Ölkəmizdə "Cəmiyyət dəstəkli polis" nəzəriyyəsinin tətbiqindən 5 il ötür

 

Bu addım respublikamızın hüquq-mühafizə sisteminin Avropaya inteqrasiyasında mühüm addım kimi qiymətləndirilir

 

Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla gedir və bu istiqamətdə əlavə addımların atılması gözlənilir. Bu, həm xalqın, həm də zəmanənin tələbidir. Biz müasir dövlət qururuq. O dövlət ki, burada bütün demokratik azadlıqlar mövcuddur. Biz bu müsbət meyilləri gücləndirməliyik.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı və əbədiyyət qazandırdığı müstəqil Azərbaycan dövləti inkişaf etdikcə ölkəmizdə hər il bir yenilik, müasirləşmə prosesinin şahidi oluruq. 2003-cü ilin payızından sonra isə bu tendensiya daha uğurla inkişaf edir. Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, hüquq-mühafizə orqanlarının fəaliyyətində də dövri olaraq yeni addımlar atılır. Biz şadıq ki, bu istiqamətdə atılan addımların biri də məhz bizim - Mingəçevir polisinin fəaliyyəti ilə bağlı olmuşdur. Məmnunluq gətirən ikinci məqam isə ondan ibarətdir ki, bizim şəxsi heyətimiz nazirliyin və dövlətimizin qarşıya qoyduğu həmin vəzifəni məhz tələb olunan şəkildə yerinə yetirmişdir. Bəs atılan addım və qarşıya qoyulan vəzifə nədən ibarət idi?

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində aparılan dərin islahatlar və əldə olunan nailiyyətlər Azərbaycan polisinin müasirləşməsini təmin etməklə yanaşı, vətəndaşları asayişin və təhlükəsizliyin təmin olunması prosesində real iştirakçıya çevirir. Beynəlxalq hüququn və bəşəri dəyərlərin bir parçası olan bu fəlsəfə, yaxud nəzəri baza cəmiyyət dəstəkli polis işi adlanır. Avropanın qabaqcıl dövlətlərində və polis təşkilatlarında uzun illər öncə tətbiq olunmağa başlanmış bu məqsədyönlü iş təcrübəsinin Azərbaycanda ilk dəfə 2006-cü ildə tətbiqinə start verildi. Pilot layihə olaraq Mingəçevirdə həyata keçirilən təcrübə polis-vətəndaş əlaqələrinin yaxınlaşması, demokratik və şəffaf münasibətlərin formalaşmasında önəmli rol oynamağa başladı.

Artıq ilk addımların atıldığı o günlərdən 5 il ötür. Fikirləşəndə 5 il o qədər də uzun müddət deyil, amma bu illər ərzində Azərbaycan polisi dəyişdi, yeniləşdi, asayişini, rahatlığını və firavanlığını təmin etdiyi cəmiyyətə o qədər doğmalaşdı ki, vaxtı ilə bu iş təcrübəsinin xeyrindən faydalanmış qabaqcıl polis təşkilatlarının mütəxəssisləri belə, zamanın və uğurların miqyasına təəccüb etdi. Yəqin ki, tez-tez işlədilən uğurlar ifadəsinin mahiyyəti hər kəsə maraqlıdır. Təvazökarlıqdan uzaq da olsa, etiraf etməliyəm ki, biz bu 5 il ərzində əhaliyə indiyədək məlum olan polis obrazlarının ən yeni nümunəsini təqdim etməyə nail olduq. Həm də təbii yolla. Bir zamanlar xüsusi geyimi, paqonları, üzünün çöhrəsi və davranış tərzi ilə vətəndaşların qəlbinə xof salmış polis əməkdaşlarını xidməti peşəkarlığını davamlı artırmaq şərti ilə hər şeydən öncə sadə, mülayim, səmimi insana, təəssübkeş qanun keşikçisinə çevirə bildik. Əgər vaxtı ilə az öncə qeyd olunan səbəblərlə bağlı vətəndaş sıravi polis nəfərinə belə ürkək-ürkək "rəis" deyə müraciət edirdisə, bu gün həmin polisə yoldaş deyə müraciət olunur. Bu nəyin göstəricisidir? Əlbəttə ki, vətəndaşların polisə olan inamının, etimadının.

