Azərbaycanın Avropa təsisatları ilə əməkdaşlığı yeni müstəvidə inkişaf edir

 

Hesab edirəm ki, üzərində işlədiyimiz sənədlər imzalandıqdan sonra Avropa təsisatları ilə Azərbaycan arasında əlaqələrin daha da yaxınlaşmasına gətirib çıxaracaqdır. Biz bu münasibətlərdə maraqlıyıq, siyasətimizin Avropa hissəsi prioritet xarakter daşıyır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Brüssel, 22 iyun 2011-ci il

 

Mən bu həssas, lakin vacib məsələləri açıq və səmimi şəkildə müzakirə etdiyimiz üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Ümumi dəyərlərə dair bölüşdüyümüz öhdəliklər - demokratiya, qanunun aliliyi, insan haqları əlaqələrimizin əsas hissəsini təşkil edir və düşünürəm ki, bu, nailiyyət üçün vacibdir.

 

Xose Manuel Barrozu,

Avropa Komissiyasının sədri

Brüssel, 22 iyun 2011-ci il

 

 

Prezident İlham Əliyevin Belçika səfəri bu istiqamətdə daha geniş perspektivlər açdı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir çox Qərb siyasətçilərinin rəmzi olaraq "Avropanın paytaxtı" adlandırdığı Belçika Krallığına işgüzar səfəri bir neçə cəhətdən əlamətdar oldu. Bu səfərin Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü ərəfəsində reallaşdırılması siyasi və diplomatik baxımdan kifayət qədər əhəmiyyət kəsb edirdi. Çünki dövlət başçımızın Brüsseldə görüşüb müzakirələr apardığı rəsmilərin hamısı ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının son bəyanatını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik edən şəxslərin səsləndirdiyi "mövcud status-kvo qəbuledilməzdir" çağırışını dəstəklədiklərini bildirdilər. Eyni zamanda həm Avropa Komissiyasının, həm də Avropa Parlamentinin rəhbərləri bəyan etdilər ki, vasitəçilərin Cənubi Qafqazdakı vəziyyəti normallaşdırmaq üçün irəli sürdüyü "Əsas prinsiplər" adlı sənəd üzərində iş başa çatdırılmalıdır.

Yazının əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gətirdiyimiz sitatdan göründüyü kimi Azərbaycanın xarici siyasətində Avropa ilə əməkdaşlığa xüsusi önəm verilir və bu istiqamət prioritet xarakter daşıyır. Dövlət başçımızın Brüssel səfəri zamanı tərəflər növbəti dəfə rəsmi Bakının bu əməkdaşlığa verdiyi önəmin canlı şahidinə çevrildilər. Avropa təsisatlarının rəhbərləri Azərbaycanın öz üzərinə götürdüyü bütün öhdəlikləri ardıcıllıq və prinsipiallıqla yerinə yetirdiyini gördülər, qəbul etdilər və etiraf etdilər ki, Azərbaycan Avropadan öz ədalətli mövqeyinə dəstək gözləyərkən tamamilə haqlıdır. Cənab Xose Manuel Barrozunun birgə mətbuat konfransında söylədiyi fikirlərdən seçdiyimiz sitatda isə əsas diqqət tərəflərin bölüşdüyü öhdəliklərin ümumi nailiyyət üçün vacibliyinə yönəldilir. Yəni, Azərbaycan Avropaya inteqrasiyanı genişləndirir, Avropa isə gənc müstəqil dövlət olan, mehriban qonşuluq şəraitində yaşadığı Azərbaycan Respublikası qarşısında götürdüyü öhdəlikləri gələcək nailiyyətlərin təməli sayır.

Dövlət başçımızın Belçika Krallığına işgüzar səfəri çərçivəsində həyata keçirilən tədbirlərin sırası, aparılan müzakirələrin isə əhatə dairəsi genişdir. Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə görüş və birgə mətbuat konfransı, Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüş və birgə bəyanat, Avropa İttifaqının prezidenti Herman Van Rompey ilə görüş və mətbuat üçün bəyanatlarla çıxış edilməsi, Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Fule ilə görüş, eləcə də dövlət başçımızın Brüsseldə təşkil olunmuş Krans Montana Forumunun rəsmi açılışında iştirak etməsi və digər tədbirlər Azərbaycan-Avropa əməkdaşlığının genişləndirilməsinə təkan verilməsi baxımından çox əlamətdar idi. Ancaq bir məsələ daha çox diqqət kəsb edirdi. Belə ki, Avropa rəsmiləri Azərbaycana həmişə böyük hörmət və ehtiramla yanaşsalar da, rəsmi Bakıya inam və etimad heç zaman indiki səviyyədə olmayıb. Bu fikri yuxarıda adını çəkdiyimiz rəsmilərin öz ifadələri ilə təsdiq etməyə çalışaq. Məsələn, cənab Barrozu Avropa üçün nə qədər əhəmiyyət kəsb etdiyini siyasi-diplomatik dillə deyil, bir insan kimi, Avropada yaşayan ziyalı kimi səmimi şəkildə etiraf edir: "...Bu ilin yanvarında mən Prezident Əliyev ilə birgə "Cənub" qaz dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzaladıq. Bu, enerji təchizatı və tələbatımızın təhlükəsizliyi və şaxələndirilməsi üçün çox vacibdir. Bu dəhliz strateji məqsədimizdir, Azərbaycan üçün strateji məsələdir... Bu, eyni zamanda Avropa İttifaqı üçün də strateji məsələdir. Çünki bununla biz Xəzər hövzəsindən alternativ təchizat marşrutu əldə etməyə imkan tapacağıq". Fikrimizcə cənab Barrozunun bu şəkildə açıq mətnlə danışması ancaq və ancaq Bakıya olan inam və etimaddan irəli gəlir.

