Azərbaycanın
müstəqilliyini möhkəmləndirən uğurlu
diplomatiya
Avratlantik məkana inteqrasiya kursu seçərək
siyasi mühitin liberallaşdırılması, demokratik proseslərin
dərinləşdırilməsi istiqamətində mütərəqqi
islahatları inamla davam etdirən Azərbaycan həyata
keçirdiyi uğurlu diplomatiya sayəsində regionun maraq və
mənafeyini qətiyyətlə müdafiə edən
aparıcı dövlətə çevrilmişdir. Sivil
dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı
xarici siyasət aparan respublikamız özünün Cənubi
Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və
geoiqtisadi üstünlüklərindən maksimum faydalı
şəkildə yararlanmış, diplomatik fəaliyyət
sahəsində hər bir mərhələ üçün
qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir.
Respublikamızın ötən müddətdə diplomatiya sahəsində əldə etdiyi bu uğurlar isə konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasət strategiyasının uğurlarıdır. Yaxşı məlumdur ki, 1991-1993-cü illərdə hakimiyyətdə olmuş naşı və yarıtmaz qüvvələrin səriştəsizliyi üzündən respublikamızın xarici siyasəti irreal və məqsədi bəlli olmayan "prinsiplər" üzərində qurulmuş, xalqın maraq və mənafeləri, milli təhlükəsizliyi nəinki regional, hətta beynəlxalq təzyiq altına düşmüşdü. Xüsusilə də "8 xarici dövlətin dəstəyilə hakimiyyətə gəldiyini" iddia edən AXC-Müsavat cütlüyünün reallıqdan uzaq iddialara söykənən uğursuz xarici siyasət kursu beynəlxalq arenada respublikamız haqqında mənfi rəyin formalaşmasına gətirib çıxarmış, aparıcı qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyə səbəb olmuşdu. Həmin dövrdə bir tərəfdən daxildə qeyri-sabit siyasi vəziyyətin, anarxiyanın, xaos və özbaşınalığın hökm sürməsi, digər tərəfdən dövlətin xarici siyasətinin düzgün qurulmaması, təsadüfi şəxslərin Xarici İşlər Nazirliyi kimi mühüm diplomatiya idarəsinin rəhbərliyinə gətırilməsi nəticəsində Azərbaycan informasiya blokadası ilə üzləşmişdi.
Ermənistanın işğalının getdikcə geniş miqyas aldığı bir vaxtda ölkə həqiqətlərınin dünya miqyasına çıxarılması üçün lazımi diplomatik işlər görülmür, əksinə, ayrı-ayrı qonşu dövlətlərdə kəskin reaksiya doğuran, qarşılıqlı münasibətlərdə etimadsızlıq və gərginlik yaradan bəyanatlara, çağırışlara yol verilirdi. Azərbaycanı 2001-ci ilədək ABŞ-ın yardımından məhrum etmiş "Azadlığa dəstək aktı"na bədnam 907-ci düzəliş də məhz AXC-Müsavat cütlüyünün uğursuz xarici siyasətinin nəticəsi idi. Üstəlik, ölkənin xarici siyasət kursunun hansı prinsiplərə əsaslandığı bilinmədiyindən, daxili siyasi proseslərə kənar müdaxilə cəhdləri də özünü qabarıq göstərirdi. Bu vəziyyətin aradan qaldırılması - Azərbaycanın balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, ən başlıcası, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsi məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Azərbaycana qarşı "ikili standart" yanaşmaları ilə mübarizə aparan Heydər Əliyev böyük strateq kimi aparıcı dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yeridəcəyinə inandıra bilmişdir. "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyinin dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkışaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir" - deyən ulu öndər özünün xarici siyasət doktrinasının mahiyyətini bu cür açıqlamışdır-bazar iqtisadiyyatı prinsiplərinin və demokratiyanın tam bərqərar olması, Avroatlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi müstəqil Azərbaycanın strateji inkişaf yoludur.
