Mədəniyyət
və turizm sahəsində beynəlxalq əlaqələr
genişlənir
Ölkəmizdə uğurla həyata
keçirilən mədəniyyət siyasətində milli-mənəvi
dəyərlərimizin dünyada tanıdılması əhəmiyyətli
yer tutur. Bu yaxınlarda Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
müxtəlif mədəniyyətlərin
qarşılıqlı inteqrasiyasına böyük təkan
verdi. Azərbaycanın mədəni nailiyyətlərinin
dünyada tanıdılmasında bu tədbir çox önəmli
hadisəyə çevrildi.
Son vaxtlar mədəniyyətimizin və ölkəmizin turizm imkanlarının beynəlxalq aləmdə təbliğində görülən işlərin, həyata keçirilən tədbirlərin miqyası genişlənməkdədir. Bir-birinin ardınca Amerikada, Fransada, Küveytdə və Çində keçirilən Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər böyük rezonans doğurmuşdur.
"Eurovision-2011" beynəlxalq musiqi müsabiqəsində azərbaycanlı gənclərin - Eldar və Nigar duetinin birinci yer qazanması Azərbaycanın musiqi mədəniyyəti tarixində çox əlamətdar bir hadisəyə çevrildi. 2012-ci ildə bu möhtəşəm beynəlxalq müsabiqənin Bakıda keçirilməsi isə ölkəmizin beynəlxalq aləmdə nüfuzuna çox güclü təsir göstərəcəyi şübhəsizdir. Azərbaycan həm İslam dünyası dövlətləri ilə, həm də digər ölkələrlə sıx mədəni əməkdaşlıq həyata keçirir.
Son vaxtlar beynəlxalq mədəni əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlərin bir qismini nəzərdən keçirək. Hələ bu ilin əvvəlində Küveytdə Azərbaycan mədəniyyəti günləri böyük təntənə ilə başa çatdı. Həmin günlər Küveyt bütövlüklə Azərbaycan mədəniyyətinə kökləndi. Azərbaycan mədəniyyəti Küveyti nəinki fəth etdi, bütün küveytliləri heyrət içində saxladı. Küveytlilər Azərbaycan musiqisindən ayrılmaq istəmirdilər.
Muğam sənətimizin dünyada təbliği sahəsində görülən işlər də diqqətəlayiqdir. Mayın 10-da xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın Almaniyanın paytaxtı Berlin şəhərində, mayın 13-14-də Böyük Britaniyanın Qlazqo şəhərində (Şotlandiya) verdikləri konsertlər Azərbaycan musiqisinə bu ölkələrdə böyük maraq olduğunu bir daha təsdiq etdi.
Aprel ayında Bakı şəhərində keçirilən "AİTF-2011" 10-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ölkəmizin turizm imkanlarının təbliğində əhəmiyyətli rol oynadı. Cənab Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə ölkədə "Turizm ili" elan edilməsi Azərbaycanda beynəlxalq turizm üçün də geniş imkanlar yaradılmasına səbəb olmuşdur. Hər il keçirilən "AİTF" sərgisi məhz turizm sahəsində beynəlxalq aləmdə aparılan təbliğat işlərinin mühüm əhəmiyyəti olduğunu bir daha təsdiq edir. Bu il həmin sərgidə 24 ölkədən 230 şirkət iştirak edirdi. Türkiyə, Misir, Gürcüstan, Çexiya, Yunanıstan və Hindistan kimi ölkələr sərgidə milli stendlərlə çıxış edirdilər.
Azərbaycan mədəniyyətinin və turizm imkanlarının təbliği istiqamətində həyata keçirilən beynəlxalq tədbirlər sırasında bu ilin aprel ayında Heydər Əliyev Fondunun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Fransada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirləri xüsusi olaraq qeyd etmək lazımdır. Fransada keçirilən "Odlar diyarı Azərbaycanın müasir əsərləri" sərgisində rəssamlarımızın ən gözəl əsərləri nümayiş etdirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq aləmdə mədəniyyətimizin və turizm imkanlarımızın təbliğini son vaxtlar daha da genişləndirmişdir. May ayında dünyanın bir çox ölkəsində həyata keçirilən tədbirlər əsasən Azərbaycanın müstəqillik bayramına həsr olunmşdur.
Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin cari il mayın 17-19-da Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən 11-ci Qlobal Səyahət və Turizm Sammitində iştirak etmişdir. Səfər çərçivəsində cənab Ə.Qarayevi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov müşayiət etmişlər.
Sammitdə bir sıra xarici ölkələrin prezidentləri, turizm nazirləri, dünyanın turizm sənayesinin aparıcı biznes strukturlarının və şəbəkələrinin, turizm və səyahət şirkətlərinin rəhbərləri, şəhər merləri və s.daxil olmaqla 65 ölkədən nümayəndə heyəti ilk dəfə idi ki, bu mötəbər tədbirdə iştirak edirdi.
