Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri əsasında nizamlanması istiqamətində səylər
gücləndirilir
Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması istiqamətində beynəlxalq ictimaiyyətin səyləri
son illər xeyli artmışdır.
Problemin aradan qaldırılması ilə əlaqədar dünyanın nüfuzlu beynəlxalq təşkilatları bir sıra qərarlar qəbul etmiş, ATƏT-in Minsk qrupu müxtəlif təkliflər hazırlamışdır. Bu təkliflərin bəzi müddəaları Azərbaycanın maraqlarına uyğun gəlməsə də, münaqişənin dinc yolla aradan qaldırılması naminə ölkəmiz öz razılığını bildirmişdir. Lakin Ermənistan tərəfinin bu vaxta qədər qeyri-konstruktivlik nümayiş etdirməsi, işğalçılıq siyasətindən əl çəkməməsi və danışıqlar prosesini süni surətdə uzatması, münaqişənin nizamlanması istiqamətində müsbət nəticənin əldə olunmasına imkan verməyib.
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq yeni formatda addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun aparılması olmuşdur. Həmin vaxtdan bugünə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Kişinyovda, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sürixdə, Praqada, Münhendə, Soçidə, Sankt-Peterburqda və iki respublikanın sərhədində - Sədərəkdə 40-dan çox görüş keçirmişlər. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirmişdir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur. Möhtərəm Prezidentimiz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmiş, beynəlxalq təşkilatların bu sahədə səylərinin gücləndirilməsinin zəruriliyini bəyan etmişdir.
Dövlətimizin başçısı bu günlərdə Belçika Krallığına işgüzar səfəri zamanı keçirdiyi görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamasının səbəbləri barədə məlumat vermişdir.
Azərbaycan Prezidenti demişdir: "Biz regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiririk. Ən böyük problemlərdən, ən böyük çətinliklərdən və əslində ən böyük hədələrdən biri bu regionda nə hərb, nə sülh vəziyyətidir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Uzun illərdir ki, Azərbaycan əraziləri işğal altındadır... Dağlıq Qarabağ münaqişəsinin həlli regionun bütün ölkələrinin marağındadır. Həmçinin vasitəçi kimi bu prosesdə iştirak edən, yardım göstərməyə çalışan ölkələr üçün də vacibdir".
Dövlətimizin başçısı münaqişənin nizamlanmasında beynəlxalq təşkilatların səyləri, bu istiqamətdə qəbul edilən sənədlər barədə məlumat vermiş, lakin Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə hələ də laqeyd yanaşdığını diqqətə çatdırmışdır.
Münaqişənin nizama salınmasında "Praqa prosesi"nə üstünlük verilir."Praqa prosesi" adını almış variantın əsas elementləri ondan ibarətdir ki, burada nizamlanmanın "mərhələli həll" variantının detalları müzakirə obyektinə çevrilmişdir. Ermənistanın münaqişənin "mərhələli həll" variantı ilə razılaşmaq məcburiyyətində qalması təbii ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasətin nailiyyətlərindən biridir. Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi "Praqa prosesi"nin yenidən dalana dirənməsinə gətirib çıxardı. Buna baxmayaraq, münaqişənin nizama salınması prosesini sürətləndirmək üçün baza prinsipləri 2007-ci il noyabrın sonunda yenidən Madriddə tərəflərə təqdim olundu. Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri arasında daha on görüş keçirilmişdir. Bu görüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, "Praqa prosesi" çərçivəsində işlənilməsinə başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcuddur. Bu prinsiplərin bəziləri üzrə müəyyən razılaşmalar əldə olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar masası arxasında hər zaman bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışının vacibliyini bildirmişdir. Dövlətimizin başçısı demişdir ki, nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağ müstəqil olmayacaq. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır və bütün təzyiqlərə baxmayaraq sonadək öz mövqeyimizi müdafiə edəcəyik.
2009-cu il iyulun 10-da "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə etmişlər. Sonda hər üç prezidentin münaqişə ilə bağlı qəbul etdikləri birgə bəyanat açıqlanmışdır. Bəyanatda həmsədrlərə, Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanın təqdim edilməsi tapşırılmışdır. Bununla yanaşı həmin sənəddə ABŞ, Rusiya və Fransa prezidentlərinin Azərbaycan və Ermənistan prezidentlərinə fikir ayrılıqlarını aradan qaldırmaq və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmaq çağrışı öz əksini tapmışdır. Eyni zamanda, bəyanatda bu prinsiplərin Helsinki Yekun Aktına uyğunlaşdırılması qeyd olunmuşdur. Helsinki Yekun Aktında gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ öz əksini tapır.
