Tarix
işğalçı, separatçı və militarist siyasətlərə
yaşamaq haqqı vermir
Faşist Almaniyasının Sovet
İttifaqına hücumundan 70 il keçir
70 il
öncə, iyunun 22-də səhər tezdən yayılan
acı xəbər hər bir kəsi sarsıtdı. Hitler
ordusu hücum etməmək barəsindəki müqaviləni
xaincəsinə pozaraq, Sovet İttifaqına qarşı qəfil
hərbi əməliyyata başladı. Faşist
Almaniyasının Sovet İttifaqına hücum etməsi ilə
İkinci dünya müharibəsinin gedişində yeni mərhələ
başlandı.
1939-cü il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən Hitler ordusunun SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Müharibənin SSRİ-yə qarşı qaçılmaz olduğu barədə fikrini Hitler hələ 1940-cü ilin iyulunda bildirmişdi. O demişdir: "Rusiya gərək məhv edilsin. Müddəti - 1941-ci ilin yazı". Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı mübaribənin iyunun 22-də başlamaq əmrini verdi. Beləliklə, 1941-ci il iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da Sovet xalqının Böyük Vətən müharibəsi başlandı. Onu da qeyd edək ki, müharibə sovet xalqları tərəfindən xilaskarlıq, ədalətli, Vətən müharibəsinə çevrildi. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı azğınlaşmış Hitler ordusunun qarşısını almaq üçün Vətən uğrunda müharibəyə başladı. Qarşıya çox çətin, ağır bir vəzifə qoyulmuşdu. Faşizm blokuna daxil olan ölkələrin hücumunun qarşısını almaq və dağıdıcı, qaniçən, qəddar Hitler ordusunu darmadağın etmək. Bununla yanaşı, Avropa ölkələri faşizm əsarətindən xilas edilməli, dünya sivilizasiyası faşizm təhlükəsindən qurtulmalı idi. SSRİ-nin müharibəyə qoşulması İkinci dünya müharibəsinin Hitler blokuna qarşı duran qüvvələrin ədalətli, antifaşist və azadlıq müharibəsinə çevrilməsi üçün həlledici amil idi.
Qeyd edək ki, faşist Almaniyasının şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, xüsusilə, Bakının işğalı qarşıya qoyulmuş əsas vəzifələrdən biri idi. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin toplantısında demişdi: "Bakı alındıqdan sonra bura hərbi məntəqəyə çevriləcək". Hitler bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazmışdı: "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".
Qafqazın işğalı üçün tərtib edilmiş "Edelveys" planının həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Hitlerin müsəlmanlardan qorxması, Bakını təcili işğal etmək istəyi heç də təsadüfi deyildir. Bunu Böyük Vətən müharibəsinin gedişi də təsdiqlədi. Azərbaycan həm iqtisadi, həm də canlı qüvvə sarıdan alman faşistlərinə çox güclü, sarsıdıcı zərbələr vurdu.
Hitlerin planına əsasən Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri - Azərbaycan əlahiddə rayon idi. "Ost" planına görə Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, hətta Azərbaycanın iri sənaye müəssisələrinə də rəhbərlər təyin etmişdilər.
Hitler Sovet İttifaqının darmadağın edilməsinə, dünya ağalığını ələ keçirməkdə çox mühüm bir mərhələ kimi baxırdı. SSRİ əleyhinə müharibənin strateji planı olan "Barbarossa" planı Sovet Ordusunun ittifaqın qərbində yerləşən əsas qüvvələrini parçalamaq, hissə-hissə mühasirəyə alıb məhv etmək məqsədi ilə qəflətən bir neçə güclü zərbə endirilməsini, sonra ölkənin içərilərinə sürətlə irəliləməyi və Arxangelsk - Həştərxan xəttinə çıxmağı nəzərdə tuturdu. Bu planın reallaşdırılması üçün Hitler komandanlığı müttəfiqlərinin silahlı qüvvələri də daxil olmaqla 190 diviziya, o cümlədən 19 tank və 14 motorlu diviziya ayırmışdı. Digər şəhərlərin də qısa müddət ərzində işğalı üçün böyük döyüş kontingenti ayrılmışdı.
