Ordumuz yurdumuzun
öyüncü, dayağıdır
Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda Ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Tarixin istənilən dövründə ordu
dövlətin varlığının qorunmasında, ərazi
bütövlüyünün təmin edilməsində,
regionda və dünyada söz sahibi olmasında müstəsna
rol oynamışdır. Sevindirici haldır ki, iqtisadi cəhətdən
sürətlə inkişaf edən, beynəlxalq aləmdəki
nüfuzu gündən-günə daha da artan, həyata
keçirdiyi regional və qlobal layihələrlə
dünyanın diqqətini özünə cəlb edən
qüdrətli Azərbaycan Respublikası bu gün yüksək
döyüş qabiliyyətinə malik mütəşəkkil,
nizami və peşəkar Silahlı Qüvvələrə
malikdir. Ən müasir texnika və silahlarla tam təchiz
olunmuş ordumuz artıq qarşıda duran bütün vəzifələri
yerinə yetirməyə hazır möhtəşəm bir
gücə çevrilmişdir. Azərbaycanın müstəqilliyinin
20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri
münasibətilə iyunun 26-da Bakının Azadlıq
meydanında keçirilən təntənəli hərbi parad
da bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi
Qafqazın ən qüdrətli və mübariz ordusudur.
Dünyada
yaşayan 50 milyondan çox azərbaycanlının
qürurla, fəxrlə izlədiyi hərbi paradda Silahlı
Qüvvələrin bütün qoşun növlərinin, hərbi
birlik və birləşmələrin, hərbi tədris
müəssisələrinin, həmçinin qanunvericilikdə
nəzərdə tutulan başqa silahlı birləşmələrin
6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi
texnika və silah sistemləri, o cümlədən 50-yə
yaxın modernləşdirilmiş hərbi döyüş
texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən
60-dək silah, döyüş vertolyotları, təyyarələri,
gəmiləri və qayıqları iştirak edirdi. Hər
bir anı yaddaşlarımıza həkk olunan paradda hərbçilərimizin
nizam-intizamla irəliləməsi ilə yanaşı, hərbi
texnikanın keçidi zamanı Azərbaycanın hərbi sənayesi
tərəfindən istehsal edilmiş və ya modernləşdirilmiş
yeni silah-sursatların, o cümlədən ən geniş ərazidə
mühüm obyektlərin kəşfiyyatını aparmağa
imkan verən "Qaranquş" və "Şahin"
pilotsuz uçuş aparatlarının nümayişi
böyük heyrətlə və maraqla izlənildi. Həqiqətən
də qürur duymağa dəyər. Çünki bəzi mənəm-mənəm
deyən dövlətlərdən fərqli olaraq Azərbaycan
müstəqilliyinin 20-ci ildönümünədək
özünün nəhəng hərbi sənayesini, hərbi
potensialını formalaşdırmağı, gücləndirməyi
bacarmışdır.Onu da vurğulamaq istəyirik ki,
dünyanın bir çox ölkələri hələ də
"Qaranquş" və "Şahin" kimi pilotsuz
uçuş aparatlarını istehsal etməyin arzusu ilə
yaşayırlar. Ona görə ki, bu, ən inkişaf
etmiş ölkələrə xas olan istehsal sahəsidir. Cənubi
Qafqaz regionunda özünün iqtisadi inkişafı,
nüfuzu, geostrateji əhəmiyyəti və diplomatik
çevikliyi ilə xüsusi seçilən ölkə olan
Azərbaycan öz imkanları ilə pilotsuz təyyarələri
istehsal etməklə bir daha sübut etdi ki, artıq o,
dünya gücləri sırasına da yüksəlməyə
qadirdir.
"Azadlıq"
meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələri
döyüş təyyarələrinin və
vertolyotlarının uçuşu, Azərbaycanın milli
şahinlərinin məharətlə idarə etdikləri SU-25
tipli təyyarə dördlüyünün səmada Azərbaycan
bayrağının üzərindəki üç rəngin
təsvirini yaratması izləyicilər arasında
yaranmış xüsusi əhval-ruhiyyəni daha da gücləndirdi.
