Binəqədi rayonunda Silahlı Qüvvələr günü qeyd edilmişdir

 

Binəqədi Rayon İcra Hakimiyyətində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir rayon icra hakimiyyətinin həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil və gül dəstələrinin qoyulması ilə başlamışdır.

 

Tədbirdə giriş sözü ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra bu sahədə tamamilə yeni mərhələ başlanmış, ordumuzun elmi əsasda qurulması, peşəkar kadr potensialının hazırlanması, nizam-intizamın gücləndirilməsi, maddi-texniki təchizatının yüksəldilməsi baxımından bir sıra vacib işlər həyata keçirilmişdir.

A. Qocayev daha sonra demişdir ki, ulu öndərin hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədrisinin yüksəlməsinə böyük diqqət yetirməsinin səmərəsi ordunun bugünkü səviyyəyə yüksəlməsində təzahür edir. Eyni kursu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də inamla davam etdirir, müntəzəm olaraq hərbi hissələrə baş çəkir, zabit və əsgərlərlə görüşür.

Ümumilikdə, bu gün Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə uyğun şəkildə yerinə yetirilir. Azərbaycan Ordusunun mütəşəkkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də razılıqla qarşılanır. Ölkə vətəndaşları, o cümlədən yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlər yürüdülən düzgün siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə ürəkdən inanırlar.

Tədbirdə respublika Hərbi Komissarlığının zabiti, kapitan Yasin Aşurov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N"saylı hərbi hissəsinin mayoru Yamən Əhmədov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Əşya Anbarının əsgəri Cavid Məmmədov çıxış edərək bildirmişlər ki, qəlbində vətən, yurd sevgisi olan, ordusu ilə daim qürur duyan, onun uğuruna ürəkdən sevinən hər bir vətəndaş üçün iyunun 26-sı-Silahlı Qüvvələr Günü son dərəcə əlamətdardır. 1918-ci il iyunun 26-da - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi altında ilk əlahiddə Azərbaycan korpusunun yaradılması ilə bu şanlı tarixin əsası qoyulmuşdur. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə bu əlamətdar tarix Silahlı Qüvvələr Günü elan olunmuşdur. Milli-tarixi varislik baxımından əvəzsiz dəyəri olan bu fərman həm də Azərbaycan hərbçilərinin vətən və xalq qarşısındakı xidmətlərinə verilən yüksək qiymətdir.

Bayram münasibətilə rayon ərazisində yerləşən hərbi hissələrdə qulluq edən və ordu quruculuğu sahəsində, eyni zamanda, hərbi xidmətdə fərqlənən bir qrup zabit və əsgəri mükafatlandırılmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 25 iyun.- S. 7.