Münasibətlərin inkişafına təkan verən digər bir amil insanların problemlərinə diqqət verilməsi ilə bağlıdır. Konkret olaraq Mingəçevir təcrübəsindən söyləyim ki, indi əvvəlki illərlə müqayisədə polisə müraciət edən vətəndaşların sayı qat-qat azalıb. Əvəzində vətəndaşa üz tutan polislərin sayı artıb. Şöbəyə ayaq basanların sayında müşahidə olunan azalma onu göstərir ki, hər hansı bir probleminə çözüm aramaq üçün onların polis şöbəsinə gəlmələri üçün elə də ciddi lüzum qalmayıb. Çünki polislər aldıqları təlimata müvafiq olaraq gün ərzində məhəllələri, küçələri, hətta evləri dolaşıb sadə insanların əhvalını soruşur, çətinliklərini, problemlərini öyrənir. Hələ davamlı olaraq təşkil olunan kütləvi tədbirlərdə, rəsmi görüşlərdə aparılan söhbətləri, dinləmələri demirəm. Ən maraqlısı isə odur ki, bu gün Azərbaycan vətəndaşı öz polisinə təkcə hüquqi problemləri ilə bağlı üz tutmur. Müraciətlər arasında kifayət qədər sosial mənşəli məsələlər yer alır. Bu proseslərin fəal iştirakçılarından olan bir zabit kimi səmimi qeyd edim ki, çox-çox halda polis vətəndaşların məhz sosialyönümlü xahişlərini müvafiq dairələrə çatdırıb həll etməklə əhalinin daha çox etimad və etibarını qazanıb. Ölkədə prosesləri yaxından izləyənlər üçün sirr deyil ki, polis əməkdaşlarının davranışlarında diqqəti çəkən bu kimi hallar daxili işlər naziri Ramil Usubovun vətəndaşlara yönəlik isti münasibətinin təcəssümüdür. Cənab nazirin vətəndaş problemlərinin öyrənilməsi, vətəndaşların qəbulunun asanlaşdırılması və problemlərinin həllinin sürətləndirilməsi məqsədi ilə müntəzəm olaraq şəxsi heyətə verilən göstəriş, təlimat və tövsiyələri yerlərdə polis əməkdaşlarını nümunəvi davranışlara sövq edir. Eləcə də zaman-zaman onun müxtəlif regionlara səfər edərək yerindəcə vətəndaşlar üçün qəbul saatları təşkil etməsi kimi faktlar polis nəfərləri və zabitləri üçün örnək rolunu oynayır.

Bu gün şəhərin hər hansı bir istiqamətində, ya məhəlləsində polisləri vətəndaşların əhatəsində şən, gülərüz ünsiyyət durumunda görmək, yaxud polis əməkdaşlarının qollarında yolları adlayan yaşlı və köməksiz vətəndaşların baxışlarındakı məmnunluğu duymaq etiraf edim ki, qürurverici mənzərədir. Doğrudan da bu gün cəmiyyət onun rahatlığına xidmət edən paqonluların xalqının doğma bir parçası olduğunun fərqinə varıb. Bəlkə də bu səbəbdən doğma polisinə yardımçı olmaq, cinayətlərin önlənməsinə real töhfə vermək istəyinə düşür. Fərq etmir ki, bu, vətəndaşlar tərəfindən hansı qaydada həyata keçirilir. Ərazi rəisliyi, məsləhət şurası vasitəsi ilə, yoxsa fərdi qaydada. Əsas olan etimad və kömək etmək istəyidir.

Ötən dövrün təhlili göstərir ki, cəmiyyət dəstəkli polis işi təcrübəsinin müəyyən mərhələsi çox uğurla dəf edilib. Ona görə də həm polislər, həm də vətəndaşlar yaranmış münasibətləri dərinləşdirmək və daha da irəli aparmaq haqqında düşünməlidir.

Fikirlərim belə qənaət formalaşdırmasın ki, daxili işlər nazirliyi strukturlarında artıq bütün məsələlər çözülüb və əlavə heç nəyə lüzum qalmayıb. Əksinə, cənab nazir Ramil Usubov da istər kollegiya iclaslarında, istərsə də digər rəsmi toplantılarda səmimi olaraq etiraf edir ki, fəaliyyətimizi arzuolunan ideal səviyyəyə çatdırmaq üçün hələ çox işlər görülməlidir. Buna isə arzumuz, istəyimiz və gücümüz yetərincədir. 5 ildən bəri başlanılan və tərəfimizdən gerçəkləşdirilən islahatlar da məhz iradəmizin göstəricisidir. Bir halda ki, həvəslə başladığımız işlər bəhrəsini verir, cinayətlər profilaktik qaydada, həm də vətəndaşların fəal iştirakı ilə, uğurla önlənir və nəticədə cinayətlərin sayı azalır, üstəlik, sadə vətəndaş polislə arasında yaranan doğmalıqdan və əməkdaşlıqdan məmnunluq duyur, o zaman nədən bu işlər daha da genişləndirilib təkmilləşdirilməsin? Hərçənd cəmiyyət dəstəkli polislik fəlsəfəsinin mahiyyətini daha yaxşı dərk etməyən, bilərəkdən və ya məlumatsızlıqdan ümumi uğurlarımıza kölgə salmaq istəyən şəxslərə də rast gəlinir. Bəzi tədbirlərdə və mətbu orqanlarda az halda olsa da, bu kimi hallarla qarşılaşırıq. Məsələn, belələri söyləyir ki, polis təşkilatlarından informasiya almaqda hələ də çətinliklər hökm sürür. Yaxud əldə etdikləri bir neçə faktı şişirdilmiş halda cəmiyyətə təqdim etməklə ajiotaj yaratmağa cəhd göstərirlər. Belələrinə məsləhət görərdim ki, telekanalları və mətbu orqanları diqqətlə izləsinlər. Bir görün efirdə və mətbuatda polis yenilikləri, əməliyyat və kriminal xəbərlər hansı sayda işıq üzü görür. Bu şəffaflıq deyilsə, bəs onda nədir? Əgər cinayətlərin xronologiyasında azalma müşahidə olunursa, nə üçün bu uğur yox, fəaliyyətsizlik kimi təqdim olunmalıdır?