Müharibənin ilk günlərində Sovet hökuməti dövlətin bütün ehtiyatlarının səfərbər olunması, ölkə həyatının müharibəyə uyğun tərzdə, əsaslı şəkildə yenidən qurulması üçün bir sıra fövqəladə tədbirlər gördü. 1941-ci il iyunun 29-da SSRİ Xalq Komissarları Sovetinin ÜİK (b) PMK-nın verdiyi direktivdə düşmən hücumunun dəf edilməsinin təşkili proqramı şərh olunmuşdu. Alman-faşist qoşunlarının əldən salınması, zəiflədilməsi və onların darmadağın edilərək Sovet torpağından qovulması, həmçinin Avropa xalqlarının faşist zülmündən xilas olunmasına kömək göstərilməsi Sovet Ordusu qarşısında bir vəzifə kimi qoyulmuşdu. 1942-ci il yanvarın 1-də 26 dövlət, o cümlədən SSRİ, ABŞ və Böyük Britaniya faşist blokunun darmadağın edilməsi üçün hərbi və iqtisadi ehtiyatların birləşdirilməsi barədə bəyannamə imzaladı. Bununla da antihitler koalisiyası yarandı. Düşmən isə getdikcə azğınlaşır, işğal etdikləri ərazilərdə yerli sakinlərə qarşı misli görünməmiş vəhşiliklər törədirdi.
Müharibənin birinci dövrü Sovet xalqı və onun silahlı qüvvələri üçün son dərəcə çətin olmuşdu. Faşist Almaniyasının qoşunları müharibədən əvvəl SSRİ əhalisinin təqribən 42 faizinin yaşadığı və ümumi sənaye məhsulunun üçdə bir hissəsinin istehsal olunduğu sovet ərazisini zəbt etmişdilər. Lakin 1943-cü ildən başlayaraq Sovet qoşunlarının əks hücumu alman faşistlərinin hücumunu dayandırdı. Hitler ordusunun işğal etdiyi ərazilər tədricən geri qaytarıldı. Bu dövr sovet xalqı və ordusunun görkəmli qələbələri ilə əlamətdar olan əsaslı dönüş dövrü idi. Alman faşistlərinin getdikcə ağır məğlubiyyətə uğramaları beynəlxalq aləmdə hərbi-siyasi şəraiti kəskin şəkildə dəyişdirdi və İkinci dünya müharibəsinin bütün gedişinə həlledici təsir göstərdi. Əsaslı dönüş ili - 1943-cü il bütün ölkələrdə antifaşist hərəkatının daha da genişlənməsi ilə əlamətdardır. Sovet-alman cəbhəsində Hitler ordusunun darmadağın edilməsi faşist blokunun daxilində böhranı dərinləşdirdi və antihitler koalisiyasını möhkəmləndirdi. 1943-cü ildə keçirilmiş Tehran konfransında Avropada ikinci cəbhəni 1944-cü ilin mayında açmaq haqqında qəti qərar qəbul edildi. Bundan sonra baş verən hadisələr Hitler ordusunun acınacaqlı məğlubiyyətləri ilə yadda qaldı.
1945-ci il mayın 9-u faşist Almaniyasının, Hitler hegemonluğunun sonu kimi əbədi olaraq tarixə həkk olundu. Bu qələbə ümumdünya tarixi əhəmiyyətə malik idi və bəşəriyyətin müharibədən sonrakı inkişafına böyük təsir göstərdi. Dünya mədəniyyəti, eləcə də bəşəriyyət faşist əsarəti təhlükəsindən xilas edildi, Avropanın bir çox xalqları faşist köləliyindən, əsarətindən azad olundu. Dinc alman xalqı da faşist zülmündən, Hitler diktatorluğundan xilas oldu.
