Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatları aparılmışdır

 

Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə keçirilən növbəti humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı həkimlərindən ibarət kardiocərrahiyyə briqadası dörd gündən artıq idi ki, bu yaxınlarda istifadəyə verilmiş Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarına başlamışdı. Mərkəzin baş həkimi Eldar Hacıyev söhbət zamanı bildirdi ki, aparılan bu əməliyyatlar 11 nəfəri əhatə edəcək. Onların səkkizi anadangəlmə ürək qüsurundan əziyyət çəkən, uzun illər müalicəsi aparılmayan xəstələrdir. Bu günə artıq xəstələrin səkkizi üzərində açıq ürək əməliyyatları uğurla başa çatmışdır.

 

Altı günlük humanitar aksiyanın proqramında Cəlilabad Müalicə Diaqnostika Mərkəzində "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" mövzusunda elmi-praktik konfrans da yer almışdı və biz elə bu konfrans günü tədbirə qoşulduq. Konfransın bir özəlliyi də onda idi ki, Dövlət Neft Şirkəti və Azərbaycan Kardivaskulyar Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə regionlar üzrə ilk dəfə Cəlilabad rayonunda baş tutan bu tədbirdə Diaqnostika Mərkəzində aparılacaq açıq ürək əməliyyatı canlı olaraq konfrans iştirakçılarına nümayiş etdiriləcək, əməliyyatxanadan kardioloqları maraqlandıracaq suallara cavab veriləcəkdi.

Ətraf regionların kardioloqlarını ürək xəstəliklərinin müalicəsi və cərrahiyyəsində tətbiq olunan ən müasir dünya təcrübəsi ilə yaxından tanış etmək xarakteri daşıyan elmi-praktik konfransda xarici ölkələrdən dəvət olunmuş tanınmış kardioloq mütəxəssislər də iştirak edirdilər.

Konfrans ulu öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər-çiçək dəstələrinin qoyulması ilə başlandı. Sonra Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin iclas salonunda baş həkim Eldar Hacıyev ev sahibi kimi qonaqları salamlayıb, belə möhtəşəm bir humanitar aksiyanın və elmi-praktik konfransın məhz bu məkanda keçirilməsinə qərar verdiklərinə görə Heydər Əliyev Fondunun, ARDNŞ-in və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının rəhbərlərinə minnətdarlığını bildirdi. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin rəis müavini Fuad Əlizadə, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev bu mötəbər tədbirin keçirilməsinin vacibliyindən, insanların sağlamlığı üçün əhəmiyyətindən danışdılar və konfransın işinə uğurlar dilədilər. Sonra konfrans öz işinə başladı.

Konfransın birinci hissəsində ürək və damar xəstəliklərinin ayrı-ayrı aspektlərdən tədqiqinə dair məruzələr dinlənildi. Konfransın sədri, Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının prezidenti və Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov "Ürəyin işemik xəstəliyinə ümumi baxış", həmin mərkəzin kardiocərrahı Abasəli Abasəliyev "Ürəyin işemik xəstəliyində ravaskulizasiyaya göstərişlər", doktor Elnur Azadxanov "Sabit stenokardiyaların diaqnostikası və müalicəsi", MNK-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin ürək-damar cərrahiyyəsi bölməsinin müdiri, tibb elmləri namizədi Seymur Musayev "Asionatik anadangəlmə ürək qüsurları", MNX-in reanimasiyalar üzrə koordinatoru doktor Ermanno Mazza "Sianotik anadangəlmə ürək qüsurları" mövzusunda, ikinci hissəsində isə MKX-nın şüa-diaqnostika və invaziv radiologiya üzrə koordinatoru doktor Ahmet Memiş "Damar xəstələrində endovaskulyar müalicə", C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun aspirantı Vüsal Məmmədov "Ürək çatışmazlığı" mövzularında məruzələrlə çıxış etdikdən sonra iştirakçıların bir çox suallarına aydınlıq gətirdilər.

Ən maraqlı məqam isə doktor Rəşad Mahmudovun əməliyyatxanada həyata keçirdiyi açıq ürək əməliyyatının birbaşa konfrans zalında quraşdırılmış monitorlardan canlı izlənməsi oldu. Konfrans iştirakçıları əməliyyat aparan cərrahların hərəkətlərini izləməklə bərabər, verdikləri izahları da maraqla dinləyir, eyni zamanda, onlarla bağlantı yaradıb suallarını da verə bilirdilər. Bununla da regionda ilk dəfə olaraq anadangəlmə ürək qüsurunun əməliyyatxanadan canlı tədrisi gerçəkləşdi.

Məruzələr və monitordan canlı izlənən əməliyyat ətrafında diskussiyalar başa çatdıqdan sonra elmi-praktik konfransın hər bir iştirakçısına sertifikat verildi.

Konfrans işini başa çatdırdıqdan sonra qəzetimizə eksklüziv müsahibə verən Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri , Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının sədri, tibb elmləri namizədi Rəşad Muhmudov dedi:

- Bu gün, doğrudan da, əlamətdar bir gündür. Biz uğurlarımıza inanaraq bu yola çıxdıq. Nədən bunu deyirəm? Çütki bu gün birbaşa dövlət başçısının özünün səyləri , göstərişləri, diqqət və qayğısı nəticəsində belə gözəl xəstəxanalar, diaqnostika mərkəzləri xalqın istifadəsinə verilib. Məhz belə səhiyyə ocaqlarında uğurla açıq ürək əməliyyatlarının aparılması onu göstərir ki, biz artıq Avropa standartlarına, müasir dünya standartlarına bərabər olan tibb müəssisələrinə, maddi-texniki bazaya və müasir texnologiyaya yiyələnə bilmişik.

