Azərbaycan polisi şərəfli yol keçmişdir

 

Daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Ölkənin hüquq-mühafizə orqanları arasında Azərbaycan polisinin öz yeri, çəkisi və zaman-zaman qazandığı uğurlar vardır. Ötən əsrin əvvəllərində yeni yaranmış Azərbaycan Cumhuriyyəti dönəmində ilk addımlarını atan Azərbaycan polisi qanunla ona həvalə edilmiş vəzifələri layiqincə yerinə yetirmişdir.

 

Sovet hakimiyyəti illərində, kollektivləşmə, sənayeləşmə dövrlərində və müharibədən sonrakı bərpa illərində Azərbaycan polisi həmişə xalqla çiyin-çiyinə irəliləmişdir. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın bütün sosial, siyasi, iqtisadı sahələrində olduğu kimi, hüquq-mühafizə orqanlarının da fəaliyyətində yeni bir dövr başlandı. Bütün hüquq-mühafizə orqanlarının və kadrlarının Moskvadan idarə və təyin olunmasına baxmayaraq, Heydər Əliyev böyük əzmkarlıq və qətiyyət göstərərək həmin illərdə daxili işlər orqanlarının rəhbərliyinə yeni, sağlam, günün tələblərinə uyğun kadrlar gətirdi. Xalqına, dövlətinə sədaqətlə xidmət etmək istəyən minlərlə gənc daxili işlər orqanlarının zabitlər korpusuna qəbul olundu. Onların əksəriyyəti bu gün də polis orqanlarında böyük peşəkarlıqla xidmət aparır.

Heydər Əliyev yüksək intizam və professionallıqla bərabər polis əməkdaşlarını yüksək daxili mənəviyyata və mədəniyyətə malik vətəndaş kimi görmək istəyirdi. 70-ci illərdə polis günü ilə əlaqədar keçirilən bütün tədbirlərdə respublikanın siyasi rəhbərliyi ilə birlikdə mədəniyyət, elm, incəsənət xadimləri, yazıçılar, şairlər, əmək qəhrəmanları və demək olar ki, bütün ictimaiyyət polisin işinə cəlb edilirdi. Təsadüfi deyildir ki, maestro Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Süleyman Rüstəm, Mirzə İbrahimov kimi tanınmış ziyalılarımız mədəniyyət xətti ilə uzun illər polis orqanları ilə əməkdaşlıq və yaradıcılıq münasibətlərində olublar. Bu məqamları əks etdirən çoxlu fotoşəkillər indiyə kimi şəxsi arxivimdə xatirə kimi saxlanılır.

Sovetlər İttifaqı dağılandan sonra Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün Ermənistan yaraqlıları ilə üz-üzə durdu. Həmin vaxtlar Milli Ordu olmadığından ictimai asayişi qorumaq və cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, vətən torpaqlarını düşmənlərdən qorumaq kimi şərəfli bir missiya da Azərbaycan polisinin taleyinə yazıldı. Yüzlərlə polis əməkdaşı vətən uğrunda döyüşlərdə həlak olub öz qanları ilə vətənin şöhrətini yüksəltdi. Onlarla polis əməkdaşı "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görüldü.

Sovetlərin dağılmasından sonra müvəqqəti keçid dövrü kimi yadda qalan AXC - Müsavat hakimiyyəti dövründə onların özlərinə məxsus kadr siyasəti Azərbaycan polisindən də yan keçmədi. Yüzlərlə professional polis əsassız olaraq işdən azad olundu. Polisin işindən, ümumiyyətlə, qanunçuluqdan xəbəri olmayanlar polis orqanlarında rəhbər vəzifələrə təyin olundular.

Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikanın ictimai-sosial həyatının bütün sahələrində olduğu kimi, polis orqanlarında da hökm sürən xaosa son qoyuldu. Daxili işlər orqanları vahid dövlət strukturu kimi fəaliyyətə başladı və vahid idarəetmə sistemi yaradıldı. Polis əməkdaşlarının əhali ilə ən çox təmasda olan bir dövlət qurumunun nümayəndələri olduğunu bilən dövlət başçısı qısa müddət ərzində Daxili İşlər Nazirliyinin rəhbərliyini möhkəmlətdi və onların qarşısında günün tələblərinə uyğun vəzifələr qoydu. Ədalət naminə demək lazımdır ki, 90-cı illərin əvvəllərində, Azərbaycan özünün ən ağır dövrünü yaşadığı bir vaxtda bu kadrlar bütün xalqla birlikdə Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxladı. Həmin kadrlar korpusu bu gün də daxili işlər orqanlarına rəhbərliyi uğurla həyata keçirir, Azərbaycan xalqının təhlükəsizliyini və asayişini təmin edir.

Ümumilikdə götürdükdə bu gün peşə bayramını qeyd etdiyimiz Azərbaycan polisi Heydər Əliyev siyasətinin qanun müstəvisində ərsəyə yetirdiyi və həmişə xalqa arxalandığı səlahiyyətli dövlət orqanıdır. Ölkədə cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiə olunmasında, daxili sabitliyin bərqərar edilməsində polisin rolunu yüksək qiymətləndirən ulu öndərimiz bu qurumun fəaliyyətini diqqət mərkəzində saxlamış və həmişə şəxsi heyətə qayğı göstərmişdir. Ötən müddət ərzində Azərbaycan polisinin fəaliyyətini tənzimləyən bir çox qanunvericilik aktlarının, o cümlədən, Polis haqqında Qanunun, Daxili İşlər Nazirliyi haqqında Əsasnamənin qəbul olunması polisin fəaliyyətini daha da təkmilləşdirmiş, cəmiyyətdə onun rolu və yeri sırf qanunçuluq çərçivəsində müəyyənləşdirilmişdir. Azərbaycan polisinin yaradılmasının 84-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə ümummilli lider Heydər Əliyev bu şərəfli peşə sahiblərinin əməyini yüksək qiymətləndirərək demişdir: "Daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir."

Azərbaycan polisinin fəaliyyəti bu gün də ölkə rəhbərinin diqqət mərkəzindədir. Polisə göstərilən yüksək xidməti peşəkarlıq, qanunlara dəqiq əməl etmək tələbkarlığı ilə yanaşı həm də dövlət tərəfindən böyük qayğı göstərilir. Son illər ümumilikdə polis əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün xeyli işlər görülmüş, əmək haqlarının dinamik artması tənzimlənmişdir. Daxili İşlər Nazirliyinin və ərazi polis orqanlarının maddi-texniki bazası möhkəmləndirilmişdir. Müasir dövrün tələblərinə uyğun savadlı və professional kadrların hazırlanması məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi Polis Akademiyası və digər təhsil mərkəzləri ilə kifayətlənmir, hər il onlarla gənci nazirliyin xətti ilə xarici ölkələrə təhsil almağa göndərir.

Daxili sabitlik ölkənin iqtisadi inkişafı sahəsində çox böyük rol oynayır. Təsadüfi deyil ki, ölkəmizə gələn xarici qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər. Daxili sabitliyə görə ölkəmiz və onun paytaxtı Bakı şəhəri MDB-də və bir çox Avropa ölkələrində öncül yerlərdən birini tutur. Bu fakt isə Azərbaycan polisinin ümdə vəzifələrindən biri olan daxili sabitliyi qorumaq missiyasının şərəflə yerinə yetirilməsinin əyani sübutudur.

 

 

Cabir KAZIMOV,

istefada olan polis polkovniki,

Daxili İşlər Nazirliyinin veteranı,

Yasamal Rayon Ağsaqqallar Şurasının

sədr müavini

 

Xalq qəzeti.- 2011.- 30 iyun.- S. 6.