Azərbaycan dövləti dini etiqad azadlığının təminatçısıdır

 

Səbail rayonunda "Azərbaycanda dövlət - din münasibətləri" mövzusunda seminar keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komtəsi ilə birgə keçirdiyi tədbirdə dini məsələlər üzrə komissiyanın üzvləri, Badamdar və Bibiheybət qəsəbələrinin icra və bələdiyyə təmsilçiləri, təhsil müəssisələrinin, ziyalıların nümayəndələri, rayonda fəaliyyət göstərən dini qurumların rəhbərləri iştirak etmişlər.

 

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı yanında Dini məsələlər üzrə komissiyanın sədri Xalidə Bayramova seminarı giriş sözü ilə açaraq, əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komtəsinin yaradılmasının 10 illiyi münasibəti ilə bu qurumun kollektivini təbrik etmiş, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulamışdır. O bildirmişdir ki, komitə dövlət - din münasibətlərini tənzimləyən qanunvericilik bazasının geniş şəhəri məqsədi ilə növbəti seminarı Səbail rayonunda keçirir.

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Dini məsələlər üzrə komissiyanın üzvü İsrafil Kərimov rayondakı dini durum barədə məlumat verərək bildirmişdir ki, hazırda rayonda 6 məscid, 1 ibadət yeri, 1 dini mədrəsə mövcuddur. Dini icmaların 6-sı müsəlman, 1-i isə xristian təriqətlidir. Onların 4-ü yenidən dövlət qeydiyyatından keçmişdir.

Rayondakı dini ibadət yerlərindən ən böyüyü əsası 1997-ci il iyulun 23-də ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, 1998-ci il iyulun 12-də özünün iştirakı ilə açılışı olmuş və hazırda beynəlxalq ziyarət mərkəzinə çevrilən Bibiheybət məscididir. İçərişəhərdə 4 məscid fəaliyyət göstərir ki, bunlar dövlət tərəfindən əsaslı təmir olunmuş "Gileyli", "Cümə", "Həzrət Məhəmməd" və həmçinin "Aşurbəy" məscidləridir. Tarixi abidələrin bərpa və konservasiyası üzrə "Master Plana" uyğun olaraq İçərişəhərdəki XI əsr abidəsi "Həzrət Məhəmməd" məscidinin daxilində son tamamlama işləri aparılır.

Seminarda daha sonra bildirildi ki, bir il ərzində RİH və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin, tanınmış ilahiyyatçıların iştirakı ilə rayonun ali və orta təhsil müəssisələrində dövlət - din münasibətləri, qeyri-ənənəvi dini təriqətlər və s. mövzularda tədbirlər keçirilmişdir. Sakinlərin müraciətləri nəzərə alınaraq RİH tərəfindən Badamdar qəsəbəsindəki boş sahədə 250 nəfərlik xeyir-şər yeri tikilmiş, burada mərasimlər üçün hər cür şərait yaradılmışdır. Hər il Ramazan və Qurban bayramlarında rayondakı aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid və əlil ailələrinə ərzaq paylanılır. Ramazan ayı ərzində Badamdar, Bibiheybət, 20-ci yaşayış sahələrində və mərkəzdə iftar süfrələri təşkil olunur. Son 2 ildə RİH-nin köməyi ilə 4 nəfər həcc ziyarətinə göndərilmiş, bu il üçün də ziyarətə göndəriləcək dindarlarla bağlı təşkilati işlər aparılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov "Azərbaycanda dövlət - din münasibətləri" mövzusunda çıxış etmiş, ümummilli lider Heydər Əliyevin xoş məramı ilə ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığını, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə dövlət - din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, dini ibadət yerlərinin bərpa olunub vətəndaşların istifadəsinə verilməsi istiqamətində görülən işlərdən danışmışdır. Natiq Milli Məclisin "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa etdiyi dəyişikliklər barədə də məlumat vermişdir.

Seminarda İçərişəhər "Cümə" məcsidinin axundu Hacı Surxay Məmmədli, "Həzrət Məhəmməd" məscidi dini icmasının sədri Hacı Xanmirzə Bağırov, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 162 saylı orta məktəbin direktoru Ələkbər Əliyev, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova və başqaları çıxış edərək Azərbaycanda tolerantlıq mühitinin mövcudluğundan, dini ibadət yerlərində normal şəraitin yaradılmasından, dövlət tərəfindən məscid və ibadətgahların təmirinə göstərilən diqqətdən danışmışlar. Onlar qeyri-ənənəvi təriqətlərin xalqımız üçün zərərli təbliğatının qarşısının alınması, gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün görüləsi vacib işlərdən də söz açmış, orta və ali məktəblərdə mütəxəssislərin iştirakı ilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışlar.

Sonda Dini Komitənin nümayəndəsi iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2011.- 24 iyun.- S. 7.