Dövlət
Qulluqçuları Günü ölkəmizdə geniş
qeyd olunmuşdur
Nəsimi
2002-ci
ildə BMT-nin Baş Assambleyası 23 iyun tarixini Dövlət
Qulluğu Günü elan etmişdir. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə 2006-cı ildən
həmin gün Azərbaycanda Dövlət Qulluqçuları
Günü kimi qeyd edilir. Dövlət
qulluqçularının peşə bayramı münasibətilə
Nəsimi rayonunda tədbir keçirilmişdir.
Tədbiri
rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev
açaraq iştirakçıları təbrik etmişdir. Natiq
bildirmişdir ki, uğurlu dövlət quruculuğu siyasətinin
ardıcıl həyata keçirilməsi nəticəsində
ölkəmizdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi,
keyfiyyətli kadr korpusunun yaradılması, rəsmi
qurumların vahid dövlət siyasətini həyata keçirən
orqanlara çevrilməsi yönündə zəruri tədbirlər
görülür. Bu sahədə aparılan islahatlar nəticəsində
dövlət orqanlarının səlahiyyətləri dəqiqləşdirilmiş,
səmərəli və demokratik idarəçilik
metodları təşəkkül tapmışdır. Bu isə
öz növbəsində Azərbaycanda güclü
hüquqi, demokratik dövlətin bərqərar olmasına
öz töhfəsini verir.
N. Məhəməliyev dövlət qulluqçularının qarşısında duran vəzifələrdən danışmışdır. O, səmərəli fəaliyyətlərinə görə rayon icra hakimiyyətinin üç əməkdaşının dövlət qulluğu dərəcələrinin artırıldığını bildirmişdir.
Çıxış edənlər fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaq yönündə səylərini artıracaqlarını bildirmişlər. Sonda fərqlənən dövlət qulluqçularına mükafatlar təqdim olunmuşdur.
Zaqatala
Zaqatala rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Heydər parkında ümummilli liderimiz Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müstəqil Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafının ümummilli liderimiz, dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu, ulu öndərin rəhbərliyi altında "Dövlət qulluğu haqqında" qanunun və digər hüquqi-normativ sənədlərin qəbul edildiyini, bu siyasətin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etmişdir.
Natiq söyləmişdir ki, məhz ölkə rəhbərinin sərəncamı ilə 2006-cı ildən etibarən hər il iyun ayının 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Daha sonra natiq dövlət qulluğu siyasətinin əsas məqsədinin ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən ibarət olduğunu bildirmiş, dövlət qulluqçularının əsas vəzifələri, hüquqları, bəzi xüsusiyyət və keyfiyyətləri barədə danışmışdır.
Tədbirin sonunda dövlət orqanlarında uzun müddət səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə fərqlənən bir sıra dövlət qulluqçularına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
Ayaz HƏMİDOĞLU,
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2011.- 25 iyun.- S. 5.