Şəhid türkün qəhrəmanlıq türküsü

 

1918-ci ilin 15 sentyabrı. Məhz həmin gün Bakı şəhəri bolşevik-daşnak istilaçılarından müzəffər Türk İslam Ordusunun köməkliyi ilə azad edildi, ölkənin paytaxtı Gəncədən Bakıya köçürüldü. Düşmən üzərində qazanılan möhtəşəm qələbəni əldə etmək üçün bu ordunun komandanı Nuru Paşa çox gərgin və səmərəli hazırlıq işləri gördü.

1917-ci ilin oktyabrında Rusiyada baş vermiş inqilab imperiyanın hər yerində olduğu kimi, Azərbaycanda da milli oyanışa səbəb oldu. Yüz ildən artıq bir müddətdə rus istismarından əziyyət çəkən Azərbaycan xalqı 1918-ci ilin 28 mayında müsəlman şərqində ilk demokrtik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Ancaq ölkənin əsas sənaye mərkəzi olan Bakı bolşevik-daşnak qüvvələrinin əlində olduğundan Azərbaycan Milli Hökuməti Tiflisdən Gəncəyə köçdü. Ölkənin ərazi bütövlüyünü bərpa etmək, işğalçıları ərazidən qovmaq üçün Azərbaycan hökuməti dost, qardaş Osmanlı dövlətindən kömək almaq üçün əlaqələr yaratmağa başladı. Daxili vəziyyətin gərgin olmasına, ingilis, fransız, yunan qüvvələrinə qarşı mübarizə aparmasına baxmayaraq Osmanlı dövləti Azərbaycan xalqına qardaşlıq yardımını əsirgəmədi. Osmanlı dövlətinin Baş komandan vəkili olan Ənvər Paşa Qafqaza ordu göndərdi və onun komandanlığını qardaşı Nuru Paşaya həvalə etdi. Nuru Paşa 25 may 1918-ci ildə Gəncəyə gəldi və Qafqaz İslam Ordusunu yaratmağa başladı. 4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında hərbi müqavilə imzalandı. Azərbaycan dövlətinin rəsmi müraciətinə cavab olaraq III Ordu komandanı Vəhib Paşa 7 iyun 1918-ci ildə hərbi yardım haqqında əmr verdi. Batumda imzalanan müqaviləyə görə 5-ci Qafqaz diviziyası Qazaxa göndərildi. Bu diviziyanın tərkibinə 257 zabit, 5575 əsgər, dağ topçu taburu, səyyar xəstəxana və səyyar mətbəx bölüyü daxil oldu. Beşinci Qafqaz diviziyasının başında Mürsəl Paşa dururdu.

Nuru Paşanın ordu hissələrini gücləndirmək üçün Gəncədə Azərbaycan türklərindən ibarət bir neçə alay Dağıstan süvari alayı, Azərbaycanın bütün bölgələrindən gəlmiş könüllülərdən ibarət bir neçə alay hazırlandı. Könüllülərə hərbi təlimlər keçmək üçün Gəncədə hərbi məktəb və hərbi kurslar təşkil olunmuşdu. Bütün bu hazırlıq işləri görüldükdən sonra Qafqaz İslam Ordusu Bakıya doğru hücuma keçdi, iyunun 28-də Göyçayı, Ağsunu və Kürdəmiri azad etdi. Vəziyyəti təhlil edən Beşinci Qafqaz Diviziyasının komandanı Mürsəl Paşa Kürdəmir - Qaraməryəm xəttində düşmənə qəti zərbə endirdikdən sonra qüvvələri Şəki üzərindən (Qəbələ, Zərə, Xınalıq) Qubaya və ya Şuşaya göndərmək üçün əmr verdi. Bu qüvvələri göstərilən istiqamətə göndərməkdə məqsəd Dərbənddə yerləşən rus qoşunlarının qarşısını Xaçmaz istiqamətində dayandırmaq, Quba qəzasında qətliamları törətmiş Şaumyanı və Laloyanın rus-daşnak birləşmələrinə gözlənilməz zərbələr endirmək idi.

Zəngin döyüş təcrübəsinə, hərbi taktika və strategiyaya yiyələnmiş Nuru Paşanın müzəffər ordusunu Azərbaycanın hər yerində olduğu kimi, Quba qəzasında da böyük sevinclə, duz-çörəklə qarşılayırdılar. Erməni qırğın və talanlarından canını qurtarmaq üçün dağlara çəkilən əhali öz xilaskarını gözləmədikləri bir istiqamətdən - Tufandağ - Xınalıq istiqamətindən qarşıladılar. Bu gün o qanlı-qadalı, həm də şərəfli anları bizə yaşadan yeganə səcdəgahımız və and yerimiz Qubanın Susay kəndindən yuxarıda , tarixi Dərbənd - Qəbələ yolunun (el arasında ona Alban yolu, Şabalıd yolu da deyilir) kənarındauyuyan müzəffər türk əsgərinin qəbridir.

Bu müqəddəs gündə təəssüratları bölüşdürmək, türk əsgərinin qəbrini ziyarət etmək üçün Bakı Dövlət Universitetinin professoru M.Cəfərov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentləri A.Ələkbərov, O.Həsənov və İ.Məmmədov oraya yollandıq.

Atı ilə bərabər bu dağlarda şəhid olmuş türk əsgəri haqqında bəzi məlumatları Susay kənd ağsaqqalları Kiçəbərov Cavan, Mərdanov Xəlil, Dadaşov Qeybulladan, kənd ziyalıları Bədirxanov Mafər, Məmmədov Rüstəmdən, ağbirçək xalamız Nazlıdan öyrənə bildik.

Azərbaycan xalqını məhv olmaqdan, qırmızı terrordan, daşnak vandalizmindən xilas etmiş Türk - İslam Ordusuna, onun qəhrəmanlıq salnaməsini yazmış igid oğullarına dərin ehtiramını bildirmək üçün Azərbaycan Texniki Universitetinin dosenti Ziyəddin Məmmədov öz şəxsi vəsaiti hesabına şəhidin qəbirüstü abidəsini götürmüşdür. Bu işin təşəbbüskarları siyahısında isə Susay kənd bələdiyyəsinin sədri Bəhlul Mərdanovu, bələdiyyə üzvü Nazim Gəncəliyevi, habelə Bakı Dövlət Universitetinin müəllimləri, professor M. Cəfərovu, T.Bağırovu, dosent N.Nəbiyevi, Azərbaycan Pedaqoji Universitetinin baş müəllimi İ.Məmmədovu əlavə etsək yanılmarıq. Bu gün ictimai həyatın bütün sahələrində böyük müvəffəqiyyətlərə imza atan Azərbaycan dövlətinin gələcək tərəqqisini təmin etmək, onun dünya dövlətləri arasında layiqli yer tutmasına nail olmaq üçün əldə etdiyimiz mənəvi və maddi sərvətləri göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürməliyik. Bunun üçün keçmişimizi, tariximizi, qələbələrimizi, həm də məşğuliyyətimizi bilib, dostumuzu, düşmənimizi tanımalıyıq. Xalq məsəlində deyildiyi kimi, keçmişini bilməyənin gələcəyi olmaz. Xalqımızın, dövlətimizin gələcəyi və nicatı, ümumilikdə isə bütün türk dünyasının birliyindədir.

 

 

Aydın ƏLƏKBƏROV,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin dosenti

 

        Xalq qəzeti.- 2011.- 22 iyun.- S. 6.