Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir

 

Döyüşün, yağı düşmənə qarşı mübarizənin milli yaşam tərzinə çevrildiyi ən qədim dövrlərdən Azərbaycan mübariz, qorxmaz, doğma yurd uğrunda canından keçməyə hazır cəsur insanların Vətəni kimi tanınmışdır. Azərbaycan folklorunun günümüzə gəlib çatmış incilərində xalqın döyüşkənlik, igidlik, mübarizə əzmindən, rəşadət və qəhrəmanlıq ruhundan xəbər verən epizodlar kıfayət qədərdir. Bütün bunlar ümumən xalqın milli kimliyinin, tarixi keçmişinin, hərb tarixinin üzə çıxarılması baxımından da müstəsna əhəmiyyət daşıyır.

 

Mübariz ruhda köklənmiş, tarixi təməl üzərində sürətlə inkişaf edərək regıonun qüdrətli silahlı qüvvələrinə çevrilmiş Azərbaycan Ordusu möhtəşəm bir hadisəni - yaranmasının 93-cü ildönümünü təntənəli surətdə qeyd edəcəkdir. Azərbaycan dövlətinin xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, 1918-ci ildə əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuşdur. Bu gün respublikamızda hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. Qəlbində Vətən, yurd sevgisi olan, ordusu ilə qürur duyan, onun uğuruna ürəkdən sevinən hər bir vətəndaş üçün bu tarix son dərəcə şərəfli və əlamətdardır.

Müsəlman Şərqinin təkcə ilk demokratik, hüquqi, dünyəvi cümhuriyyətinin deyil, həm də hərbi nizamnamə və əsasnamə əsasında formalaşan ilk nizami ordusunun Azərbaycanda yaranması, şübhəsiz, xalqımız üçün qürur hissi doğuran haldır. 1918-ci ildə xalqın müstəqillik arzusunun, eyni zamanda çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafın, milli oyanışın məntiqi yekunu kimi tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dövlətçiliyin mühüm atributu sayılan ordunun formalaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdi. Bu həm də 1917-1918-ci illərdə azərbaycanlılara qarşı erməni-daşnak təcavüzünün güclənməsi ilə bağlı idi; yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də cümhuriyyətin Hərbi Nazirliyi təsis edildi, dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildi. Qısa müddətdə Azərbaycan Ordusu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC 1920-ci ilin 28 aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi, generallarının əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Azərbaycan xalqı 1941-1945-ci illərdə - Böyük Vətən Müharibəsi illərində sovet imperiyasının tərkibində faşizmə qarşı əzmkar müqavimət göstərdi. O zaman cəmi 3,4 milyon əhalisi olan keçmiş Azərbaycan SSR-in 600 mindən artıq vətəndaşı faşizmə qarşı müharibədə iştirak etdi, onlardan 300 min nəfərə yaxını döyüşlərdə qəhrəmancasına həlak oldu. Böyük bir qismi döyüşlərdə şücaət, sərkərdəlik və qəhrəmanlıq nümunələri göstərdi. Onlarla azərbaycanlı "Sovet İttıfaqı Qəhrəmanı" adına layiqli görüldü, orden və medallarla təltif olundu. Həmin dövrdə Bakı neftçilərinin fədakar əməyi müharibənin SSRİ-nin qələbəsi ilə yekunlaşmasını təmin etdi.

Azərbaycanın güclü hərb ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Ölkədəki naşı və yarıtmaz hakimiyyətlərin səriştəsizliyi üzündən ordu quruculuğu yönümündə heç bir ciddi addım atılmadı, silahlı qüvvələr ayrı-ayrı siyasi qruplaşmaların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrildi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qaldı.