2009-cu ildə İtaliyanın Akvil şəhərində və 2010-ci ildə Kanadanın Muskok şəhərində qəbul edilən sənədlər, həmçinin də bu bəyanat ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri səviyyəsində qəbul olunub. "Buna baxmayaraq Fransanın Dovil şəhərində "Böyük səkkizlər"ə üzv ölkələrin sammiti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayılan sənədi fərqlidir. Sənədin məzmununda konkretlik var. Prezidentlər sənədin hazır olduğunu, Ermənistan və Azərbaycan rəhbərliyinə öz xalqlarını kompromisə hazırlamağın vaxtının çatdığını bildirirlər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mərhələləri isə sənəddə aydın göstərilib. Qeyd olunub ki, "tənzimlənməni əhatə edən ümumi prinsiplərlə bağlı sənəd imzalanmalı, böyük sülh sazişi işlənib hazırlanmalı və qəbul edilməli, böyük sülh sazişinin icrasına başlanılmalıdır".
ATƏT-in Minsk qrupunun həmsədr ölkə prezidentlərinin Dovildə qəbul etdikləri bəyanat Ermənistanın maraqlarına cavab vermir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki yeni keyfiyyət, onun Ermənistanın ictimai-siyasi mühitində yaratdığı kəskin ziddiyyətli vəziyyət, münaqişənin kontekstində İran-Ermənistan münasibətləri və iri dövlətlərin Ermənistana laqeydliyi ötən müddət ərzində diqqətçəkən mühüm məsələlərdən olub. Qərb rəsmiləri Dovil bəyanatından əvvəl də bəyan etmişdilər ki, Ermənistan rəhbəri öz xalqını Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində kompromislərə hazırlamalıdır. Dovil bəyanatından dərhal sonra Ermənistan xarici işlər nazirliyi üç prezidentin qəbul etdiyi bəyanatın mahiyyətini kobud şəkildə saxtalaşdırıb. E.Nalbəndyan bu bəyanata Ermənistan-Azərbaycan münaqişəsinə deyil, Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə aid bəyanat kimi yanaşıb. Ümumiyyətlə, bu sənəd Ermənistanın maraqlarına cavab vermədiyindən, işğalçı dövlətin rəhbərliyi iyunun 25-də Kazan şəhərində sənədin imzalanması prosedurasının pozulmasına cəhd edirdi. Ermənistanın hərbi gücünün getdikcə zəifləməsi, xarici siyasətindəki uğursuzluqları özünü açıq şəkildə göstərirdi. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarı olan beynəlxalq güclərin, ATƏT-in Minsk qrupu həmsədr ölkələrin prezidentlərinin, xüsusilə, Rusiya prezidentinin iyunun 25-ə kimi Ermənistanın Kazan görüşünü pozmaq məqsədlə müxtəlif diplomatik hiylələrini, eləcə də hərbi avantüra xarakterli tədbirlərini ciddi şəkildə nəzərə almaları tamamilə təbii idi. ABŞ və Fransa prezidentlərinin Ermənistan prezidentinə ünvanladığı mesajlar da münaqişənin nizamlanmasının vaxtının çatmasından xəbər verir.
Qeyd edək ki, bundan sonra da ATƏT-in Minsk qrupu həmsədrləri, habelə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar imzaladıqları bütün birgə bəyanatlarda problemin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə üstünlük verilir. Belə ki, 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyanatda, həmçinin 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəddə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2010-cu il iyunun 26-da Muskokda ATƏT-in Minsk qrupu həmsədr dövlətlərin prezidentlərinin verdikləri bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal olunmuş ərazilər kimi göstərilib. Qeyd edək ki, həmin bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan da imzalayıblar.
Ötən il dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada ATƏT-in VII sammitində ATƏT-in həmsədri olan dövlətlərin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı qəbul edildi. Həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən verilmiş xüsusi bəyanatda da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Helsinki Yekun Aktına, eləcə də Akvildə və Muskokda qəbul edilmiş bəyanatlara üstünlük verilir.
Göründüyü kimi, beynəlxalq qurumların qəbul etdikləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyinə üstünlük verilir. Dövlətimizin başçısı qətiyyətlə bildirib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil respublika kimi tanınmasına çalışırlar. Lakin unudurlar ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına əsasən, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Ancaq bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə bir hüququ yoxdur. Ermənistan tərəfinin bu iddiası beynəlxalq hüququn norma və prinsiplərinə zidd və hörmətsizlikdir.