Yaxud, Avropa Parlamentinin sədri Yeji Buzek Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında özünün təmsil etdiyi qurumun Azərbaycanın probleminə biganə qalmadığını dilə gətirir: "...Avropa İttifaqı və Avropa Parlamenti dünyanın bu regionunda dondurulmuş Dağlıq Qarabağ probleminin həllinə böyük önəm verir. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətinə, Rusiya, Fransa və ABŞ-ın fəaliyyətinə çox ciddi yanaşırıq. Başqa çox vacib bir məqam əlbəttə ki, Madrid prinsipləridir". Qeyd edək ki, Avropa rəsmisinin "vacib məqam" adlandırdığı "Madrid prinsipləri" bilavasitə Ermənistanın destruktivliyi nəticəsində indiyədək həyata vəsiqə ala bilmir. Azərbaycan Prezidenti bütün digər səfərlərində olduğu kimi bu səfərində də Avropanın növbəti informasiya vasitələrinə müsahibə vermək ənənəsini davam etdirdi. İyunun 22-də Brüsseldə "Euronews" telekanalına müsahibə verən dövlət başçımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə növbəti dəfə çatdırılması baxımından çox önəmli fikirlər söylədi. Müxbirin "Dağlıq Qarabağ məsələsində Azərbaycanın növbəti güzəşti nə ola bilər? - sualını cavablandıran Azərbaycan Prezidenti bütün Avropa üçün təkrar xatırlatma olan bir cavab verdi: "Əslində elə bir şey yoxdur ki, bizə məxsus olmasın və biz onu qaytarmalı olaq. Dağlıq Qarabağ Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınan ərazisidir"

Dövlət başçımızın Belçika səfəri çərçivəsində iştirak etdiyi növbəti tədbir Brüsseldə təşkil olunmuş Krans Montana Forumunun rəsmi açılışı idi. Forumun açılışında "Azərbaycan: Şərqə doğru Avropanın qabaqcıl mayakı" adlı sessiyanın təşkil olunması ölkəmizə olan inamın növbəti təzahürü kimi qiymətləndirilirdi. Eyni məkanda Azərbaycanla bağlı olan sərginin açılması da xüsusilə diqqət çəkirdi. Forumda nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Avropa ilə əməkdaşlığının böyük perspektivi olduğunu dilə gətirdi: "...Bizim ümumi maraqlarımız var ki, gələcəkdə bir çox sahələrdə əməkdaşlığımızı genişləndirək. Bizim böyük gözləntilərimiz var ki, "Şərq tərəfdaşlığı" Proqramı Azərbaycan ilə Avropa arasında daha çox əlaqələrin qurulmasına imkan yaradacaq və bunun nəticəsində biz Avropa İttifaqının müsbət təcrübəsindən ölkəmizdə istifadə edəcəyik, həyatımızın meyarlarını Avropa İttifaqının meyarlarına yaxınlaşdıracağıq. Azərbaycanın Avropanın bir hissəsi olmasını, Avropa qitəsinin ifrat sərhədində yerləşməsini nəzərə alaraq ölkəmiz bu sahədə öz rolunu oynamağa hazırdır".

Krans Montana Forumunun ən ali mükafatı olan "PRİX DE LA FONDATİON" mükafatını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən fondun prezidenti Jan Pol Karteronun bir təklifi forum iştirakçılarının böyük marağına səbəb oldu. O, Azərbaycandakı sürətli inkişafı və xalqımızın qonaqpərvərliyini nəzərə alaraq forumun bütün iştirakçılarını Azərbaycana dəvət etdi. Çox maraqlı məqam idi. Avropada Avropa rəsmisi hamını Bakıya dəvət edirdi. Həmin səmimiyyətin cavabı isə Prezident İlham Əliyevdən bu şəkildə gəldi: "Mən çox şadam ki, ən mühüm regional və qlobal məsələlərdə bizim mövqeyimiz, Azərbaycanın yanaşması avropalı tərəfdaşlarımızın mövqeyi ilə üst-üstə düşür... Mən bu mükafatı ölkəmizə verilən mükafat kimi qəbul edirəm... Gəlin, görün ölkəmiz necə inkişaf edir".

Dövlət başçımızın Brüsseldən Kazana uçmasından sonra da Belçika paytaxtında Azərbaycanla bağlı tədbirlər davam etmişdir. İyunun 24-də Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunmuşdur. Fondun prezidenti Jan Pol Karteron mükafatı Azərbaycan təmsilçisinə təqdim edərkən demişdir: "Biz bu mükafatı Mehriban xanım Əliyevaya daha yaxşı dünya qurmaq üçün göstərdiyi dəyərli fəaliyyətinə görə veririk".

Həddən ziyadə diqqətçəkən məqam idi. Çünki avropalılar "daha yaxşı dünya qurmaq üçün" irəli sürülən təşəbbüslərin ünvanını artıq dəqiq tanıyır və qiymətləndirir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 26 iyun.- S.3.