Bu məqamda istər-istəməz keçmişi
xatırlayırsan və müstəqilliyimizin ilk illərində
ölkədə var olan bir-iki qırıcı təyyarəni
idarə edəcək kadrların çox az olması səbəbi
ilə yaşanan problemlər yada düşür. Bu gün isə
tam əksinə bir mənzərə ilə
qarşı-qarşıyayıq. İstənilən sahə
üzrə kifayət qədər hərbi kadrımız,
lazımi hərbi texnikamız var. Biz müasir tipli
döyüş təyyarələri, döyüş və hərbi
nəqliyyat helikopterləri alırıq. Artileriya
qurğuları, uzaq məsafələrdəki düşmən
hədəflərini məhv edən müasir raket kompleksləri,
zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələr
alınır. 6 il bundan əvvəl yaradılmış
Müdafiə Sənayesi Nazirliyi xətti ilə hərbi təyinatlı
çox əhəmiyyətli məhsullar, silahlar istehsal olunur.
Ordumuz durmadan güclənir, regiondakı aparıcı
mövqeyimiz daha da möhkəmlənir. Bu, ulu öndərimiz
Heydər Əliyevin ideyalarına, yoluna sədaqət və
ehtiramın möhtəşəm təntənəsidir.
Yuxarıda işarə etdiyimiz kimi, ölkəmizi bu uğurlara aparan yol o qədər də hamar olmamışdır. Bu gün regionun ən qüdrətli dövləti olan Azərbaycan müstəqilliyinin ilk illərində çox ciddi çətinliklərlə qarşılaşmışdı. Həmin illərdə anarxiya, siyasi hərc-mərclik və özbaşınalıq hökm sürürdü. 1918-ci ildə olduğu kimi, bu dəfə də himayədarlarının köməyinə arxalanan ermənilər cəbhə boyu hücuma keçmişdilər. Yaranmış xaotik vəziyyətdən istifadə edən xarici və daxili düşmənlər daha da fəallaşmışdılar. Ermənilər sürətlə irəliləyir, ölkəmizdəki ayrı-ayrı silahlı qruplaşmalar düşmənə qarşı müqavimət göstərmək əvəzinə, məxsus olduqları qüvvələrin konyunktur maraqlarına xidmət edirdilər. Vahid komandanlığın olmaması isə vəziyyəti daha da çətinləşdirirdi. Çıxılmaz vəziyyətdə qalan AXC-Müsavat hakimiyyəti xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi. Böyük siyasi xadim hakimiyyət sükanının arxasına keçdikdən az sonra mövcud olan bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirdi. Ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtmasını təmin etdi. Bununla ordu quruculuğunda yeni mərhələnin əsasını qoydu.
1993-cü il noyabrın 2-də ulu öndərimiz Heydər Əliyevin xalqa müraciəti ölkə ictimaiyyətində gələcəyə olan inamı və hərbi vətənpərvərlik hisslərini ikiqat artırdı. Onun bir çağırışı ilə minlərlə insan könüllü olaraq döyüşən orduya yollandı. Fərarilik etmiş əsgərlər hərbi hissələrə geri döndülər. Ulu öndərin orduya diqqəti əsgərlərin döyüş əzmini artırırdı. 1994-cü il yanvarın 4-də Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən Azərbaycan Ordusu bir gün ərzində 20-dən çox yaşayış məntəqəsini düşməndən azad etdi. Çoxsaylı yaşayış məntəqələri ilə yanaşı, strateji yüksəkliklər də ələ keçirildi.
Ordu quruculuğunun daha da sistemli və ardıcıl şəkildə davam etdirilməsi üçün atəşkəsin təmin edilməsi vacib idi. 1993-94-cü illərdə düşməni atəşkəsə məcbur etmək isə o qədər də asan deyildi. Onu yalnız bütün cəbhə boyu məğlubiyyətə uğratmaqla buna sövq etmək olardı. Bu məqsəd naminə Azərbaycan ordusunun ilk nizami hərbi birləşmələrinin 1994-cü ilin yanvarından başlayaraq əks-hücuma keçməsi düşmən tərəfdə vahimə yaratmışdı. Silahlı Qüvvələrimizin daha böyük qələbələr qazanacağından qorxan Ermənistan rəhbərliyi 1994-cü il mayın 12-də atəşkəsə razılıq verməyə məcbur oldu. Atəşkəsin əldə olunması ordu quruculuğunda mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratdı. Dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların silahlı qüvvələrin formalaşmasında iştirakı təmin olundu, döyüş ruhunun yüksəldilməsi və hərbi vətənpərvərlik hisslərinin aşılanması işi gücləndirildi, maddi-texniki təminat xeyli yaxşılaşdırıldı. Ümummilli liderin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı və məktəbdə hərb elminin bilicilərinin yetişdirilməsi işinə xüsusi diqqət yetirildi.