Böyük Vətən müharibəsi dünya tarixində baş vermiş ən ağır müharibə idi. Rusiya Müdafiə Nazirliyinin idarə rəisi Aleksandr Kirilin RİA "Novosti" agentliyinə verdiyi müsahibəsində 1941-1945-ci illər İkinci Dünya müharibəsində SSRİ-nin nə qədər insan tələfatı verdiyi barədə açıqlamasında müharibənin 26,6 milyon SSRİ vətəndaşının həyatına son qoyduğunu bildirib. İdarə rəisinin sözlərinə görə, müharibə başlayanda Qırmızı Orduda 4826 milyon hərbçi, həmçinin 75 min digər əməkdaşlar qulluq edirmiş. Müharibə dövründə 29,5 milyon insan səfərbər edilib: "1945-ci il iyulun 1-nə orduda 11,39 milyon nəfər var idi. Eyni zamanda, 1,046 milyon nəfər hospitallarda müalicə olunurdu" - deyə Kirilin bildirib. O, müharibə nəticəsində Almaniyanın 6 milyon, onun müttəfiqlərinin isə 806 min nəfər itirdiyini də söyləyib. Bu itki İkinci dünya müharibəsində insan itkisinin 40 faizini təşkil edir.
Mənəvi-siyasi birlik, vətənpərvərlik, çoxmillətli xalqların dostluğunu yaratdı. Böyük Vətən müharibəsi Azərbaycan xadqı üçün də sağalmaz yaralarla başa çatdı. Azərbaycan xalqı SSRİ-nin digər xalqları ilə çiyin-çiyinə alman-faşist işğalçılarına qarşı böyük şücaət, mərdlik, qəhrəmanlıq göstərdi. Müharibənin birinci üç günündə Azərbaycandan 18 minə qədər döyüşçü könüllü olaraq döyüş bölgələrinə yola düşdü. Qısa müddətdə 186 min 704 nəfər xalq qoşunu dəstələrinə yazıldı. Respublikamızın ərazisində 87 qırııcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradıldı. İlk günlərdən azərbaycanlı döyüşçülər alman-faşist işğalçılarına qarşı vuruşmalarda böyük şücaət göstərdilər. 1941-ci il dekabrın 11-də azərbaycanlılar arasında ilk olaraq İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adı aldı. Azərbaycan xalqının fəxri olan 416, 223 və 77-ci atıcı diviziyalar döyüş sınaqlarından şərəflə çıxdılar. Yüngül toxuculuq və yeyinti sənayesi tamamilə cəbhə üçün məhsul istehsalına keçdi. Böyük çətinliklərə baxmayaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni yanacaqla təmin edirdilər. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon tona qədər neft verdilər. Dənizdə,quruda və havada düşmən üzərində Sovet ordusunun üçtünlük qazanmasına, sovet zirehli avtomobil və tank qoşunlarının aviasiya birləşmələrinin uğurlu strateji əməliyyatlarında Bakı neftinin, neftçilərinin rolu hədsiz olmuşdur.
1941-1945-ci illərdə respublikamızın 600 mindən çox oğlan və qızı cəbhəyə getdi. Onlardan 10 mindən çoxu qadın idi. Cəbhəyə gedənlərin 250 min nəfəri həlak oldu. Çoxlu sayda əsgər və zabitlərimiz döyüş ordeni və igidliyə görə medalı ilə təltif olunub, 14 nəfər Şöhrət ordeni kaveleri, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
...İkinci dünya müharibəsinin başlanmasından 70 il keçsə də xalqımız hələ də o dəhşətli günləri unutmur. O qanlı-qadalı illərin şahidi olmuş, cəbhələrdə düşmənə qarşı vuruşan veteranlarımıza bu gün dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Vətənini, xalqını, torpağını sevən, bu yolda mərdlikdə vuruşnlar həyat durduqca yaşayırlar. Bu müharibə bir daha sübut etdi ki, tarix işğalçı, separatçı və militarist siyasətləri yaşatmır. İstənilən işğalçının taleyinin Hitlerin taleyi kimi olacağı şəksizdir. Biz bu faktın şahidi olacağıq.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 22 iyun.- S. 5.