Azərbaycanda turizmin inkişafı: dünən, bu gün və sabah.

 

 (əvvəli qəzetin 18 iyun 2011-ci il tarixli sayında)

 

Bakıda xarici firmaların "Makdonalds", "Pizza-hat", "Patio-pizza" və s. milli restoranları açılmış, Türkiyə, İtaliya, Çin və başqa ölkələrin çoxsaylı mətbəxləri yaradılmışdır. Digər tərəfdən, son vaxtlar respublikamızda keçirilən bəzi beynəlxalq tədbirlərdə Azərbaycanda turizmin inkişafında mühüm rol oynayacağı şəksizdir. Bu tədbirlərdən biri 2002-ci ilin may ayının sonunda Bakıda keçirilən 1-ci beynəlxalq turizm sərgisidir. Beynəlxalq Turizm Təşkilatının himayəsi ilə keçirilən bu sərgi Mədəniyyət və Turizm Nazirliyi, Britaniyanın "ITE Group PLC" sərgi şirkəti, onun ölkəmizdəki nümayəndəliyi, habelə respublikamızda Turizm Sənayesinin İnkişafı İttifaqı tərəfindən təşkil edilmişdir. Sərgidə dünyanın 10 ölkəsinin 40-a qədər şirkəti iştirak etmişdir. Azərbaycanda 1-ci beynəlxalq turizm sərgisinin keçirilməsi əlverişli iqlim şəraiti və sərfəli coğrafi mövqeyi olan respublikamızın gələcəkdə beynəlxalq turizm məkanına çevrilməsində müəyyən rol oynayacaqdır. Bütün bunlar isə Azərbaycanın yaxın illərdə beynəlxalq turizm bazarına daxil olmasına böyük ümidlər verir. Təbii ki, bütün sahələrdə olduğu kimi, turizm sənayesinin də inkişaf sürəti və miqyası onun infrastruktur təminatından çox asılıdır. Başqa sözlə desək, turistlərə göstərilən hər bir xidmətin kəmiyyət və keyfiyyət meyarları infrastruktur təminatı ilə bağlıdır ki, bu da nəticədə turizm cəlbediciliyinə, eləcə də ümumilikdə turizm sənayesinin inkişafına təsir göstərir. Tədqiqatlardan aydın olur ki, turistlərin yerləşdirilməsi, nəqliyyat xidmətləri ilə təminatı, istirahət və əyləncə təyinatlı obyektlər, turizm xidmətlərinin təşkili ilə məşğul olan turoperator və turagentlər, ekskursiya və gid (tərcüməçi, bələdçi və s.) xidmətlərinin təşkili və s. turizm sənayesinin infrastruktur təminatına aiddir.

Təbii ki, turizm sənayesinin inkişafı insanların bir yerdən-başqa yerə hərəkəti ilə bağlı olduğu üçün nəqliyyat xidmətləri təminatı bu sahədə əsas amillərdən biri kımi çıxış edir. Eyni zamanda, turagentliklərin fəaliyyətinin təşkilində nəqliyyat vasitələri ən başlıca amil kimi çıxış edən vasitəçi xidmət sahəsidir. Turagentliklər bilavasitə müştəriyə xidmət göstərən kommersiya təşkilatları olduğuna görə onların öz səmərəli fəaliyyətinin formalaşdırılması üçün operativ və təhlükəsiz nəqliyyat xidmətlərinin təşkili mühüm əhəmiyyət kəsb edir. Araşdırmalar göstərir ki, turoperatorlar da turagentliklər kimi turistə nəqliyyat, yerləşdirmə, servis vasitələrinin, ekskursiya, gid və tərcüməçi xidmətlərinin təşkili ilə bağlı fəaliyyət göstərirlər. Eyni zamanda, turoperatorların fəaliyyəti əsasən turistlərə, vasitəçi kimi seçim və istifadə üzrə bütün mümkün imkanları yaradırlar. Ümumiyyətlə, bütün infrastruktur sahələri turizm sənayesinin inkişafını təmin etdiyi kimi, turizm sənayesi də öz növbəsində, ümumi ölkənin və ya onun ayrı-ayrı regionlarının inkişafını sürətləndirir. Bütün bunlarla yanaşı, araşdırmalardan da göründüyü kimi, turizm sənayesi turistin istifadə etdiyi bütün xidmət sahələrini birləşdirən təsərrüfat kompleksidir. Təbii ki, bu kompleksi formalaşdıran ayrı-ayrı sahələri əhəmiyyətlilik baxımından sıraladıqda, yuxarıda qeyd edildiyi kimi, nəqliyyat xidmətləri təminatı ilk yerdə dayanır. Bu baxımdan da daşıma xidmətlərinin təşkili forması və bu xidmətləri həyata keçirən nəqliyyat vasitələrinin müasir tələbata uyğunluq səviyyəsi turizm sənayesinin inkişafı, eləcə də turizm cəlbediciliyinin əsas amili kimi qəbul edilməlidir. Ona görə də turizm və nəqliyyat xidmətlərinin kompleks şəkildə araşdırılması daha məqsədəuyğundur.