Bunu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan xalqının dahi lideri, ulu öndərimiz Heydər Əliyev hələ Sovet İttifaqı dönəmində yüksək hərbi təhsil almış milli zabit kadrlarının yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. Məhz onun ciddi səyləri nəticəsində 1971-ci ildə gəncləri ali hərbi məktəblərə hazırlayan ilk təhsil ocağı olan ixtisaslaşdırılmış internat məktəbi açıldı. Bir müddət sonra bura Cəmşid Naxçıvanskinin adı verildi. Bundan başqa, həmin dövrdə Bakıda iki ali hərbi məktəb - Ali Ümumqoşun Komandirləri və Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik məktəbləri olsa da, burada təhsil alan 300 nəfərdən yalnız 3-5 nəfəri azərbaycanlı idi. Bu ali məktəblərdə təhsil alanlar əsasən Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan və digər ölkələrdən gəlmiş gənclər idi. Maraqlıdır ki, burada azərbaycanlıların təhsil almaları müxtəlif yollarla əngəllənirdi. O vaxt Heydər Əliyevin nüfuzu, siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində bu ədalətsizlik aradan qaldırıldı. Azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda yetişmələri üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənləri tədris olundu. Hər il 800-900 nəfər azərbaycanlı gənc Rusiyanın və digər postsovet ölkələrinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərildi.
Bu gün Sovet dövründə yetişmiş yüksək biliyə və təcrübəyə malik həmin kadrlar, eyni zamanda, Azərbaycan Ali Hərbi Məktəbinin yetişdirdiyi komandir heyəti ordumuzun daha da güclənməsində öz səylərini əsirgəmirlər. Öz çıxışında bu məsələyə diqqət çəkən ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycanın Silahlı Qüvvələrinin, Azərbaycan Ordusunun zabit heyətinin tərkibi keyfiyyətcə dəyişmiş və onların bilik, peşəkarlıq keyfiyyətləri yüksəlmiş və artıq Azərbaycan Ordusunda, Azərbaycan Silahlı Qüvvələrində hərbi işi bilən, hərbi işə sadiq olan, peşəkar keyfiyyətlərə malik olan və Azərbaycanın dövlətçiliyinə sadiq olan komandan korpusumuz var, zabit korpusumuz var. Bu, bizim ordumuzun onurğa sütunudur. Bu, bizim ordumuzun əsasını təşkil edir".
Azərbaycan Silahlı Qüvvələrinin formalaşma prosesinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılması da zəruri idi. 1991-ci il oktyabrın 9-da Ali Sovet "Azərbaycan Silahlı Qüvvələri haqqında" Qanun qəbul etsə də, bu sahədə heç bir əməli iş görülməmişdi. 1993-cü il noyabrın 18-də Milli Məclisin tarixi iclasında müdafiə və təhlükəsizlik məsələləri ətraflı müzakirə edildi. Ordu quruculuğu işinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi istiqaməti əsas götürülərək müəyyən qanunlar qəbul olundu. "Silahlı Qüvvələr haqqında", "Müdafiə haqqında", "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu" haqqında qanunların qəbul edilməsi milli təhlükəsizlik siyasəti və strategiyasının həyata keçirilməsində hüquqi baza rolunu oynadı. Bu baxımdan Milli Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hərbi doktrinası" xüsusi qeyd olunmalıdır. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.
Ordumuzun gündən-günə daha da güclənməsi üçün bu gün də lazımi addımlar atılır. Təsadüfi deyil ki, 2003-cü ildən bu tərəfə ordumuz öz döyüş qabiliyyətinə, maddi-texniki təminatına və digər göstəricilərinə görə daha da güclənmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, ordumuzun daha da güclənməsi istiqamətində aparılan işlər dövlət başçısı kimi fəaliyyətimin prioritet məsələsidir. Bu bir faktdır ki, ölkəmizin iqtisadi potensialı artdıqca Silahlı Qüvvələrimizin daha da güclənməsinə və modernləşdirilməsinə ayrılan xərclər də artırılır. Ötən müddətdə bu sahədə xeyli işlər görülmüşdür. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon ABŞ dolları) olduğu halda, 2010-cu ildə 2,2 milyard manat (2,7 milyard dollar) təşkil etmiş, bu il isə dövlət büdcəsində bu məbləğ 2,6 milyard manat (3 milyard 200 min dollardan çox) olmuşdur. Bu isə Ermənistanın dövlət büdcəsindən, demək olar ki, 50 faiz çoxdur. Ordumuzun silah təminatı da yüksək səviyyəyə çatdırılmışdır. Bununla yanaşı, hərbçilərimizin sosial müdafiəsi də daim dövlətimizin diqqət mərkəzindədir. Hər il bir öncəki ildən daha uğurlu gəlir, hərbçilərimizin sosial-məişət problemləri öz həllini tapır, əmək haqları artırılır. İyunun 25-də Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə sərəncam imzalaması da Silahlı Qüvvələrin şəxsi heyətinə göstərilən dövlət qayğısının təzahürü idi.
Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrin Silahlı Qüvvələri ilə yanaşı, nəhəng hərbi təşkilatlarla əlaqlərinin güclənməsi də ölkəmizin dünyadakı nüfuzundan xəbər verir. Bu mənada ötən dövr ərzində Avratlantik məkanın mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Ölkəmiz əvvəlcə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olmuş, daha sonra 1994-cü il mayın 4-də "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulmuşdur. Beləliklə, Azərbaycan bu proqrama qoşulan 16-cı ölkə olmuşdur. Sovet İttifaqının keçmiş respublikaları arasında isə sənədi imzalayan 4-cü ölkədir.
Ordumuz sülhməramlı və humanitar xarakterli çoxmillətli təlimlərdə iştirak və təcrübə mübadiləsini davam etdirir. Bu və digər əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr - tibbi, mühəndis və təminat üzrə bölmələr yaradılır, çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikası ərazisində təlim bazaları təşkil edilir və Silahlı Qüvvələrimizin dünya standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir.
Azərbaycan Ordusu beynəlxalq təhlükəsizlik və sülhyaratma əməliyyatlarında da yaxından iştirak edir. 1999-cu ildən 2008-ci ilin martınadək bir sülhməramlı tağımımız Kosovoda uğurla xidmət edib. Bundan başqa, 2002-ci ildən Əfqanıstanda, 2003-cü ildən İraqda bir sülməramlı bölüyümüz sülhyaratma prosesinə öz töhfəsini verir. Azərbaycan hərbçilərinin nizam-intizamı, yüksək döyüş hazırlığı və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri isə diqqətdən yayınmır. Məhz buna görə də sülhməramlılarımızın xidməti Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) rəhbərliyi tərəfindən dəfələrlə yüksək qiymətləndirilmiş, ölkəmizə minnətdarlıq bildirilmişdir.
Yuxarıda qeyd olunan planların icrasında əsas hüquqi çərçivəni Prezident cənab İlham Əliyevin 3 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" təşkil edir. Sənədin qəbul edilməsi ilə birlikdə Şimali Atlantika Alyansı ilə Azərbaycanın əməkdaşlığı həm keyfiyyət, həm də həyata keçirilən tədbirlərin həcmi baxımından daha səmərəli olmuşdur.
Bəzi hərbi ekspertlərin fikrincə, hər hansı bir ordunun döyüş qabiliyyətini qiymətləndirmək üçün onu hərbi təlimlərə cəlb etmək lazımdır. 1994-cü ilin əvvəlindən atəşkəsə qədərki dövrədək Azərbaycan ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirmişdir. Ötən zaman ərzində ordumuzun nə qədər gücləndiyini görmək üçün bu il iyunun 26-da Azadlıq meydanında keçirilən paradı yada salmaqla yanaşı, son illərdə keçirilən hərbi təlimləri də xatırlatmaq yerinə düşər. Bu mənada, keçən il iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü ərəfəsində Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Daxili Qoşunları birləşmə və hissələrinin keçirdikləri növbəti irimiqyaslı birgə əməliyyat-taktiki təlimi daha çox diqqəti cəlb edir. Birgə əməliyyat-taktiki təlimə ümumilikdə 4 min nəfərdən çox şəxsi heyət, 100 tank, 77 zirehli döyüş maşını, 125 artileriya sistemi, 17 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 4 nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdir. Təlimdə bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirmişdir, qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur.
Bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Rəsmi İrəvan ilə böyük sülhə nail olmaq üçün aparılan danışıqlar hələ ki, heç bir nəticə verməmişdir. Görünən odur ki, Ermənistan tərəfi bu gün də özünün qeyri-konstruktiv mövqeyindən əl çəkmək istəmir. Təbii ki, belə olan halda son sözü Azərbaycan Silahlı Qüvvələri deyəcəkdir. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, əgər Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad etmək üçün Silahlı Qüvvələrimizə "İrəli!" əmrini verərsə, ordumuz qısa zamanda ərazi bütövlüyümüzü təmin edəcək, Dağlıq Qarabağda üçrəngli bayrağımızı zirvələrə daşıyacaqdır. İyunun 26-da keçirilən paradda nümayiş etdirilən hərbi gücümüz də belə deməyə əsas verir.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 30 iyun.- S. 5.