Neft Akademiyasının rəqs ansamblı Azərbaycanı beynəlxalq festivalda layiqincə təmsil edib

 

Bu günlərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) "Gənclik" mahnı və rəqs ansamblı Rusiyada keçirilən beynəlxalq festivaldan böyük nailiyyətlərlə qayıdıb. Kollektiv festivalda Azərbaycanı təmsil etmək şərəfinə ölkəmizin ali məktəb tələbələrinin özfəaliyyət kollektivləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yekun konsertdə I yeri tutduğuna görə nail olub. Beynəlxalq festivala 16-dan çox ölkənin mədəniyyət qrupları qatılıb. Onların sırasında Türkiyə, İtaliya, Hindistan, Latviya, Qazaxıstan, Slovakiya, Estoniya, Nigeriya və digər ölkələrin musiqi kollektivləri olub.

 

Bəri başdan qeyd edək ki, ADNA-nın rəqs ansamblı Azərbaycanı festivalda layiqincə təmsil edib. Milli rəqslərimizi məharətlə nümayiş etdirən tələbələrin hər bir çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb. Akademiyanın Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Zəfər Qurbanovun rəhbərlik etdiyi rəqs qrupu Vətənə müxtəlif mükafatlarla qayıdıb.

ADNA-nın rektoru, akademik Siyavuş Qarayev də ansamblın üzvlərini qəbul edərək onların sevincinə şərik olub, "Gənclik" mahnı və rəqs ansamblının Rusiyada keçirilən festivalda iştirakının milli Azərbaycan mədəniyyətinin dünya xalqları arasında təbliği baxımından böyük əhəmiyyət daşıdığını deyib. O, Neft Akademiyasında tələbələrin təhsili ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili, idmana cəlb olunmaları, dünyagörüşlərinin, intellektul səviyyələrinin artırılması, istirahətlərinin təşkili, sosial inkişafı və s. sahələrdə geniş iş aparıldığını vurğulayaraq, bunu tələbələrə olan qayğı və dəstəyin nümunəsi kimi qeyd edib.

THİK sədri Zəfər Qurbanov ansamblın Rusiya səfərinin uğurlu alındığını bildirib. Onun sözlərinə görə, kollektiv əvvəlcə Rusiyanın Novqorod şəhərində, sonra müxtəlif regionlarında iyunun 3-dən 5-dək konsertlər verib. Təkcə Novqorodda 5 milli rəqs nömrəsi nümayiş etdirilib. "Gənclik"in Novqorodun 1150 illiyi ərəfəsinə təsadüf edən festivalda çıxışı şəhərin yubileyinə bir töhfə olub. Şəhər rəhbərliyi yüksək səviyyəli çıxışa görə ansamblı təşəkkürnamə ilə təltif edib.

Həmkarlar təşkilatı rəhbərinin sözlərinə görə, tələbələrin çıxışları Rusiyada yaşayan soydaşlarımız tərəfindən də böyük sevgi ilə izlənib. Azərbaycan diasporunun nümayəndələri onlarla xüsusi görüşlər keçiriblər. Hətta Novqoroddakı nümayəndəliyimiz ansambl üzvlərinin Sankt-Peterburq şəhərinə gəzintisini də təşkil edib.

Festival iyunun 6-da Başqırdıstan Respublikasında davam etdirilib. İlk çıxış Belaresk rayonunda olub. Ansambl respublikanın daha 3 rayonunda konsert verib. Hər dəfə də orada yaşayan həmyerlilərimiz və yerli əhali tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb: "Azərbaycanın adı gələndə həmyerlilərimizin sevincdən gözləri dolurdu. Sevinirdilər ki, dövlət bayrağımız belə uğurların hərarəti ilə dalğalanır. Rəqslərimizin hər dəfə böyük coşqu ilə qarşılanması Azərbaycan mədəniyyəti və incəsənətinin dünyanı heyran qoymağa qadir olduğunu dönə-dönə sübüt edirdi".

Zəfər müəllim bildirdi ki, festival Başqırdıstanın Sibay şəhərində təşkil olunan qala konsertlə yekunlaşıb. Tələbələrimiz finalda da uğurla çıxış ediblər. Beləliklə, ADNA ansamblı Vətənə 5 diplom və tamaşaçıların sonsuz məhəbbəti ilə qayıdıb.

Tələbə ansamblının üzvləri qazandıqları qələbədə akademiya rəhbərliyi tərəfindən onlar üçün yaradılmış münasib şəraitin böyük rol oynadığını qeyd etdilər və rəqs müəllimləri, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Sənan Hüseynzadəyə minnətdarlıqlarını bildirdilər.

Rektor Siyavuş Qarayev beynəlxalq festivalda uğurlu çıxışına görə "Gənclik" mahnı və rəqs ansamblının üzvlərini, eləcə də kollektivin bədii rəhbəri Zəfər Qurbanovu pul mükafatı ilə mükafatlandırdı.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2011.- 24 iyun.- S. 7.