Aydındır ki, turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətlərini dinamik formada səmərəliləşdirmək, eləcə də davamlı inkişafa nail olmaq üçün müxtəlif əmək vasitələrinə malik olmalıdırlar. Turizmdə istifadə olunan əmək vasitələrınin məcmusu onun maddi - texniki bazasının əsasını təşkil edir. Eyni zamanda, lazımi maddi-texniki bazaya malik olan turizm sənayesi milyonlarla insanın məşğulluğunu təmin etməklə milli təsərrüfat kompleksinin demək olar ki, bütün sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, onların inkişafına təkan verməklə ümumi iqtisadi inkişafı təmin edir.

Araşdırmalar göstərir ki, turizmin maddi-texniki bazasına turistlərə xidmətlə əlaqədar bütün binalar, avadanlıqlar, nəqliyyat vasitələri və s. daxildir. Onu da qeyd etmək lazımdır ki, maddi -texniki baza turizmin inkişafının əsasını təşkil edir və turistlərə tam kompleks xidmət göstərilməsi (yerləşdirmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şəraiti yaradır.

Məlum olduğu kimi, ümumilikdə turizm insanların asudə vaxtlarında aktiv istirahət növlərindən biri kimi dünyanın bir çox ölkələrində yayılmış və əsasən turist təşkilatları tərəfindən əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir. Turistlərin məqsədindən və turist xidmətlərindən asılı olaraq turizm daxili, beynəlxalq, fərdi təşkil olunan, dəniz, dağ, idman və s. növləri əhatə edir.

Yuxarıda qeyd edildiyi kimi, turizm elə fəaliyyət sahəsidir ki, onun inkişafı insanların hərəkətliliyi (əhali hərəkətliliyi) ilə birbaşa əlaqədardır. Bu mənada, nəqliyyat xidmətlərinin təşkili turizm sektorunun inkişafı və turistlərə lazımi xidmətlər göstərilməsinin əsas amillərindən biri kimi qəbul edilməlidir. Təcrübə göstərir ki, nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış turist nəqliyyatından istifadə edilməsi, az vəsait sərf etməklə xarici ölkələrə turist səfərlərini daha əlverişli edə bilər. Ümumilikdə isə nəqliyyat vasitəsi seçimi turistin gəldiyi ölkənin coğrafi mövqeyindən, turizm obyektinin turist göndərən ölkədən hansı məsafədə yerləşməsindən, eyni zamanda, turistin sosial vəziyyəti, onun maliyyə imkanları, eləcə də daşıma xidmətlərinin təhlükəsizliyindən asılıdır.

Azərbaycan Respublikasının müxtəlif istiqamətləri əhatə edən nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizmin sürətli və davamlı inkişafı üçün münbit şərait yaradır. Ona görə də ölkədə turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ayrı-ayrı zonalarda turistlərin istirahəti üçün lazımi şəraitin yaradılması və s. işlərlə paralel olaraq turizm sektorunun inkişafı üçün mövcud nəqliyyat dəhlizlərinin imkanlarından da istifadə edilməsi zəruridir. Bunun üçün ölkə ərazisindən keçən nəqliyyat dəhlizləri boyunca yol evləri, sürücülər üçün istirahət evləri, yeməkxanalar və s. infrastrukturlar olan yerlərdə Azərbaycan Respublikası, onun tarixi-mədəni irsi, coğrafi mövqeyi, turizm potensialı, müalicəvi zonaları, sanatoriyalar, mineral sular, onların müalicəvi əhəmiyyəti və s. sahələrə dair qısaca məlumatları əks etdirən guşələrin yaradılması məqsədəuyğun olardı. Eyni zamanda, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri boyunca turizm zonalarının tanıdılmasına dair reklam lövhələri yerləşdirilməlidir.

