Milli dövlətçiliyimizin sınaq dövrünün əlamətdar günlərindən biri

 

1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə prezidentin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi

 

Azərbaycan Respublikası adından bəyan edirəm ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətində heç bir dəyişiklik baş verməyəcəkdir. Bildirirəm ki, Azərbaycan demokratiya, siyasi plüralizm və azad iqtisadiyyat yoluna davam edəcəkdir.

 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 2 iyul 1993-cü il tarixli bəyanatından

 

Xalqımız XX əsrin 90-cı illərinin əvvəlində öz dövlət müstəqilliyini bərpa edəndən sonra regionda Azərbaycan adlı müstəqil dövlətin olmasını istəməyən qüvvələrin məkirli planları nəticəsində respublikamız ayrı-ayrı hissələrə parçalanmaq təhlükəsi ilə üz-üzə qoyulmuşdu, ölkədə xaos və anarxiya hökm sürürdü.

Gənc müstəqil respublikanın zəifliyindən istifadə edən Ermənistan dövləti beynəlxalq aləmdəki erməni diasporunun dəstəyi və bəzi maraqlı qüvvələrin himayəsi ilə Azərbaycana olan ərazi iddialarını etnik münaqişəyə və açıq müharibəyə çevirmişdi. Nəticədə bir-birinin ardınca işğal edilən kənd və rayonlarımız dağıdılmışdı. Müstəqilliyin ilk illərində ölkəyə heç bir idarəçilik təcrübəsi olmayan siyasət diletantları "rəhbərlik edirdilər". Məhz onların səriştəsizliyi ucbatından respublikada siyasi müxalifətlə yanaşı, hərbi müxalifət də formalaşmış, ölkə vətəndaş mübaribəsinin bir addımlığına gətirilmişdi. 1993-cü ilin yayına qədər ölkənin iki rəhbəri - Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov öz canlarını qorumaq üçün vəzifə kürsüsünü qoyaraq xəlvəti şəkildə qaçmışdılar. Bu tendensiyanın üçüncü dəfə təkrar edilməyəcəyinə heç kəs zəmanət verə bilməzdi və gözlənilənlər baş verdi. İradə etibarilə əvvəlki ölkə rəhbərlərindən heç də fərqlənməyən Əbülfəz Elçibəy də belə addım atdı və Azərbaycan dövlətçilik tarixinə növbəti bir qınaq səhifəsi yazıldı. Bütün bu bəlaların öhdəsindən gəlmək üçün xalq özündə qətiyyət və iradə tapmalıydı və tapdı.

Xalqın çoxsaylı təkid və tələbləri ilə Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 13-də Gəncəyə səfər etməsi respublikada vətəndaş müharibəsinin qarşısının alınması üçün atılmış ən uğurlu addım kimi qiymətləndirilirdi. Siyasət dahisinin üsyançı polkovniklə əhatəli və genişmiqyaslı danışıqlar aparması xalqda belə bir inam yaratmışdı ki, ölkədə hər şey müsbətə doğru dəyişilə bilər. Ümummilli liderin iyunun 15-də Ali Sovet sədri vəzifəsinə seçilməsi isə təkcə ölkəmizdə deyil, eləcə də dünyanın istənilən qütbündə yaşayan soydaşlarımızda belə bir qənaət formalaşdırmışdı ki, Azərbaycan artıq həqiqi qurtuluş yoluna çıxıb. Həm siyasi dairələrdə, həm də bütövlükdə dünya ictimaiyyətində hamı inanmağa başlamışdı ki, gənc müstəqil Azərbaycan dövləti sabaha doğru qətiyyətlə irəliləyəcək. Çünki bu dövlətin başında xalq hərəkatı dalğasının hakimiyyətə gətirdiyi insan, parlamentin rəhbərliyində isə xalqın və dövlətin xilaskar kimi dəvət etdiyi siyasət dahisi var idi. Güman edilirdi ki, Xalq Cəbhəsi rəhbərləri Heydər Əliyevin təcrübəsindən bəhrələnərək daha qətiyyətlə fəaliyyət göstərəcəklər. Ancaq gözə görünməyən qüvvələr bu proqnozların reallaşdırılmasına imkan vermədilər. Bədxahlar Heydər Əliyevin siyasət səhnəsində - üstəlik yüzlərlə problemin əhatəsində tək qalmasına, nəticədə hakimiyyətə qayıdışından peşman olmasına nail olmaq üçün çox iyrənc bir variant seçdilər. Onlar iyunun 17-də gecədən xeyli keçmiş Prezident Əbülfəz Elçibəyin paytaxtdan qaçmasını təşkil etdilər.

