"Müdriklik zirvəsi" kitabının müzakirəsi keçirilmişdir

 

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Müdriklik zirvəsi" kitabının müzakirəsi keçirildi. Kitabın tərtibçisi və ön sözün müəllifi Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlıdır.

 

Tədbiri giriş sözü ilə açan Müəllimlər İnstitutu Zaqatala filialının direktoru Tovuz Eminli dedi ki, böyük siyasi xadim Heydər Əliyevin 88-ci ildönümünə həsr olunmuş "Müdriklik zirvəsi" kitabında 60-dan çox müəllifin məqaləsi toplanmışdır. Tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin, elm adamlarının məqalələrində ümummilli lider Heydər Əliyevin çətin və şərəfli həyat yolundan, Azərbaycanın bütün sahələr üzrə inkişafı, beynəlxalq aləmə inteqrasiyası, dünya birliyində mövqelələrinin möhkəmlənməsi və əlaqələrinin genişləndirilməsindəki yorulmaz fəaliyyətindən bəhs olunur.

T.Eminli qeyd etdi ki, kitabda toplanmış məqalələri oxuyan hər bir oxucuya bir daha aydın olur ki, Azərbaycanın və xalqımızın çətin, ağır anlarında, müstəqilliyimizin uçuruma yaxınlaşması, ölkədə vətəndaş müharibəsi yetişdiyi məqamda ulu öndər Heydər Əliyev xalqa arxa-dayaq olmuş, təhlükə tədricən aradan qaldırılmış və Azərbaycanın müstəqilliyi möhkəmləndirilərək əbədi olmuşdur.

1969-cu ilin iyulunda və 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə həm ölkəmizə, həm də xalqımıza qarşı olan münasibət tamamilə dəyişdi. Bu dövrlərdə ümummilli liderin həm xalqımız, həm də Vətənimiz üçün həyata keçirdiyi taleyüklü tədbirlər, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, həmçinin dövlətçilik ideyalarının zənginləşdirilməsi sahəsindəki xidmətləri kitabda toplanmış məqalələrdə öz əksini tapıb.

T.Eminli daha sonra dedi ki, ulu öndərin fəaliyyətindən, Azərbaycanın inkişafı, beynəlxalq aləmə inteqrasiyası və milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən cild-cild kitablar yazılsa, yenə də azdır. Çünki ulu öndərin Azərbaycanın bugünkü inkişaf səviyyəsinə yüksəlməsində xidmətləri o qədər böyükdür ki, bunlar kitablara sığan deyil. Buna baxmayaraq, "Müdriklik zirvəsi" kitabı bu baxımdan çox dəyərli və yüksək qiymətə layiqdir.

Müzakirələrdə çıxış edənlərdən filologiya üzrə fəlsəfə doktoru Sahib Axundov, pedaqogika üzrə fəlsəfə doktoru Şahin Tağıyev, filologiya üzrə fəlsəfə doktoru Maqmet Əhmədov, filialın direktor müavini Füzuli Səddinov, tarix elmləri üzrə fəlsəfə doktorları Qüdrət Qırtımov, Camal Arıxov və başqaları çıxış edərək "Müdriklik zirvəsi" kitabını yüksək qiymətləndirdilər.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın prezidentliyinə başladığı ilk gündən ölkədə geniş islahatlar aparıldı, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Ölkəmizin iqtisadi qüdrətinin artırılmasında strateji əhəmiyyətə malik neft strategiyasının düşünülmüş şəkildə həyata keçirilməsinə böyük üstünlük verməsi ulu öndərin uzaqgörənliyinin parlaq nümunəsinin təcəssümü idi. İnkişaf etmiş ölkələrin böyük neft şirkətlərini Azərbaycana cəlb etməklə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olan ulu öndər bununla ölkəmizin müstəqilliyinin əbədi olmasını, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsini və iqtisadi gücünün artmasını reallaşdırdı.

Çıxış edən natiqlər bildirdilər ki, ölkəmizin bu gün dünya birliyində demokratik dövlət kimi tanınması, sürətli iqtisadi inkişaf yolunda inamla, qətiyyətlə irəliləməsi ulu öndər Heydər Əliyevin qətiyyətinin, siyasi uzaqgörənliyinin təntənəsidir. Bütün bunlar siyasi elmlər doktoru, professor Aqiyə xanım Naxçıvanlının ideya müəllifi olduğu "Müdriklik zirvəsi" kitabında toplanmış məqalələrdə öz əksini tapıb.

Ulu öndərin həmişəyaşar ideyaları Azərbaycanı daha böyük qələbələrə doğru aparır.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2011.- 21 iyun.- S. 5.