayəndələrini əhatə edəcəkdir.

Məhz bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın müasirləşdirilməsi kursu bizi - Azərbaycan intellektuallarını, alimlərini, fəal vətəndaşlıq mövqeyində duran insanları qloballaşma dövründə ölkənin problemlərini anlamaq, dünya iqtisadiyyatında, beynəlxalq münasibətlərdə, mədəniyyətdə əsaslı dəyişikliklərin səbəblərini təhlil etmək üçün səfərbər edir. Həmin dəyişikliklərin səbəblərinin başa düşülməsi modernləşdirmə proseslərinə qoşulmaq arzusu oyadır. Yaxşı məlumdur ki, ümumdünya iqtisadi böhranı ABŞ-da, Avropa İttifaqında ölkələrin müasirləşdirilməsinə meyli artırdı, Rusiya modernləşdirmə kursunu elan etdi və s. Əlbəttə, müxtəlif dövlətlərdə ölkəni müasirləşdirmək üzrə göstərilən səylərin özünəməxsus xüsusiyyətləri vardır, hərçənd dünyadakı bütün bu modernləşdirmə cəhdlərində nə isə ümumi bir şey vardır. Akademik Ramiz Mehdiyevin bir çox başqa əsərləri kimi, yuxarıda adı çəkilmiş məqaləsində, əslində, müasirləşdirmənin Azərbaycan modeli nəzəriyyəsinin inkişafını davam etdirir və Azərbaycanın milli ideyası ilə müasirləşdirilməsi kursunun sintezi barəsindəki suallara cavabdır. Eyni zamanda, məqalə ölkənin ictimaiyyatşünaslarını respublikanın modernləşdirməsi nəzəriyyəsi, ideologiyası və təcrübəsi məsələlərini dərk etməyə sövq edir.

Hər bir ölkənin müasirləşdirilməsi alimlərdən onun problemlərinin, mahiyyətinin, münaqişə və risklərinin dərk olunmasını tələb edir. Müxtəlif tarixə, siyasi sistemə, adət-ənənələrə malik olan bir neçə ölkə tarixin müəyyən dövründə modernləşdirmə kursunu seçdiyi təqdirdə alimlərin bu cür tədqiqatlarına tələbat daha da artır. Lakin müasirləşdirmə, ideologiyanın rolunun, böyüməkdə olan nəslin bu proseslərə cəlb edilməsinin ən yaxşı model və yollarının axtarılması üçün elm, araşdırma metodologiyası, əvvəlki mərhələlərin rolunun təhlili böyük əhəmiyyət kəsb edir. Bu işdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin həmin məqaləsi alimlərimizə metodoloji əsaslar verir. Bu məqaləni onun qloballaşma və müasirləşmə problemlərinə həsr olunmuş digər əsərləri kontekstində dərk edərək həmçinin aşağıdakı bir neçə nəticə üzərində dayanmaq istərdik:

Sabitləşdirmə və modernləşdirmə bir-biri ilə qırılmaz surətdə bağlıdır və bu prosesləri, adətən, ölkələrin liderləri başlayırlar. Azərbaycanın müstəqillik təcrübəsi onu göstərir ki, müasirləşdirmədən əvvəlki dövr ölkədə vəziyyəti sabitləşdirməyə, ümummilli etimad mühiti yaratmağa qadir siyasi liderin olmasını tələb edir. Azərbaycan Prezidenti Heydər Əliyev məhz bu cür lider idi. Onun həyata keçirdiyi islahatlar, nail olduğu sabitlik İlham Əliyev kursunun zərurətini, ölkənin inkişafı üçün kreativ, yaradıcı şüura malik elitalara, elmin inkişaf etdirilməsinə, yeni bilik iqtisadiyyatına, informasiya cəmiyyətinə və s. doğru irəliləyişə tələbatın olduğunun dərkini yaradır. Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir ki, modernləşdirmə müasirliyə, miqyaslı islahatlara sıçrayış etmək, yol açmaq deməkdir və bu, milli identikliyi itirməyərək ölkəni informasiya cəmiyyətinə, bilik, elm cəmiyyətinə və s. gətirib çıxarmalıdır. Bu, çoxmərhələli olacaq və o deməkdir ki, modernləşmə sosiomədəni mərhələni özündə ehtiva edir və cəmiyyətin şüuru, onun təhsil, elm, mədəniyyətə münasibətilə qırılmaz surətdə bağlıdır.

Əvvəlki modernləşmələrdən fərqli olaraq indiki müasirləşmə dünyada müəyyən açıqlıq şəraitində baş verir, buna görə də o, hər şeydə yarışma deməkdir. Bu tezisin qeyd edilməsi onunla bağlıdır ki, açıqlıq və yarışma şəraiti müasirləşmə prosesinin bütün iştirakçıları qarşısında xüsusilə mürəkkəb tələblər qoyur. Akademik Ramiz Mehdiyevin müasirləşdirmə nəzəriyyəsinə görə, əvvəlcə modernləşmə respublikanın eyni zamanda həm də yenidən informasiya-idarəetmə xüsusunda təchiz olunmasını nəzərdə tutan ciddi iqtisadi qərarlar tələb edir. Modernləşmənin sosiomədəni mərhələsi onun respublika qarşısında duran vəzifələrin daim mürəkkəbləşdirilməsi olduğu deməkdir və bu zaman əvvəlki məsələnin həlli həmin problemin artıq yeni mərhələdə həll edilməsi zərurətini inkar etmir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, müəyyən mərhələdə ona cəmiyyət cəlb olunur, buna görə də o, milli ideologiya olmadan mümkün deyil. Digər tərəfdən, yalnız siyasətdə, beynəlxalq münasibətlərdə deyil, həm də təhsil, mədəniyyət, böyüməkdə olan nəslin tərbiyəsi işində və s. lazımdır.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanın müasir modernləşdirilməsi, əvvəllərdə olduğu kimi, yalnız başqa dövlətlərə çatmaq cəhdi deyil, bu, zamanla ayaqlaşmaq cəhdidir, yəni zamandan dövlət, vətəndaş cəmiyyəti və hər bir vətəndaşın inkişafı üçün səmərəli istifadə etmək fürsətidir. Lakin sərbəst bazar şəraitində insanın özündən, onun keyfiyyətli təhsil ala bilməsindən, zəhmətkeş olmasından və s. amillərdən çox şey asılıdır.