Son illərdə Azərbaycanın bütün regionlarında özəl sektor tərəfindən turizm-istirahət obyektləri tikilib istifadəyə verilmiş, digər sahələrlə yanaşı, turizm sektoruna da xeyli miqdarda investisiya qoyulmuşdur. Paralel olaraq, son dövrlər həyata keçirilən infrastruktur layihələri nəqliyyat sisteminin əsaslı sürətdə yenidən qurulmasına, eləcə də ölkədə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizlik baxımından təkmilləşdirilməsinə imkan yaratmışdır. Dağlıq bölgələr də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən avtomobil yolları, bu yolların yenidən qurulması və s. tədbirlər turizmin yaxın illərdə respublikamızın ən aparıcı təsərrüfat sahəsinə çevrilməsinə imkan verəcəkdir. Bu həm də respublikamızın coğrafi mövqeyindən və təbii-iqtisadi potensialından irəli gələn bir reallıqdır. Bu potensialdan səmərəli istifadə olunması isə infrastruktur təminatının gücləndirilməsi ilə yanaşı, müvafiq qabaqcıl təcrübənin də öyrənilməsini və səmərəli tətbiqini zəruri etmişdir.

Qeyd edildiyi kimi, respublikamızda turizmin inkişaf etdirilməsi məqsədilə bu sahədə uğurları ilə seçilən ölkələrin təcrübəsinin öyrənilməsi və bunlardan lazımınca yararlanmaq vacibdir. Turizm üçün əlverişli olan bölgələrdə turistlərin istifadəsi məqsədilə nəzərdə tutulan mehmanxana, motel, kempinqlər və s. obyektlərin beynəlxalq standartlara, yəni qabaqcıl təcrübəyə uyğun şəkildə tikilməsi və yenidən qurulması, eyni zamanda xidmətlərin lazimi səviyyədə təşkili ölkəmizin turizm cəlbediciliyini artıra bilər.

Tədqiqatlardan aydın olur ki, beynəlxalq turizmin inkişaf səviyyəsinə görə Avropa ən qabaqcıl regionlardan biridir. Ona görə ki, burada daha əlverişli sosial-iqtisadi, siyasi şərait, zəngin mədəni-tarixi irs mövcuddur, eləcə də turistlərə operativ (sürətli) nəqliyyat-rabitə xidmətləri göstərilir. Məhz buna görə də bir çox mühüm göstəricilər üzrə üstünlüyə malik olan Avropa regionu çoxsaylı turist axını ilə də dünyanın digər regionlarından seçilir.

Məhz infrastruktur təminatının təkmilləşdirilməsi, eləcə də inteqrasiya proseslərınin sürətlənməsi nəticəsində son illər Azərbaycan Respublikasında turizm sənayesinin inkişafında müsbət irəliləyişlər baş verməkdədir. Avrasiya nəqliyyat dəhlizində Azərbaycanın əlverişli mövqedə yerləşməsi, imzalanmış beynəlxalq neft müqavilələri, son zamanlar əcnəbi iş adamlarının ölkəyə gəlişinin artması, dünyanın onlarla iri şirkətlərinin öz kommersiya və sənaye fəaliyyətlərini Azərbaycan iqtisadiyyatında tətbiq etmək istəyi, ölkədə mövcud olan sabit ictimai-siyasi vəziyyət, daxili investisiyaların dinamik artımı, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, insanların yaşayış şəraitinin yaxşılaşması, əhali gəlirlərinin artımı, Azərbaycan Respublikasında davamlı iqtisadi inkişafın təmin olunması, eləcə də turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində müvafiq normativ sənədlərin qəbulu və s. turizm sektorunun inkişafını şərtləndirən mühüm amillərdəndir.

