ABŞ-da Azərbaycan xalçaları sərgilənir

 

Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində işlər davam etdirilməkdədir. Məlum olduğu kimi Vaşinqtondakı Qarabağ Fondu "Azərbaycan xalçaları" aylığı çərçivəsində tədbirlər keçirir. Bu tədbirlər sırasında ABŞ-ın Azərbaycan əsilli tanınmış xalça ustası Davud Zahirpurun xalça salonunda Azərbaycan xalçalarının sərgisi keçirilib. Lent.az saytının məlumatına görə, bu sərgiyə 200-dən çox ziyarətçi gəlib. Bu tədbirdə Azərbaycanın dostu sayılan tanınmış musiqişünas Jeffry Werboxx qonaqlara Qarabağ xalçaçılıq məktəbi və bu qədim sənətin Azərbaycanda ənənəsi haqqında məlumat verib. Sərgidə 40-a yaxın xalça nümayiş olunub.

Digər böyük tədbir ABŞ-ın tanınmış Tekstil Muzeyinin hər il keçirdiyi festival olub. ABŞ-ın 10 tanınmış muzeyinin iştirakı ilə keçən tədbirə yüzlərlə ziyarətçi qatılıb. Tədbir zamanı Qarabağ Fondu gözəl boyanmış Azərbaycan xalçalarını nümayiş etdirib və təşkilatın könüllüləri Azərbaycan mədəniyyətini ziyarətçilərə təqdim edib. Səhnənin yaxınlığında qurulan Qarabağ Fondunun kabinəsində təşkilat şərq xalçalarının hazırlanması və istehsalında Azərbaycanın vacib rolu haqqında amerikalı ziyarətçilər üçün təqdimat keçirib. Tədbirdə iştirak edən uşaqlar xalça konturlarını boyayıb və Azərbaycan xalçalarını digər xalçalardan fərqləndirməyi öyrəniblər. Daha sonra Azərbaycan muğamı səslənib və musiqi çoxlu amerikalı ziyarətçinin marağına səbəb olub. Eyni zamanda, Azərbaycan tələbələrinin "Ulduz" rəqs qrupu, "Kardelen" Türk rəqs qrupu və köçəri rəqqaslar tərəfindən Azərbaycan rəqslərinin təqdimatı keçirilib. Çoxlu amerikalı ziyarətçi Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat alıb.

Qarabağ Fondunun direktoru Diana Altman bildirib ki, yaxın zamanlarda fond xalçaçılıq məktəbinin yaradılması ilə bağlı yeni layihə hazırlayacaq. Bu layihədə Qarabağın işğal olunmamış rayonlarından birində gənc xanımlar üçün xalçaçılıq məktəbi və sexi yaradılacaq. Daha sonra ABŞ Tekstil Muzeyi və xalçaçılıq təşkilatları ilə birlikdə bu məktəbdə hazırlanmış Qarabağ xalçalarını ənənəvi olaraq geniş ictimaiyyətə təqdim edəcəklər.

Məlumat üçün bildirək ki, bu fond Azərbaycan Xalçası Dövlət Muzeyi ilə də əməkdaşlıq edir. Muzeyin direktoru sənətşünaslıq doktoru, professor Röya Tağıyeva bildirdi ki, artıq bir ildir biz bu fondla əlaqələr yaratmışıq. Fondun əməkdaşı Kelsi Kinq muzeyə məktub yazaraq bildirmişdir ki, bizim saytdan istifadə edərək Azərbaycanın 7 xalçaçılıq məktəbinin hər birindən bir foto götürüb sərgidə istifadə etmək istəyirlər. Biz də icazə vermişik. Yəqin ki, bundan sonra əməkdaşlığımız daha da genişlənəcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.-23 iyun.- S. 7.