Ömər
Eldarovun "Bölünmüş millət" əsəri
Koreyanın parkında ucaldılıb
Akademik
Ömər Eldarovun əsərləri indi dünyanın bir
çox şəhərlərinin park və
xiyabanlarını bəzəyir. Bu yaxınlarda isə onun
"Bölünmüş millət" əsəri Koreya
Respublikasının Boryeong şəhərində yerləşən
Geahva Sənət Parkında keçirilən 8-ci Beynəlxalq
heykəltəraşlıq sərgisində nümayiş
etdirilib.
Bu məlumatı Azərbaycanın Koreyadakı səfirliyinə istinadən Lent.az saytı yayıb. Məlumata görə, sərgidə Azərbaycanın xalq rəssamı, akademik Ömər Eldarovla bərabər, dünyanın on ölkəsindən (İsrail, Argentina, Rusiya, Özbəkistan, Seneqal, Pakistan, İraq, Myanma, Çili, Paraqvay) gəlmiş heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.
Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi ilə Ömər Eldarovun "Bölünmüş millət" adlı sənət əsəri Geahva Parkında ucaldılıb və beynəlxalq sərgiyə gələn yüzlərlə tamaşaçının diqqətini çəkib.
Koreya Mosan İncəsənət Muzeyi, "Koreya Post" jurnalı, Boryeong şəhər meriyasının maddi dəstəyi ilə həyata keçirilmiş beynəlxalq sərginin açılış mərasiminə Cunqçonnamdo əyalətinin qubernatoru, Boryeoung şəhərinin meri, yerli idarəetmə orqanlarının başçıları, Koreyanın tanınmış sənət ustaları, Seulda yerləşən diplomatik nümayəndəliklərin başçıları, diplomatlar və Koreyanın aparıcı media nümayəndələri və yerli sakinlərlə bərabər üç yüzdən çox adam qatılıb.
2004-cü ildə yaradılmış Geahva Parkında hazırda dünyanın əlli müxtəlif ölkəsindən gəlmiş tanınmış heykəltəraşların 78 sənət əsəri ucaldılıb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 25 iyun.- S. 7.