Azərbaycan ərazisinin şimaldan Böyük Qafqaz, qərbdən Kiçik Qafqaz, cənubdan Talış dağları, şərqdən isə Xəzər dənizi ilə əhatə olunması, qədim tarixi, mədəniyyəti və ümumiyyətlə zəngin təbii sərvətləri turizm sənayesinin inkişafı üçün əlverişli şərait yaradır. Digər tərəfdən, "Böyük İpək yolu" Azərbaycan ərazisindən keçərək Avropa ilə Asiya qitələrini, eləcə də qərb və şərq sivilizasiyalarını birləşdirir. Eyni zamanda, Ümumdünya Turizm Təşkilatının YUNESKO ilə əməkdaşlığı sayəsində bərpa edilən "Böyük İpək Yolu" turist transkontinental marşrutuna Azərbaycan da daxil edilmişdir. Ona görə də iqtisadi, nəqliyyat və turizmin inkişafı baxımından bu yolun bərpasının böyük əhəmiyyəti vardır.

Müşahidələr göstərir ki, "Böyük İpək Yolu"nun bərpası üzrə aparılan işlər, həm də Azərbaycan Respublikasının Dünya Birliyi ölkələri ilə inteqrasiyasının daha da güclənməsinə təsir edir. İlk əvvəl, Azərbaycanın iqtisadi-siyasi əlaqələrinin dünya standartlarına uyğun olaraq yenidən qurulması, respublikada müxtəlif istiqamətləri əhatə edən istehsal sahələrinin müasir tələblərə uyğunlaşdırılması və genişləndirilməsi, habelə bu istiqamətdə yeni müəssisələrin yaradılması müasir xidmətlərin təşkili zərurətini meydana çıxarır.

"Böyük İpək Yolu" proqramı çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı nəticəsində respublika daxilində müxtəlif yolların kəsişdiyi nəqliyyat qovşaqları (Bakı, Şirvan, Yevlax, Lənkəran, Gəncə, Naxçıvan, Culfa) fəaliyyət göstərir ki, bütün bunlar da xarici-iqtisadi və turizm əlaqələrinin formalaşmasında mühüm rol oynayır. Bu şəhərlərin nəqliyyat xətlərinin kəsişdiyi mövqedə yerləşməsi, burada otellərin, kempinqlərin, xüsusi avtoparkı olan yeni motellərin tikintisini, mövcud olanların isə təkmilləşdirilməsini tələb edir. Bütün bunlarla yanaşı, Azərbaycanın dünyada neft ölkəsi olmaqla bərabər, həm də turizm ölkəsi kimi tanıdılması üçün və bu məqsədlə respublikamızda turizm və neft sənayesini inkişaf etdirmək üçün aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğundur: respublikamızın rekreasiya potensialının neft sənayesinin inkişaf prosesində iştirak edən xarici sərmayədarlara tanıdılması və təbliği, neft sənayesinin və nəqliyyat daşınmalarının artması ilə əlaqədar cəlb olunmuş sərmayənin bir hissəsinin turizm sənayesinin inkişafına yönəldilməsi, fəaliyyət göstərən prespektivli rekreasiya müəssisələrində xidmətlərin səviyyəsinin yüksəldilməsi, turist qəbulu imkanlarının və turist cəlbediciliyinin artırılması üçün onlara güzəştli şərtlərlə kreditlərin verilməsi və s.

Ümumiyyətlə, qədim İpək Yolunun bərpası Azərbaycanda fəaliyyət göstərən iş adamlarının, o cümlədən xarici şirkətlərin fəaliyyətində yeni bir mərhələ, milli iqtisadiyyatın dirçəlişi üçün başlıca amil rolunu oynamaqdadır. Onu da qeyd etmək lazımdır ki, qədim İpək Yolunun bərpası kompleks tədbirlərin həyata keçirilməsini də sürətləndirir. Azərbaycanın dünya ölkələri arasında əlverişli geosiyası vəziyyətdə olması dünya ölkələrinin iqtisadi marağına səbəb olur ki, bu da bir sıra amillərlə bağlıdır. Hələ yüz illər öncə "Böyük İpək Yolu"nun Azərbaycandan keçməsi, ən ucuz nəqliyyat növü olan və iqtisadi əlaqələrdə mühüm rol oynayan dəniz nəqliyyatının respublika ərazisində kəsişməsi, kiçik əraziyə malik olmasına baxmayaraq müxtəlif nəqliyyat növlərini əhatə edən beynəlxalq əhəmiyyətli dəhlizlərin qovşağında yerləşməsi və s. milli iqtisadiyyatın, eləcə də onun turizm, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrinin inkişafı üçün əlverişli şəraitin mövcudluğudur. Bütün bu göstərilən amilləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, qədim İpək Yolunun bərpası, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması təkcə iqtisadi yox, həm də turizm əlaqələrin intensivləşdirilməsinə şərait yaradacaq, Qafqazda münaqişə ocaqlarının söndürülməsində əvəzsiz rol oynayacaq, Azərbaycan Respublikasının dünya miqyasında nüfuzunu, gücünü artlracaq və ən əsası, turizm ölkəsi kimi tanınmasını təmin edəcəkdir.