Bizcə, hər bir modernləşdirmə tərəqqidə digər dövlətləri qabaqlamaq məqsədilə, həm də onların imkanlarından texnoloji, elmi yeniləşmə üçün istifadə etməklə (inteqrasiya), ən istedadlı, kreativ olanları fəallaşdırmaqla və s. ölkənin inkişaf etdirilməsi deməkdir. Müasirləşmə ölkənin həyatın yeni, dəyişən şəraitinə həmişə hazır olması deməkdir. O, yüksək milli-mədəni, milli ideyanın əsasını təşkil edən dəyərlər və məqsədləri qoruyub saxlamaqla öz institutlarını, dəyərlərini, ideologiyanı, təhsil sistemini dəyişməyə hazır olmaq deməkdir.

Nəzərə almaq lazımdır ki, postsovet məkanında vətəndaş cəmiyyəti hələ yenicə formalaşır və çox vaxt onun özü dövlətin köməyinə ehtiyac duyur. Fəqət indiki şəraitdə milli ideya müasirləşmə kursu ilə birlikdə vətəndaş cəmiyyətinin inkişafını nəinki nəzərdə tutur, hətta ona ehtiyacı var. Vətəndaş cəmiyyətinin dəyərləri ölkədə milli dəyərlərlə qırılmaz surətdə bağlı olmalıdır.

Prezidentimizin müasirləşdirmə kursu müasir dövrdə dünyanın qlobal modernləşmə prosesinin ayrılmaz bir hissəsidir. Onun mahiyyəti bundan ibarətdir ki, ictimai şüurda kreativlik, informasiya mədəniyyəti və milli dəyərlərlə bərabər varislik üstünlük təşkil etməlidir. Bu, çox mürəkkəb məsələdir və onun öhdəsindən, digər iqtisadi və siyasi həllərdən başqa, yalnız elmlərin, o cümlədən, həm də ictimai elmlərin, ilk növbədə, fəlsəfənin inkişaf etdirilməsinin köməyi ilə, onların çətinlikləri necə dərk etdiyini, problemin təklif etdikləri həll üsullarının ideologiya, mədəniyyət və təhsil sahəsində konkret həllər müstəvisinə "köçürülməsi" vasitəsilə gəlmək olar. Dünyadakı müasirləşmə prosesləri artıq göstərib ki, bu, biliklərin, informasiya texnologiyaları və intellektin hakim olduğu dövlətlərin üstünlük təşkil etməsinə, hakim mövqe tutmasına doğru aparır. Bu gün modernləşmə onu yayanlardan səfərbərlik, səy göstərməyi tələb edir. Həm də ki, Azərbaycanın müasir tarixi, Ermənistanın ona qarşı təcavüzü, terrorçuluğu və Dağlıq Qarabağ münaqişəsi ölkənin müasirləşməsi üzrə aparılan işin nə qədər mürəkkəb, çətin olduğunu daha da qabarıq göstərir. Müasir Azərbaycanın təcrübəsinin, dünya tarixinin dərkindən göründüyü kimi, qarşıda ideoloji mübarizə, toqquşma, qeyri-müəyyənlik və çətinliklər hələ çox olacaq və bütün səyləri, qüvvələri səfərbər etmək lazım gələcək. Lakin, yəqin ki, bu səylərin əsasını vətənpərvərliklə bərabər rasionallıq, məntiqilik, dəqiq hesablama və s. təşkil etməlidir.

Bizcə, bugünkü müasirləşmənin əsas vasitəsi bir-biri ilə uzlaşmayan amilləri, hər şeydən əvvəl, hakim mövqe və dialoqu, ideal və real olanı, ənənə və rasionallığı, siyasət və əxlaqı və s. uyğunlaşdırmaq bacarığıdır. Buna görə də, fikrimizcə, gənclərimizin dövlətin köməyi ilə dünyanın ən yaxşı universitetlərində təhsil almaq imkanı ilə bərabər, onların yeni şəraitdə yaşamağa hazır olması, intellektual və vətənpərvər olması üçün Azərbaycan elmi və təhsili fəal surətdə müasirləşməli, ölkənin modernləşdirilməsi proseslərində aktiv iştirak etməlidir.

Sonda vurğulamaq istərdik ki, Azərbaycanın müasirləşdirilməsi Prezident İlham Əliyevin ölkədə ciddi dəyişikliklər aparılmasını nəzərdə tutan, milli identiklik və azərbaycançılığa əsaslanmış və millətin inkişafına xidmət edən kursudur. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərləri, o cümlədən, haqqında söhbət gedən sonuncu məqaləsi ölkənin alimlərinə müasir dövrün həqiqətən ən aktual problemlərini fəal surətdə tədqiq etməyə imkan verən, gələcəkdə istifadə oluna biləcək nəzəri və metodoloji əsasdır.

 

 

İlham MƏMMƏDZADƏ,

Azərbaycan Milli Elmlər Akademiyası

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun

direktoru, fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2011.- 21 iyun.- S. 3.