Cənab nazirin də iştirak etdiyi sammitin iclasında turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar, turizm sənayesinin iqtisadiyyatın inkişafında rolu və digər məsələlər üzrə müzakirələr aparılmışdır.
24-27 may 2011-ci ildə Azərbaycan Respublikasında müstəqilliyin bərpasının 20 illiyi ilə bağlı ÇXR-də Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar başda Azərbaycanın mədəniyyət və turzim naziri Əbülfəs Qarayev olmaqla nümayəndə heyəti Çinin paytaxtı Pekin şəhərində səfər edib. Nümayəndə heyətinin tərkibinə, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev, icra hakimiyyəti nümayəndələri də daxil idi.
24 may tarixində Pekin şəhərində Respublika Günü münasibətilə təşkil olunmuş tədbir geniş rezonans doğurmuşdur. Tədbirdə nazir Ə.Qarayev Azərbaycanın əsrlər boyu dünya mədəniyyət xəzinəsinə öz incilərini bəxş etmiş bir ölkə olduğunu vurğulamışdır.
Çin Milli Muzeyində təşkil olunan Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimini Azərbaycanın mədəniyyət və turzim naziri Əbülfəs Qarayev və ÇXR-nın mədəniyyət nazirinin müavini xanım Jao Şaxua açmışdır. Tədbir iştirakçılarını salamlayan nazir Əbülfəs Qarayev bildirmişdir ki, ölkəmiz zəngin milli mədəni dəyərləri olan bir diyardır və əsrlər boyu dünya mədəniyyət xəzinəsinə öz incilərini bəxş etmişdir. Çin hökuməti adından mərasim iştirakçılarını salamlayan bu ölkənin mədəniyyət nazirinin müavini xanım Jao Şaxua Azərbaycanın zəngin mədəni irsə sahib bir ölkə olduğunu və bu mədəniyyətin çinli sənətseverlər tərəfindən böyük alqışlarla qarşılanacağından əminlik duyduğunu bildirmişdir.
Açılış mərasimində həmçinin Çinin yüksək vəzifəli şəxsləri, ölkə ictimaiyyətinin nümayəndələri, Pekindəki diplomatik korpusun təmsilçiləri, soydaşlarımız, tələbələr iştirak edirdilər.
Sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etdilər.
Nazir həmçinin, 24 may tarixində ÇXR-nın mədəniyyət nazirinin müavini və Milli Muzeyinin direktoru xanım Jao Şaxua ilə görüş keçirmişdir.
Mədəniyyət günləri çərçivəsində nümayəndə heyəti 24 may tarixində İmperator sarayında olmuş və Çin operasını ziyarət etmişlər.
25 may tarixində Azərbaycan mədəniyyəti günləri çərçivəsində Çin Xalq Respublikasının San Pin İncəsənət qalereyasında fotosərgi təşkil olunmuş, habelə miniatür kitab və milli geyim nümunələrimiz nümayiş olunmuşdur. Sərginin açılış mərasimində Azərbaycanın Mədəniyyət və Turizm naziri Ə.Qarayev və ÇXR-nin mədəniyyət naziri Çay Vu iştirak etmişlər. Sərgidən sonra Ə.Qarayev ÇXR-nin mədəniyyət naziri Çay Vu ilə görüş keçirmişdir. Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin böyük tarixi olduğunu diqqətə çatdıran Ə. Qarayev bildirmişdir ki, hazırda əlaqələrimiz ölkə rəhbərlərinin dəstəyi sayəsində genişlənir.
Həmçinin, nazir həmkarına 2012-ci ildə Azərbaycanda Çin mədəniyyət günlərinin təşkil olunmasını təklif etmiş, ilkin tədbirlər planın hazırlanması və mədəniyyət sahəsi üzrə işçi qrupun yaradılmasının zəruriliyini vurğulamışdır. Eyni zamanda, tərəflər muzey, abidələr və kitabxanalar sahəsində ikitərəfli əlaqələrin və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etmişlər.
Daha sonra iki ölkə arasında "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında protokol" imzalanmışdır. İmzalama mərasimi bitdikdən sonra nümayəndə heyəti Böyük Çin səddini ziyarət etmişdir.
Göründüyü kimi, beynəlxalq miqyasda Azərbaycanın mədəniyyəti və turizm imkanlarının təbliği son vaxtlar daha intensiv xarakter almışdır.Bütün bunlar, müstəqil Azərbaycanımızda həyata keçirilən xarici siyasətin real nəticəsidir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 23 iyun.- S. 5.