Başıpozuq silahlı qruplaşmaların ləğvi, müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılması isə yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu. Belə mürəkkəb şəraitdə Heydər Əliyevin qarşısında eyni zamanda dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində üzləşdiyimiz hərbi uğursuzluqları aradan qaldırmaq, düşmənə qarşı mütəşəkkil müqaviməti təşkil etmək, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi ağır vəzifələr dayanırdı. Daxili sabitlik üçün potensial təhlükə mənbəyi sayılan qanunsuz silahlı qruplaşmaların - hərbi müxalifətin zərərsizləşdirilməsi ümummilli liderin üzərinə düşən məsuliyyət yükünü bir qədər də artırır, onun kifayət qədər riskli və qətiyyətli addımlar atmasını zəruri edirdi. Yaranmış acınacaqlı durumda bu taleyüklü problemlərin həllinə paralel yanaşmaya, bütün sahələrdə köklü islahatların aparılmasına ehtiyac yaranmışdı. Cəhbə bölgəsində vəziyyətin stabilləşməsinə nail olmadan xarici investorları ölkəyə cəlb etmək, iri neft şirkətlərilə müqavilələr imzalamaq, iqtisadi böhran və tənəzzül mərhələsini adlamaq mümkün deyildi. Belə bir şəraitdə vəzifə səlahiyyətlərinin icrasına başlayan Heydər Əliyev qısa müddətdə həlledici uğurlara imza atmaqla, peşəkar idarəçi və xarizmatik lider olduğunu bir daha təsdiqləmişdir.

1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciət edən ulu öndər Heydər Əliyev ictimai ruh düşkünlüyünün qarşısını almış, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırmışdır. Ulu öndər Heydər Əliyev müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərmişdir. Eyni zamanda, keçmiş hakımiyyətin dövründə Qarabağ məsələsindən çirkin siyasi məqsədlər üçün istifadə edildiyini, silahlı birləşmələrin hakimiyyət uğrunda qeyri-qanuni mübarizəyə qoşulduğunu təəssüflə vurğulamışdır: "Ordunu bir gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki-üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək olardı. Təəssüf ki, bu fürsətlər əldən verilib».

Milli Məclisin 1993-cü il noyabrın 18-də keçirilən iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə olundu. Orduda kadr problemini aradan qaldırmaq məqsədilə MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtmasına xüsusi diqqət və qayğı göstərildi. Ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Milli Məclisdə "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Müdafiə haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və digər qanunlar qəbul edildi. "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanunla çağırış yaşı - 18 yaş müəyyən olundu.

Bütün bunlardan sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlandı. Bu müraciət ictimaiyyətin ayrı-ayrı kateqoriyaları tərəfindən dəstəklənmiş, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini görən təcavüzkar Ermənistan 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan "Bişkek protokolu"nu imzalamağa məcbur oldu. Atəşkəs Azərbaycanın iqtısadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından da mühüm bir mərhələyə çevrildi.

Bu dövrdən başlayaraq ümummilli liderin rəhbərliyi altında silahlı qüvvələrin komplektləşdirilməsi, nizam-intizamın, döyüş əhval-ruhiyyəsinin qaldırılması, Milli Ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Vahid komandanlıq əsasında hərbi hissələrin formalaşdırılması tezliklə başa çatdırıldı. Yeni yaradılan ayrı-ayrı qoşun növlərinin hərbi nizamnamənin tələblərinə uyğun idarə olunması, hərbi hissələrin mərkəzləşdirilmiş maddi-texniki təminatının, maliyyə-təsərrüfat fəaliyyətinin nizama salınması Azərbaycan Silahlı Qüvvələrini keyfiyyətcə yeniləşdirdi.

Ümummilli lider Heydər Əliyevin vaxtilə ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlərin nəticələri zaman keçdikcə ordunun əzmkarlığının artmasında özünü biruzə verirdi. Ulu öndərin hərbi hissələrdəki vəziyyətlə - əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədris səviyyəsinin yüksəlməsinə böyük diqqət yetirməsinin səmərəsi Milli Ordunun bu günkü səviyyəyə çatmasında əsaslı rol oynadı. Ulu öndər hələ 70-ci illərdə Azərbaycanda yaratdığı hərbi məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirdi. C.Naxçıvanski adına hərbi ali litseyin Naxçıvan filialı yaradıldı, digər hərbi ali məktəblərin NATO standartları əsasında yenidən qurulub inkişaf etdirilməsi istiqamətində addımlar atıldı.

Dövlət müstəqilliyini bərpa edəndən sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa mühüm önəm verdi. Ümummilli lider Heydər Əliyev Şimali Atlantika Alyansı ilə hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini balanslaşdırılmış xarici siyasət doktrinasının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək bu istiqamətdə praktik addımların atılmasını təmin etdi. Alyansın beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alan ulu öndər respublikanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" (SNT) proqramına qoşulması barədə qətiyyətli qərar verərək, 1994-cü il mayın 4-də Brüsseldə təşkilatın çərçivə sazişini imzalamış, bununla da Azərbaycan MDB məkanında Ukrayna, Moldova və Gürcüstandan sonra bu proqrama qoşulan dördüncü respublika olmuşdur.

