Sən Vətənini sevən hər bir azərbaycanlının qəlbindəsən

 

Yaşasaydı indi 60 yaşını qeyd edəcəkdi. O, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olaraq əbədiyyətə qovuşdu. Ancaq bu gün hər birimizin qəlbində yaşayır, özü də qəhrəman kimi.

... Mən Kazımağanı o kövrək tələbəlik illərindən tanıyırdım. Bakı Dövlət Universitetinin 3 saylı tələbə yataqxanasında qalırdıq. Məndən bir yaş kiçik olsa da, bir kurs yuxarıda oxuyurdu. İri gözləri, aydın baxışları, qıvrım saçları vardı. Hündür boylu, cüssəli, sağlam bir oğlan idi. İdmanla məşğul olurdu. Qarabuğdayı sifəti onu bir az da yaraşıqlı göstərirdi. Kazımağa çox sadə, ürəyi təmiz, mehriban bir gənc idi. Səliqəli geyinərdi. Dostluqda, yoldaşlıqda sədaqətli idi. Əliaçıq oğlan idi. Yoldaşları üçün son qəpiyini də xərcləməyi əsirgəməzdi. Onunla bir dəfə yoldaşlıq edən ayrılmaq istəmirdi. Ona görə də dostları çox idi.

Kazımağa Kərimov jurnalistika fakültəsindən yeganə tələbə idi ki, bizim yataqxanada qalırdı. Buna baxmayaraq, səmimiliyinə, intizamına görə hamının rəğbətini qazanmışdı. O vaxtlar tələbə yataqxanalarında "Yataqxana tələbə soveti" deyilən bir qurum vardı. Bu sovetin yataqxanada böyük səlahiyyəti vardı. Yataqxana ilə bağlı ən vacib, ən ciddi, problemli məsələlər bu sovetdə həll olunurdu. Hamının rəğbətini qazandığından namizədliyi irəli sürüldü və Kazımağa Kərimov 3 saylı tələbə yataqxana sovetinin sədri seçildi. Bu seçimdən sonra onun digər müsbət keyfiyyətləri - tələbkarlıq, təşkilatçılıq qabiliyyəti də üzə çıxdı. Az müddətdə yataqxanada ab-hava dəyişdi. Səliqə-səhman, intizam möhkəmləndi, yataqxananın ilk mərtəbəsində, foyedə tələbələr üçün televizor qoyuldu, müxtəlif tədbirlər keçirilməyə başlandı. Hətta universitetin tələbə şəhərciyində, 7 tələbə yataqxanası arasında "nümunəvi yataqxana", "nümunəvi otaq" devizləri altında müsabiqələrin təməli qoyuldu.

Kazımağa uşaqla uşaq, böyüklə böyük idi. Özündən yaşca çox böyük olan tanınmış adamlar arasında da dostları vardı. Əməkdar elm xadimi, professor, yazıçı-publisist Qulu Xəlilovla aralarında olan səmimi münasibətlərindən həvəslə danışardı. Qulu Xəlilovun çətin uşaqlıq həyatı keçirməsindən, dözümlü insan olduğundan, mərdliyindən söhbət salardı. Sonralar, böyük alimin öz həyatından bəhs edən "Yaşamaq istəyirəm" povestini oxuduqdan sonra Kazımağanın belə böyük iradə sahibi ilə dostluğuna qibtə edərdik. Xalq yazıçısı Əli Vəliyevlə çəkdirdiyi fotoşəkli göstərdi. Şəkildə Əli Vəliyev əlini Kazımağanın çiyninə qoymuş vəziyyətdə dayanmışdı. Şəkli göstərərkən çox vaxt zarafatla qürrələnib deyərdi ki, "görün mənim çiynimə kim əlini qoyub?"

Doğulub boya-başa çatdığı Qubadlıdan, onun dağlarından, füsunkar gözəlliyindən, buz bulaqlarından danışmaqdan doymazdı. Deyərdi ki, təhsilimi başa vuran kimi rayonumuza gedəcəyəm. Hansı sahədə işləməyimdən asılı olmayaraq kəndimizə - Sarıyatağa keçmək üçün Həkəri çayının üstündən körpü tikdirəcəyəm. Çünki Sarıyatağa getmək üçün gərək gedib Xanlıq kəndindəki körpüdən keçəsən, dolanıb gələsən. Ya da soyunub Həkəri çayından keçməlisən. Bu da çox qorxuludur.