Bu günlərdə BMT Baş Məclisinin 65-ci sessiyasının plenar iclasında Azərbaycanın həmmüəllifi olduğu qətnamə qəbul edilmişdir. Ermənistan tərəfinin qətnaməyə etirazlarına baxmayaraq, BMT-yə üzv ölkələr rəsmi Bakının haqlı mövqeyini dəstəkləmişlər. Xalqların öz müqəddəratını təyin etmək hüququna dair məsələnin müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin əsassız arqumentləri rədd edilmişdir. Bununla da milli müqəddəratını təyin etmək hüququnun subyektləri, həmçinin ərazi iddialarına, suveren ölkələrə qarşı qanunsuz güc tətbiq etməyə haqq qazandırmaq üçün bu hüquqa əsaslanmağın yolverilməzliyinə dair Azərbaycanın mövqeyi böyük dəstək qazanmışdır. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı bir daha beynəlxalq səviyyədə tanınmışdır.
BMT Baş Məclisinin qəbul etdiyi qətnamədə deyilir ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətlə yanaşılır. Qətnamədə vasitəçilik prosesində etimad və məsuliyyətin təmin olunması üçün xüsusilə milli suverenliyə hörmət və dövlətlərin beynəlxalq hüquq qarşısında öhdəliklərinə riayət etməsi tələb olunur.
Ermənistan prezidentinin Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi, beynəlxalq hüququn normalarının kobud şəkildə pozulmasıdır. Dövlət başçımız İlham Əliyev Ermənistan prezidentinin bu iddiasına cavab olaraq qəti şəkildə bildirib ki, Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Bu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Ermənistan prezidenti bu iddialarının da puça çıxdığını gördükdə, Azərbaycanla aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunması məsələsini gündəmə gətirməyə çalışdı. Prezident İlham Əliyev isə qətiyyətlə bildirdi ki, bu tələb əsassızdır və heç bir məntiqə uyğun deyil. Dağlıq Qarabağ erməniləri yalnız Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlar apara bilər. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına, eyni zamanda 2008-ci ilin sonunda Moskvada üç dövlətin - Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatına da ziddir. Məlum bəyanatda bildirilirdi ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Bu vaxta qədər dünyanın heç bir ölkəsinin və hər hansı bir beynəlxalq təşkilatın Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə açıqlaması olmayıb. Hətta Ermənistanın özü qondarma qurumun müstəqilliyini tanımayıb. Bütün bunlardan sonra Dağlıq Qarabağın danışıqlarda müstəqil tərəf kimi iştirakı absurddur.
Hər şeydən ümidi üzülən prezident Serj Sarkisyan qondarma "DQR"-in müstəqilliyinin Ermənistan tərəfindən tanınması barədə sərsəm iddialar irəli sürür və bununla da öz hakimiyyətinin ömrünü bir qədər də uzatmaq istəyir. O, Astana sammitində bu cəfəngiyyatı səsləndirsə də, ATƏT-ə üzv dövlətlərin nümayəndələri ona əhəmiyyət vermədi. S. Sarkisyanın sammitdəki çıxışı hətta Ermənistanın özündə belə qeyri-ciddi qarşılandı. Ona görə də Serj Sarkisyanın istefasını tələb edənlərin sayı daha da artıb. Ermənistanda son vaxtlar keçirilən kütləvi aksiyalar da bunu təsdiqləyir. Bundan təşvişə düşmüş S.Sarkisyan hakimiyyəti qoruyub saxlamaq üçün sərsəm bəyanatlar səsləndirməyə başlayıb.
Bu il iyunun 24-də Kazanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü böyük maraqla izlənilirdi. Ermənistan tərəfi artıq dərk edir ki, qeyri-konstruktiv mövqe nümayiş etdirməyə yol yoxdur. Həm Amerika, həm də Fransa prezidentlərinin Ermənistan prezidentinə ünvanladıqları xəbərdarlığı xatırladan mesajları da bundan xəbər verirdi. Artıq bütün dünyada işğalçı dövlət kimi tanınmış Ermənistanın dalana dirəndiyi göz qabağındadır. Bu ölkənin prezidenti Serj Sarkisyanın da hər hansı bir rolu ifa etməsinə ehtiyac yoxdur. Çünki artıq o, bütün rollarını oynayıb və sonuncu yolu işğalçılıq siyasətinə son qoymaqdır.
Kazan görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər bir daha müzakirə edildi və görüşün yekunlarına dair birgə bəyanat qəbul olundu. Bəyanatda deyilir: "2011-ci il iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının prezidentləri Kazanda görüşmüş və onların tapşırığına əsasən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsipləri layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişini nəzərdən keçirmişlər.
Dövlət başçıları bir sıra məsələlərə dair qarşılıqlı anlaşma əldə edilməsini, bu məsələlərin həllinin Əsas Prinsiplərin bəyənilməsi üçün şərait yaradılmasına kömək etdiyini bildirmişlər".
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın uğurlu xarici siyasəti Ermənistanı artıq çıxılmaz vəziyyətə salıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq təşkilatlarının təzyiqinin artırılması Ermənistan diplomatiyasının uğursuzluğundan xəbər verir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 26 iyun.- S. 1;4.