Mədəniyyətlərin və ideyaların ötürülməsində ali təhsil açar rolunu oynayır

 

Bildiyimiz kimi Həştərxan şəhərində "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" forumu və Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti günləri keçirilmişdir. Hər iki ölkədə gerçəkləşən tədbirlərdə ölkəmizi təmsil edən nümayəndə heyəti üzvləri arasında Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov da olmuşdur. Bizmlə söhbətində ondan iştirak etdiyi tədbirlərdən aldığı təəssüratlar barədə məlumat verməsini xahiş etdik. 

Cəfər müəllim bildirdi ki, Rusiya Federasiyasının Həştərxan şəhərində, eləcə də Çin Xalq Respublikasında öz işini uğurla başa çatdırmış tədbirləri ümumilikdə xalqlar, ölkələr arasında elmi-mədəni inkişaf, humanitar sahədə yeni başlanğıc mərhələ kimi dəyərləndirsək heç də yanılmarıq. Sonra o, bundan əvvəl iştirak etdiyi tədbirlər haqda qısa məlumat verdi. Türkiyənin Ərzurum Atatürk Universitetində "İkinci Avrasiya İpəkyolu Qurultayı"nın da iştirakçısı olduğunu bildirdi. Qeyd etdi ki, "Türkiyənin Ərzurum Atatürk Universitetində gerçəkləşən tədbirin əsas məramı elə adından da məlumdur. Ali təhsil proqramına dair mühüm beynəlxalq tədbirdə dünyanın 24 ölkəsindən 94 nüfuzlu universitetin rektoru, ümumilikdə 150 universiteti əhatə edən qurumun rəhbərləri dəvətli idilər. 4 gün ərzində həmkarlarımızla birlikdə yeni ideyaların gerçəkləşməsi istiqamətində fikir mübadiləsi apardıq. Bu bir faktdır ki, bugün dünya inkişafın yeni mərhələsinə məhz kommunikasiya və müasir texnologiyalar sayəsində qədəm qoymuşdur. Mədəniyyətlərin və ideyaların bir cəmiyyətdən digərinə ötürülməsində ali təhil açar rolunu oynaya bilər. Mübaliğəsiz deyə bilərəm ki, Ərzurum Atatürk Univrsitetində "Ali təhsildə əlaqələrin qorunması: Avrasiya modelinin axtarışı və ESRUJ konsorsiumunun inkişafı"na həsr olunmuş növbəti tədbir qabaqcıl ideyaların mənimsənilməsində əhəmiyyətli rol oynayacaq".

Qeyd etmək yerinə düşər ki, C. Cəfərov Türkiyənin bir sıra tanınmış universitetlərində, o cümlədən İstanbul, Fateh, Marmara, Gediz, Şifa, Ege, Melikşah, Erzincan, Erzurum, Kırıkkale, Yüzüncü yıl, Dicle, Zirvə və Atatürk universitetlərinin rektorları və prorektorları ilə görüşlər keçirmişdir.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2011.- 23 iyun.- S. 7.