Unversitetin jurnalistika fakültəsini bitirdikdən sonra Kazımağa Kərimov bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışır. 1988-ci ildən başlayaraq, Azərbaycanda vəziyyət getdikcə ağırlaşır. Ölkəyə rəhbərlik edənlərin cəsarətsizliyi və qorxaqlığı torpaqlarımızın mənfur qonşularımız - işğalçı Ermənistan tərəfindən zəbt olunmasına, günahsız insanların qətlə yetirilməsinə gətirib çıxarırdı. Bir tərəfdən də sabiq SSRİ-nin prezidenti Mixail Qorbaçovun millətlər arasında ayrı-seçkilik, nifaq toxumu səpməsi, Ermənistana himayədarlıq etməsi xalqımızı daha da qəzəbləndirirdi. Kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı torpaqlarımızın müdafiəsinə qalxmışdı. O vaxt Milli Ordu formalaşmadığından könüllü özünümüdafiə batalyonları yaradılmışdı. Vətənin dar günündə Kazımağa Kərimov da qələmini yerə qoyub cəbhə bölgəsinə yollandı.

K.Kərimov Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olundu və ağır döyüşlərdə düşmənə qarşı vuruşdu. Onun özünü bacarıqlı hərbçi kimi göstərməsi heç də təsadüfi deyildir. Bu istək ona babası, Zəngəzur mahalının tanınmış bəylərindən olan İsmayıl bəydən sanki miras qalmışdı. İsmayıl bəy hələ XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi Məktəbi bitirmiş və 1918-1920-ci illərdə erməni quldurlarının törətdiyi vəhşiliklərə qarşı doğma torpaqlarının müdafiəsinə qalxmışdı. Kazımağanın da Vətənə, torpağa, el-obaya olan sevgisi buradan qaynaqlanmışdı.

K.Kərimov Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdə hərbçi yoldaşlarına komandirlik edib. 1992-ci il 12-13 iyun tarixlərində düşmən tapdağı altında olan keçmiş Şaumyankənd (indiki Ağcakənd) yaşayış məntəqəsi K.Kərimovun komandirlik etdiyi batalyon tərəfindən azad edilir. Bu döyüşlərdə Kazımağa ağır yaralanır, lakin əsgər və zabitlərdə ruh düşkünlüyü yaranmasın deyə əməliyyatı sona qədər davam etdirir. Ağcakəndin azad olunması böyük və tarixi qələbə idi. Bu, K.Kərimov üçün sonuncu döyüş əməliyyatı oldu. O, ömrünün 41-ci baharında gözlərini əbədi yumdu. Ölümündən bir həftə sonra isə Kazımağa Kərimova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Kazımağa ilk jurnalist idi ki, belə yüksək və şərəfli ada layiq görülürdü.

Hazırda Bakı şəhərinin küçələrindən biri Milli Qəhrəman Kazımağa Kərimovun adını daşıyır. Goranboy rayonunun mərkəzində büstü qoyulub. Həmin rayonun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır, Qubadlı rayonunun Balasultanlı kənd məktəbinə də Kazımağa Kərimovun adı verilib.

...Mən Şəhidlər Xiyabanına tez-tez baş çəkir, Milli Qəhrəman Kazımağa Kərimovla orada "görüşür", "dərdləşirəm". "Sən başqa cür ola bilməzdin", - deyirəm. Əvvəldən səndəki hünərə, qeyrətə bələd idim. Ola bilsin ki, sənin də ömür yolunda bəxtinin gətirmədiyi məqamlar olub. İnsan həyatında belə anlar olur. Bundan narahat olma. Sən Vətən, torpaq, namus, qeyrət uğrunda elə iş görmüsən ki, bu iş uğursuz saydığın anlarla müqayisə edilməzdir. Sən Vətən sınağından, qeyrət imtahanından üzüağ çıxmısan. Sən əlçatmaz zirvəni fəth etmisən. O zirvəni fəth edən şəhid qəhrəmanlarımızla bütün Azərbaycan fəxr edir. Səfiyar, Məzahir, Əlif, Çingiz, Ramiz, Mübariz... Çoxdur onlar. Arxayın ol, qardaş. Qarabağ heç kəsin yadından çıxmayıb. Heç vaxt da ermənilərin olmayacaq. Mən o yerlərdə indi də tez-tez oluram. Hələlik Horadizdən, Marquşavandan, Qaradağlıdan, Təzəkənddən, Qərvənddən o tərəfə yollarımız bağlıdır. Fəqət 100-150 metrlik məsafədə səngərdə düşmənlə üz-üzə dayanıb, əmr gözləyən mətin əsgərlərimizi görəndə adamda fərəh hissi oyanır. İnanırsan ki, qəhrəman oğullarımızın qabağında qarı düşmən duruş gətirə bilməyəcək. Hələ neçə-neçə ölməz qəhrəmanlarımız üzə çıxacaq. Güclü Ordumuz son sözünü deyəcək. Sizin başladığınız böyük işi başa çatdırıb Vətənimizi işğaldan azad edəcək. Həmişə arzulayardın ki, Sarıyatağa körpü çəkdirəcəm. O körpü də tikiləcək. Həkərinin, Bərgüşadın, Arazın üstündən hələ çox körpülər salınacaq. Rahat yat, əziz qardaş!..

 

 

Cahangir ABDULLAYEV,

mədəniyyət işçisi,

Neftçala şəhəri

 

Xalq qəzeti.- 2011.- 22 iyun.- S. 6.