Bütün sahələrdə gedən proseslər, düşünülmüş daxili və xarici iqtisadi siyasət nəticəsində hər hansı bir sahədə baş verən iqtisadi tərəqqi digər sahənin də inkişafında təkanverici amil rolunu oynayır. Başqa sözlə desək, Azərbaycan Respublikasının bir sıra beynəlxalq layihələrə qoşulması, nəqliyyat xidmətlərinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl addımlar atması bütövlükdə milli iqtisadiyyatın tərəqqisini daha da sürətləndirdi. Belə ki, 2004-2009-cu illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artaraq, onun adambaşına düşən həcmi 2009-cu ildə 4874,1 ABŞ dollarına çatmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək həcmdə valyuta ehtiyatları formalaşdırılmışdır. 2010-cu ilin ilk yarısının statistik məlumatlarına görə Azərbaycanın valyuta ehtiyatları 24,7 milyard ABŞ dollarına çatmışdır ki, bu da ölkənin xarici dövlət borcunu 6 dəfə üstələyir. Məhz düşünülmüş siyasətin və ardıcıl addımların nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsınin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına düşən həcmi isə 3,2 dəfə , minimum pensiyanın məbləği 3,8 dəfə , minimum əmək haqqı 6,3 dəfə artırılmışdır. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi 44,7 faizdən 9,1 faizə enmiş, 900 min yeni iş yeri yaradılmışdır. Eləcə də, 2009-cu ildə əhalinin banklardakı əmanətləri 23 faiz, iqtisadiyyata banklar və kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi isə 17 faiz artmışdır. 2009-cu ildə əvvəlki illə müqayisədə 12,5 faiz çox pullu xidmətlər göstərilmiş, 8,9 faiz çox istehlak malları satılmışdır. Adambaşına düşən nominal gəlirlər 2008-ci ilə nisbətən 6,7 faiz, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 8,6 faiz artmışdır.

Statistik araşdırmalar göstərir ki, bütün bu uğurlar 2010-cu ildə də davam etdirilmişdir. Belə ki, 2010-cu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 3,7 faiz, yaxud müqayisəli qiymətlərlə 561,4 milyon manat artaraq 19,7 milyard manata çatmışdır. ÜDM-in 67,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 57,2 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 3,4 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,2 faiz, o cümlədən nəqliyyatda 6,3 faiz, ticarət və pullu xidmətdə 7,8 faiz, rabitədə 1,6 faiz, sosial və qeyri-formal xidmətlərdə 10,5 faiz təşkil etmişdir. Eyni zamanda, bu müddətdə nəqliyyat xidmətlərində də müvafiq irəliləyişlər nəzərə çarpmışdır. Belə ki, son altı ay ərzində nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 94,2 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çox yük, 656,6 milyon nəfər və ya 3,5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 11,4 faizi dəmir yolu nəqliyyatı, 50,5 faizi avtomobil nəqliyyatı, 5,8 faizi dəniz nəqliyyatı, 32,3 faizi boru kəmərləri ilə, sərnişinlərin 85,3 faizi avtomobil, 14,2 faizi metropolitenlə daşınmışdır. Digər bir xidmət sahəsi olan rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 514,0 milyon manat dəyərində və ya ötən ildə olduğundan 28,2 faiz çox rabitə xidməti göstərmişdir. Xidmətlərin 74,3 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 79,0 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Eləcə də, mobil telefon abonentlərinin sayı son bir il ərzində 1,4 milyon nömrə və ya 19,0 faiz artaraq 8,5 milyona çatmışdır.