Azərbaycan-NATO münasibətləri son 17 ildə qarşılıqlı maraqlar əsasında, uğurla inkişaf edir. Rəsmi Bakı alyansla münasibətlərini regionun geosiyasi özəlliklərini nəzərə almaqla inkişaf etdirmək, regionda sülh və təhlükəsizliyin qorunması üçün hərbi-siyasi sahədə birgə proqramlar həyata keçirmək niyyətini açıq bildirir. "SNT" proqramı və "Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Proqramı" çərçivəsində əməkdaşlıq ölkəmizə NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək və s. imkanları yaratmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə, regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat kimi nəzərdən keçirilir.

Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 8 ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Nizami ordu müstəqilliyinin bərpasının 20 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizlıyini lazimi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Bu ilin iyunun 26-da yaranmasının 93-cü ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Ordusu mövcudluq tarixinin genişmiqyaslı hərbi quruculuq və islahatlar mərhələsi kimi dəyərləndirilə biləcək mərhələsini yaşayır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.

Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. 2003-cü ildə cəmi 150 milyon dollar büdcəsi olan Azərbaycan Sılahlı Qüvvələri üçün 2011-ci ildə dövlət büdcəsindən ayrılan vəsaitlər 3 milyard ABŞ dollarından çoxdur. Hələ 2003-cü ildə "Azərbaycan Ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çox olmalıdır" deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu vədini də əməli surətdə gerçəkləşdirmişdir.

Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasını işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti hələ 2008-ci ilin iyun ayında keçirilən möhtəşəm hərbi paradda bir daha gördü, buna növbəti dəfə əmin oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə Bakının bayram libası geymiş "Azadlıq" meydanında keçirilən parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin və qayıqların iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda qürur hissi doğurdu. Çünki bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, onun yenilməzliyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən an zəfər yürüşünə hazır olmasından xəbər verən möhtəşəm tədbir idi.

Hərbi paradda yenə də hər bir azərbaycanlıda qürur doğuran daha bir önəmli məqam tədbirə qatılmış şəxsi heyətin sıralarında Azərbaycan hərb məktəbinin yetirmələri, kursantları olması idi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 39 il öncə yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantlarının, quru qoşunlarının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursantlarının təntənəli marşla "Azadlıq" meydanında Ali Baş Komandanın dayandığı tribunanın önündən keçmələri həm də ölkəmizin gələcək təhlükəsizliyinin də etibarlı əllərdə olacağından xəbər verirdi. Azərbaycanın mətin, qorxmaz, igid övladları - beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbçiləri, Silahlı Qüvvələrin dəniz piyadaları, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bölməsi, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da bu paradda ölkəmizin yenilməz silahlı birləşmələrə malik olduğunu göstərdi. Paradda nümayiş etdirilən hərbi texnika isə Azərbaycan Ordusunun, digər növ Silahlı Qüvvələrin maddi-texniki təminatının yüksək səviyyədə olmasının bariz nümunəsinə çevrildi.

Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun və Silahlı Qüvvələrin digər növlərinin peşəkarlığını nümayiş etdirən daha bir möhtəşəm təlim isə 2010-cu il iyunun 24-də baş tutdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini yenə də Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsən izlədi. Eyni zamanda Silahlı Qüvvələrin möhkəmləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Əlbəttə, bəzən arzuolunmaz təklif və tövsiyələrlə də rastlaşırıq. Məsələn, Azərbaycanın da üzv olduğu Avropa Şurasının bütün dövlətlərə tövsiyə etdiyi məsələlərdən biri "Alternativ xidmət haqqında" qanunun qəbuludur. Belə bir qanunun qəbulu həm milli-mental xüsusiyyətlər, həm də müharibə şəraiti ilə əlaqədar məqbul sayıla bilməz. Ərazisinin 20 faizini itirən, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkədə belə bir qanunun qəbulu əlbəttə ki, məqbul deyildir və zaman baxımından tələsgənlikdir.

Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.

Bu gün Bakının "Azadlıq" meydanında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə keçirilən möhtəşəm parad Azərbaycan Ordusunun Ali Baş Komandan qarşısında növbəti hesabatı olacaq. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

 

 

Cəbrayılov, Rafael

 

Xalq qəzeti.- 2011.- 26 iyun.- S. 3.