Yeni kitab
Ülvinin
ülvi hissləri
Ülvi Məmmədovun 29 yaşı var. Gənc
olmasına baxmayaraq, təhsil, elm və poeziya sahələrində
çoxlu nailiyyətlər əldə edib. Azərbaycan
Texniki Universitetinin "Ekologiya və təbiətdən
istifadə" ixtisası üzrə 2003-cü ildə bakalavr,
2005-ci ildə isə magistr pillələrini fərqlənmə
diplomu ilə bitirmişdir. 2005-2006-cı illərdə Milli
Ordu sıralarında hərbi xidmətdə olmuşdur.
Əsgərlikdən sonra yenidən doğma şəhəri Bakıya qayıdan Ülvi 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Prosesləri İnstitutunun əyani aspiranturasını bitirmiş və həmin ildən orada elmi işçi vəzifəsində çalışmışdır. Bu ilin aprel ayında Dövlət Universitetində akademik Abel Məhərrəmovun sədr olduğu Dissertasiya Şurasında kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün yazdığı elmi işi müvəffəqiyyətlə müdafiə etmişdir.
Onun dissertasiya işi dövrün çox aktual məsələsinə - qloballaşan dünyada ekoloji problemlərdən olan yeni sorbenlər (yerli xammal - gil-betonit-alumosilikatlar əsasında hazırlanmış) vasitəsilə havanın zərərli maddələrdən (aseton, n-butilamin, ammonyak, fenol və sair) təmizlənməsinə həsr olunmuşdur. Gənc alimin araşdırmaları, elmi və praktiki nəticələri akademiklərdən A.Məhərrəmov, V.Fərzəliyev, A.Əliyev, AMEA-nın müxbir üzvləri, professorlar R.Əliyeva, A.Qəribov, M.Salahov, Ə.Məcidov, Rusiya Elmlər Akademiyasının müxbir üzvləri M.Antipin, V.Xrustalev, professorlar S.Məmmədov, M.Qurbanov, Z.Məhərrəmova, E.Çıraqov, N.Verdizadə, M.Məhərrəmov, N.Rüstəmov, V.Bağırov, M.Allahverdiyev, M.Rüstəmov, G.Süleymanov, A.Əfəndi və başqaları tərəfindən yüksək qiymətləndirilmişdir.
Fitri istedada malik Ülvü Məmmədov 32 elmi əsərin, o cümlədən 2 patentin və 1 dərsliyin ( ("N" hərbi ekologiya") müəllifidir. O, dövri mətbuatda, müxtəlif elmi jurnallarda tez-tez çıxış edir. Yəqin ki, atası - kimya elmləri doktoru Ələfsər Məmmədov ona ad qoyanda övladını həmişə ali, uca, yüksək, inkişaf etmiş Vətəninə layiq oğul kimi görmək məqsədini güdüb. Əməli saleh böyüyən Ülvi də valideynlərinin arzusunu gözlərində qoymayıb, gənc yaşlarında elmi ictimaiyyət arasında, ədəbi mühitdə sanballı söz sahibinə çevrilib. İ.Məmmədov tanınmış müğənnilər tərəfindən ifa olunan bir çox mahnıların ("Elimizin Bəxtiyarı", "Son zəng", "Milli Ordumuz", "Qara qızıl" və s.) sözlərinin müəllifidir.
Hələ orta məktəb illərində şeirə, ədəbiyyata, sənətə həvəs göstərən Ülvi bu sahədə də istedadını büruzə verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, "Həsən bəy Zərdabi" mükafatı laureatı İsmayıl Məmmədovun redaktorluğu altında bu günlərdə işıq üzü görən "Yaşamaq-yanmaqdır" kitabı Ülvi Hisslərin (Ələfsəroğlu) geniş oxucu auditoriyası ilə ilk tanışlığıdır. Şairin poeziyasına xas olan vətənpərvərlik, səmimiyyət, ətraf mühitə, torpağa, dünyaya və insanlara bağlılıq, yüksək poetik keyfiyyətlər bu kitaba daxil olan şeirlərdə, poemada, bayatı və rübailərdə inkişaf edir, daha da bütövləşir.
Müasir türk ədəbiyyatının korifeyi, xalq şairi Bəxtiyar Vahabzadənin əziz xatirəsinə itihaf edilən bu kitab həvəslə oxunur, adamı düşünməyə vadar edir. Onun hər misrası aydın şəkildə göstərir ki, gənc şair ulu sənətkara nə qədər dərin məhəbbət və rəğbət bəsləyir. Ülvi Hisslər (Ələfsəroğlu) dünya şöhrətli şairin həyat və yaradıcılığından ilhamlanaraq yazdığı "Bəxtiyar" poemasında ustad sənətkara müraciətlə deyir:
Bəxtiyarlıq doğuldu şeiriyyətə səninlə,
Hər oğlunu ər bildin, fərəhləndin elinlə.
Sevdin ana
dilini, fəxr etdin öz dilinlə,
Söylədin:
"Yaşayacaq hər an dilim!", Bəxtiyar,
Sən də
bil ki, unutmaz səni elin, Bəxtiyar.
Kitabın
"Gözəl Azərbaycanımız" bölməsindəki
şeirlər bu yurdun şöhrətini dünyaya yayan
füsunkar, əsrarəngiz gözəlliklərə malik Vətənimizin
dilbər guşələrinə, görkəmli şəxsiyyətlərinə,
alim və sənətçilərinə həsr
olunmuşdur. Şairin ümummilli liderimiz Heydər Əliyevə
həsr olunmuş "Azərbaycanlıyam mən"
şeiri öz orijinallığı ilə daha çox
seçilir:
Hər
imzan bir möhürdür tarixin sinəsində,
Yeni Azərbaycanın
şanlı salnaməsində.
Səndən
mərdlik öyrəndik, səndən bir dərs
götürdük,
Fəxr
edirik yaşadıq, Heydər zəmanəsində.
Yeni Azərbaycanda
Ülvi Hisslər yarandı,
Könul,
sanki, and içib, ürəkdən Vətən andı.
Azərbaycanlıyam
mən, söyləyərək fəxr etdin,
Ürəklərdə
Vətənə məhəbbət alovlandı.
"Qızıl
qələm" mükafatı laureatı Ülvi Hisslərin
(Ələfsəroğlunun) yaradıcılığı rəngarəngdir,
mövzu zənginliyi ilə seçilir. Şeirlərdə
ümumbəşəri, fəlsəfi fikirlər
üstünlük təşkil edir, ana dilimizə sevgi, məhəbbətlə
yanaşılır. Buna görə də 166 səhifəlik
şeirlər toplusunda axıcılıq, qəlbəyatımlıq
üstünlük təşkil edir. Əminliklə demək
olar ki, Ülvi Hisslərin timsalında Azərbaycan
poeziyası yeni bir istedad qazanmışdır.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 25 iyun.- S. 8.