Lakin bir gerçəklik də var ki, təkcə gözəl binalar, texnologiyalar və müasir avdanlıqla inkişaf olmur. Bu gün dünya tibbinə inteqrasiya proqramı çərçivəsində çox böyük elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Yəni bütün dünyada tibbi təhsil bitdikdən sonra da mütəxəssislərin kamilləşməsi üçün elmi-praktik təhsil davam edir. Bunun da ən gözəl nümunəsi elmi-praktik konfranslar və onların gedişi zamanı ortaya qoyulan canlı tədris proqramlarıdır. Bu gün bunun hansısa böyük bir şəhərdə, paytaxtda deyil, Azərbaycanın regionlarından birində reallaşmasının sevincini yaşayırıq. Çünki maddi-texniki baza, bu imkanlar və insanların həyatda ən şirin nemət olan canlarını bizə əmanət etməsi bizdən də peşəmizə daha böyük məsuliyyətlə yanaşmamızı, yorulmaq bilmədən yenilikləri öyrənib tətbiq etməyimizi istəyir. Bu gün biz dünya tibbində olan və bildiyimiz yeni elmi nailiyyətləri bölgələrdəki həmkarlarımızla bölüşürük, onları düşündürən suallara cavab veririk. Bacarığımızı onlara nümayiş etdirməklə yanaşı təcrübəmizi onlarla paylaşırıq.

Bu tədbirlər, sadəcə, ürək-damar xəstəlikləri sahəsində deyil, tibbin bütün sahələrində davam etməlidir. Çünki tibb elmində hər günün bir yeniliyi var. Bizim bu dinamik elmi inkişafdan kənarda qalmağa sadəcə haqqımız yoxdur. Bunu etməliyik ki, həmvətənlərimiz, doğmalarımız canlarını bizə qorxmadan, çəkinmədən əmanət edə bilsinlər.

- Doktor, Heydər Əliyev Fondunun dəstəyi ilə çox vacib və böyük humanitar aksiya keçirirsiniz. Gələcəkdə belə aksiyaların davam olunacağı gözlənilirmi.

- Bu aksiyalar 2006-cı ildən başlayıb. İlk aksiyamız möhtərəm Prezidentimiz İlham Əliyev Lənkəran Müalicə Diaqnostika Mərkəzinin açılışını etdikdən 3 ay sonra baş tutdu. Biz orada üç açıq ürək əməliyyatı həyata keçirdik və göstərdik ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan səhiyyəsi və Azərbaycan həkimi buna qadirdir. Ardından bundan usanmadan, əksinə, çox böyük həvəslə bu yola davam etdik.

Bu günə qədər 10 regional fərdi mərkəzə iyirmi beş səfər edərək 240-dan artıq açıq ürək əməliyyatı həyata keçirmişik. 700-dən çox xəstədə invaziv yolla angiopastika olunmuş, 10 minə yaxın insan müayinə olunaraq müalicə almışdır.

İndi bu yola davam etmək yox, yerli kadr hazırlığına diqqətimizi yönəldirik. Yerlərdə olarkən bacarıqlı, savadlı və təşəbbüskar kadrları seçib Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Cərrahiyyəsi Mərkəzinə dəvət edir, burada təkmilləşdirmə kursu keçdikdən sonra lazım olan regionlara göndəririk. Məncə bunun faydası daha böyükdür. Bu günə qədər mərkəzdə 95-dən artıq həkim və orta tibb personalı təcrübə və təkmilləşmə kursu keçmişdir.

Ümidverici kadrlar kifayət qədərdir. Sadəcə, sistemli şəkildə çalışmaq lazımdır. Bu kadrlar hazırlanandan sonra onların ehtiyac olan mərkəzlərdə işlə təmin edilməsi də çox vacibdir. Mənim üçün çox sevindirici haldır ki, biz Naxçıvanda bu aksiya çərçivəsində 20 açıq ürək əməliyyatı apardıq və bunların üçünü yerli kardiocərrahlar həyata keçirdilər. Bunları gördükcə uğurlarımıza daha çox inanırıq.

Bir məsələyə də diqqət yetirmək lazımdır ki, xaricdə dövlət başçımızın dəstəyi və qayğısı sayəsində çoxlu tələbələrimiz təhsil alır. Adamlar var ki, bir çox Avropa ölkələrində tibbin müxtəlif sahələrinin dərinliklərinə yiyələniblər. Azərbaycana qayıtdıqdan sonra onların lazımi tibb müəssisələrinə yerləşdirilməsinə diqqət yetirməliyik.

Bu gün Azərbaycan, bəlkə də, dünyada heç bir ölkədə müşahidə olunmayan bir sürətlə inkişaf edir. Dövlət başçımızın çevik siyasi-iqtisadi strategiyası sayəsində az bir vaxtda çox böyük sıçrayışla geriliyimizi aradan qaldırırıq.

Çox əksiklərimiz var idi. Bunun fərqində idik. Dünyanın əksər ölkələrini gəzən bir insan kimi deyirəm, bizdən irəlidə olan, inkişaf edən ölkələr çoxdur. Amma onların heç birində bu sürətli inkişaf yoxdur. Mən əminəm ki, Azərbaycanımız bu inkişaf tempi ilə yaxın illərdə ən qabaqcıl dövlətlərdən birinə çevriləcək. Onda bizim xəstələr də xarici ölkələrə gedib klinikaların qapılarında növbə gözləməyəcəklər.

Material çapa hazırlanarkən öyrəndik ki, Cəlilabaddakı 11-ci xəstə üzərində də açıq ürək əməliyyatı uğurla aparılıb. Bu bir də onu göstərir ki, canımızı etibar edəcək həkimlərimiz var.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 25 iyun.- S. 7.