Dövlət qulluğu imtiyaz yox, məsuliyyətdir

 

23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Xətai Rayon İcra Hakimiyyəti binasının iclas zalında toplantı keçirilmişdir. Çıxışına kollektivin üzvlərini bayram münasibəti ilə təbriklə başlayan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, bu gün burada iştirak edənlərin əksəriyyəti inzibati vəzifə tutan və hakimiyyət səlahiyyəti olan dövlət qulluqçularıdır.

 

Heç kim unutmamalıdır ki, bu vəzifənin də, səlahiyyətin də məsuliyyəti digər təbəqədən olan əmək adamlarının məsuliyyətindən kəskin şəkildə fərqlənir. Məhz bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır".

Möhtərəm Prezidentimizin qarşımıza qoyduğu bu vəzifədən çıxış edərək deyə bilərəm ki, icra hakimiyyəti aparatının hər bir dövlət qulluqçusu fəaliyyəti müddətində bu məsuliyyəti dərk etmiş və ona tapşırılan işin yüksək səviyyədə həyata keçirilməsinə çalışmışdır.

R.Məmmədov rayonda çalışan dövlət qulluqçularının fəaliyyətinə də münasibət bildirdi və qeyd etdi ki, o insanların öz vəzifələrini necə həyata keçirməsi, insanlara münasibəti, onların istək və arzularına, qayğı və problemlərinə yanaşması son nəticədə bu insanların bizim çalışdığımız dövlət orqanlarına münasibətlərini formalaşdırır. 2009-cu ildə möhtərəm Prezidentimizin sərəncamı ilə Xətai rayonunda çalışan və sözün həqiqi mənasında, layiqli fəaliyyət göstərdiklərinə görə 3 dövlət qulluqçumuz dövlət mükafatları ilə təltif olunmuşdur.

Sonra Xətai rayon icra aparatında dövlət qulluğunda çalışan Bəsti Hacıyeva və Qüdrət Səfərov qüsursuz və səmərəli fəaliyyətlərinə görə icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olundular. R.Məmmədov qeyd etdi ki, Q.Səfərov və B.Hacıyeva təqaüd yaşlarının tamam olmasına baxmayaraq, dövlət qulluğunda göstərdikləri yüksək intizamlılıq, işə ciddi və məsuliyyətli münasibətləri ilə seçildikləri üçün, onların əmək fəaliyyətlərinin daha bir il uzadılması qərara alınmışdır.

Dövlət qulluğunda fərqlənən Bəsti Hacıyeva göstərilən etimada görə minnətdarlıq edərək bildirdi ki, respublikada geniş vüsət alan quruculuq işlərinin indiki qızğın vaxtında təqaüdə çıxıb evdə oturmaq mənim üçün çox çətin olardı. Lakin bu gün işdə qalacağım haqqında qərarı eşidəndə daha böyük ruhla işləyəcəyimə söz verdim.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 24 iyun.- S. 7.