Göründüyü kimi nəqliyyat, rabitə və s. kimi xidmət sahələri sürətlə inkişaf edir, bu da təbii ki, digər sahələrin təkmilləşməsinə təkan verir. Bu baxımdan, reallaşmaqda olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi onu Avropa və Asiya dövlətləri arasında iqtisadi və geosiyasi körpü rolunu oynamağa vadar edir və respublikamızın beynəlxalq tranzitdə yaxından iştirakına şərait yaradır. Eyni zamanda, bütün bunlar Azərbaycanın mühüm qeyri-neft sektoru olan turizm sektorunun da sürətli inkişaf etdirilməsi, ölkənin turizm potensialından daha səmərəli istifadə olunması istiqamətində ciddi addımlar atılmasını zəruri edir. Yuxarıda qeyd edilənlərin əsasında bu nəticəyə gəlmək olar ki, həyata keçiriləcək tədbirlərin əsas istiqamətlərinə aşağıdakıları aid etmək olar:

- turizm sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə onun daha fəal stimullaşdırılması;

- ölkə ərazisində fəaliyyət göstərən istirahət mərkəzləri və turizm obyektlərinin müasir tələblərə uyğun şəkildə yenidən qurulması;

- yeni turizm və istirahət şəbəkələrinin yaradılması üçün yerli və xarici investorldarın cəlb edilməsi;

- respublikanın beynəlxalq və daxili bazarda rəqabət qabiliyyətini artıra bilən turizm infrastrukturunun yaradılması;

- ölkədə istirahət və turizm sahəsində güclü və müasir maddi bazanın yaradılması, turizm xidmətləri üzrə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiq edilməsi;

- respublikada tarixi-mədəni irsin, ətraf mühitin qorunması məsələlərinin həll edilməsi və sosial turizmin inkişafına təkan verilməsi;

- turizm zonalarının inkişafına şərait yaradılması, bizneslə məşğul olan turistlərin respublıkaya cəlb edilməsi ilə işgüzar turizmin genişləndirilməsi;

- respublikada fəal məlumat-reklam bankının yaradılması və onun beynəlxalq turizm məlumat bankına daxil edilməsi;

- ölkənin istirahət mərkəzləri və turizm şəbəkəsi haqqında internetdə vahid məlumat bazasının yaradılması və bu bazada konkret rəqəmlərin (qiymət, marşrut, gecələmə və s. qiymətləri) göstərilməsi. Qeyd edək ki, bu rəqəmlərin sorğu əsasında müəyyənləşdirilməsi və beləliklə də orta göstəricinin və ya aşağı-yuxarı hədlərin verilməsi mümkündür;

- Azərbaycanın dünyada zəngin turizm mərkəzi imicinin formalaşdırılması istiqamətində reklam təbliğatının genişləndirilməsi;

- ölkədə turizmin inkişafı üçün normativ-hüquqi və elmi bazanın yaradılması.

Beləliklə, Azərbaycan Respublikasının turizm potensialı, turizm sənayesinin inkişaf istiqamətləri və bu sahədə nəqliyyat sisteminin roluna dair aparılan araşdırmalardan belə nəticəyə gəlmək olar ki, kompleks dinamik inkişaf üçün müəyyən istiqamətlər üzrə tədqiqatlar davam etdirilməli, elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işlənib hazırlanmalıdır. Beynəlxalq təcrübədən aydın olur ki, ayrı-ayrı dövlətlərdə turizm sənayesinin inkişafı üçün o qədər də əlverişli şərait olmadığı halda, Azərbaycan Respublikasında bu sahənin inkişafı üçün zəngin potensial mövcuddur. İstər mövcud rekreasiya ehtiyatları, istərsə də Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi ölkəmizdə turizmin inkişafı üçün əlverişli mühit yaradır. Bu baxımdan qarşıda duran mühüm vəzifələrdən biri milli iqtisadiyyatın turizm, nəqliyyat və s. ayrı-ayrı sahələrində mövcud olan potensialdan səmərəli istifadə edərək ölkənin davamlı inkişafına nail olmaqdır.

 

 

Aqil ƏSƏDOV,

AMEA İqtisadiyyat İnstitutunun

xidmət sahələrinin inkişaf problemləri

şöbəsinin müdiri, iqtisad elmləri

üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 22 iyun.- S. 4.