Prezident İlham ƏLİYEV:
Azərbaycan beynəlxalq əlaqələr istiqamətində
çox düşünülmüş və
balanslaşdırılmış siyasət aparır
Ölkəmizin xarici siyasəti gənc
müstəqil dövlətimizə böyük uğurlar
qazandırır
Əslində
düzgün şəkildə istiqamətləndirilmiş və
mövcud reallıqların nəzərə alınması
şərtiylə planlaşdırılmış xarici siyasət
dövlət üçün, demək olar ki, hər
şeydir. Çünki bu sahədə atılmış istənilən
uğursuz addım (müstəqilliyimizin ilk illərində
belə addımlar onlarca idi) daxili siyasətin bütün
uğurlarını heçə endirə bilər. Bir
çox Avropa siyasətçiləri dövləti evə bənzədir,
diplomatiyanı bu evin divarlarına, daxili siyasəti isə evin
damına tay tuturlar. Yəni divar yoxdursa, damın
mövcudluğu tamamilə absurddur. Şərqdə isə
xarici siyasəti ən böyük mədəniyyət adlandırıblar.
Çox maraqlıdır, müdriklər sosial-iqtisadi
inkişafı, elmi-texniki tərəqqini deyil, məhz
uğurlu xarici siyasəti ən böyük mədəniyyət
adlandırırlar. Qədim dövlətçilik, siyasi idarəetmə
və diplomatiya təcrübəsi olan Azərbaycanda isə bu
mühüm məqama münasibət zamanı həm Qərbin
tezisləri, həm də Şərqin ulu kriteriyaları əsas
götürülür.
Bu
gün ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya,
Türkiyə, Yaponiya, Almaniya və İran (dünyanın
bütün qütblərini təmsil edən ölkələr)
ekspertləri aydın mətnlə və ürəkaçıqlığı
ilə qeyd edirlər ki, gənc müstəqil Azərbaycan
dövlətinin mükəmməl bir xarici siyasət kursu
mövcuddur. Bu kursun mükəmməlliyini xarakterizə edən
əsas amillər hansılardır?
Əvvəla, Azərbaycanın xarici siyasət kursu ona görə mükəmməldir ki, onun beşiyi başında dayanan şəxs - müasir Azərbaycan Respublikasının banisi və qurucusu olan ulu öndər Heydər Əliyev dünya siyasətinin ən mükəmməl bilicilərindən biri idi. İkinci, bu kursun yüksək qiymətləndirilməsinin əsas səbəblərindən biri onun konkret bir istiqamətə yönəldilməməsi, yəni balanslaşdırıcı xarakterə malik olmasıdır. Məsələn, bəzi müstəqil dövlətlər öz xarici siyasətlərini daha çox Qərbyönümlü istiqamətə, digərləri isə Şərqə və hətta, konkret olaraq İslama doğru yönəldirlər. Azərbaycanın xarici siyasətində bu məhdudiyyətlər yoxdur. Rəsmi Bakı Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrini gündən-günə genişləndirir. Yaxud, tutaq ki, Rusiya Federasiyası ilə dostluq edən Ermənistan dövləti Moskva ilə soyuq münasibətdə olan ölkələrlə dostluq və əməkdaşlıqdan imtina edir. Azərbaycan isə bu münasibətləri tarazlayır, həm Rusiya Federasiyası ilə strateji tərəfdaşlıq və müttəfiqlik edir, həm də Moskva ilə əməkdaşlığı olmayan başqa bir ölkə ilə. Bu, bir tərəfdən ölkəmizin daha da qüdrətlənməsinə təkan verir, digər tərəfdən isə qloballaşma prosesinə gənc müstəqil respublikanın verdiyi töhfə kimi qiymətləndirilir.