Ümummilli lider Heydər Əliyev özünün böyük siyasi təcrübəsi və səriştəsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin milli maraqlara uyğunlaşdırılmasını da təmin etmişdir. ATƏT-in Minsk qrupu həmsədrlərini beynəlxalq hüquq normalarından deyil, Ermənistanın maraqlarından çıxış etməkdə, dolayısı ilə "xristian təəssübkeşliyi" göstərməkdə günahlandıran ulu öndər münaqişənin a) beynəlxalq hüquq normaları əsasında; b) BMT-nin 822, 853, 874 və 888 saylı qətnamələri yerinə yetirilməklə; c) ATƏT-in Lissabon sammitində qəbul olunan sənəd çərçivəsində həllini vacib saymışdır. Ulu öndər Heydər Əliyev Ermənistan prezidenti ilə 1999-cu ilin aprelində Vaşinqtonda, 2000-ci ildə Ermənistan-Naxçıvan sərhədində, 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərində, Parisdə və Cenevrədə keçirdiyi görüşlərdə də bu prinsiplərdən bir addım geri çəkilməmiş, xalqın milli maraqlarından çıxış etmişdir. 2001-ci ilin fevralında ATƏT-in Minsk qrupunun təklif etdiyi həll variantları ilə bağlı Milli Məclisdə müzakirələr keçirən dövlət başçısı bu addımı ilə münaqişənin xalqın iştirakı, mövqeyi və rəyi olmadan həll olunmayacağını açıq şəkildə bəyan etmişdir.
2000-ci ilin fevralında Vaşinqtonda təşkil olunan rəsmi qəbulda Heydər Əliyev Dağlıq Qarabağ probleminin həlli məsələsində prinsipial mövqeyini bir daha ifadə etmişdi: "Mən sizi əmin edirəm ki, müxtəlif tərəflərdən bizə edilən təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan prezidenti dövlət müstəqillıyini qoruyub saxlamaq əzmindədir və biz bu müstəqilliyimizi heç zaman əldən verməyəcəyik. Bəyan edirəm ki, əgər biz Ermənistanla Azərbaycan arasında sülh yarada bilsək, Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad olunsa, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsə və bir milyondan artıq qaçqın öz yurdlarına qayıtsa, Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün böyük zəmin yaranacaqdır".
Xarici siyasətdə varisliyin qorunub saxlanılması hər bir dövlətin beynəlxalq miqyasda layiqli yerini tutması, maraq və mənafelərini təmin etməsi baxımından son dərəcə vacibdir. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. "Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Rəsmi Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında "bölüşdürülməsi" cəhdlərini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmişdir. Dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə - onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq - müstəqil xarici siyasət həyata keçirir. Rəsmi Bakı 2003-2011-ci illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.
Azərbaycan Prezidenti xarici siyasətin ardıcıllığını və çevikliyini təmin etmək üçün, ilk növbədə, diplomatik korpusun fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etməyə çalışmışdır. Cənab İlham Əliyevin 2004, 2006 və 2008-ci illərdə Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik korpus rəhbərlərinin - səfirlərin iştirakı ilə keçirdiyi geniş müşavirələr də məhz xarici siyasət sahəsində vəzifələrin bir daha nəzərdən keçirilməsi diplomatik fəaliyyətin dünyanın müasir reallıqları və tələblərə uyğun qurulması məqsədindən irəli gəlmişdir. Müasir beynəlxalq münasibətlər sisteminin incəliklərinə dərindən bələd olan cənab İlham Əliyev peşəkar siyasətçi kimi hər üç müşavirədə dərin məzmunlu nitq söyləyərək keyfiyyətcə yeni mərhələdə Azərbaycanın səfirlikləri qarşısında duran vəzifələri bir daha diqqətə çatdırmış, erməni lobbisinin cəfəng təbliğatının zərərsizləşdirilməsi baxımından hücum xətti üzərində qurulan çevik diplomatiyanın həyata keçirilməsini vacib saymışdır.
Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aprarılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanı AŞPA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞPA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır. ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı isə orada ermənilərin kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı təsdiq olunmuş, bu fakt təşkilatın yekun hesabatında özünə yer almışdır.
Ötən illərdə Azərbaycanın haqlı mövqeyi təkcə Avropa Şurasında deyil, BMT, Avropa Birliyi, ATƏT, NATO, İKT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənmişdir. 2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinin vacibliyi vurğulanmışdır. Ötən il Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttıfaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə həmçinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.
Ümumiyyətlə, rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakırələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzəryə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadi və siyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvıdən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.
Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və beynəlxalq təşkilatlar problemin birdəfəlik həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. Bəzi Qərb dövlətlərinin təsiri altında mart ayında Liviyaya qarşı qətnamə qəbul edərək tələm-tələsik onun icrasına başlayan BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çoxsaylı qətnamə və qərarlarına eyni münasibəti göstərməməsi bunun əyani təcəssümüdür. BMT qərarlarının heç də hamısının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində qalması bir daha təsdiqləyir.
"Böyük səkkizlik" ölkələrinin may ayında Fransanın Dovil şəhərində keçirilən sammiti çərçivəsində ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatla çıxış etməsi də bu baxımdan müəyyən ümidlər yaradır. Barak Obama, Nikola Sarkozi və Dmitri Medvedev bəyanatda Ermənistan və Azərbaycan liderlərini liyun ayında keçiriləcək Ermənistan-Azərbaycan sammitində siyasi əzmkarlıq nümayiş etdirməyə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsipləri üzərində işi tamamlamağa" çağırmışlar. Bəyanatda deyilir: "Razılaşma əldə ediləndən sonra biz bu prinsiplərin rəsmən qəbul edilməsini təsdiqləməyə, sülh sazişinin işlənib hazırlanmasına kömək etməyə və sonra beynəlxalq tərəfdaşlarımızla birlikdə həmin sazışin yerinə yetirilməsini dəstəkləməyə hazırıq. Biz təsdiq edirik ki, yalnız danışıqlar yolu ilə tənzimləmə regional inkişaf və əməkdaşlıq üçün imkanlar üzə çıxarmaqla sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər".
Bəyanatda Soçi görüşünün nəticələrinə istinad edilməsi isə münaqişə ilə bağlı danışıqlar prosesinin Azərbaycanın milli maraqlarına cavab verən prinsiplər əsasında aparıldığını göstərir. Bununla belə, ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı qətiyyən razı salmır. Aşkar görünür ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istınad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır.
Etiraf etmək lazımdır ki, təcavüzkarı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərindən biri də məhz danışıqlarda vasıtəçılik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə həmsədrlər 17 ildən çox müddətdə "Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi" kimi gülünc mövqeyi önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə süni balans siyasəti isə son nətıcədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına lıberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli konfliktlərin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında lən optımal gediş" kimi dəyərləndırir. "Nə hərb, nə sülh" vəziyyəti xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan rejimi hələlik hakımiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür.
Bununla belə, ABŞ, Fransa və Rusiya prezidentlərinin son bəyanatı göstərir ki, artıq fövqəlgüclər də münaqişənin həllinin uzanmasına görə narahatlıqlarını açıq ifadə edirlər. Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin nəzərə çarpacaq dərəcədə güclənməsi, ATƏT-in Minsk qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması da rəsmi Bakının mühüm sıyasi üstünlüyü kimi vurğulana bilər. Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin bu il iyunun 24-də keçirələcək Kazan görüşündə isə müəyyən irəliləyişlərin əldə olunacağına böyük ümidlər var. Çünki Azərbaycanın sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi şəkildə narahat edir. Bu narahatlıq ABŞ, Fransa və Rusiya prezidentlərinin birgə bəyanatında da aydın görünür.
Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategıyasını özünün iqtısadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateci maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Cənab İlham Əliyevin yürütdüyü praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə Avropa məkanında strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin
deputatı
Xalq qəzeti.- 2011.- 2 iyun.- S. 3.