Söylədiklərimə bir kiçik əlavə də edim. Bu gün Mingəçevir polis şöbəsinin elektron ünvanına daxil olmaqla çox asanlıqla məlumatlar əldə etmək, birbaşa polis rəisinə və hətta Daxili İşlər Nazirliyinə ən sürətli və asan yolla müraciət etmək imkanları mövcuddur. Bu məsələləri xatırlamaqla bildirmək istəyirəm ki, o yerdə ki, iş var, inkişaf var, onu dəstəkləyən, təqdir edənlər də olacaq, mahiyyətini anlamayıb ona kölgə salanlar da. Bu səbəbdən də düşünürəm ki, başlanılan işlərin davam etdirilməsi üçün polis əməkdaşları ilə yanaşı, ictimaiyyət fəallarının da çiyninə ciddi yük düşür. Hesab edirəm ki, cəmiyyət məhz bu mərhələdə təşəbbüsü öz əlinə almalıdır. İstər QHT-lər, istərsə də polisə dəstək yönlü vətəndaş birlikləri vasitəsi ilə vətəndaşlar polis-vətəndaş münasibətlərinin gələcəyi haqqında düşünməli və real iş görməlidir. Bu gün ölkədə kifayət qədər QHT-lər fəaliyyət göstərir və hətta bir məsələ ətrafında onlarla təşkilat ixtisaslaşıb. O zaman nədən cəmiyyətin rifahına xidmət edən polisə dəstək yönlü birliklər yaradılmamalıdır? Əslində bu mərhələdə ictimai birliklər cəmiyyətin ayrı-ayrı təbəqələri və zümrələri arasında real nəticələr əldə etmək şansı qazana bilər. Bunun yetərincə beynəlxalq örnəkləri də mövcuddur. Bu sahədə beynəlxalq əməkdaşlıq da ümumi işin faydasına ola bilər.

Yaradıcı ziyalıların müsbət yönlü polis obrazının formalaşdırılması istiqamətində önəmli rolu ola bilər. Təəssüflə qeyd etmək lazımdır ki, canı və qanı bahasına dövlətçiliyi qoruyan, cəmiyyətdə asayişi təmin edən cəsur polislər haqqında nədənsə örnək filmlər çəkilib, tamaşalar səhnələşdirilmir. Bu gün təqdim olunan obrazlarda isə polislər yalnız mənfi tərəfdən təqdim olunur. Məgər şəhid, qəhrəman polislər tariximizdə azmı yer alır? Gündəlik xidmət fəaliyyətində qanunların aliliyinə və ədalətə böyük hörmət nümayiş etdirən yetərincə qanun keşikçiləri ola-ola, yaradıcı mühit tərəfindən onların həyat və xidmət tərzi bədii cəhətdən obrazlaşdırılmır. Düşünürəm ki, bu məsələ diqqət mərkəzində saxlanılmalıdır.

Böyük sahibkarlar ordusu da beynəlxalq nümunələrə istinadən onları, doğmalarını, mal və mülklərini qoruyan polislərin sosial durumunun yaxşılaşdırılması, fərqlənən polislərin mükafatlandırılması və polis təşkilatlarının maddi-texniki bazasının gücləndirilməsinə konkret köməklik göstərilməsi yolları barədə düşünməlidir.

Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan polisi və Azərbaycan cəmiyyəti qabaqcıl Avropa dövlətlərinin 10 illiklər ərzində əldə etdiklərini cəmi 5 il ərzində əldə etdi, bu faktdır. Onu bu yaxınlarda cəmiyyət dəstəkli polis işinə həsr olunmuş 2-ci beynəlxalq Bakı konfransının iştirakçıları olan əcnəbi mütəxəssilər də etiraf etdilər. Diqqət yetirin! Məhz qeyd olunan uğurların nəticəsidir ki, beynəlxalq qurumlar dalbadal 2-ci dəfə belə bir mötəbər tədbiri Azərbaycanda keçirməyə qərar verib. Bu həm də Azərbaycan cəmiyyətinin demokratik, bəşəri dəyərlərə artan meylinin bariz təcəssümüdür. Biz növbəti addımlarımızla sübut etməliyik ki, indiyədək əldə etdiklərimiz bundan sonra əldə edəcəklərimizin kiçik bir nümunəsidir. Sonda onu da qeyd edim ki. Azərbaycan polisi dövlət müstəqilliyimizin 20 illiyinə özünəməxsus töhfələr vermək üçün bu gün də, sabah da möhtərəm dövlət başçımızın və nazirliyimizin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəkdir.

 

 

Ələsgər BƏDƏLOV,

Mingəçevir Şəhər Polis

Şöbəsinin rəisi, polis polkovniki

 

Xalq qəzeti.- 2011.- 30 iyun.- S. 6.