Dövlət başçısının xəlvəti qaçışının bir neçə eybəcər məqamları var idi. Əvvəla, o, Bakıdan qaçarkən tutduğu vəzifədən istefa verməmişdi. Bir neçə gündən sonra bəyan etmişdi ki, mən ölkəni Kələkidən idarə edəcəyəm. İkinci, o, sonralar hansı bəhanəni gətirməsindən asılı olmayaraq, polkovnik Surət Hüseynovun hədələrindən canını qurtarmaq üçün qaçmışdı. Üçüncü, öz himayədarlarının köməyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətini gündən-günə genişləndirən Ermənistanın həyasızlaşdığı bir dövrdə Azərbaycanın dövlət başçısının paytaxtdan kəndə qaçması düşməni daha da quduzlaşdırırdı. Dördüncü, övladına çörək pulu tapa bilməyən sadə azərbaycanlıya prezidentin bu qaçışı necə təsir edəcəkdi? Bütün bunlar barədə düşünmək belə istəməyən Azərbaycan Prezidenti Əbülfəz Elçibəy dövləti ucqar dağ kəndindən idarə etmək kimi absurd bir qərar qəbul etmişdi.

Ölkə ziyalıları, siyasətçilər və xüsusən, parlament üzvləri bu yanlış addımın tezliklə aradan qaldırılması üçün çoxsaylı yollar aradılar. Bir həftə Elçibəylə danışıqlar aparan parlamentarilər qaçqın dövlət başçısının paytaxta qayıtmaq istəyinin olmadığını görəndə yenə də xalq üçün, dövlət üçün gərəkli olan bir addım atdılar. 1993-cü il iyunun 24-də Milli Məclis prezidentin səlahiyyətlərinin icra edilməsi hüququnu Ali Sovetin sədri Heydər Əliyevə verdi. Bu addım təkcə xalqımız və ölkəmizin dostları tərəfindən deyil, eləcə də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi.

Ulu öndər Heydər Əliyev sonralar "Ostankino" dövlətlərarası televiziya şirkətinə müsahibə verərkən həmin günləri ən incə məqamlarına qədər xarakterizə etmişdi: "Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb getmişdir. Halbuki, təyyarə Bakıdan uçmazdan bir saat əvvəl biz bir yerdə idik. Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi Naxçıvana enmişdir, buradan prezidenti Xalq Cəbhəsinin üzvləri dağ kəndi Kələkiyə aparmışlar. O, indiyədək oradadır. Mən iyunun 18-dən 24-dək Əbülfəz Elçibəylə telefonla daim danışıqlar aparmışam, Azərbaycan Elmlər Akademiyasının prezidenti başda olmaqla ziyalıların nümayəndələrinin böyük bir qrupu - akademiklər, professorlar, yazıçılar, ağsaqqallar mənim təşəbbüsümlə oraya getmişlər. Onlar prezidentlə görüşmüş, onlar da dilə tutmuşlar ki, o, Bakıya qayıtsın. Mən onu israrla dəvət edirdim. O, dəvətimizi qəbul etmədi .... və indiyədək Kələki kəndində qalır".

Beləliklə, bədxahlarımızın əliylə idarəolunmaz bir hala gətirilmiş Azərbaycan Respublikasının idarə olunması üçün ən mühüm addımlardan biri də məhz 1993-cü il iyun ayının 24-də atılmışdı. Bugünkü qüdrətli Azərbaycan Respublikasının uğurlarının miqyasına nəzər salarkən həmin günlər xalqın nə qədər ədalətli qərar verdiyinin və doğru seçim etdiyinin növbəti şahidinə çevrilirik.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 24 iyun.- S. 6.