"Vətəni tanı" ümumrespublika kampaniyasının növbəti turu Ağdam rayonunda keçirilib

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi "Vətəni tanı" layihəsi bu dəfə Ağdamın Quzanlı qəsəbəsində baş tutub. Əsas prinsiplərindən biri də ölkəmizin ərazi bütövlüyü məsələsi olan Kampaniyanın işçi qrupu böyük Ağdamı kiçik bir qəsəbəyə sığışdıran Quzanlıda 1 saylı orta məktəbə gəliblər.

Ağdam rayon gəncləri müsabiqəyə həvəslə qatılıblar. Tədbirin açılış mərasimində çıxış edən Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, düşmən əsarətində olan torpaqlarımızın tezliklə azad olunması üçün bütün xalqımız, o cümlədən cəmiyyətin aktiv təbəqəsi olan gənclər daha çox səy göstərməlidirlər. O.Əli deyib: "Siz hər biriniz ölkəmizin inzibati ərazi vahidlərini mükəmməl bilməlisiniz. Ermənilərin məkrli siyasətinə qarşı həmişə mübarizə aparmalısınız".

Tədbirdən sonra işçi qrupu Ağdamın Qərvənd kəndi ərazisində təmas xəttinə səfər ediblər. Səngərdə Vətənimizi qoruyan əsgərlərlə görüşüblər.

Bundan sonra işçi qrupu Bərdə şəhərinə gələrək burada məskunlaşmış Ağdamlı gənclər arasında treninqi davam etdiriblər. Ümumilikdə 160-dan çox gənc layihənin iştirakçısına çevrilib .

Qeyd edək ki, rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2011.- 23 iyun.- S. 7.