Ulu öndər Heydər Əliyev hələ 2001-ci ilin yanvarında - Azərbaycanın Avropa Şurasına qəbul edilməsi zamanı söyləmişdi ki, biz bu quruma üzv qəbul olunarkən təkcə nə isə qazanmaq, Avropa ailəsindən nə isə öyrənmək məqsədi daşımırıq, biz həm də Avropa dəyərlərinə öz töhfələrimizi verməyə hazırıq. Yəni Azərbaycan öz siyasəti, sosial ədaləti, iqtisadi inkişafı, elmi-texniki nailiyyətləri ilə Avropa dəyərlərinə yeni əlavələr, töhfələr vermək iqtidarında olduğunu hələ XXI əsrin ilk günlərindən etibarən elan etmişdi. Bu gün isə həmin töhfələr günün reallıqlarıdır. Yeri gəlmişkən, 2003-cü ilin payızından sonra Azərbaycanda təxminən 15-ə qədər qitə və dünyamiqyaslı beynəlxalq tədbir reallaşdırılıb ki, bu da ölkəmizin dünya dəyərlərinə, bəşəri xəzinəyə təqdim etdiyi töhfələr kimi qiymətləndirilir. Ən başlıcası isə rəsmi Bakı sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi istiqamətində çox kəsərli addımlar atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ay - mayın 27-də imzaladığı fərmanda göstərilir ki, Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilsin. Yada salaq ki, bu il aprelin 7-dən 9-dək ölkəmizdə 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdi. Forumun əsas məqsədi mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə və yerli, regional, qlobal səviyyələrdə daha da genişləndirilməsi idi. Əlavə edək ki, bu ilin payızında Bakıda Azərbaycan və Rusiya Federasiyasının təşkilatçılığı ilə möhtəşəm Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunlar isə Azərbaycanın dünya ölkələrinin hamısının üzünə açıq olduğunun bariz nümunəsidir.
Üçüncü, gənc müstəqil Azərbaycan dövlətinin yeritdiyi xarici siyasətin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin əsas səbəblərindən biri də uğurlu neft diplomatiyasının reallaşdırılmasıdır. Məlum məsələdir ki, bu gün dünya ölkələrini, xüsusən, Avropanı ən çox narahat edən məsələlərdən biri və bəlkə də birincisi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsidir. Bu sahədə rəsmi Bakının olduqca mükəmməl bir siyasi kursu mövcuddur. "Əsrin müqaviləsi"nin həyata keçirildiyi ilk illərdə Azərbaycan nefti Bakı-Novorossiysk xətti ilə Rusiyaya və Bakı-Supsa kəməri ilə Gürcüstana nəql edilirdi. Heydər Əliyev uzaqgörənliyinin nəticəsi olaraq sonralar Azərbaycanın karbohidrogen ehtiyatları dünya bazarına daha müasir və daha möhtəşəm kəmərlər olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri vasitəsilə çıxarıldı. Bu kəmərlərin istifadəyə verilməsindən sonra Avropanın az qala bütün ölkələri Azərbaycanla energetika sahəsində əməkdaşlıq etməyə başladı. Neft və qaz ixrac kəmərlərinin şaxələndirilməsi təkcə iqtisadi baxımdan deyil, eləcə də diplomatik baxımdan ölkəmiz üçün çox böyük səmərələr verdi. Hazırda Avropanın gündəliyindən düşməyən NABUKKO və AQRİ layihələri ölkəmizin dostlarını və tərəfdaşlarının sayını gündən-günə artırır.
Dördüncü, Azərbaycanın xarici siyasətinin uğurlarını artıran növbəti məqam ölkəmizin dünya dövlətləri ilə ikitərəfli əməkdaşlığının gündən-günə genişləndirilməsi fonunda çoxtərəfli əməkdaşlığın da (beynəlxalq təşkilatlar çərçivəsində) yeni müstəviyə qaldırılmasıdır. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Konfransı Təşkilatı, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatlarla əməkdaşlığımızın genişləndirilməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu qat-qat artırır. Adı çəkilən beynəlxalq təşkilatların hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyini dönə-dönə dilə gətiriblər. Elə bir beynəlxalq təşkilat yoxdur ki, Ermənistanı işğalçı dövlət kimi tanımasın və Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələrindən təmizlənməsinin vacibliyini ifadə edən sənəd qəbul etməmiş olsun. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə mühüm zəmin yaradır. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının iyunun 24-də Kazanda keçiriləcək növbəti görüşünə ümidlərin artması da məhz bu zəmin üzərindədir.
Bu görüş ərəfəsində Azərbaycanın xarici siyasətini xarakterizə edən Prezident İlham Əliyev demişdir: "Azərbaycan beynəlxalq əlaqələr istiqamətində çox düşünülmüş və balanslaşdırılmış siyasət aparır. Bu siyasət xalq tərəfindən dəstəklənir.
Bu siyasət imkan verir ki, bütün ölkələrlə qarşılıqlı maraq əsasında, bərabərhüquqlu əlaqələr yaradaq, onları möhkəmləndirək. Biz bu yanaşmanın tərəfdarıyıq. İlk növbədə, qonşu ölkələrlə əlaqələrimiz daha da güclü olmalıdır. Bu əlaqələr çox yüksək səviyyədədir. Biz bu əlaqələri tərəfdaşlıq əlaqələri kimi qiymətləndiririk. Növbəti illərdə xarici siyasətimizin bu istiqamətinə daha da böyük diqqət veriləcəkdir".
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 21 iyun.- S. 1.